Архивы

BAŞIN AĞRIMAĞI VAR…

                                     Xeyrulla XƏYAL

Vüqar Əliyevin doğum gününə

Başın ağrımağı var,

Ağrımayan baş deyil.

Sinə göynəyər, yanar,

Sinədəki daş deyil.

 

Yol – narahat, yol – uzaq,

Kim gedir – yorulacaq.

Savaş sonra olacaq,

Bu hələ savaş deyil.

 

Qayğılar ağırsa da,

Hərdən can ağrısa da,

Saç-saqqal ağarsa da,

Otuz doqquz yaş deyil.

 

08.04.2010 Samara

 

MUSANIN BACILARI

                                    

Ikinci dünya müharibəsi illərində

                               Ərəbqardəşbəylidə iki xırdaca yetim

                                qız körpə qardaşlarını ölməyə qoymayıb

 

 

Boyları bir qarışdı,

Ataları ölmüşdü,

Anaları ölmüşdü,

Qalan körpə qardaşdı.

 

 

Nə top, nə tüfəng səsi —

Müharibə uzaqda.

Qızları səksəndirən,

Ac qardaşdı bucaqda.

 

 

Havada çörək ətri

Gəzir, baş gicəlllənir.

Bəs bu süd ətri hardan?-

Bacıların burnundan…

 

 

Musa gah bu qucaqda,

Gah o qucaqda Musa.

Hərbin özü uzaqda,

Sinə üstdə balası…

 

 

Ha borc de, ha de vicdan –

Bunu anlar böyüklər.

Bacıları oyadan,

Qardaş səsiydi səhər.

 

 

Nə məktəb bilirdilər,

Nə kitab açmışdılar.

Həm müəllim, həm də dərs –

Körpə ac qardaşları.

 

 

Körpə uşaq qucaqda,

Qapı-qapı düşdülər.

“Musa ölür acından”!-

Qışqırıb döyüşdülər.

 

 

Kimi öz tikəsini,

Gizləməyə tələsdi.

Çoxu qırıntı yığdı,

Tikədən tikə kəsdi.

 

 

Ev-ev, küçəbəküçə,

Bacılar gəzdi kəndi.

Ayaqyalın, başaçıq,

Cüt qızı İskəndərin.

 

 

Neçə ağır il ötdü,

Qırıntı tikə oldu.

Musa artdı, böyüdü,

Qızlardan yekə oldu…

 

 

Saxlanmayıb yazıyla,

Yaddan çıxıb adları.

Ancaq Firon qızıyla,

Cici-bacılıqdadır

 

 

Bəlkə onlar. Kim bilir,

İndi bəlkə o qızlar,

Körpəcə mələklərin,

Oynarlar hər nazıyla…

                                        27-29 fevral 2008, Samara

QAÇQIN COCUQLAR

 

Uçur əldəqayırma

Al-yaşıl çərpələnglər.

Bu keçən təyyarədir –

Bura qonmaz mələklər.

 

Alaçıqlar, çadırlar –

Bura Beytleheym deyil.

Məryəmin balasıdır,

Çocuqlarsa elə bil.

 

Bu dünyaya gəliblər,

Onlar da ulduz altda.

Bu ulduz münəccimlər

Gözündən yayınsa da.

 

İndi Hirod bir deyil,

İndi beş deyil Hirod,

Misir o Misir deyil –

Hanı vəd olunan yurd?

 

Falçılar, yozuçular,

Düşməz ayaqlarına.

Əyilməz çocuqların,

Kimsə analarına.

 

Müxtəlif beynəlmiləl,

Təşkilatlar adından,

İnsan oğluna gələn,

Hümanitar yardımdır.

 

Al-yaşıl çərpələnglər,

Çadırlar üstdə… Uşaq

Ümidindən özgə nə

Ucalar göyə ancaq?

 

Yoxdur iddiaları,

Yer-göy padşahlığına.

Dəyilməyə onların,

Bircə uşaqlığına…

                                  23-24 iyun 2007 Samara

 

PALTO

 

Bəlkə min dəfə baxıb,

Şübhələnir yenə də.

Asılqandan çıxarır,

Geyir öz əyninə də.

 

Palto ağırlığından,

Ağrısa da çiyinlər,

Aynanın qabağında,

Dönə-dönə çevrilir.

 

Çevirir ciblərini,

Oynayır ətəyiylə.

Sərinlədir əlini,

Astarın ipəyiylə.

 

Baxılır, sığallanır,

Tikişin ilgəkləri,

Düymələr həm yoxlanır,

Həm də düymə yerləri.

 

Haçansa baş qoyduğu,

Yaxada əli gəzir.

Parıltı, cilvə odur,

İstisi getmir xəzin.

 

Palto nə geyilib ki,

Köhnə elə adıdır.

Bazara çıxan kimi,

Bəlkə də alınardı.

 

Dulluq ağır  — bu evdən,

Çox şey getsə də, ancaq,

Yəqin palto yenə də,

Dolaba qayıdacaq…

12-22.05.08 Samara

 

 

 

 

Unutduq bu küsü haçan başlanıb…

Unutduq bu küsü haçan başlanıb,

Unutduq bu kinin neçə yaşı var.

Nəsil nəcibliyi, kök qədimliyi,

Bu tarix yanında bəlkə heç nədir

Bizi zəfər kimi qürrələndirir,

Azarlı duyğu ki, enib ürəyin

Dərinliklərinə orda şərab tək,

Qıcqırır, tündləşir. Nə qədər içək,

Doymuruq. Bu nemət tükənir nə də…

                            12-14.07.08, Samara

 

RAFİG TAĞIYA

 

 

Yorulmur, gecəni gatır səhərə,

Dəmir barmaqlığı ölçür hörümçək.

Gözün həlqəsindən kiçik pəncərə,

Baxır dar həyətə — nə quş, nə çiçək –

Müxtəlif pay alır vətəndən hərə…

 

İndi inandın ki, “bura vətəndir”?…

Moskvanın uzaq xatirələri,

Canıma yüz yerdən sancılır indi.

Yoxsa bu ağrılar, ağrı yerləri,

O vaxt sən vurduğun iynələrindir?

 

Bəlkə də rus qışı yuxuna girər,

Qar tək köynəyi də geyərsən daha,

Yuxuda. Kir basmış yaxanla əgər,

Eynəyini silib baxsan ətrafa,

Sarsıdar canını qanlı ləkələr.

 

Hardasa harasa çağırar hərdən,

Müəzzin. Fikirdən çatlayar başın.

Burda, doktor Rafig, kömək istəsən,

Əli dəyənəkli gələr soydaşın –

Daha arxayın ol, vətəndəsən sən.

 

Bura gəlib çıxdın öz ayağınla,

(Qəlbinin hökmüylə? – demək çətindir…)

Bu məhbəs elə bil gözləmə zalı –

Vətənə iyirmi birinci əsrin,

Gəlişi yubanır – səbrini topla…

29-3-noyabr 2007, Samara

PİRALININ XATİRƏSİNƏ

                                                

Guya zər atmaqda yox bərabərin —

Belə demirdinmi? Elə atıldı

Zərlər – oyunu da, tası da verdin,

Nərdtaxtan qapanıb bucaqda qaldı.

 

“Yaradanı gəlsin, udaram!” deyən,

Sən deyildin? İndi oyunu, nərdi,

Bizi yaradanın önündəsən sən.

Bəlkə yox… Kim bilir yol nə qədərdir

 

Tanrı hüzuruna. Min il bəlkə də,

Yol gedib, min il də bükərsən boyun

Kandarda. Uduzan hamı – o təkdir.

Gözlərsən yetincə oyunun sonu…

 

Bəlkə də çox qalmaz bucaqda nərdin,

Oynar oğlanların, gəlib-gedənlər.

Əli gətirənsə yenə də hərdən,

“Bunu yaradanla oynaram!” – deyər…

                                                      22-24.03.08, Samara

ON BEŞ — ON ALTI YAŞDA

 

Tünd şərab kimidir o vaxtlar həyat,

Gün keçmir – içilir, qaynadır qanı.

Sevgi, donkixotluq – gülür camaat.

Bu meyi tərgitmək, həyatı yəni,

Tərk etmək istəyi sarsıdır canı –

Başını divara vurmağın gəlir.

Ya da xəyalında açdığın atəş,

Beynini dağıdır, sinəni dəlir.

Addımınsa ürkək, yerişin yavaş,

Öz ürək səsin də doğurur təlaş.

Çənəsi çəlikdə, gözü sulanan,

Günləri su kimi içib dolanan,

Qocalar görürsən – başın hərlənir…

                               iyun – 5iyul 2008, Samara

İndi ağacları bəzəyən bu qar…

İndi ağacları bəzəyən bu qar,

Artar, ağırlaşar, yükə çevrilər.

Bağlarda, parklarda şaqqaşaraqla,

Gecə budaq sınar səhərə qədər.

 

Sabah günəş çıxar, şaxta azalar,

Çox çəkməz, ağaclar cıxar yük altdan.

Hansısa əvvəlki vüqarla durar,

Hansısa duruxar xəcalətindən.

 

Olur ki, beləcə tablamırıq biz,

Taledən çiyinə yazılan yükə.

Əgər sınmasaydı qol-qanadımız,

Uçub ucalardıq göylərə bəlkə…

                                                         30.12.07 Samara