YAXŞI Kİ, SƏN VARSAN YENƏ, İLAHİ…

24 4.jpg

Ömür getməmişdən gedir canından,
Nədənsə dünyanın həvəsi birdən,
Canında suyun var, axır qanın da,

Yox heç nə qəlbini daha titrədən.

 

 

Gözün yorulmayıb, işığı da var,

Yoran gördüyindür, təzələnsə də.
Birdən gözümüzdən düşür qürublar,
Nə qədər möhtəşəm və zənginsə də.

 

 

Sevgilər soyuyur  qan soyumamış,
Əl-ələ dəyəndə ürəyin əsmir.

Duruş, yeriş tanış, baxış, söz tanış,

Yox daha ruhunu əsirləyən sirr.

 

 

Hələ qüvvə çoxdur ayaqlarında,
Getdiyin yollardır yoran, bezdirən.

Gün kimi aydındır nə var qabaqda,
Arxada qalana bənzəyər hökmən.

 

 

Adiləşir gedir şəkil də, səs də.

Bunu kim oxusa, güləcək indi:

Gecə də, gündüz də əgər dinləsən,

Mozart usandırar, yorar Vivaldi…

 

 

Yaxşı ki, sən varsan yenə, İlahi,

Adın var, sözün var, görünməsən də.

Bu dünyanı fəna demisən axı,
Təzə bir dünyanın ümidi səndə.

 

 

Məni vəd olunan yerə sən apar,

Şükr nemətinə, yoruldum ancaq.

Bilirəm, cəhənnəm ehtimalı var,

Apar, Tanrım, apar, öldürür maraq…

 

24.01. 2019

Samara

ZABİT ABDALOV BLOQER MEHMANA:»ÖP, ANCAQ DİŞLƏMƏ, YOXSA YENƏ İŞ AÇARIQ…»

BLOQER MEHMAN.jpg

BLOQER MEHMAN: Gəl səni bir də öpüm, brat!

ZABİT ABDALOV: Öp, ancaq dişləmə, yoxsa yenə təzə cinayət işi açarıq… Ha-ha…

BLOQER MEHMAN: Ayə yox ey, dişləmək nədir, şirin-şirin öpəcəm səni…

ZABİT ABDAIOV: Ə, doğrudan, nə şirin öpüşün var… Elə bil baldı, şəkərdi… Əvvəldən bilməmişəm…

BLOQER MEHMAN: Ə, əvvəldən belə döyüıldü ha. Mən aclıq eləyəndən sonra o qədər şirin yoqurt yedim ki, dilim-dodağım belə şirinləşdi…

 

Mirzə Əlil

23. 01. 2019

Samara

POL VERLEN. AH, NECƏ SOYUQDUR…

verlain-19

Ô j’ai froid d’un froid de glace

 

Ah!  necə soyuqdur, bədənim donur
Ah! Necə od tutub hər yerim yanır;

 

Kövrəlib sümüyüm, daha çürüyür,
Yara bədənimi basıb bürüyür;

 

Mənim düşmənlərim sevinc içində,

Qurban, qənimətəm onlara indi;

Canımda, başımda, ürəyimdə də,
Sızıltı var acı xatırələrdən;

 

 

Məndən hamı qaçır, şana əlvida!

Yəni gəlib çatdım mən Ərafata?

 

Ya bəlkə mən elə cəhənnəmdəyəm,

Yəni üz döndərib Tanrı da məndən?

 
— Sənin taleyin ki, gətirmir belə,
Bu bəlkə sevincdir daha Güclüyə.

 

 

Tanrı daha adil, Əql də onda da,

Sən özün zəifsən, kəmsən ağıldan.

 

Şərin girdabında çabalayırsan,
Bura atıb səni ehtirasların,

 

 

Sənin kamil deyil xristianlığın,
Çəkdiyin əzaba günahın uyğun,

 

 

Bütün bu əzab ki, səni ağrıdır,
Ruhuna nemətdir, xeyirduadır.

 

 

Və, əlbəttə, sənin bəyənmədiyin,
Bu sınaqlar ki, var həndəvərində,

 

 

Sənə məhəbbəti olan səmanın,
Xəbərdarlığıdır —  təmiz və aydın.

 

 

Mələklərdir sənə düşmən olanlar

Daha az qəddarlıq və özgəlik var

 

 

Onlarda, zalım və rəhim Tanrıdan,
Özün də bilmədən aldıqlarından.

 

 

Sev öz çarmıxını, yaralarını

Nemətdir, şükr elə yaradanına.

 

 

Qəzəb anlarının güc gələn çağı,

Tanrının adını diz çöküb çağır.

 

Kəsən dəmir ki, var, məzəmmət edən
Səs ki, var – bu sənə gözəl Tövbədir.

 

 

Buzla da örtülsən, odda da yansan,

Tapacaqsan hökmən Allahını sən.

 

Fransızcadan tərcümə

19-21. 01. 2019

Samara

20 YANVAR QIRĞNI ÜÇÜN «MEYDAN» LİDERLƏRİ NİYƏ MƏSULİYYƏ DAŞIMADILAR?

 

meydan 5

“Meydan hərəkatı”nın fəallarından olmuş Ədalət Tahirzadə 4 ilə yaxın vaxt ərzində gündəlik yazıb, Meydanda və onun ətrafənda baş verən hadisələri isti-isti qeydə alıb. Cənab Tahirzadənin “Meydan gündəliyi” son onlilliklərin ən etibarlı tarixi sənədidir. Azərbaycanda, məlum olduğu kimi, tarixçilik daha çox mif yaradıcılığıdır və xüsusən rəsmi mənbələrdən gələn tarixi məlumatlara həmişə şübhə ilə yanaşmaq lazımdır.

Cənab Tahirzadənin “Gündəliyi” ilə Meydan hadisələrini günbəgün izləmək, Meydan tribunasında kimlərin dayandığını görmək və onlardan hər birinin nə danışdığını eşitmək mümkündür. Yəni bu Gündəliyin əsasında Meydan “qəhrəmanlarının” tam siyahısını tərtib etmək olar.

İndi bu siyahını 20 yanvarda həlak olanların siyahısı ilə tutuşdurun. Meydana yığışanları təkidlə sovet qoşunlarının qabağına getməyə çağıranlardan və hətta xeyli dərəcədə adamları zorla tank qabağına göndərənlərdən heç birinin o hadisələrdə burnu qanamayıb. Bu necə olur?

19 yanvar 2019-cu ildə keçirilən mitinqdə Əli Kərimli yığışanlara deyir ki,”mən sizin qarşınızda tam məsuliyyət daşıyıram”.

Bu sözlərə inanmaq olarmı?

1990-cı ilin 20 yanvarında ölənlər üçün kim məsuliyyət daşıdı?

O hadisələrdən az qala 30 il keçir, indiyəcən nə ictimaiyyət, nə də ölənlərin yaxınları maraqlanmırlar ki, adamları tankların qabağına göndərmək kimin təşəbbüsü olub. O günə qədər Meydan artıq iki ilə yaxındı ki, alternativ hakimiyyət mərkəzinə çevrilmişdi. Onun rəhbərliyi, qərargahı vardı. Bəlkə də çıxarılan qərarların çoxu yazıya da alınıb. Hansı qərarla adamlar tankın qabağına gönndəriliblər?

11-ci ordu meydanında adamların təşkilatı kimin öhdəsində olub? Kim ya kimlər o adamların təhlükəsizliyi üçün cavabdeh olublar?

Niyə ölənlər içində bir nəfər də tanınmış Meydan fəalı yoxdur? Belə çıxmırmı ki, sadə insanları labüd ölümə göndərən “liderlər” həmin gecəni arvadlarını qucağında keçiriblər?

İnsanları “rus tanklarının qabağına” göndərməyin nə mənası vardı? O günə qədər və çoxdan Bakıda SSRİ Daxili qoşunlarının 30 min nəfərlik əsgər və zabitləri vardı. Daha bir diviziyanın şəhərə girməyi nəyi dəyişə bilərdi?

Adamların sovet tanklarını saxlamaq şansı vardımı? Yox! Sovet əsgərləri Bakıya əli yalın da girə bilərdilər. Stepan Razinin dəstələri Bakıya tankla girmişdilər?

Adamları tank qabağına göndərən “liderlər” ordunun atəş aça biləcəyini düşünməliydilərmi? Düşünməliydilər və düşünüblər də. Bəs niyə adamlar labüd qırğına göndəriliblər?

Ölənlərin siyahısına baxın: fabrik, zavod fəhlələri, mühəndis, dalandar, tələbə, satıcı, aşbaz… Hanı tribunadan şeir deyən xalq şairləri? Hanı hakimiyyət üçün ağızlarının suyu axan siyasətçilər? Onlardan heç olmasa, bir-ikisi ölüm göndərdikləri insanların yanında olmalıydı? Yox, onlar adamları tankların qabağına göndərib gediblər arvadlarıyla mazaqlaşmağa…

İndi belə “rəhbərlərin” yaratdığı dövlətin bircə il ərzində qarpız kimi dağıldığı təəccüb doğura bilərmi?

Qanlı yanvardan iki il sonra Meydan liderləri arzularına çatdılar. Heç kimin heç nə üçün cavab vermədiyi Meydandan necə hökumət çıxardı? Bandit İsgəndər Həmidov polis naziri, fırıldaqçı Rəhim Qazıyev müdafiə naziri… Deyəsən, balıq naziri də vardı… Hafiz…

Ədalət Tahirzadənin Gündəlyini oxuyun, sonra 20 yanvarda həlak olanların siyahısı ilə tutuşdurun. Mənə elə gəlir ki, bu sənədlər tribuna qəhrəmanlarına qarşı cinayət işi qaldırmaq üçün kifayətdir. Bunu dövlətə etibar etmək olmaz. Dövlət müxalifətdən daha sinikdir ya eyni dərəcədə sinikdir. Bu məsələ ilə şəhidlərin yaxın adamları məşğul olmalıdırlar. Beə bir cinayətdə qədimlik müddəti ola bilməz…

Hər il polislərlə əlbəyaxa olub Şəhidlər xiyabanına gedən və orda quru gözlərini ovub yaş çıxarmağa çalışan Əli Kərimlinin “məsiuliyyət daşıyıram” kimi bəyanatlarının bir qara qəpik qiyməti yoxdur. Şəhidlər iyirmi doqquz ildir ki, yoxdur. Əli Kərimli və onun dostları isə 29 doqquz ildir ki, məsuliyyət yox, öz gərəksiz həyatlarını daşıyıb sürünürlər…

21. 01. 2019

Samara

BİZ TÜRK OLDUĞUMUZ QƏDƏR DƏ İRANLIYIQ, ƏRƏBİK. BƏLKƏ DAHA ARTIQ…

Bir dəfə qazax rəqslərinə həsr olunmuş verilişə baxırdım. Qazax mütəxəssisi mərd-mərdana dedi ki, qazaxlarda rəqs olmayıb, sovet dövründə etnoqrafların, musiqiçilərin, baletmeysterlərin səyi ilə yaradılıb.

Yakutlarda rəqs varmı? Bəs tıvalılarda? Şorlarda?

Tatarların rəqsinə baxanda görürsən ki, bu rəqslərdə tatarlıq bir şey yoxdur, slavyan rəqsləridir, hərəkətlərə bir az, necə deyim… qıyıqlıq əlavə olunub…

Osmanlı türklərinin rəqsləri əslində yunan və Balkan xalqlarının rəqsləridir – musiqi də, hərəkətlər də, bir az ərəb muqisi eləmentlərinin qarışığı ilə.

Yəni türk xalqlarında rəqs olmayıb. Ona görə də Azərbaycan rəqsləri də türk rəqsləri deyil, Qafqaz rəqsləridir.Qafqazı isə, xüsusən onun cənubunu, İrandan ayırmaq mümkün deyil.

Azərbaycanlıların həyatında hər ilin az qala iki ayı Novruza həsr olunur. Azərbaycanlının uşağı-böyüyü bu bayramla yaşayır. Əgər Azərbaycanlı ruhu deyilən şey varsa, onu Novruzsuz təsəvvür etmək mümkün deyil. Nonruzun isə türklərə aidliyi yoxdur, ümumiran bayramıdır.

Bəs sünnət? Sünnət mərasimləri? Bu, islamdır.

Ailə-nikah münasibətləri? Bu da İslamdır.

Dəfn mərasimləri – İslamdır.

Yakutlar, şorlar, qaqauzlar, karaimlər, altaylılar muğamat oxuyurlar? Oxumurlar! Osmanlı türkləri muğama “uzun hava” deyirlər. Muğamı ərəblər gətirib, İranda transformasiya olub, muğamların bütövünün də, hissələrinin də adı farscadır.

Mətbəximiz ermənilərə, gürcülərə yaxındır…

İndi deyin, bizim haramız və nəyimiz türkdür?

Deyirsiniz Səfəvi İranı Azərbaycan dövləti olub. Bu, mübahisəli məsələdir. Deyək ki, olub. Bəs səfəvilər həmişə osmanlı türkləriylə vuruşmayıblar?

Biz haçan və nə qədər türk omuşuq və bizdə nə qədər türklük qalıb?

Bizi türk ailəsinə üzv edən yalnız dildir. Onun da üçdən iki hissəsindən çoxu ərəb sözləridir, fars sözləridir, Avropa mənşəli sözlərdir. Ona görə də yalnız mənşıəyinə görə və şərti olaraq dilimizi türk dillərindən saymaq olar.

Biz azərbaycanlıyıq. Biz türk olduğumuz qədər iranlıyıq, ərəbik.

Bəlkə daha artıq…

20. 01. 2019

Samara

PORİS PASTERNAK. NOBEL MÜKAFATI

boris_pasternak

Нобелевская премия

 

Qovulub üzülmüş vəhşiyəm daha,

Hardasa insanlar işıqda, sərbəst.

Düşüblər dalıma hayla, harayla,

Qaldıra bilmirəm başımı mənsə.

 

 

Gölməçə qırağı, meşə qaranlıq,
Kəsilib yıxılmış küknarın tiri.

Hər yerdən, hər yerə yolum bağlanıb,

Nə olur, qoy olsun, vecimə deyil.

 

 

Axı nə xəbislik törətmişəm mən,
Bəlkə bədəmələm, qatiləm ya da?

Doğma torpağımı tərənnüm edən,
Şeirimi oxuyub aləm ağladı.

 

 

Dursam da məzarın astanasında,

Fəqət inanıram, gələr bir zaman –

Xeyir, xeyirxahlıq ruhu sarsıdar,
Rəzillik və kinin gücünü hökmən.

1959

Ruscadan tərcümə

19. 01. 19

QEYD: Bu şeir 1958-ci ildə B. Pasternaka Nobel mükafarı veriləndən sonra SSRİ-də ona qarşı başlanan gözümçıxdı və gözdənsalma kampaniyasına cavab kimi yazılmışdır.

ÖY

EV EMİL.jpg

Bozarıb, qaralıb rəngin,

Doğma öy, yas içindəsən.

Köç eləyib yiyələrin,
Allah öyüsən indi sən…

19.01. 2019

Samara

POL VERLEN. TÖVBƏ

verlain-19

             Pénitence

Şəhvətdir ən yüngülü dəhşətli günahların,
İki ən ağırıysa Xəsislik və Həsəddir.

Qarınqululuq hökmən insanı xəcil edər,

Tənbəllik, anasısan sən bütün günahların,

 

 

Qəzəb gözləl görünür eybəcərliyində də

Saxta  bənzəyiyşindən bəlkə qəhrəmanlığa

Təkəbbür ona qardaş öz illüzor şanıyla

Dəhşətli quyamçıdır onlar, eybəcər həm də.

 

 

Tövbə, ağır savaşsız sən onları yenirsən,

Dallarınca düşürsən, tutub əsirləyirsən.

Cəhənnəmdən çıxarır kamil hərəkətlə sən

Ruhları qurtarırsan, şeytanları yenirsən.

 

 

Möhtəşəm əməllərə sənsən bizi yönəldən

Möhtəşəm səbəbiylə möhtəşəm niyyətlərin.
Tikanlar arasında qızıl güllər bitirən.

Tələsmədən onları Duadır gəlib dərən.

 

 

Cani əməllərimin, Tövbə, dərinliyindən,

Şəhvət, təkəbbür, qəzəb və bu kimi hoqqalar,

Köməyə çağırıram, bənzərsiz Dəyərin var,
Duyur rəzil ürəyim: odur Tanrı bəyənən.

 

QEYD: «Pénitence» — xristian ilahiyyat termini kimi günahkarın Allah qarşısında öz günahlarını etiraf etməyidir. İslamda adekvat termin yoxdur, ən

yaxın “tövbə”dir, onlayn lüğət də bu sözü fransızcadan ərəb dilinə ərəbcə belə tərcümə edir:

 توبة

 

Fransızcadan tərcümə

15-16. 01. 2019

Samara

RİTUAL

17 3

Yağır haçandan, batır

Bütün məhəllə qarda,

Bilmək olmur nə vaxtdır,
Səki harda, yol harda.

 

 

Tindən avtobus çıxıb,

Yönəlib məhəlləyə.

Təkərləri qar sıxır,
Qoymur irəliləyə.

 

 

Sürüşür, yolu yonur,

Dartınır, düşür gücə.

Rus avtopromunun,
Yaratdığı möcüzə.

 

 

Söyür, əlbəyaxadır,
Sürücü sükanıyla,

Maşınsa sözə baxmır,

Bir eşşək inadıyla.

 

 

Və nəriltisi birdən,
Ucalır mühərriyin,

Maşın qalxır yerindən,
Bitir qar əsirliyi.

 

 

Tüstü yayıb qar üstə,
Maşın tələsir indi,

Yaralı ya da xəstə,
Elə bil var içində.

 

 

Yox, bir az aralıda,
Binanın qabağında.

Tutqun üzlü adamlar,

Göyərirlər şaxtadan.

 

 

Az qala bir saat var

Gözlənilən maşındır.

Tabutu çıxarıblar,

Bitib vidalaşma da.

 

 

Tabutda yatanınsa,

Xəbəri yox dünyadan.
Dağıla, alt-üst ola,
Duran deyil yenə də.

 

 

Lap bilə qasırğadır,
Lap bilə yol çətindir —

O, son mənzilə gedir,
Qayğılar özgənindir.

 

17. 01. 19

Samara

POL VERLEN. YUXUMA GİRMİSƏN SƏN BÜTÜN GECƏ

verlain-19

J‘ai rêvé de toi cette nuit

Yuxuma girmisən sən bütün gecə,

Duruşun dəyişib bəlkə min dəfə,
Şirin sözlər dedin mənə nə qədər…

 

Meyvə dadan kimi ləziz və incə
Öpürdüm mən sənin dodaqlarından,

Öpürdüm  düzünü, dağlarını da.

Elastik, hər yerin, kövrək hər yerin,
Yay kimi qıvrılır bədən, heyranam:

Önün də, arxan da… lənət şeytana!

 

Yandırır, əzizim, necə də böyrün,
Sanki od-ocağın var istiliyi,

Canında ceyranın elastikliyi.

 

 

Sənin ağuşunda olan kimiydi,
Daha kamil amma, odlu daha da,
Elə həmin bayram ruha, bədənə.

Franslzcadan tərcümə

QEYD:

Beş üçlükdən ibarət bu şeirin mürəkkəb qafiyə sxemi var: 1-ci bənd 2-ci bəndlə, 3-cü bənd 4-cü bəndlə bağlıdır. Beşinci üçlük qafiyələnməyib.

“Elastiklik sözünün dalbadal işlənməyi təcümə qüsuru kimi görünə bilər. Əslində , bu, orijinalda belədir: 3-cü bəndin 1-ci misrası: “J’étais d’une élasticité”; 4-cü bəndin 3-cü misrası: “Élasticité de gazelle…”

 

13-14. 01. 2019

Samara