Süleymanın xatirəsinə
Sən evin ilkisən burda, qardaşım,
Bura dədə-baba yatan yer deyil.
Sən bu boz şəhərdə qərib yaşadın,
Qəribdir qəbrin də burda elə bil.
Sənə heç oxşamır daşdakı şəkil,
Tanıya bilmirəm, nə qədər baxam.
Bu yad baxışları kim sənə çəkdi,
Kimdi qalstuku boynuna taxan?
Sənsən daş altında bilirəm ancaq —
Burda birincisən, təkcə deyilsən.
Yanında yatıblar qızın və bacın,
Atasan, qardaşsan, deməli, sənsən…
23.02.2014 Samara