Архив по авторам | Xeyrulla Xəyal

ƏRƏBQARDAŞBƏYLİNİN ARVADLARI VƏ KİŞİLƏRİ. 16. TÜKƏZBAN XALA VƏ OĞULLARI (I)

20230721_135628

1963-cü ildə biz lələmin iki il ərzində tikdirdiyi evə köçdük. Kəndin yolu evin dalından keçirdi, indi Adillə bizim aramzdakı yolun üstündə, yəni İmanqulu Rzayevin ağ daşdan tikdirdiyi üçgöz evlə bizim evin arasında Ərəstunun ikigöz, aynabəndli evi idi. Bizdən dalda, səhm etmirəmsə, İsgəndərin yurdunun qalıqları və yiyəsiz nar ağacları var idi. Hələ Kür aparan evimizdə yaşayanda o yolla məktəbə gedərkən Hüseynbala kişinin qoyunları o narlığın həndəvərinə çıxardığını görərdim. Kişi, Ərəstun və Məmmədhüseyndən fərqli olaraq, nəinki uca deyildi, hətta orta boylu Kamal da dədəsindən hündür olardı. Bəlkə də qocalıb əfəllədiyinə, əyildiyinə görə Hüseynbala kişi mənim gözümə alçaqboy görünürmüş… Kişi həmişə deyinər, arvada, gəlinlərə acıqlanardı…

Dağılmış yurdla Hüseynbala kişinin üçgöz evinin arasındakı geniş yer mal yatağı idi, indi ora Xammədin həyətidir. Məktəbə gedəndə bir neçə dəfə Kamal dayının mal ciyəsini əlinə dolayıb arvadı Zərxanımı qovduğunu görmüşəm…

Biz hələ Kürün qırağında olan vaxtlar Tükəzban xala axşamlar bizə oturmağa gələrdi. “Oturmağa getmək” o zaman adamların asudə vaxtarının bəlkə də ən vacib hissəsi idi. Kəndə işıq 1961-ci ildə çəkilib, batareylarla işləyən radio çox az adamda var idi, mənim lələm yaşda, ondan da xeyli cavan olanların çoxu, kitab oxumaq qalsın, adlarını da yaza bilməzdilər. Kənddə heç vaxt klub olmayıb, yay aylarında hərdənbir kino gətirir, mağazanın böyrünə ekran asıb hind fikmləri göstərərdilər. Kənd adamlarının bütün mədəni-maarif tələbləri “oturmağa getməklə” ödənilirdi. İşıqsız kəndin göz-gözü görməyən yollarla, heç vaxt bağlanmayan, həmişə qəfil atılıb dişini yumşaq bir yerə batırmağa hazır olan itlər mırıldayan həyətlərin yanından qorxa-qorxa keçməklə adamlar bəzən kəndin bu başından o başına bir-iki saatlıq söhbət üçün gedirdilər. “Oturmağa getməyin” konkret səbəbləri də ola bilərdi: toya hazırlıq, yasdan sonra cümə axşamları, xəstəyə dəymək, əsgər ötürmək, əsgərlikdən gələn olanda gözaydınlığı vermək… Amma Tükəzban xalanın ya Bəyim xalanın (Ağ Bəyim) bizə gəlməyi lələmə ağsaqqal və Quran oxuyan kişi kimi hörmətlərindən idi. Tükəzban xala lələmə “əmioğlu” deyirdi. Məməm danışırdı ki, bir dəfə söhbətin gedişində kişi Tükəzban xalanın hansı sözündənsə hirsləib özündən çıxıb, arvad qorxudan elə çaşıb ki, onu sakitləşdirməyə çalışarkən “əmioğlu” əvəzinə “əmigəlni” deyirmiş…

Lələmlə Tükəzban xalanın qan qohumluğu olub-olmadığını bilmirəm, bəlkə Hüseynbala kişi ilə qohumluğumuz ola, ancaq Tükəzban xala bizi çox istəyirdi, biz də onu çox istəyirdik…

Tükəzban xalagillə qonşu olandan sonra gün ərzində evə də olmasa, hökmən həyətə gəlib məməmlə dərdləşirdi. Söhbət çox idi. Evdə iki gəlin – Zərxanım və böyük Səmayə (Sənubər) vardı, Kamal dəlisov adam idi, nə isə gözünə istədiyi kimi görünməyəndə dava salır, Zərxanımı əzişdirirdi. Kamal dayı hərdən – bir neçə dəfə olmuşdu – Ərəstunun arvadını da döyürdü. Ərəstunun böyük qardaşına fövqəladə hörməti vardı, onun təhqiramiz hərəkətinə dözürdü. Səmayə (Sənubər) də dözürdü. Kamal onun həm qaynı, həm də doğma əmisi oğlu idi. Həm də dözməyib neyləyəcəkdi?

Biz təzə köçən vaxtlar Məmmədhüseyn Kubada əsgərlikdə idi. SSRİ-nin rəhbəri Xruşşovun qudurğan hərəkətləri nəticəsində Amerika ilə Sovet İttifaqı arasında sonralar “Qəraib böhranı” adlanan münaqişə yaranmışdı. Xruşşov Kubada nüvə silahı yerləşdirmiş, “azadlıq adası”na canlı qüvvə göndərmişdi. O vaxtacan Leninqradda (indi Peterburq) əsgəlik çəkən Məmmədhüseyn də okeanı aşaraq Kubaya gedib çıxmışdı…

Mən uşaq vaxtımdan başqa evə getməkdən çəkinirəm, kənddə ən çoxu dörd-beş evdə olmuşam. Ərəstunun evinə öz evimiz kimi gedib-gəlməyimə indi də təəccüblənirəm. Onu bilirəm ki, futbol üzrə SSRİ çempionatının 1965-ci ildəki oyunlarının nəticələrini cib dəftərinə yazmışdım, bu dəftəri uzun illər saxlayırdım. O vaxtlar televiziya ilə bütün transliysiyalar canlı idi, yazı yetmişinci illərin əvvəlində yarandı. Konsert, teatr tamaşaları veriləndə Ərəstungilin televizor qoyulmuş otağı qapı ağzınacan dolu olardı. Ağası müəllim, Gülağa, Məmmədhəsən, Yavər – həmişə gələnlərin adını çəkirəm, elə bil ki, mən qarışıq bunların Ərəstunun evinə çoxillik abonomenti vardı.

Ərəstunun televizoru, səhv etmirəmsə, Rekord adlanırdı, ekranı kiçik noutbuklar boyda idi, ancaq heç birinin öz televizoru olmayan adamların gözləri heyrətdən, heyranlıqdan elə geniş açılırdı ki, ekrandakıların, necə deyərlər, kipriklərini saya bilərdilər…

“Leyli və Məcnun” operasının 600-cü tamaşasının transliyası yadımdadır. Ərəstunun evində basırıq yaranmışdı, obaşlılar da yığışıb gəlmişdilər…

Bunu nəzərə almaq lazımdır ki, Ərəstungilin körpə uşaqları vardı. Heç kimi Ərəstunla Səmayənin yerində təsəvvür eləmirəm, başqa hər kəs ağac qapıb gələnləri qovardı…

 “Neftçi” komandası SSRİ çempionatının Bakıda keçirdiyi oyunları televiziya ilə göstərilirdi. Futbol olanda Kamal dayı da gəlirdi. Kamal dayının öz televizoru olmalıydı, ancaq lap əvvəl çıxanlardan, ekranı indiki samartfonlar boyda. Nə göstərildiyini bilmək üçün gərək baxanın güclü fantaziyası olaydı. Kamil müəllimin elə televizoru var idi. Ekranda baş verənləri özü Sima xalaya və uşaqlarına təsvir edir, “ədə diyan ey, özümüz görürük” deyən arvadına məhəl qoymurdu..

Kamal dayıya əsl azarkeş demək olmazdı, o, cümə seyidləri kimi, “Neftçi” “Ararat”la oynayandan oynayana azarkeş olurdu. Neftçi  ilə Araratın oyunu Kamal dayı üçün erməni-müsürman davası idi. Yəni ortada namus-qeyrət məsələsi var. “Ayə vur, ayə qoyma, köpəyoğlu, hara vurursan…”

Neftçi uduzanda Kamal dayı elə bil şəxsən ermənilərə təslim aktını imzalayırdı. “Gənə bu götüpoxlu ermənilərə uduzdular, köpəy uşağı…”

Kamal dayınin nəzərində aftafa sivilizasiyanın ən böyük nailiyyəti idi və o bizə ermənilər qarşısında böyük üstünlük verirdi. Aftafalı millətin aftafasız millətə uduzmağı ona çox ağır gəlirdi…

Məlumat üçün deyim ki, “Neftçi”nin özündə də o vaxt xeyli erməni var idi. Kapitanımız da erməni Eduard Markarov idi. İnanmıram ki, onlar aftafa götürəydilər…

Kamal dayı özü idmanın daha populyar növü ilə — nərdlə məşğul olurdu və qardaşıgilə həm də nərd oynamağa gəlirdi. Ən çox Yavərlə oynayardı, çünki Yavərə uduzurdu, revanş götürmək cəhdləri yeni məğlubiyyətlərlə nəticələnirdi. Kamal dayı heç cür başa düşmürdü ki, oyunun hər sirrini bilə-bilə niyə bu uzundraza uduzur. Bir neçə tasdan sonra Yavər deyirdi ki, daha yorulub. Kamal dayı az qalırdı atılıb Yavərin boğazından yapışa, ancaq özünü saxlayırdı. “Gəl bir tas da oynayaq”. “Yox, maraqlı deyil. Yenə altında bir şey olsaydı…” Kamal dayı canlanırdı. “Gəl corabdan oynayaq”. Yavər bir az nəm-nüm eləyib razılaşırdı…

60-cı illərin əvvəllərində təzə corab, hətta ucuzu da, yaxşı priz sayıla bilərdi. Kasblıq idi, corablar dönə-dönə yamanırdı. Kişi pambıq corablarıın qiyməti 23-25 qəpik idi, bizim mağazalarda üstünə xeyli qoyurdular, 30-40, hətta əlli qəpiyə də satırdılar. Boş xonça qabları qaytarılanda bəzilərinin içinə corab qoyulurdu. Ucuz xonçanın qabına pambıq corab, bahalı xonçalarıın qabına isə o vaxt alverçilərin satdığı bəzəkli İran corabları. Pambıq corablar rezinsiz olurdu, bir az geyən kimi boğazı qırışıb ayaqqabının içinə girirdi… Ancaq xonça qabında belə corab da iri damaları olan burun dəsmalından yaxşı idi…

Oyun təzələnirdi. Gecədən xeyli keçdiyinə baxmayaraq Yavər formasını itirməmişdi və yenə bir mars iki oyunla corabı udurdu. Udan kimi durub deyirdi: “Gedək corabı ver”. Kamal dayı duruxurdu. “İndi hamı yatıb, səhər lap tezdən verərəm.” Yavər əl çəkmirdi. “Yatanı durğuzmaq olmur? Gedək, Zərxanımı çağır, versin corabı…”

Ərəstungildən çıxıb itələşə-itələşə Tükəzbanxalagilə sarı gedirdilər. Tükzbanxalagilin həyətindən səs-səmir gəlmirdi. Onların haçansa it saxlamaqları yadımda deyil…

08. 01. 2025, Samara

(ardı var)

əvvəli burda:

ƏRƏBQARDAŞBƏYLİNİN ARVADLARI VƏ KİŞİLƏRİ. 15. HEYDƏRALI KİŞİ

ƏRƏBQARDAŞBƏYLİNİN ARVADLARI VƏ KİŞİLƏRİ. 15. HEYDƏRALI KİŞİ

20230721_135628

1963-cü ildə, yayın axırında ya payızın əvvəlində, təzə evə köçdük. Yəqin elə o vaxtlar Heydəralı kişini ilk dəfə yaxından görmüşəm. Lələm ona muzdla çəpər çəkdirirdi. Heydəralı kişi çəpəri aliminium məftildən toxuyurdu. Aliminium kövrək şeydir, bu çəpər uzun yaşamadı…

Görəsən Ərəbqardaşbəylidə bu möhtəşəm kişini xatırladan nə qalıb? Oğlanları ona çox az oxşayırdı, nəvələri heç oxşamadılar. Bəlkə bu nadir insanın şəkilləri də qalmayıb…

O vaxt çox nağıl oxuyurdum, ona görə Heydəralı kişi mənə divlərin nağıllardakı təsvirindən yaranan surətini xatırladırdı. Sonra Heydəralı kişini daha çox Qaraca çobana bənzədirdim – onu da nə yekəlikdə ağaca bağlasaydın, bir nərə və bir təkanla ağacı kökündən çıxarıb toz qopara-qopara düzələrdi yola…

Heydəralı kişi işini dinməzcə görərdi. Birdən dayanır, ucadan, qalın, məxməri səslə gülər, bir ağız oxuyardı. Qonşumuz Pürüzə xala çəpərin başına gələndə kefi açılırdı. Söhbətləti tutrdu. Zarafatlaşırdılar.

Pürüzə xala fermada sağıcı idi, orda da olur, həftədə bir dəfə gəlib uşaqları Nisəxanımla Eldarın və özünün bir həftəlik çörəyini bişirirdi. Böyükkişi əsgərlikdə idi. Günortadan sonra yekə şalın arasına yığdığı çörəyini başına qoyub əlləri yanında düzəlirdi yola. Kənddə, mən bilən, əllərini yanına salıb başında yük aparan ayrı arvad yox idi. Bu, uşaq vaxtı adama o qədər maraqlı gəlirdi ki, istəyirdin düşəsən arvadın dalına. Yeddi-səkkiz təndir çörəyindən ibarət sarığın başda necə dəbərmədiyini müşahidə etmək idman yarışına baxmaq qədər maraqlı idi… Yolüsü Pürüzə xala mağazaya girib musalılı Tağıdan “ayın-oyun”, yəni qənd, çay və hökmən on-on beş qutu “Avrora” siqareti alıb düyünçəyə yığacaq, onu da çörək sarığına büküb yoluna davam edəcəkdi…

Fermanı heç vaxt yaxından görməmişdim. Uşaq vaxtı onu azad adamlar yaşayan Çənlibel kimi təsəvvür edirdim…

Pürüzə arvad çəpərə yaxın gələndə Heydəralı kişi cibindən tütək də çıxarıb çalırdı…

Heydəralı kişi günortadan sonra işini saxlayıb gedərdi. Bir dəfə axşam bizdə oturub lələmlə söhbət eləməyi yadımdadır. Oğlu Sərhabdan (yənin ki, Söhrab) danışırdı. Deyirdi Cahangir, Sərhabı gedib Moskvada yerin altında tapıb gətirdim…

Moskvada yerin altı haradır? Bəlkə Sərhab orda metroda işləyirmiş? Çox sonralar, müəllim işləyəndə, Sərhabı hərdən görürdüm, bir dəfə evə də gəlmişdi bizim radioya baxmağa. Ancaq Moskvanı soruşmaq yadıma düşmədi. Kiçik radionun adı “İney” idi. Baxıb başını buladı ki, bu sözün nə olduğunu bilmir. Dedim ki, “qırov”  deməkdir. Çox təəccüb elədi. Mən nə Rusiyada olmuşdum, nə əsgərlik çəkmişdim. Rusiyada yaşamış, dədəsinin dediyi kimi, hətta Moskvanın altına da girmiş adama mənim öz-öz özümə rusca öyrənməyim qəribə gəlirdi. Mənə elə gəlir ki, bu məsələ Sərhabı darıxdırdı da. Yəqin o vaxtacan ruscanı kamil bildiyinə arxayın imiş…

Heydəralı kişinin cavanlığı barədə heç nə bilmirəm. Mən məktəbdə oxuyan vaxtlar Musalı yaxınlığındakı su maşınından bizim cüyürə qədər gələn dərin suvarma arxını qazardı. Bu arxın çoxunu kənd qızları qazırdılar. Yeddiillik məktəbi qurtaran qızlar, bacım Ağənnə də olmaqla, Misir ehramlarını inşa edənlər kimi fövqəladə hünər göstərərək suvarma arxını elə dərinləşdirirdilər ki, yayda çimən azyaşlı uşaqlara boy vermirdi. Gün düşəndə arxın divarları uzaqdan şüşə kimi parıldayır, arx özü bobsley yarışları keçirilən trasa bənzəyirdi…

İlham deyirdi ki, arx təzə qazılanda onun içiylə qaça-qaça divarlarına tullanırmış…

Ekskavatoru əvəz edən bu qızlara sovxoz 30-40 manat pul verirdi. Qaraqaşlı südçülük sovxozunda on-on beş adamdan başqa hamı qəpik-quruşa işləyirdi. Bu sovxoz yaranandan quldur yuvası olub, dövlətin ayırdığını mənimsəyib, fəhlənin qazandığını yeyiblər. SSRİ-ni dağaıdan başqa səbədlər olmasayd da, Qaraqaşlı südçülük sovxozu onu gec-tez çökdürəcəkdi…

Sovxoz kişiləri kənddən qaçırmışdı. Qardaşım Seyfulla, Alıhüseyn Hüseynov, Şiralı Bədəlov kənd təsərrüfatı texnikumunu qartarmışdılar, ancaq hər biri ayrı işin dalınca getmişdi…

Heydəralı kişi sovxozda mövsümi işlər görürdü. Deyəsən, qızlardan başqa arx qazan kişi o idi. Onun da səliqəsinə söz ola bilməzdi. Belinin ağzı qılınc tiyəsi kimi parıldayırdı…

Heydəralı kişi bu bellə qəbir də qazırdı… Bəli, Heydəralı kişi qəbirqazan idi. Sonralar suvarma arxını texnika ilə qazırdılar. Ancaq qəbirqazma işində texnika insanı əvəz edə bilməz..

Xeyli sonra, rus yazıçısı Çexovun “Rotşildin skrpkası” hekayəsini oxuyanda əsərin qəhrəmanı Yakovla Heydəralı kişi arasında qəribə yaxınlıqlar görürdüm. Heydəralı kişi qəbirqazan idi, Yakov – tabutqayıran. Yakov yaxşı skripka çalırdı, Heydəralı kişinin də tütək çalmağı vardı. Çexov öz qəhəmanı haqqında yazır:  “… ondan uca və möhkəm adamlar heç yerdə yox idi”. Məgər bu, Heydəralı kişi haqqında deyil? Hekayəni oxuyanlar Yakovun arvadı ilə Heydəralı kişinin arvadı Qızana xala arasında da oxşarlıq görə bilərlər…

İndi Qızana xala haqqında. Qızana xaladan yadımda qalan odur ki, bu arvad evdə oturub havayı çörək yemirdi. Bu çəlimsiz, zahirən əfəl arvad illərlə səməni halvası bişirib Salyanda satırdı. Bilmirəm, indi səməni halvası bişirən var ya yox. Çox dadlı halva idi. Ancaq bu zəhmətkeş arvadı lələmin görən gözü yox idi. Çünki Qızana xala işlərini elə planlaşdırırdı ki, suvata düz saat on ikidə, yəni lələm kolazı kilidləyib namaza və nahara gedən vaxt gəlib çatırdı. Lələm deyinə-deyinə zənciri qaytarıb kolaza atır, Qızana xalaya danlaq vura-vura onu keçirirdi… Yəqin gecikdiyi namazı qılanda Allaha yalvarırmış ki, bu arvadın şərindən onu qurtarsın…

İki gün keçən kimi Qızana xala yenə halva dolu zənbiliylə saat on iki tamamda suvata gəlib çatırdı…

Heydəralı kişinin boyu 180 sm-dən çox olardı, çox yekə olsa da, köklüyü yox idi. Başqa ölkədə, başqa şərautdə belə adam şöhrətli atlet, qızıl medallı çempion, ən azından meydan pəhləvanı olardı. Kənddə ona “yekəqarın Heydəralı” da deyirdilər. Hərçənd onun qarnı yox idi. Heydəralı kişinin fiquru Mikeancelo yaradan heykəllər kimi monumental idi…

Onun bir oturuma otuz yumurta yeməyindən, başqa bu cür “qastronomik” hünərlərindən danışırdılar. Nə qədər düz olduğunu deyə bilmirəm. İştahı var idisə, qarnı aparırdısa, öz malını yeyirdisə, kimə nə dəxli var?

Maraqlı bir əhvalat olmuşdu. Bizim qonşu arvadlardan birinin yeniyetmə oğlu tez-tez evə girir, dəstərxandan çörək kəsib çıxırmış. Çörəyin də qıt vaxtı. Anası dözməyib qışqırır: “Bi nə çörək yemək oldu? Heydəralı olmusan?” Heydəralı kişi də bu vaxt çəpərin qabağından keçirmiş. Yoğun, məxməri, Xan Şuşinskinin “Qarabağ şikəstəsi” oxuduğu səslə deyib: “Dədənin çörəyini yemişəm?!”

Arvad vurub özünü ölülüyə…

07. 01. 2025, Samara

əvvəli burda:

ƏRƏBQARDAŞBƏYLİNİN ARVADLARI VƏ KİŞİLƏRİ. 14. SÜNİYƏ (HÜSNİYYƏ) VƏ CƏFƏRAĞA

ƏRƏBQARDAŞBƏYLİNİN ARVADLARI VƏ KİŞİLƏRİ. 14. SÜNİYƏ (HÜSNİYYƏ) VƏ CƏFƏRAĞA

Səxavətin ölümü 1971-ci ildə olubsa, mən hələ Əlibayramlıda pedaqoji məktəbdə oxuyurmuşam. O vaxt bizim evdən düz cüyürün tininiəcən pambıq əkilirdi. Yayın əvvəli idi, Kür xeyli daşmışdı. Mən ya Salyandan, ya Əlibayramlıdan gəlirdim. Kolazdan çıxıb cığırla ev sarı gedəndə arvadlar, səhv etmirəmsə, alaq vururdular. Yaxında işləyən Süniyə (Hüsniyyə) xalaya salam verəndə o, kətməni yerə qoyub  dedi: “Xeyrulla, Ağası müəllim Səxavəti saxlayıb sinifdə. Nə deyirsən, gedim xahiş eləyim keçirsin?”

Ağası müəllim şagirdi sinifdə saxlamışdısa, xahişlə keçirən deyildi, həm də jurnallar doldurulub, əmrlər yazılıb, möhürlənib… Dedim xahiş eləmə, bir ilin eybi yoxdur, bundan sonra yaxşı oxuyar…

Səxavət elə dördüncü sinifdə də qaldı. Anası ilə söhbətimdən az sonra Kürdə boğuldu…

Səxavət dərslərini zəif oxusa da, çox zirək uşaq idi. Yekə kişilər kimi danışardı. Bir dəfə Səxavətin lələsiylə, yəni Cəfərağa kişinin söhbətini eşitmişəm. İşdən gələn Cəfərağa kişi bizim o vaxtkı çəpərlə pambıq yerinin arasındakı çəmənliyə çatanda orda həmişəki kimi uşaqlar oynayırdılar. Səxavət lələsini görən kimi onun qabağına qaçıb soruşdu: “Lampuşkə (yəni rusca “lampoçka”, lampa) aldun?” Cəfərağa kişi Səxavətə düz baxmağa cəsarət etməyərək ağlar səslə dedi: “Yox ey, almadım, yadımnan çıxdı…” Lələ gözlərini baladan gizlətməyə çalışsa da, bala lələnin düz gözünün içinə baxırdı. “Yadunnan çıxdı? Neynəy, indi axşam qalarsan qarannığa…”

Yəqin Səxavət gecə yatanacan lələsini danlayacaqdı. Bəlkə də Süniyə xala qonşulardan “lampuşkə” alıb ərini danlaqdan qurtarardı…

Uşağının üzünə baxmağa xəcalət çəkən Cəfərağa Cəfərov o vaxt Böyük Vətən Mühatribəsi dediyimiz İkinci dünya müharibəsinin veteranı və əlili idi. Yəni bizim kinolarda gördüyümüz döyüşlərin iştirakçısı olmuş, qıçından yaralanmışdı. Bu adama, guya sənədləri tapılmadığından, ömrünün axırınacan bir manat da əlillik pulu vermədilər. Allahdan qorxmadan, qanun saymadan oğurlayan, basıb yeyən məmurlar Cəfərağa Cəfərov kimi əfəl adamları görəndə qanun müdafiəçisinə çevrilirdilər. Heç birində həmişə yamaqlı paltarda gəzən, gözləri daim sulanan ya bəlkə də deyə bilmədiyi dərddən yaşaran bu kişidə əsgər, müharibə veteranı görməyə onların ləyaqəti çatmırdı…

Cəfərağa kişinin uşaqlığı sovet hökuməti təzə qurulan dövrə, gəncliyi isə kolxozlar yaradılan axta düşmüşdü. Zirəklər, gözüaçıqlar, yəni başdan tük qapanlar kolxozda sədr, mühasib,, ambardar, qapançı, partkom, təftiş komissiyasının sədri, ferma müdiri və s. olmuşdular. Yəni ağızları çatmışdı çörəyə, yiyələnmişdilər ictimai adlanan mülkiyyətə. Cəfərağa kimilər mal otarmışdılar ya mal altı atmışdılar, pambıq, taxıl suvarmışdılar. Cəfərağa kişi, deyəsən, arabaçı imiş. 1941-ci ildə müharibə başlanıb, Cəfərağa səfərbər olunub… Yaralanıb qayıdandan sonra yenə kolxozda işləyib. Mənim yadıma gələn vaxtlar Salyanda yol idarəsində işləyirdi. Avtobusla kənddən Salyana gedəndə hərdənbir həmişə bimbalanmış vəziyyətdə olan Salyan-Neftçala yolunun-çuxurunu doldurub yamayan yol fəhlələrinin içində Cəfərağa kişini də görmək olardı.

İndi mən burda “Cəfərağa dayı”, “Cəfərağa kişi” yazıram, əslində mən onu uzun müddət elə adı ilə çağırmışam, baxmayaraq ki, aramızda az qala qırx yaş fərq var idi. Onu adı ilə çığıran təkcə mən deyildim. Məndən çox kiçiklər də onu “Cəfərağa” çağırırdılar. Niyə belə olmuşdu, bu zəhmətkeş kişiyə, müharibə veteranına və əlilə belə hörmətsiz münasibət necə yaranmışdı, deyə bilmərəm. Günlərin bir günü bu barədə özlüyümdə filirləşəndə az qaldım xəcalətdən yerə girəm…

Sonralar mən ona “Cəfərağa dayı” deyirdim…

Surəti də gözümün qabağındadır. İndi qışdır. Onu qış paltarında təsəvvür edə bilmirəm, çünki Cəfərağa dayının ayrıca qış paltarı yox idi. Bir neçə nimdaş köynəyi, dönə-dönə yamanmış, bəlkə kiminsə bağışladığı sviteri bir-birinin üstündən geyir, elə də gəzirdi. Yəqin orası-burası cırılıb pambığı çıxmış sırıqlısı da olmalıydı… Bizim kənddə, bi neçə ailəni çıxmaqla, elə hamı kasıb idi. Ancaq Cəfərağa ilə Süniyə (Hüsniyyə!) çox kasıb idilər. Cəfərağa kişi yol idarəsində 70 manatdan çox almazdı. Süniyə də (Hüsniyyə!) də məktəbdə xadimə işləməklə, alaq vurmaqla, pambıq yığmaqla az-maz qazanırdı. Ancaq bu qazancla yeddi baş ailə ancaq yarıac-yarıtox dolana bilərdi…

Ailədə başçı, əlbəttə arvad idi. Yəni büün hakimiyyət Süniyyə xalanın əlində idi. Cəfərağa kişi siyasətə qarışmırdı – belə də demək olar…

Süniyyə xala çox məğrur və hətta təkəbbürlü arvad idi. Kasıblığını, ehtiyac içində olduğunu gizlətməyə çalışır, heç kimdən aşağı olmadığını göstərmək üçün necə yaxşı yeyib-içdiklərindən danışırdı. Buna görə ona sataşanlar da olurdu. Pis niyyətlə, onun qəlbini sındırmaq üçün yox, zarafatla. Süniyə xala isə iddialı, həm də kövrək idi. Qəlbi sınırdı. Sonbeşiyi Səxavətin boğulmağı isə belini də qırdı. “Ay Saxavət!” deyib ağlayardı…

Ailə başçısı gərək yaxşı taktik və və strateq ola. Süniyə xala bəlkə də pis taktik idi, yəni gündəlik işlərdə, münasibətlərdə səhvlərə yol verirdi. Ancaq yaxşı strateq idi. Qızlarını ərə verməyi planlaşdırdı, verdi də. Belə məsələlərdə Süniyə xala tank kimi irəliləyirdi, qabağını heç bir artilleriya ala bilməzdi. Gözəlliyi və cehizi olmayan üç qızı ərə vermək hər ananın işi deyil…

Şura hökuməttini quranlar xalqa vəd eləmişdilər ki, uzağı beş-on il çətinlikdən sonra kommunizm olacaq. Mağazalarda hər şey var və hər şey də havayıdır – nə lazımdırsa, ürəyin nə istəyirsə, götürüb gedirsən. Yeməkxanalarda ləziz yeməklər bişəcək, hamı qarnı tutan qədər havayı yeyib-içəcək… Mərhum qonşumuz Şiralı Bədəlovun dediyinə görə, Süniyənin (Hüsniyyənin) dədəsi arvadına deyirmiş: “Ay Şeydə, şəni ştolovoyda (“stolovaya” – yeməkxana) itirib-axtarım…”

O yeməkxananı nə Əkbərlə Şeydə, nə də qızları Süniyə gördü…

Kasıblığı gizlətmək çətindir. Ancaq Süniyə kasıblığını gizlətməyə çalışır, “hamı necə, mən də elə, lap hamıdan yaxşı” deyirdi. Süniyəyə (Hüsniyyəyə) qohumluğu çatan Şiralı Bədəlov məsələyə aydınlıq gətirmək istəyirdi: “Yox, hoqqa. Bir az da artır. Hamıdan neyün yaxşıdır?” “Hər şeyim. Hər şeyim var, yeməyim, içməyim, şükr allaha”. Şiralı Bədəlov əl çəkmirdi: “Neyün var ey? Axşam nə yimisən?” “Hamı yiyənnən. Hamıdan da yaxşı. Hamı yavan yiyəndə mən ərimə, balalarıma yağlı yiyizzirirəm”. Şiralı Bədəlov: “Sən lap ağ elədün ha…” “Ağ-zad eləmədim, olanı diyirəm! Qazanan oğlan sağ olsun, əqim qazanıb gətirir, xan kimi dolanırıq”.

Şiralı Bədəlov yol idarəsində işləyirdi, “qazanan oğlan”ın nə qədər qazandığını yaxşı bilirdi…

Sonra Süniyə (Hüsniyyə) məməmə şikayrət eləyərdi: “Raziyə, varam o Şiralıyçın! Məni lağa qoyur, arvadı da yanın da durub gülür. Mən oun cavabın verməsəm, dədəm Əkbərin belinnən gəlməmişəm!”

Məməm deyərdi ki, Şiralı sənnən zarafat eləyir, qohumundur də, istədiyindən eləyir… Süniyyə razılaşmırdı: «Bıyy, Raziyə, düşmanımın elənçik issiyəni olsun…»

İki gün keçməmiş Şiralı Bədəlov Süniyyəni (Hüsniyyə!) təntənəli şam yeməyinə çağırırdı. Süniyə nəm-nüm eləyirdi. Şiralı  Bədəlov deyirdi ki, “padruqun da gələcək”. Süniyyə (Hüsniyyə) özünü naza və bilməməzliyə qoyurdu. “Padruqam kimdi?” Şiralı kişi gülürdü: “Necə kimdir. Raziyə xala”. Süniyənin (Hüsniyyənin) qırışığı açılırdı: “Neynəy, Raziyənin xətrinə gələrəm…”

Beləcə barışırdılar…

05-06. 01. 2025, Samara

əvvəli burda:

ƏRƏBQARDAŞBƏYLİNİN ARVADLARI VƏ KİŞİLƏRİ. 13. ZÜLEYXA XALA VƏ ƏLİHƏSƏN KİŞİ

RADYARD KİPLİNQ. CƏNGƏLLİK QANUNU

RADYARD KİPLİNQ

Cəngəllik qanunudur bu, göylərin özü tək doğrudur və qədimdir,
Onu sayan canavar firavan yaşayacaq, pozan Qurd –ölməlidir.

 +

Ağacda sarmaşıq tək qaçır qabağa-dala Qanun da zaman-zaman,

Çünki sürüsündədir gücü Qurdun, sürü də alır gücünü qurddan.

 +

Quyruqdan burunacan yuyunun və dərindən için, dibdən yox ancaq,

Unutmayın ki, gecə ov eləmək vaxtıdır, gündüzsə — yuxulamaq.

 +

Çaqqal yesin Pələngin artığını, Qurdbala, bığların çıxan zaman,

Yadda saxla, Canavar — ovçudur və özün get yalını özün qazan.

 +

Dinc durun Cəngəlliyin Ağalarıyla – bunlar Pələng, Bəbir, Ayıdır,

Dinməz Fillə sayqılı olun, Qabana heç vaxt sataşmayın, ayıbdır.

 +

Cəngəllikdə Sürü ki, Sürü ilə rastlaşır, çıxmır heç biri yoldan,

Başçılar qoy danışsın, bu iş bitər ağıllı kəlmə deyilən zaman.

 +

Sürüdən Canavarla vuruşsanız, uzaqda vuruşun və təkbətək,

Qalanlar bu döyüşə qatılsa, azalacaq Sürü, itki verərək.

 +

Qurda sığınacaqdır Mağara, bura həm də evidir Canavarın,

Nə Baş Qurd girə bilər onun Mağarasına, Qurdlar Şurası nə də.

 +

Qurda sığınacaqdır Mağara, giriş ora deyilsə etibarlı,

Şura mesaj göndərər, Qurd da düzəliş elər mağarada tutarlı.

 +

Gecə yarıyacan ov etməyin, meşədə küy salmayın, etsəz əgər,
Yoxsa marallar ürkər, sizin qardaşlarınız, bilin, ovdan boş gedər.

+

 Öldürün özünüzçün, acsa yoldaşlarınız, balalarınız ya da.

Öldürməyin heç zaman kef üçün, öldürməyin İnsanı heç bir halda!

 +

Zəifdən qəniməti çırpışdırsanız, yeyib fəxrlə aşırmayın,

Zəifin hüququdur Sürü hüququ – ona verin başı, dərini.

 +

Sürünün Qəniməti Sürünündür, yerində yeyilməlidir elə,

Kim istəsə apara yuvasına bu əti, gərək o öldürülə.

 +

Qurdundur Qurd ovlayan. O öz qənimətiylə nə istəsə, eləyər;
Sürü toxuna bilməz ətə, Canavar buna izn verməsə əgər.

 +

Birillik bala yalnız tələb eləyə bilər, doyanda ov yiyəsi,

O da girişib yesin; heç kimin ixtiyarı yoxdur ona “yox” desin.

 +

Pozulmazdır hüququ Birilliyin və onun haqqı var tələb edə,

Qənimət gətirəndən payını; ona heç kim yöx deməsin sürüdə.

 +

Yuvada anadadır hər hüquq – götürməyə il uzunu haqqı var
Balalarçın bir budu; anaya “yox” deməyə yox heç kimdə ixtiyar.

 +

Mağarada ixtiyar Atadadır, tək gedib ov etməyə haqqı var,
Sürüyə  tabe deyil, barəsinidə onun yalnız Şura hökm çıxarar.

 +

Yaşı da, hiyləsi də onun çünki az deyil, çapıq və pəncəlidir,
Dəlmə-deşiyi varsa Qanunun, Baş Qurd deyən – Qanunu əvəz edir.

 +

Cəngəllik qanunları budur – qüdrətlidrlər,  sayları da az deyil;

Önəmlidir hər biri bədən üzvləri tək – hər biriniz baş əyin!

 

ingiliscədən tərcümə

25.12. 2024 – 05.01. 2025, Samara

Qeyd:

Şeir ilk dəfə  “Canavarlar üçün qanun” başlığı altında 1894-cü il iyunun 7-də “Qorxu necə gəldi” hekayəsi ilə birlikdə nışr edilmişdir.

++++++++++++++

RUDYARD KİPLİNG

The Law of the Jungle

 

NOW this is the Law of the Jungle — as old and as true as the sky;

And the Wolf that shall keep it may prosper,     but the Wolf that shall break it must die. Читать далее

ƏRƏBQARDAŞBƏYLİNİN ARVADLARI VƏ KİŞİLƏRİ. 13. ZÜLEYXA XALA VƏ ƏLİHƏSƏN KİŞİ

Rus yazıçısı İvan  Turgenevin “Atalar və oğullar” romanıın son sətirləri “bütün qəbiristanlıqlar kimi hüznlü görkəmi olan” kənd qəbiristanını təsvir edir: ağac xaçlar çürüyür, daş plitələr yerindən oynayıb, sanki onları aşağıdan kimsə dəbərdir… Başqa qəbirlərdən səliqəliliyi ilə fərqlənən, dəmir çəpərə salınmış, hər iki tərəfindən körpə küknarlar əkilmiş qəbir romanın qəhrəmanı, valideynlərinin yeganə oğlu Yevgeni Bazarovundur.  Tez-tez yaxın kənddən bu qəbrin üstünə mərhumun tamam qocalıb əfəlləmiş ata-anası gəlir. “Onlar bir-birinə söykənərək ağırlaşmış yerişlə çəpərə yaxınlaşır, diz üstə çökür, uzun-uzadı və acı-acı ağlayır, uzun-uzadı  və diqqətlə altında oğulları yatan lal daşa baxırlar…” (sətri tərcümə mənimdir –X.X.)

Görkəmli rus rəssamı İlya Repin bu romana illüstrasiyalar çəkib. Qəbiristan səhnəsi həm romanda, həm Repinin təsvirində mənə Züleyxa xala ilə Əlihəsən kişini, yeganə oğulları Umudvarı xatırladır…

Züleyxa xala ilə Əlihəəsn kişi kimi bir-birinə oxşayan ər-arvad tək-tük olardı. Başqa oxşarlıqları qalsın, onlar ikisi də eyni bucaq altında əyilmiş, az qala ikiqat olmuşduıar. Elə bil ki, bu iki adamın həyatı qabaqcadan yazılmış vahid kompüter proqramı ilə keçirdi.

Əlbəttə, mən onların əyilmiş vaxtlarnı görmüşəm. Şübhəsiz ki, onların da cavanlığı, şux, dik yeriyən vaxtları olnuşdu. Bir neçə uşaq dünyaya gətirmişdilər. Ancaq qızları da, yeganə oğulları da bəlkə də irsi olan xəstəlikdən çox yaşamadılar…

Dostoyevskinin “İdiot” romanında knyaz Mışkin alman rəssamı  Hans Holbaynın 1521-22-ci illərdə yaratdığı “Ölmüş İsa tabutda” əsərinin surətini reproduksiyasını Roqojinin evində görəndə şəklin əslinə Bazel muzeyində baxdığını xatırlayaraq həyəcanla deyir: “Bu şəkildən kimsə inamını itirə də bilər!”

Züleyxa xala ilə Əlihəsən kişinin həyatını düşünəndə mömin adamın – mən mömin deyiləm – inamı itməsə də, sarsıla bilər. Doğrudanmı bu acı taleyi onlara hər şeyə qadir Yaradan təyin edib? Özlərinin ikiqat əyilməyi, balalarının sağalmaz xəstəlikdən gözlərinin qabağnda əriyib getməkləri Yaradanın əmridir? Əgər belədirsə, onun nəyi “rəhim və rəhman”dır?

Məktəbə gedəndə, müəllim işləyən vaxtlar, hərdən qabağıma çıxırdılar. Kişi qabaqda, arvad bir az dalda, hər ikisinin əlində ağac. Kişiyə salam verəndə cavab verib-vermədiyini bilmək olmurdu. Züleyxa xala mehriban adam idi. “Bala, nə təhərsən? Raziyə bacım nə təhərdi?” – deyə məməmi soruşardı. Əlihəsən kişi birdən dayanar, ağacına söykənib qırx beş dərəcə bucaq altında dönər, elə köndələn ya da yola paralel duraraq acıqlı deyərdi: “Gəl görəy ey… Bacım nətəərdi… cicim nətəərdi…”

Yeganə oğullarına Umudvar adı qoymuşdular. Adın özündən uşağın gələcəyindən arxayınlığın olmadığı bilinir… Umid bu gün var, sabah yoxdur…

1982-ci ildə, mən Moskvada oxuyan vaxt məməm Salyan xəstəxanasında yatıb. Umudvar onunla bir mərtəbədə yatırmış. Deyirdi ki, dəhlizdə gəzir, əl radiosunu oxudurmuş. Həkim məzəmmət eləyib ki, ağır xəstələr var, narahat eləyirsən…

Yaxşı oğlan idi Umudvar. Sakit, başıaşağı. Bir neçə dəfə Salyandan gələndə yol yoldaşı olmuşduq. Plastik kütlə zavodunda işləyirdi. Öz dediyinə görə, işindən razı idi…

O məndən iki sinif aşağı oxuyub. Özündən ikçiklər öləndə, məyusluqdan əlavə, xəcalətə oxşayan hiss də keçirirsən. Elə bil ki, kimisə cəbhədə vermisən qabağa, özün çəkilmisən daldaya..

Gec-tez hamımız öləcəyik…

Umudvar öləndə kənddə idim. Dəfnində, deyəsən İlhamla bir yerdə, iştirak elədim. Basdırılandan sonra həyətlərinə gedib təzə qurulmuş çadırda oturduq. Çadırın girəcəyində sağ tərəfdən yekə samovar qoyulmuşdu. Rəhmətlik Adil odun yığıb samovarı odlayırdı. Əlihəsən kişi də elə samovarın dalında oturmuşdu. Mən ona tərəf oğrun-oğrun baxırdım. Yeganə oğlunu itirmiş atanın dərdi çox böyük olmalı, bu dərdin üzündki, gözlərindəki ifadəsi baxanı sarsıtmalıydı… Belə oğrun baxanda birdən Əlihəsən kişi yerindən qalxdı, otuz-qırx ilin əyriliyi elə bil yalan imiş, kişi düppədüz durub əlindəki ağacı Adilə yelləyərək qışqırdı: “O odunlara dəymə, o odunlara dəymə! Bu yandan götür!”

Adilin götürdüyü taxta-tuxta əsl samovar odunu idi. Əlihəsən kişi isə təndir odununu göstərirdi. Adil o deyəni elədi… Adilin arvadı, Əlihəsən kişinin qardaşı qızı Atlas olsaydı, yasa-zada baxmazdı, əmisinin abrını alardı… Atlasın öz atası Almirzə impozant kişi idi, düppədüz, cavan və şux qalmışdı… Təzə arvadı da var idi…

Əlihəsən kişi samovar odununu haçana saxlayırdı, bilmədim.

Ancaq başa düşdüm ki, kişini qayğılandıran oğlunun ölümündən çox həyət-bacadır, mal-heyvandır, odun-ocaqdır.

Bu bəlkə də yaxşıdır. Dünya malına məhəbbətimiz dərdimizi yüngülləşdirməsə də, dərddən yayındırır. Kimsə bu işdə Tanrı rəhmi axtarar və görər…

Kimsə də inamını itirər..

04. 01. 2024, Samara

əvvəli burda:

ƏRƏBQARDAŞBƏYLİNİN ARVADLARI VƏ KİŞİLƏRİ. 12. ƏKBƏR (III)

ƏRƏBQARDAŞBƏYLİNİN ARVADLARI VƏ KİŞİLƏRİ. 12. ƏKBƏR (III)

MƏN 1 YANVAR 2025

Çoxu o vaxtkı yaşlarına görə gəlin adlandırıla biləcək qadınlar Qardaş və onun ailə üzvləri ilə lap ötəri təmasda olan, lap təsadüfən görüşüb salamlaşan hər kəs haqqında məlumatı dərhal Bağda xalaya çatdırır, o insanlar qara siyahıya düşürdülər. İmanqululardan olan kişilərin də birliyi yaranmışdı, bunlar toy ya yas məclislərinə bir yerdə gəlir, Qardaşın özü və ya ona yaxın adamlar oturan tərəfə çoxmənalı şəkildə baxaraq öz aralarında guya tezliklə həyata keçiriləcək vacib əməliyyatı müzakirə edirdilər.

Heç birinin Qardaşa yaxın getməyə cəsarəti çatmırdı…

Maraqlıdır ki, Əkbərin doğma qardaşı bu dəstədə deyildi. Yavər tayfaçılıqdan uzaq, vicdanlı adam idi. Qardaşının dərdini ləyaqətlə çəkirdi…

Və bu da maraqlıdır ki, imanqululuların dəstəsində mərhum Şirinbala da vardı. Qardaşın doğma qaynı…Heç bir peşə təhsili olmayan, ancaq həmişə hardasa kassir işləyən, pulu, maşını olan Şirinbala güclü arxaya ehtiyac duyur və imanqululuları belə arxa sayırdı.

Mərhum Şirinbalanı xüsusi xatırlatmağımın səbəbi var. Bu, bir az aşağıda bilinəcək.

Əkbərin ölümü icma bağları onsuz da zəif olan kənddə çoxlu çatlar yaratdı. Bir neçə il ərzində toy və yas mərasimləri qarşıdurma meydanına, kin nümayişinə çevrilir. İmanqululularda tayfa rəhbərinin sədr olduğu vaxtdan özlərini kənddə hamıdan üstün göstərmək, boyun-boğazlarından, qulaqlarından asılan qızılla həsəd yaratmaq tələbata çevrilmişdi. İmanqulu Rzayev kolxozdan qazandığı pulları uşaqlarının təhsilinə də qoya bilərdi. Yaxşı təhsil insanı mədəni olmaqdan əlavə, onu təvazölü, başıaşağı elər. İmanqulu Rzayev kolxozun gəlirini qızıla çevirməyi üstün tutmuşdu. Nadan adam isə qızıllananda o qızılı qox, qızıl onu idarə edir… İdarə eləməkdən çox dingildədir, oynadır…

Читать далее

ƏRƏBQARDAŞBƏYLİNİN ARVADLARI VƏ KİŞİLƏRİ: 11. ƏKBƏR (II)

Əgər qarışdırmıramsa, elə dəfn günü, bəlkə də lap dəfn zamanı, zərərçəkən tərəfin mövqeyini keçmiş kolxoz sədri, Bağda xalanın yaxın qohumu İmanqulu Rzayev qarşı tərəfin adamlarına və hökumət nümayəndələrinə elan eləmişdi: Bu, bədbəxt hadisədir, biz Qardaşdan şikayətçi deyilik. Bu mövqeyin Bağda xala ilə necə, nə dərəcədə razılaıdırıldığını deyə bilmirəm. İşin yola qoyulmasında Bağda xalanın bacısı oğlu Bəybalanın da yaxından iştirak etdiyi deyilirdi.

Qardaşın ağsaqqalı, lələmin dili ilə desəm, Qəfər oğlu Səttar idi. Lələm onu belə çağırardı, çünki kənddə bir Səttar da olmuşdu…

Qardaşın milisdə neçə gün ya neçə saat saxlandığını yadımda deyil. Tezliklə bu işə xitam verildi – hansı hüquqi əsaslarla və təsnifatla, deyə bilmərəm.

Qardaşın Əkbəri qəsdən öldürmədiyi şübhəsizdir. Onlar həm yaxın qohum, həm də yaxşı yoldaş idilər. Aralarında heç bir ədavət ola bilməzdi. Əkbərin ölümü bədbəxt hadisə idi, ancaq bu hadisənin detalları da hüquqi cəhətdən çox vacibdir. Deyirdilər ki, guya Qardaş un kisələrinin üstündə yatıbmış, Əkbər qaranlıq dəhlizə girib zarafatla onu qorxutmaq istəyəndə, ayılıb əlindəki silahın tətiyini çəkib. Qardaş yuxulu ikən Əkbərin ona yaxınlaşıb tüfəngini əlindən çəkdiyini də deyirdilər. Guya bu anda Qardaş onu un oğrusu bilib atəş açmışdı… Читать далее

TANRI BİLİR CANI SÖZÜMÜN NƏDİR…

MƏN 1 YANVAR 2025

Ümidim yox idi çıxam son ildən,
Çıxdım – yerindədir əlim-ayağım.

Tanrıdan istəyim budur indi də,

Bu rus qışından da birtəhər çıxım.

 +

Möhlət istəyərəm yaşasam yazı,
Yayın, nə gizlədim, həsrətindəyəm.

Yayda sümüklərim yaxşıca qızır,
Tanrı özü bilir, deyəm-deməyəm.

 +

Demirəm işlərim qalıb yarımçıq,
Demirəm bitməmiş əsərlərim var.

Kiçik adam kimi miqyasım kiçik,

Niyyətim, arzum da özümə oxşar…

 +

Yaxşı bir kitab var, nə vaxtdan bəri,
Onu oxumağı planlayıram.

Mozartın bir sıra var  əsərləri,
Dinləmək istərdim onları tamam.

 +

Vallah, deyiləsi deyil bəlkə də,
Tanrı yaxşı bilir hər şeyi ancaq –

Bir yay köynəyim var, təzə kimidir,

Mən onu geyməsəm, kimə qalacaq?

 +

Ayaqqabım da var, çox az geymişəm,

Yeyilmək izləri yox dabanında.

Ayrı şeylər də var, ayıbdır desəm,
Mənə bir dost alıb evim yananda….

 +

Yanan evdən deyim, bilsə də Tanrı:

Bərpa işi gedir, yubanır ancaq.

Bəlkə də alaram yazda açarı,

Əsl yaşamaqsa yayda olacaq…

 +

Bilirəm ayıbdiır mən dediklərim,

Möhlətə üzrlü səbəb deyildir.

Həyatın özü tək istəyim qədim –

Tanrı bilir canı sözümün nədir…

 

01. 01. 2025, Samara

 

RADYARD KİPLİNQ. MESOPOTOMİYA

RADYARD KİPLİNQ

Gənc və qətiyyətllilər, geriyə dönməz onlar

Səmimi, çılğındılar, verdik onları qurban:

Onlar öz nəcisinə bələnib can verəndə qaçmağa üz qoyanlar,
Doğrudanmı şərəflə dəfn edilər bir zaman?

 +

Onlar dönməyəcəklər, soyuqqanlı və rahat qətlə yetirilənlər,

Hər gün kömək istəyib rədd edildilər ancaq:

Müqəssirlər üstəlik son nəfəslərində də qınayırdılar hələ,

Elə gücləri var ki, olmaz onları qovmaq?

 +

Dönməz ölülərimiz Gündüzlər nə qəqər ki, Gecələrdən ayrıdır,

Qürubun zolaqları nə qədər ki, həmindir.

Başıboş yekələr ki, onlar can verən zaman naqqallıq eləyirdi,
Yüksək vəzifələri tutacaqlar yenə də?

 +

Ya bir saatlıq qızıb soyuyar qəzəbimiz:

Bir də baxıb görərik yatan kimi qasırğa,

Onlar hakimiyyətə yenidən qayıdıbıar necə rahat, necə tez,

Əl ataraq adəti hiylə və bacarığa?

 +

Bizi-sakitləşdirir, bizə gen-bol ödənc də vəd eləyirlər onlar,

Göstərə də bilirlər özlərini qorxan tək.
Dostları, borcluları məşvərətə çağırır və məsləhət alırlar,

Söz verirlər hər kəsin işi düzəldiləcək.

 +

Bütün həyatlarıyla günahları yuyulmaz və silməz ölümləri,
Millətimizə onlar vuran qara ləkəni.

Fəqət baş alıb gedən ətaləti, faciə yaradan təkəbbürü,

Qoymalıyıqmı qalsın həminki kimi yenə?

1916

ingiliscədən tərcümə

16. 12. 2024, Samara

QEYD:

Bu şeirin mövzusu 1-ci Dünya Müharibəsinin Mesopotomiya kampaniyası, xüsusən 1916-cı ilin aprelində general Taunsəndin Kutu təslim etməsinə gətirib çıxaran adminstrativ hərcməlikdir. Bir tarixçi bunu Britaniyanın hərbi tarixində ən alçaldıcı məğlubiyyət adlandırıb.

++++++++++++++

RUDYARD KİPLİNG

Mesopotamia

 

They shall not return to us, the resolute, the young,

  The eager and whole-hearted whom we gave:

But the men who left them thriftily to die in their own dung,

  Shall they come with years and honour to the grave?

 

They shall not return to us; the strong men coldly slain

  In sight of help denied from day to day:

But the men who edged their agonies and chid them in their pain,

  Are they too strong and wise to put away?

 

Our dead shall not return to us while Day and Night divide–

   Never while the bars of sunset hold.

But the idle-minded overlings who quibbled while they died,

  Shall they thrust for high employments as of old?

 

Shall we only threaten and be angry for an hour:

  When the storm is ended shall we find

How softly but how swiftly they have sidled back to power

  By the favour and contrivance of their kind?

 

Even while they soothe us, while they promise large amends,

  Even while they make a show of fear,     

Do they call upon their debtors,  and  take  counsel  with  their

     friends,

  To confirm and re-establish each career?

 

Their lives cannot repay us–their death could not undo–

  The shame that they have laid upon our race.

But the slothfulness that wasted and the arrogance that slew,

  Shall we leave it unabated in its place?

ƏRƏBQARDAŞBƏYLİNİN ARVADLARI VƏ KİŞİLƏRİ. 10. ƏKBƏR (I)

20230721_135628

1963-ilin yay günlərinin birində əlimdə bir yekə tikə çörəyi gəvələyə-gəvələyə Kürün qırağına gedirdim. Kolazdan çıxıb mənimlə qabaq-qabağa gələn adamların biri dayanıb üzünü ciddiləşdirərək dedi: “Xruş dayın o boyda çörəyi yeməyə icazə verib?”

Mən tutuldum. Çünki bilmirdim ki, Xruş dayı kimdir və niyə dədəmin çörəyini yemək üçün ondan icazə almalıyam.

Mənimlə əslində, sonradan başa düşdüyüm kimi, zarafat edən adam Qardaş idi. “Xruş dayı”  SSRİ-nin o vaxtkı rəhbəri Xruşşova deyirdilər.1961-ci ildən ölkədə çörək qıtlığı başlanmışdı. Şəhərlərdə çörək adambaşına talonlarla satılır, adamlar növbəyə gecədən yazılırdılar. Kənd mağazalarında unu adambaşı bölüb satırdılar. Bizim evdə çörək qıtlığı olmayıb. Kişi köhnə qayda ilə qabaqcadan taxıl alıb quyulara vururdu. Satışda un olmayanda dəni məməm daşda çəkirdi. Lələm özü hər həftə Salyana gedir, yəqin ki, tanışlıqla bir sarıq arası çörək alıb gətirirdi. Ancaq elə bizim kəndimizdə çörək korluğu çəkənlər çox idilər. 1963-cü ilin dekabrında elə bu çörək qıtlığından mənfi qəhrəmanı Qardaş olan qanlı faciə törəndi. faciəyə İndiyəcən Yavərin səsi qulaqlarımdadır. Təzə köçdüyümüz evin qabağında ağlaya-ağlaya qışqırırdı: “Əkbər ölüb, ay Cahangir dayı…”

1963-cü il dekabrın 9-u idi…

Qardaşım Süleyman 1963-cü  il dekabrın 1-də əsgər getmişdi. Dekabrın 8-də, hələ üç il xidmət edəcəyi yerə, yəni Qazaxstana çatmamış, onu bir həftə əvvəl yola solmış yola salmış kənd cavanlarından biri, özü donanmada dörd illik əsgərlikdən təzə gəlmiş Əkbər dəfn olunurdu…

O günlər yağırdı. Kəndin palçıqlı yollarında bata-bata gedən adamlar səhər tezdən Mir Cabbarın oğlu Gülağanı əsgərliyə yola salıb Əkbərin dəfninə tələsdilər…

Əkbəri 1963-cü il dekabrın 7-dən 8-ə keçən gecə Qardaş tüfənglə vurmuşdu…

Əkbərin dörd il çəkmiş əsgərliyindən əvvəlki vaxtını xatırlamıram. Əsgərlikdən sonra görərdim. Ölümünə yaxın elə hyətimizdə, nərdivanın yanında durub gətirdiyi qurban ətini məməmgilə verdi – sırıqlının ya da kitelin altından geydiyi matros köynəyi yaxşı yadımdadır. Üzü gülürdü…Ölümündən sonra məməm şəklini böyütdürüb divardan asmışdı…

Читать далее