Afrikalılara baxırsan, təəcüblənirsən. Hara qul kimi aparılıblarsa, hara azad adam kimi gediblərsə, oranın yerli mədəniyyətinə dərindən təsir ediblər, möcüzəli şəkildə yaddaşlarında daşıyıb apardıqları tayfa sənətlərini yüksək mədənniyyətə çeviriblər, yeni janrlar, yeni ifadə vasitələri yaradıblar…
Özümüzə baxanda bunu görmürəm. Deyilənlərə görə Rusiyada sayı iki milyonu keçmiş Azərbaycan diasporu nə yaradır? 20 yanvar, Xocalı olmasaydı, heç olmasa 20-30 azərbaycanlı ildə iki dəfə bir yerə yığılacaqdımı? Və 20 yanvar, Xocalı adıyla yığılanların da çoxu bir vaxt daban əlli altı deyib qaçanlardır…
Rusiyadakı azərbaycanlıların sünnət toylarından başqa mənəvi həyatları varmı? Şərikli alverdən ya şərikli işdən başqa bu insanları birləşdirən bir şey varmı?
Diaspor bir yana qalsın, Azərbaycanda mənəvi həyat varmı — əlbəttə, əliyevçilik ya müsavatçılıq mənəviyyat deyil. Bölgələrdəki həyata baxın – yas mərasimləri, sünnət toyları, yas mərasimləri, doğum günləri, sünnət toyları…
Bizi birləşdirən, millət edən nədir?
Buna görə deyilmi ki, Surət Hüseynov kimi bir qoyunotaran tüfəng qaldıran kimi ordu pərən-pərən olur?
Dünən Rusiyanın Kultura kanalında Otar İoselianiyə həsr olunmuş film göstərdilər – bu adam Moskvadadırsa, ətrafında gürcü dünyası yaranır, Parisdədirsə, yenə də elə. Bizim ətrafımız çoxdan boşluqdur, puçluqdur…
Afrikalılar aparıldıqlaı, gedtkiləri yerə yaddaşlarında min illiklərlə kök atmış mədəniyyətlərini, yurd əfsanələrini, nəğmələrini aparırb özgə zəmində peyvənd edir, qol-qanad atdırırlar…
Biz boş çıxırıq…
Saxalində də, Kalininqradda da yaşayan azərbaycanlı, əgər özünü rusluğa qoymayıbsa, peyk antennasını ya İnterneti qoşur, gözünü dikir Az.TV-nin muğam konsertinə.
Y-hü-hü… Aman ay dad…
03.02.2012