Архив тегов | Barselona haqqında şeir

BARSELONA BAKIDA

Fəxri katalonların “Sabah”la oynayacaq! —

Qarşılayır bu axşam Bakı “Barselona”nı.

Bilən varmı ki, hardan, necə yaranıb “Sabah”? –

Axı sabahı olmur dünəni olmayanın…

 

Avropa qaydasını, qanununu rədd edən

Ölkə deyir “varam mən Avropa oyununda!

Yalnız stadionun çərçivəsində hərçənd
Bilin, işləyir sizin bütün qanun və qayda.”

 

Avropada yaranıb futbol, qaydalarıyla,

Dünyanın hər yerində oynanılsa da indi.

Onu qolugüclü yox, hakim idarə elər,

Milyarder oyunçu da onun fitinə bənddir.

 

Kimliyinin fərqi yox – qaydalar hamıya bir,

Lotuluq, hampazorluq yerimir bu oyunda.

Cızığından çıxsa kim – ciddi cərimələnir,
Yoxdur imtiyazlılar futbolun qanununda…

 

Giririk bu oyuna biz asiyalılar da,
Qaydalar sadəsə də, çətindir mənimsəmək.

Hakim çəkici, fiti – bu şeylər bizə yaddır,
Öyrəşmişik başımız üstündə yumruq görək.

 

Barselona  və “Sabah” Çox qəribədir, axı,
Qarşılaşır Bakıda iki qütb iki qitə.

Fərqi yox bu görüşün necə qurtaracağı,

Heç nə dəyişməyəcək, bilirik nəticədə.

 

“Şərq Şərqdir, Qərb isə Qərbdir, və onlar yerlərindən,
Dəbərməz”. Belə deyib klassik – nə inciyək…

Başımızı sallayıb dağılarıq yenə də,

Bakıda hakim fiti oyunu bitirən tək…

 

25. 11. 2026, Samara