Qonşu uşağından borc alıb varaq
Vergülü, nöqtəni yada salmadan,
Latını kirilə qarışdıraraq,
Mənə şanlı məktub yazardı anam.
—
“ Bala, indi ara qarışıb orda
Qoşun çəkib qırır qonşunu Putin.
Bombalayır, vurur, yandırır ordu,
Uşaq da, qoca da ölüb neçə min.
—
Əsgər aparmazlar yaşına görə,
Əgər aparsalar, denən xəstəsən.
Canında ağrı var, gözün pis görür,
Tapıb göndərərəm, pul istəsələr.
—
Ya öz yerimizə elə qayıt gəl,
Müharibə yatıb, şükr Allaha.
Gəlib dolanarsan burda bir təhər,
Başını aşağı salarsan daha.
—
Hökumətlə işin olmasın amma,
İlham Əliyofdan danışma heç nə.
İndi etibar yox dosta, qohuma
Ağzından nə çıxsa, çatar yerinə.
—
Burda birisi var, adı Bəxtiyar.
O da nəsə yazıb, ya da ki, deyib,
Polislər aparıb döyüb o ki var,
Biri də üstünə hələ işəyib…
—
Qayıt, bura ordan yaxşıdır indi,
Əlinə ağac al, gecəyə düşsən.
Yenə yolu kəsib qonşunun iti,
Qapıb birini də dağıdıb dünən…”
08.06. 2022, Samara