Архив | Апрель 2021

ƏGRƏGİN SƏGRƏGİ YATAN YERDƏ GÖRÜB DEDİYİ

Uşun qoca oğlu Səgrəgin boyu

Yerindən əzmlə duran bəy igid!
Qarayallı Qazlıq atını minən,
Aşıb Ala dağın belindən, enən!

Gözəl axınların üstdən adlayan!
Nədir qərib yerdə yatmağın, oğlan!

İndi sarınsınmı ağca əlləri?

Donuz damı olsun yatdığı yeri?
Ağsaqqal atası, qarı anası,
Batsınmı, xəbəri eşidib, yasa?

Nə belə qayğısız yatırsan, oğlan?

Qalxsın gözəl başın, yuxudan oyan!

Qadir verən canın yuxuda indi,
Bağlatma əlini-qolunu, igid!

Atanı, ananı ağlar qoyma sən,
Nə igidsən Qalın Oğuz elindən?

Yaradan haqqına, igid, oyan, gəl,
Bil ki, dörd yanını bağladı kafər!

23. 04. 2021, Samara

BU YAZ SƏNİN YAZIN DEYİLDİR, QOCA…

20.03. 2020

Yaz gəlib, açılmır qaşqabağınsa,

Qoca, bu yaz sənin yazın deyildir!

Nə bir tumurcuğa durub baxırsan,
Nə quşa sevgin var, ötsə də dil-dil.

Mehin yumşağı da titrədir indi,
Ötəri yağış da üzür, sarsıdır.

Yağış nemət idi, bərəkət idi,
İndi rütubətdir, yel ağrısıdır.

Bəlkə də qlobal istiləşmə var
Hardasa. Gəzirlər bəlkə tumançaq.

Günəş eşq oyadar, qanı qaynadar,
Burdasa işığı üşüdür ancaq.

Qoca, bu yaz sənin yazın deyildir!

Yoxdur mövsümlərin yaxşısı daha.

Qışdan müsibətlə çıxmısan, indi
Görək sən bu yazdan necə çıxırsan…

24. 04. 2021, Samara

SƏGRƏGİ YOLDAN SAXLAMAQ İSTƏYƏNDƏ GƏLİNİN DEDİYİ

Uşun qoca oğlu Səgrəgin boyu

İgidim,  mən səni bir il gözlərəm,

İki il gəlməsən, yenə dözərəm.

Üç-dörd il baxaram yoluna hətta,

Ötərsə lap beş il, altı il ya da,
Çadır qurub altı yol ayrıcında,
Səni soraqlaram gəlib-keçəndən.

Xeir xəbərliyə at bağışlaram,
Onu təzə donla mən alqışlaram.

Başını kəsərəm şər xəbərlinin,
İgid, muradlanaq, sevinsin elin,

Gedirsən, sonra get, açılsın yolun!

SƏGRƏG DÖNMƏYƏNDƏ GƏLİNİN QAYINATASINA VƏ QAYINANASINA DEDİYİ

Atamdan yaxşısan, qayın atam, sən,
Anamdan yaxınsan, qayın anam, sən!

Dəvənin buğrası ürkdü, dayanmır,
Sarvan önün aldı, yenə də dönmür.

Ürkdü qara ayğır, yollanıb gedir,
Saymır ilxıçını, tullanıb gedir.

Yaylağın qoçları ürkdü, yürüdü,

Çoban önün aldı, getdi yenə də.

Qardaş ayrılığı bağrını dəlir,
Bilin, gəlininiz döndərə bilmir.

22-23.04. 2021

ATASI ONU YOLDAN ÇƏKİNDİRƏNDƏ SƏGRƏGİN DEDİYİ

Uşun qoca oğlu Səgrəg boyu

Üç yüz altmış altı ər ova çıxsa,
Qanlı keyik üstdə çəkişmə qalxsa,

Qardaşlı igidlər durar ürəklə,

Vurular qardaşsız igid, təklənər,

Onda dörd yanına baxıb ağlayar,

Ala gözlərindən acı yaş axar,

Gedir, xanım ana, alagöz balan,
Bəy ata, gedirəm, salamat qalın.

21.04. 2021, Samara

SƏGRƏGİN ANASINA QEYZLİ CAVABI

(Uşun qoca oğlu Səgrəg boyu)

Ağzın qurusun, ana,
Dilin çürüsün, ana!

Qardaşım var imiş, demədin mənə!

İndi mən bu yoldan heç dönərəmmi?

Qardaşsız Oğuzda görünərəmmi?

Haqqın olmasaydı Tanrı haqqı, bil,
Polad qılıncımı çəkərdim qəfil,
Cəllad tək başını kəsib atardım,

Qanını torpağa şoruldadardım,

Zalımsan, zalımdır bu gündən adın!

20. 04. 2021, Samara

ANASININ SƏGRƏGƏ DEDİYİ

(Uşun qoca oğlu Səgrəgin boyu)

Dilinin-ağzının qadası mənə!

Qarşı qara dağın yıxılmış idi,
Tanrıya alqış ki, ucaldı yenə!

Tükəndi, çayların göründü dibi,
Tanrıya alqış ki, çağladı yenə!

Ağaclar qurudu, oduna döndü,
Tanrıya alqış ki, göyərdi yenə.

Oğuz bəyləriylə yollan ora sən,
O igidə çatıb, ağ-boz atdan en.

Əl verib igidə, oğul, salam de.

Boynunu qucaqla, öp əlini də.

Oğul, nə durmysan, yubanma, tərpən!

19.04. 2021, Samara

ƏGRƏG ADLI QARDAŞININ OLDUĞUNU BİLƏNDƏ SƏGRƏGİN ANASINA DEDİYİ

Uşun qoca oğlu Səgrəg boyu

Qalxıb səhər durdum, ana, yerimdən,
Qara yallı Qazlı atıma mindim,

Sürdüm Ala dağın ətəyinəcən.
Gördüm Qalın Oğuz igidlərindən,
Bir məclis qurulub, getdim ora mən.

Atlı çapar gəldi yeyib-içərkən,

Dedi: «Əgrəg adlı igid əsirdi,
Tanrı yol açıbdır, qayıdır indi.

Hamı qabağına tələsib gedir”.

Ana, mən də gedim? Məsləhət nədir?

19.04. 2021, Samara

ƏMRANIN KAFƏRƏ DEDİYİ

 

(Bəkil oğlu Əmran boyu)

 

Saxla, itim kafir, hərzə-mərzəni!

Xoşuna gəlmir Al ayğırım mənim? –

Şahə qalxıb oynar görəndə səni!

Əynimdə dəmir don, qısır çiynimi,
Polad üz qılıncım kəsir qınını.

Niyə bəyənmirsən qarğı süngümü?

Dəlib göyə fırlar sənin köksünü!

Tozağacı yayım zar-zar inləyər,
Oxlarım oxdanın kişini dələr.

Başımda igidlər savaş əzmli,

Ərə qorxu vermək ayıb deyilmi?

Vuruşaq, üstələr görək kim kimi.

 

18.04. 2021, Samara

KAFƏRİN ƏMRANA DEDİYİ

(Bəkil oğlu Əmranın boyu)

Haramzada oğlan! Quş kimi oğlan!

Mindiyin Al ayğır arıq, yarımcan!

Nə yaman gödəkdir polad qılıncın,

Sınıb, xəbərin yox, əlində süngün!

Sənin tozağacı yayın çox incə,

Sayı oxlarının cəmi bir neçə.

Yanındakıların yox əyni-başı,
Qaranlıq gözlərin çuxura düşüb.

Yaxşı pusdu səni Şöklü Məliksə,

Dedi: “bu oğlanı tutun, kimdisə.

Bağlayın dalında ağ əllərini,
Tez kəsin başını, aman verməyin.

Şoruldadın yerə alca qanını!

Ağlatma, var isə ağsaqqal atan,
İnlətmə, var isə ağbirçək anan!

Əgər yalnızdırsa, ucalmaz igid,
Boş olar həmişə yovşanın dibi.

Əbləh oğlu əbləh, əcəlin çatıb,
Ağlını başına topla dön, qayıt.

17. 04. 2021, Samara

ƏMRANIN ATASINA DEDİYİ

(Bəkil oğlu Əmran boyu)

Nə deyirsən, ata, nə söyləyirsən,

Mənə dağ çəkirsən niyə belə sən?

Yerindən qalxaraq mənəm atılan,

Minməyim çox olub Qazlıq atıma.

Ov üçün aşmadım mən Ala dağdan,
Olmadım Bayındır divanında da.

Qazan kim? Əlini onun öpmədim,
Ala ayğırını mənə ver ind!

Qan-tərə batırıb çaparam onu,
Çıxar ver əynindən qara donunu.

Sənə təzə yaxa tikdirərəm mən,
Ver mənə polad üz qılıncını sən,

Baş kəsim səninçin nə qədər desən.

Ver, ata, üstəlik qarğı süngünü,

Deşərəm onunla yağı köksünü.

Hanı ağ lələkli oxun, ver mənə,

Deşib yağıları düzərəm ona.

Üç yüz alagözlü igid də gərək,

Məhəmməd yolunda döyüşə girək.

16-17. 04. 2021, Samara