GÜNÜN GEDƏR VAXTI…

 

anamın xatirəsinə

Qürub çağı salır anamı yada:

Görürəm təndirdən çörək çıxarır,

Kəndin elə bu vaxt gəlir naxırı,
Anam inək sağır mal yatağında.

 

Narahat olardı anam bu vaxtlar,

Bu vaxtlar səbrsiz, kəmhövsələydi,

Elə bil bəd xəbər bu saat, indi,
Kimsə qaranəfəs gəlib çatdırar.

 

Eşitsə bir maşın qəzası əgər

Hardasa baş verib, havalanardı,
“Bəlkə Süleymandır” deyib durardı,
Oğlu sağ-salamat gələnə qədər.

 

Təndir başında ya mal yatağında,
Çörək bişirərkən, inək sağarkən
Günün gedər vaxtı, bilmirəm nədən,

Görərdim anamın ağladığın da.

 

Balası ölmüşdü – gözəl, saf uşaq,

Təsəlli deyildim mənsə… əksinə.

Günəş hər közərib sönərkən, yenə,

Anam kövrələrdi yaş axıdaraq.

 

Günün gedər vaxtı ona and idi,
Qüruba bağlıydı ürəyindəki.

“Günün bu vaxtından istəmişəm ki…”

Duası, qarğışı onun beləydi.

 

Axşamçağıların təlaşı hərçənd,
Evdə bürüyərdi o vaxt hər kəsi.

Heyvan itərdi ya ayrı şey nəsə  —

Qoyma-qışqırıqdan duruxardı kənd…

 

18. 06. 2026, Samara