Архив тегов | anqlosakson dastanı Beovulf

ƏJDAHANI YIXAN BEOVULF AZƏRBAYCANIN KORRUPSİNER MƏTBUAT VƏ ƏDƏBİYYAT BÜROKRATİYASI QARŞISINDA ACİZDİR…

беовульф

Kitabın çıxdığı iki həftəyə yaxındır, Azərbaycanda işləyən (danışan, yazan, göstərən) yüzlərlə mətbuat orqanlarının heç birində bir sətirlə də olsun bu barədə məlumat verilmir. Yəni total boykotdur. Kitabın çıxdığından xəbər çap etmiş yeganə qəzet “Yeniavaz”dır ki, bunu da yaxın bir adamım o qəzetin redaksiyasında işləyən dostları vasitəsiylə “təşkil edib”. Mən tərcüməni havayı eləmişəm, dörd aya yaxın vaxt ərzində hər gün beş saatdan yeddi saata qədər işləmişəm. Nəşrin xərcini professor Zərbəliyev çıkib. İndi mən məcburam ki, kiçik pensiyamdan pul ayırırb bu kitab haqqında məlumatı FACEBOOK-da “irəlilədim”.  Yəni Azərbaycandakı soydaşlarıma tanıdım. Mən bu məlumatı BBC-nin və Azadlıq radiosunun Azərbaycan radosuna göndərmişəm. Bu radioda işləyən soydaşlarımız, yəni bu mazafakerlər Britaniya və ABŞ vergiverənlərinin pulunu yeyirlər, Ancaq Britaniyanın milli-mədəni sərvəti olan dastanın Azərbaycan dilinə çevrildiyi haqqında “havayı” məlumat vermək istəmirlər.

Mənim üçün sirr deyil ki, Azərbaycanda soğana, banana, pomidora inhisar olduğu kimi ədəbiyyatda da inhisar var, ədəbiyyat Azərbaycanda bazardır və bu bazara ali sanksiyasız girmək olmaz. Dövlət, əslində «dövlət — bizik» deyən adamlar milli sərvətləri əllərinə keçirib istismar etdikləri kimi ədəbiyyata da, yəni bədii sözün deyilişinə, yazılışına tam nəzarət edirlər. Sovetdən, bolşeviklərdən irs qalan Yazışılar Birliyi tam fəaliyətdədir. Belə bir absurd orqanı hər hansı demokratik ölkədə təsəvvür etmək olmaz. Yəni ədəbiyyata rəhbərləri dövlət tərəfindən təyin edilən orqan rəhbərlik edir və indi bu orqanını başına ağlını itirməsə də bütün əxlaq normalarınıdan və prinsiplərindın yadırğamş 84 yaşlı Anar başçılıq edir. Yəni Anar ədəbiyyatın rəisidir. Siz Lev Tolstoyun, Dostoyevskinin, Folknerin, Kafkanın, Prustun, Odenin, Bodlerin üstündə rəis təsəvvür edirsiniz? Anarın yanında və rəhbərliyi altında yazıçı, azad söz sahibi ola bilməz, onun yanında və rəhbərliyi altında Rəşad Mıcid kimi dövlət pulunu yeyib yağlanan sıçovullar ola bilər. Yazıçılar Birliyinin içində və ətrafınbda olanlar isə dövlətdən atılan yala tamahlanan, daim ağa qapısında dilənən, pul, ev istəyən əqidəsiz qarfomanlardır. İndi bu Yazıçılar İttifaqına tabe olan yeganə Ədəbiyyat qəzeti kənar bir adamın gördüyü vacib bir iş barıdı məlumat verməyə cəsarət edərmi?

Həm də «Beovulf” kimi statuslu əsər gərək dövlət təmtərağıyla çevriləydi – bir milyon ayrılaydı, bunun çoxu ayrılan kimi ayıranlar tərəfindən yeyiləydi, sonra qalan pula 20-30 idam iki-üç il əlləşib “Şam şəhərində xeyli qoca bir kişi vardı” kimi yöndəmsiz bir şey ortaya çıxaraydılar və elə bu yöndəmsiz şeyi qoltuqlarına vurub həftə səkkiz mən doqquz xəzinə hesabına Londona uçaydılar…

Bu işi görməkdə məqsədimiz pul qazanmaq olmayıb, mən qırx ildir tərcümə ilə məşğulam, bir qəpik də qazanmamışam. Biz bu işin gərəkli və faydalı olacağını düşünüb onu gördük. Ancaq şüurlu şəkildə təşkil olunan boykot  məni xarakterizə eləmir, ölkəni xarakterizə edir, onun mədəniyyətinin, mədəniyyət siyasətinin barbarların əlində əsir olduğunu, insanlarımızda da mədəniyyət, maarifçilik eşqinin olmadığnı göstərir. Kavafisin “Barbarlar gəldilər” şeiri var, onu da tərcümə eləmişəm, bloqumdan oxuya bilərsiniz…

Məni bu işə sövq etmiş və tərcümənin başa gəlməsində çox zəhmət çəkmiş professor Həbib Zərbəliyev Azərbaycanın adlı-sanlı alimi və pedaqoqudur, Azərbaycan dilçiliyində yeni sahə yaradıb ki, bu da hər alimə nəsib olmur. Həbib Zərbəliyev səviyyəli rus alimi öz İnternet səhifəsində hansı island saqasının ilk dəfə rus dilində çap olunduğu barədə məlumat yerləşdirsə, bu postu yüzlərlə, minlərlə adam paylaşır – bu belədir, Mən Rusiyada yaşayıram və nə dediyimi bilirəm. Professor Zərbəliyev öz səhifəsində Beovulfun nəşr olunduğunu yazır, bu məlumatı bir nəfər də paylaşmır – nə tələbələri, nə pedaqoq, alim həmkarları. Çünki Azərbaycanda elmi mühitin adı elmidir, əslində ilanlar qaynaşan bir yerdir, hamı bir-birindən uğur yox, büdrəmə, gözləyir, hamı bir-birinə xəstəlik və ölüm arzulayır.

Mən Azərbaycan jurnalistikasının və ədəbi mühitin sovet dövrünü az-çox tanıyıram. Tanışın, dostun olmadan ya kimisə qonaq eləmədən iki sətirlik yazını heç yerdə çap etdirmək mümkün deyildi. 1979-cu ildə “Azərbaycan” jurnalında mənim resenziyam gedib – Elçinin tapşırığı ilə. 1981-ci ildə “Azərbaycan” jurnalında hekayəm çap olunub – Əkrəm Əylislinin göstərişi ilə, çünki nəsr şöbəsinin müdiri Mövlud Süleymanlı çoban iti kimi qapını kəsib mənim kimi kənardan gələnəri qapırdı. Mənim yazılarımın əslində dəstəyə ehtiyac yox idi. Kömək ona görə tələb olunurdu ki, redaksiyalarda əqidəsini bir qarın yeməyə satan şarlatanlar oturmuşdular. Mən yaxşı müəllif idim. Buna sübutum da var. 1984-cü ildə «Literaturnı Azerbaydjan» jurnalında mənm dissertasiyamdan bir fraqment çap olunmuşdu — yenə Elçinin köməyi ilə. Ancaq SSRİ-nin ən nufuzlu ədəbiyyatşünaslıq jurnalarından biri olan «Literaturnoye obozreniye»nin 1985-ci il oktyabr nömrəsində mənim yazıma yüksək qiymət verilmişdi. O jurnal çıxanda artıq mən Azərbaycandan birdəfəlik çıxmışdım və Kuybışevdə zavoda fəhlə düzəmişdim…

Yaxşı yadımdadır ki, jurnalistlər milisidən də pozğun idilər –çaya qonaq elə, nahar al… Otuz il keçib, nəsil dəyişməyib, heç nə dəyişməyib, korrupsiya, tamah, əqidəsizlik Azərbaycan  jurnalistikasınınnın iliyinə işləyib… Hamısı birdir: rəsmisi də, müxalifətio də…

2018-ci ilin yayında qohumum öz puluna Şekspirin sonetlərini mənim tərcüməmdə Bakıda nəşr etdirdi. İndiyəcən Azərbaycan mətbuatında bu kitab haqqlnda bir sətirlik də məlumat çap olunmayıb.

Bu necə ölkədir?

Cəlil Məmmədquluzadə Tiflisdə “Molla Nəsrədiin” jurnalının nəşrini davam etdirmək istərkən rəsmilərdən rədd cavabı alanda demişdi ki, İranda erməni dilində bir neçə yüz nəşr var, onda qoyun mən də jurnalımı erməni dilində çıxarım…

Bəlkə mən də bu dastanı erməni dilinə tərcümə etməliydim? Düzdür, dili bilmirəm, ancaq dil öğyrənməyə az-çox qabiliyyətim var, bir-iki ilə öhdəsindən gələrdim. Erməni mətbuatı dillərinə qədim ingilis dastanının tərcümə olunduğunu zurna-balabanla yayardı. Buna şübhə etmirəm…

Xeyrulla Xəyal, RF Jurnalistlər İttifaqının üzvü.

16.02. 2021, Samara

Anqlo-sakson epik poeması Azərbaycan dilinə tərcümə olunub

 

Anqlo-sakson epik poeması «Beovulf»un Azərbaycan dilinə ilk tərcüməsi işıq üzü görmüşdür.
Yeniavaz.com xəbər verir ki, poemanı qədim ingilis dilindən Rusiyanın Samara şəhərində yaşayan şair və tərcüməçi Xeyrulla Xəyal tərcümə etmişdir. Həmin tərcüməyə «Ön söz»ü filologiya elmləri doktoru, professor Həbib Zərbəliyev yazmışdır.

(Şair və tərcüməçi Xeyrulla Xəyal)
 

https://www.yeniavaz.com//az/news/160472/anqlo-sakson-epik-poemasi-azerbaycan-diline-tercume-olunub?utm_source=smartbee&utm_medium=referral&utm_campaign=smartbee&utm_content=smartbee

“BEOVULF” AZƏRBAYCAN DİLİNDƏ
(Ön söz əvəzi)
Dünya ədəbiyyatı xəzinəsi böyük epik əsərlərin şahididir. Eramızdan əvvəl I minilliyə (başqa ehtimallara görə, IV minilliyə) aid edilən, 18 parva (kitab) və ya 75 min şlokadan (beytdən) ibarət olan qədim hind eposu “Mahabharata”, eramızdan əvvəl təxminən V–VIII əsrlərdə yarandığı ehtimal edilən, 7 kanda (kitab) və ya 24 min misradan ibarət “Ramayana” onlardan ən möhtəşəmləri hesab edilir. “Ramayana”nın sanskrit ədəbiyyatının böyük şairlərindən olan Valmikinin qələminin məhsulu olduğu da iddia edilir. Bu xəzinədə Azərbaycan oxucusuna yaxşı tanış olan Homerin “İliada”və “Odisseya” epik poemaları, türk xalqlarının epik əsəri kimi tanınan “Kitabi-Dədəm Qorqud”la yanaşı, onun öz ana dilində hələ oxumadığı bir epos – anqlo-sakson epik poeması “Beovulf” da vardır. VII–VIII əsrlərdə yarandığı güman edilən və həcmcə o qədər də böyük olmayan bu poemanın da bütövlükdə bir müəllifin qələminin məhsulu olması barədə fikirlər vardır.
3182 misradan ibarət olan “Beovulf” alliterativ şeirlə qədim ingilis dilində yazılmışdır. Poemanın əlyazmasında onun nə adı, nə də başlıqları vardır. “Beovulf” adı ona əsas qəhrəmanın adına görə verilmişdir.
Mənbələrdə poemada təsvir olunan hadisələrin anql tayfalarının Britaniyaya gəldiyi dövrdən daha əvvəl Skandinaviyada cərəyan etdiyi göstərilir. Poemanın süjeti onun əsas qəhrəmanı Beovulfun Kainin (Qabil – Adəmin oğlu, yer üzündə ilk qatil) nəslindən sayılan qorxunc əjdaha Qrendel və onun anasına qarşı dəniz yürüşü və onlarla döyüşü və bir neçə əlavə xətt üzərində qurulmuşdur. Beovulf döyüşdə qalib gəlsə də, ölümcül yaralanır. Onun nəşi və döyüşdə əldə etdiyi qənimət təntənəli şəkildə tonqalda yandırılır.
“Beovulf” dünyanın bir çox dillərinə tərcümə olunmuşdur. Poemanın oxuculara təqdim olunan bu mətni Azərbaycan dilinə edilmiş ilk tərcümədir. Onu qədim ingilis dilindən Xeyrulla Xəyal tərcümə etmişdir. Dastan indiyə qədər türk xalqlarının heç birinin dilinə tərcümə edilməmişdir.
Qafiyəsiz şeirlə yazılmış bu dastanı Azərbaycan dilinə çevirmək istəyən tərcüməsi, zənnimizcə, bir sıra çətinliklərlə üzləşməli olur. Bu, ilk növbədə misraların sayını saxlamağa imkan verə bilən düzgün vəznin seçilməsidir. Dastanda Azərbaycan sözlərinin fonem strukturuna uyğun olmayan bir sıra şəxs adları və coğrafi adları bu ölçüyə sığdırmaq da onun tərcüməsini çətinləşdirən amillərdəndir. Bundan başqa, əsərin orijinal xüsusiyyətlərini saxlamaq üçün mətndə tez-tez istifadə olunan alliterasiya, assonans kimi üslubi vasitələrin nəzərə alınması tərcüməçidən böyük ustalıq tələb edir.
Əminliklə demək olar ki, Xeyrulla Xəyal tərcümədə bütün bunların öhdəsindən məharətlə gəlmiş, mümkün olan bütün poetexniki vasitələrdən istifadə etmişdir. Dastan, orijinalda olduğu kimi, qafiyəsis şeirlə tərcümə edilmişdir. Tərcüməçinin seçdiyi poetik təhkiyə forması özünəməxsusluğu ilə seçilir. Tərcümədə ekspressiv sintaktik vasitə kimi istifadə olunan parsellyasiya tərcüməçidən ustalıq tələb edir, mətnə xüsusi ahəngdarlıq verir:
Sizin fikrinizi bilmirəm, heç vaxt
Əyan görməmişəm yer üzündə mən,
Sizin biriniz tək; nəcib göstərən
Onu yəqin təkcə silahlar deyil.
Naxışlı cam vardı onun əlində,
Balarağı dolu, nəğməsi bardın
Dinir Heorotda, coşur sevincdən,
Əsgərlər, Denadan və Vederadan
Gələnlərin böyük yürüşü ilə.
Bəzən parsellyantlar əsas sintaktik konstruksiyadan xeyli aralı olsa belə, mətn çox rahatlıqla, rəvan oxunur:
Həmlə planlayır uca saraya.
Səhər gün doğandan gecə dünyanı
Yenidən qaranlıq bürüyənəcən,
Kölgələr oğru tək sürünənəcən
Səmanın altında. Qalxdı qoşunlar,
Hrotqar, Beovulf, bu iki kişi
Durub bir-birini salamladılar.
Nitqin persepsiyası üçün onun düzgün sintaqmatik üzvlənməsi mühümdür. Əks halda nitq ya yanlış başa düşülür, ya da ümumiyyətlə başa düşülmür. Şifahi nitqdə dilin daşıyıcısı bunu mexaniki şəkildə edir. Yazılı nitqdə də bu, təbii şəkildə reallaşır. Lakin cümlənin sintaqmatik üzvlənməsinin düzgün müəyyənləşdirilməsində durğu işarələri də böyük rol oynayır.
Azərbaycan poeziyasında ənənəvi olaraq hər bir misra bitmiş fikir ifadə edir, yaxud növbəti misra həmin fikri davam etdirir. Sintaqmatik baxımdan isə hər misra ayrı-ayrılıqda üzvlənir.
“Beovulf”u çevirərkən tərcüməçi bu üzvlənməni özünəməxsus tərzdə aparır: sintaqmın bir hissəsini bir misrada, davamını isə növbəti misrada verir:
Sonra sükut çokdü və Half-dan oğlu
Danışdı. Xalqının içində haqqın,
Doğrunun zamini, tariximizdə
Bütün olanları bilən və yurda
Arxadağ tanınan dedi: “bu igid
Böyük insan kimi gəlib dünyaya».
Ona görə də mətnin düzgün başa düşülməsi üçün oxucu hazırlıqlı olmalı, sintaqmatik fasilələrə və durğu işarələrinə ciddi fikir verməlidir.
Tərcümədə ekspressivlik vasitəsi, aktualizator kimi inversiyaya da geniş yer verilir:
Hamı sevinirdi; açıb çıxardı
Bəysə zirehini, dəbilqəsini.
Tərcümənin məziyyətləri çoxdur. Biz onlardan yalnız bir neçəsini sadaladıq. Qalanlarını isə oxucunin ixtiyarına buraxırıq.
Fikrimizin yekununda onu da qeyd etmək istərdik ki, Avropa dillərindən poetik mətnlərin onları primitivləşdirmədən adekvat tərcüməsi Azərbaycan poetik sintaksisinin inkişafı üçün çox vacibdir. Avropa dillərində yaranan poeziyanın sintaksisi öz vasitələrinə, üsullarına görə mürəkkəb və zəngindir. Azərbaycan dilinə tərcümədə çox zaman bu mürəkkəblik sadələşdirilərək primitiv səviyyəyə endirilir. Bəzən tərcüməçi orijinaldakı misranı inersiya, yaxud öz ana dilinin imkanlarını yaxşı bilməməsi səbəbindən dolaşıq şəkildə parçalayır və bununla da poetik narrativin vahid intonasiyasını pozur. Biz orijinaldan və adekvat tərcümələri çoxaltmaqla Azərbaycan poeziya dilini, xüsusən onun poetik sintaksisini Qərbi Avropa və Amerika poeziyasında olan səviyyələrə yaxınlaşdıra bilərik.
Hesab edirik ki, “Beovulf” dastanının Azərbaycan dilinə edilmiş bu tərcüməsi həmin istiqamətdə atılmış mühüm addımdır.
Həbib Zərbəliyev
filologiya elmləri doktoru, professor