Bü günlərdə İnternetdə Mühəmməd Çaqayev (Магомед Чагаев) haqqında məlumata rast gəldim. Rusiya türmələrində 21 (iyirmi bir il) oturmuş bu çeçen hazırda İsveçdə yaşayır və sosial şəbəkələrdə, xüsusən İnstaqramda fəal bloqer kimi tanınır. YouTube-da onun öz tayfadaşı olan başqa bloqerə verdiyi ətraflı bir müsahibəyə baxdım. Arqun sakini Mühəmməd, öz dediyinə görə, on səkkiz yaşında bir qohumunun fitnəsilə 2003-cü ildə tutulub. Aylar ərzində ona verilən işgəncələrə dözməyib ona şamil edilən ağır cinayətləri boynuna götürüb. 22 il iş alıb. Rusiya ərazisinin ən müxtəlif guşələrində yerləşən türmələrdə oturub və illərlə şiddətli, qeyri-insani işgəncələrə məruz qalıb. Onun sadaladığı işgəncə növlərinin əksəriyyəti azərbaycanlılara Tərtər işindən yaxşı tanışdır. Tərtər sadistləri hətta çeçen və rus sadistlərinə bəzi işgəncə növlərini də öyrədə bilərdilər. Bizim sadistlərə çatmayan yeganə şey Rusiya şaxtasıdır. Güman edirəm ki, bu çatışmazlığı da aradan qaldıra bilərlər. Buz arenası tikib qış idmançıları hazırlayan ölkədə dustaqların kameralarında qar yağdırmaq gərək çətin olmaya…
Mühəmməd, mənim başa düşdüyümə görə, 22 ildən 21-ni yatıb. Ona səkkiz illik nəzarət təyin ediblər. Ancaq nə vasitə iləsə, yəqin İsveç hökumətinin dəstəyi ilə, Rusiyadan çıxa bilib.
On səkkiz yaşlı kənd uşağının 21 illik zindan işgəncələrinə necə tab gətirməyi, əlbəttə, ondakı fövqəladə iradənin və həyat eşqinin sübutudur. Mühəmməd özü deyir və dönə-dönə təkrarlayır ki, onu Quran və Allah saxlayıb və müsahibə ərzində bəlkə otuz-qırx dəfə Allaha şükr edir. Hərçənd bunu da gizlətmir ki, o, yatdığı illər ərzində Avropanın insan hüquqları təşkilatlarının, Rusiya insan haqları fəlallrının diqqət mərkəzində olub ki, bunsuz onu türmədə öldürə də bilərdilər. Ancaq Mühəmməd bir dəfə də nə Avropa təşkilatlarına, nə Rusiya fəallarına təşəkkür edir. Bir dəfə də. Mühəmməd onu qəbul etmiş İsveçə də müsahibə ərzində minnətdarlığını bildirmir. Mühəmməd, mənim fikrimcə, gərək İsveç kralına, onun kraliça arvadına, ölkənin baş nazirinə, onu, səkkiz illiyə nəzarət altında olduğuna baxmayaraq, Rusiyadan çıxarmış insanlara təşəkkür etmir. Onun minnətdarlığının yeganə ünvanı Quran və Allahdır.
Məim baxdığım müsahibə bir il əvvəl yazılıb. Təzə videolar var, hələ baxmamışam, ancaq indiki şəkli ilə bir il əvvəlki şəklini müqayisə edəndə görürəm ki, saqqalı o vaxtdan iki dəfə uzanıb, indi göbəyinə çatıb. Fikirləşirəm: bu uzunluqda saqqal saxlayan, türmə həyatının təcrübəsindən başqa biliyi olmayan çeçen İsveçin nəyiə lazımdır. Şübhə yoxdur ki, İsveçin tox, azad həyatından 21 illik işgəncələrdən sonra ləzzət alsa da, çeçen Mühəmməd Çeçnənin gələcəyini İslam dövləti kimi təsəvvür edir və Çeçenstanın bütün bəlalarının səbəbini İslamdan yayınmaqda görür.
Əslində isə tamamilə əksinədir. Çeçenstanın problemi tayfa ənənələrindən çıxa bilməməkdir. Və bundan da çox İslamdır. Bəli, İslam bütün dünya üçün, xüsusən sayı az qala iki milyarda yaxınlaşan müsəlmanların özü üçün problemdir.
Mən Mühəmməd Çaqayevdən soruşardım: Sənin dilindən Allah düşmür, Allahı xilasakar sayırsan. Bəs niyə Səudiyyə Ərəbistanına getməmisən? Dünyanın 28 ölkəsində İslam rəsmi dindir, 53 ölkədə isə müsəlmanlar çoxluq təşkil edirlər. Niyə bu qədər ölkədən birinə gedib orda din qardaş və bacılarının arasında yaşamırsan? Niyə sənin müsəlman gözlərin hər gün İsveçin yarıçlpaq arvadlarını görməlidir?
Mühəmməd 21 illik türmə həyatı yaşayıb, mənim sualımın cavabında türmə jarqonu müsəlman ritorikası ilə qarışdırıb elə nitq söyləyər ki, elə jestikulyasiya eləyər ki, mən ikiqat əyilib deyərəm: “Vsyo, brat, ya tebya ponyal, ya ne prav”…
Əslində mən haqlıyam. Mühəmməd Səudiyya Ərəbistanına gedə bilməz. Qətərə də. Əmirliklərə də. Çünki şeyx diktatorların hamısı Ramzan Katırovla qardaş kimidirlər. Mühəmməd Mərakeşə, Əlcəzairə də gedə bilməz. Mühəmməd müsəlman ölkələrinin heç birinə gedə bilməz, çünki müsəlman ölkələrinin hamısında diktaturadır. İslamın rəsmi din olmadığı, yəni rəsmən dinin dövlətdən ayrıldığı ölkələrdə də Mühəmmədi qəbul etməzlər, gizli hər hansı ölkəyə getsə də, gec-tez tutar və qandallayıb Moskvaya göndərərlər, Moskva da təhvil verər Ramzan Kadırova.
Bir azərbaycanlı siyasi fəal var: Abid Qafarov. Savadlı insandır, bilikli mühəndisdir, həm də ilahiyyatçıdır. Şərlənib tutulanda evində edilən çəkilişlərdə kitabxanasında yüzlərlə, yəqin ki İran ilahiyyatçılarının qondardığı kitab və hətta, səhv etmirəmsə, Xomeyninin şəkli görünürdü. Qanunsuz həbs müddəti bitdikdən sonra Abid Qafarovun Fransaya və ya Almaniyaya getdiyi məlum oldu. Mən Abid Qafarovdan soruşardım: niyə İrana gedib o gözəl İslam ölkəsində yaşamırsan? Niyə kitablarına bir ətək pul xərclədiyin ayatollalrla diz-dizə oturub onların cənnət-chənnəm fantaziyalarını dinləmirsən? Niyə İran şəhərlərinin küçələrində hicablı arvadlara baxıb həzz almırsan və döşüaçıq fransız arvadlarını görüb günaha batırsan?
Mərakeşdə, Tunisdə, Əlcəzairdə də öz diktatorları tərəfindən incidilən ərəblər qaçırlar Avropa ölkələrinə, ruhanilərin də rejimlə incikliyi olanı Avropaya qaçır, Məkkəyə, Mədinəyə üz tutan yoxdur. Hərçənd, Salman Rüşdi istisna olmaqla, heç biri demir ki, problemimiz İslamdır. Rəsmi dini İslam olan 28 ölkənin və əhalisinin əksəriyyəti müsəlman olan 53 ölkənin heç birində insan şəxsiyyətinə Avropa ölkələrində olan hörmət yoxdur. Və çoxəsrlik tarixləri ərzində müsəlman ölkələrinin heç birində indiyəcən demokratik idarə üsulu yaradılmayıb. Və bu, bütün müsəlman dövlətlərində eyni cür olduğuna görə demək olar ki, İslamla demokratiya, İslamla insan haqlarının priotitetliyi bir araya sığan şeylər deyil…
Mən dinşünas deyiləm, nəzəri biliklərim yoxdur, mənim biliyim – gözümlə gördüyümdür. Gözü olan hər kəs mənim gördüyümü görə bilər. Yəni görər ki, müsəlmanlar indiyədək kişili-qadınlı bütün əhalinin ləyaqətli yaşaya biləcəyi, insanın fərdi azadlığına, azadfikililiyinə qəsd edilmədiyi bircə dövlət belə qura bilməyiblər və ya qurmaq niyyətində olmayıblar.
Əgər xəstəyə yazılan dərman onu sağaltmırsa, əksinə, vəziyyətini daha da ağırlaşdırırsa, onun qəbulunu davam etdirmək dəlilik deyilmi?…
(ardı var)
02. 09.2026
