Архив по авторам | Xeyrulla Xəyal

MARİNA TSVETAYEVA. «KÖÇKÜNLƏRİK…»

TƏRCÜMƏÇİDƏN: İyirminci əsrin iki rus dahisinin  — Andrey Platonov və Marina Tsvetayevanın əsərlərində təkcə bolşevik Rusiyasının yox, həm də Putin Rusiyasının təkcə faciəsi yox, həm də kainat təhlükəsi  heyranedici dəqiqlik və uzaqgörənliklə göstərilib. Aşağıdakı şeir yaxşı nümunədir. «Звезда Российская – Противу всех!». Elə bil bu gün deyilib, ya da Putin hakimiyyətə gəldiyi gün…

Şeir zahirən sadə görünsə də, tərcümə üçün çox çətindir. İlk növbədə Azərbaycan poeziyası üçün xarakterik olmayan sintaksisinə görə. Ancaq cəhd etməyə dəyər. Azərbaycan poeziyasının ənənəvi sintaksisini dəyişmək, onun ifadə imkanlarını artırmaq cəhdinin özündə məhsuldarlıq potensialı var. Nəticənin keyfiyyətini isə oxucu müəyyənləşdirə bilər.

MARİNA TSVETAYEVA

               Переселенцами –

               В какой Нью Йорк…

 

Köçkünlərik biz, hansı,
Nyu York mənzil bizə?

Dünya dava-dalaşı,

Yüklənb dalımıza —

+

Ayılarıq biz axı!

Biz axı həm tatarıq!

Bitlər yeyib-dağıdır,

Biz yanğın aparırıq.

+

Buracan – hələ nisyə!

Orda –qaranlıqdasa

Bizdən heç seçilməyən,

Qaragüruh dalğası.

+

Çəp gözə bənzəri var –

Polad yarıq ya lülə.

Çəngə-çəngə soyuq qar,

Çiyinlərdən tökülər.

+

Hər kəs ata qatili –

Bunlar hara soxulur?

Bəlası Kainatın

Gəlir – kaş bu səhv ola!

+

Tanrını çağırırıq,

İdraka tuturuq üz.

Biz axı qartmaqlıyıq,

Cüzamlıyıq axı biz

+

Qar-boranda od saçan,

Qurd gözünə bənzəyir –

Ulduzu Rusiyanın:

Hamının əleyhinə!

+

“Əkinçi insan, oyan,

Dur yorğan-döşəyinlə!”

Güllələyən qolboyun,

Gedir güllələnənlə.

+

Və mehribancasına,

Cındır çılpağa söylər:

“Cənnətin açılacaq

Qapıları, hə, sən öl!”

22 fevral 1922

ruscadan tərcümə

25-26.12.2016, Samara

+++++++++++++++++

Марина ЦВЕТАЕВА

Переселенцами —
В какой Нью-Йорк?
Вражду вселенскую
Взвалив на горб —

Читать далее

EMİLİ DİKİNSON. BU XIRDACA GÜLÜ KİMDİ TANIYAN

EMİLİ DİKİNSON

           (1830 – 18886)

 

Nobody knows this little Rose –
It might a pilgrim be

 

Bu xırdaca Gülü kimdi tanıyan? –

Bənzər o, yol gedənə.

Onu götürmədim yol qırağından,

Gətirmədim mən sənə.

Yoxluğunu təkcə Arı duyacaq,

Bir də bəlkə Kəpənək.

Onlara uzaqdan uçub qayıtcaq,

Yataqdı incə ləçək.

Təkcə Quş qəribsər, solar qüssədən,
Təkcə Külək ah çəkər.

A xırda Qızılgül, necə də asan,

Ölür sənin kimilər!

 

İngiliscədən tərcümə

24.12.2016

MARİNA TSVETAYEVA. VARLILARIN TƏRİFİ

MARİNA TSVETAYEVA

     VARLILARIN TƏRİFİ

        

Beləcə qabaqdan bildirirəm ki,

Bizim aramızda —  kilometrlər.

Mən —  lütə, cındıra bərabər kimi,

Layiqəm dünyada tutduğum yerə.

 

Bütün israfların təkəri altda:

Qozbellər, kifirlər yeyən, kef çəkən

Qalxıb, beləliklə, ən uca qatdan

Deyirəm: sevierəm varlıları mən.

 

Kökləri çürükdür çünki onların,

Beşikdən başlanar xəstəlikləri.

Çaşqındir, qıpıqdır davranışları,

Bu cibdən o cibə gəzər əlləri.

 

Çünki pıçıltılı ricaları da,

Səslənir həmişə qışqırıq kimi.

Çünki gözlərində xəcalət yatar,

Buraxmayacaqlar cənnətə çünki.

 

Çünki çatdırarlar çaparla sirri

Eşqi də özgəylə çatdırar onlar.

Zorladır onların kef gecələri,

Öpərlər, içərlər həmişə zorla.

 

Çünki ömürləri haqq-hesab, yazı,

Əyin-baş bahalı, çənə əsnəyən.

Nədənsə almazlar mən həyasızı –

Biliniz: sevirəm  varlıları mən!

 

Üzləri həmişə təmiz, qırxılı,

Yeyimli-içimli (pulmu? – bir ətək!).

Amma gözlərində nəsə qorxu var,

Şübhəli baxırlar döyülmüş it tək:

 

Bəlkə də çaş salıb hesabı çəkən…

Tərəzi tarazmı… yaxşımı sayıb…

Bütün səfilliklər içində çünki,

Belə yetimliyin tapılmaz tayı.

 

Cəfəng rəvayət var, deyir ki, guya,

İynə ulduzundan dəvələr keçir.

… Çünki gözlərini təəccüb qıyar

Azarda, iflasdır bu da elə bil.

 

“Verərdim… Qardaş tək…Həmişə şadam…

“Min dəfə saymışam… hə… yalan deyən…”

Çünki güclə çıxır ağızlarından —

Eşidin: sevirəm varlıları mən!

 

30 sentyabr 1922

Ruscadan tərcümə

21-23 dekabr 2016 Samara

+++++++++++++++++++++++++

Марина Цветаева

Хвала богатым

И засим, упредив заране,
Что меж мной и тобою – мили!
Что себя причисляю к рвани,
Что честно мое место в мире:

Читать далее

XƏLVƏTƏ ÇƏKİLİB DALANDA, TİNDƏ…

 anam Raziyyənin xatirəsinə

Xəlvətə çəkilib dalanda, tində,

Bağda, xiyabanda, küçədə bəzən,

Elə izdihamın qatı yerində,

Özüylə danışan adam görürsən.

 

 

Səssiz, pıçıltıyla danışan da var,

Səsi eləsinin uzaqdan gələr.

Biri danışdıqca başını bular,

Biri ehtirasla əlini yellər.

 

 

Görəndə baxan var, qulaq verən var,

Duruxub dururlar, oğurluq anı,

Tutulan adam tək. Aralanaraq
Gedirlər, baxaraq o yan-bu yana.

 

 

Çoxu ahılsa da, cavanı da var,

Beləcə özüylə danışanların.

Kimi yol gedəndə, kimi duranda —

Vaxtı yox, yeri yox bu seansların.

 

 

Yaxından-uzaqdan haçan ayrılır,

Haçan öz içinə qapılır insan?

Yaxın-uzaq ondan üz çevirir ya,

İçində onunla kimdi danışan?

 

 

Bəlkə əzizləri həyatdan köçür,

Məzarlıq yaranır içində bəlkə.

Bəlkə də daşlardan birini seçir,

Danışır qəlbinə nədir dağ çəkən.

 

 

Göylərdən üzülüb bəlkə ümidi,

Xitabı, sualı cavabsız qalıb.

Tanrını qəlbində dikəldib indi,

Ona bütbərəst tək mehrini salıb…

 

 

İzdiham içində, daldalıqda ya,

Görürük içiylə danışanları.

Orda  hər birinin onları duyan,

Onları eşidən tanrıları var…

09-11.12.2016

Samara

 

MARİNA TSVETAYEVA: «BU GEC İŞIQ SƏNİ QAYĞILANDIRIR?»

             

Bu gec işıq səni qayğılandırır?

Cənab, ürəyini saxla buz kimi.

Yatmıram. Yuxusu tək adamların,

Bir də yaxşıların ərşə çəkilir.

 

 

Bizə yuxusuzluq deyil məşəqqət,
Qazanda qaynarıq biz doğulandan.

Elə bu yaxşıdır. Vaxt yetişəcək,

Yuxudan doyacaq torpaq altda can.

 

 

Nə sümük sızıldar, nə əsnəmə var,

Oğul yuxudadır, dost – gələsidir.

Dost gələr anadan muğayat olar,

Tanrının nəzəri oğulun üstdə.

 

 

Hələ ki yaxşıyam, xoşa gəlirəm,

Hələ ki tənhalıq dözülməz olur —

Mən arvad ömrümü belə bölürəm:

Gecə dostumundur, gündüz oğlumun.

4 sentyabr 1917

ruscadan tərcümə

02.12.16 Samara

+++++++++++++++

“Поздний свет тебя тревожит…”

Поздний свет тебя тревожит?

Не заботься, господин!

Я – бессонна. Спать не может

Кто хорош и кто один.

Читать далее

HÜZNLÜ MUSİQİ ƏSƏRLƏRİ VAR…

Hüznlü musiqi əsərləri var —

Çalanlar ifadan əvvəl hər dəfə,
Xahiş edirlər ki, tamaşaçılar,

Alqışlamasınlar bitəndə ifa.

 

Eynilə belədir bəzi həyatlar  —

Doğum günlərini hər dəfə yəqin,

Təbrik yox, alqış yox, bəlkə yeri var,

Bir anlıq sükutla qarşılamağın…

 

01.12.16

Samara

EŞŞƏKLƏR

Tənəli, danlaqlı bu heyvanların,

Atlasdan olaydı çulları gərək.

İnci taxılaydı boyunlarına,

Seyrək yallarına təzə gül-çiçək.

 

Xalılar döşənə axurlarına,

Vaxtında, doyunca yemləri gələ.

Fərmanlar asıla yaxalarına,

Kiçik abidə də bəlkə dikələ.

 

Hərbi paradların önündə onlar,

Gərək gedəydilər nizamlı, həqir.

Meydana yayaydı gur meqafonlar,

Onların tarixi xidməti nədir.

 

Onlar özlərindən ağır yükləri,

Qitədən qitəyə çəkib gediblər.

İnsan tarixinin minillikləri,

Bellərində gəlib bu günə qədər.

 

Quranda rəftarı, səsi pislənib,

Qınaqdan, tənədən əyilən heyvan.

Nə xidməti yadda, nə də ki əsli,

Danlanan, söyülən, döyülən heyvan.

 

Yeməkdən gözü tox, tamahsız suya,

Çörək də daşıyan, su da daşıyan.

Belində yeriyib sivilizasiya,

Heyvanlıq simvolu sayılan heyvan!

 

28.11.2016

Samara

 

 

ÇƏTİN ADAM

Adamlar cürbəcür olur dünyada,

Mən də bu dünyada çətin adamam.

İndi yox, əvvəldən elə çətinəm,

Çətinlik boynuma biçilib mənim.

Deyirər fizika, cəbr kimiyəm,

Tərsimi həndəsə, üzvi kimyayam.

Çətin adamın da qaradır günü,

Asan adamlardır çünki yan yörən.

Evdə hamı asan, işdə eləcə,

Çətinsən onların içində təkcə.

Qohum-qardaş asan, qonşular asan,

Dünya nizamını sanki pozursan.

Hamı üzügülər, hamı mehriban,

Bu ona qurbandır, o buna qurban.

Hamı da tutulur məni görəndə,

Baxır, köks ötürür biri dərindən.

Biri üz çevirir, biri dalını,

Dinməzcə çəkilib gedir qalanı.

Ancaq hər cürü var asanların da,

Var boynu pambıqla kəsənləri də.

Silər yer üzündən eləsi səni,

Elə bil həlli yox bir məsələsən.

Asan adamların planetində,

Çətin adamların günü çətindir…

 

24 11.16

Samara

ALTMIŞ ÜÇ

  63

 

Hər səhər yataqda, zəif, yarımcan,

Tanrı ölülükdən dirildir məni.

Sanki daş tabutda yatan Lazaram,

“Dur, yeri!” deyərək qaldırır məni.

 

Büdrəyə-büdrəyə mən də çıxıram,

Ayaqlarımdasa dəfn ipləri.

Möcüzə göstərib çəkildi Tanrı,

Gərək öz gücümlə gedəm irəli.

 

Yenidən dünyanın adamlarına,
Qoşulub gedirəm. Çənəmi sıxan

Dəfn yaylığını açıb atıram,

Sinəmi doldurur sərin bir axın.

 

Yenə də oyanır min ehtiyacım,

Çarpışam, çalışam, gərək tələsəm.

Yenə də bir tikə çörək dalınca,

Qan-tər axıdıram, qaranəfəsəm.

 

Hərə öz hayında, tələsir hamı,

Yıxıldın – tapdayıb keçir izdiham.

Yalayıb it kimi yaralarımı,

Üzə gətirirəm. Yenə qalxıram.

 

Daş tabutdan qalxıb dirilməyin də,

Dünyaya ilk dəfə doğulmağın da,

Səbəbi, mənası bilmirəm nədir.

Möcüzə göstərib susur tanrı da…

ƏLYAZMASI.jpg

 

17-18. 11. 2016

Samara

 

BORİS PASTERNAK. QƏLB

BORİS PASTERNAK

                  QƏLB    

                  Душа моя, печальница
                   О всех в кругу моем…

Qəlbim, geyirsən qara,

Gedəndə yaxınlarım.

Məqbərəsən canları,

Zülmlə çıxanların.

 

Onları balzamlayır,

Şeir həsr eləyirsən.

Ağlayan rübabınla,

Ağılar söyləyirsən.

 

Hamı maraq hayında

Səndəsə qorxu, vicdan.

Xatirələr yaşadan

Məqbərə tək durursan.

 

Onların əzabları,
Səni torpağa əyir,

Səndən də məzarların,

Tanış qoxusu gəlir.

 

Qəlbim, qardaş qəbrisən —

Nə eşitdin, nə gördün

Qatmısan bir-brinə,
Dəyirman tək üyüdüb.

 

Mənə hər nə olubsa — 

Dayanma bircə gün də — 

Üyüt və qəbiristan,

Çürüntüsünə döndər.

 

1956

Ruscadan tərcümə

14.11.2016

Samara