Архив тегов | Şeksprin sonetləri

         UİLYAM ŞEKSPİR.  123-CÜ SONETİN İKİ TƏRCÜMƏSİ

sonnet 123.jpg

123-CÜ SONET (HECA İLƏ)

        No! Time, thou shalt not boast that I do change...

Zaman! Öyünmə ki, mən dəyişirəm.
Bu təzə vüsətli ehramlarında,

Görmürəm mən heç nə təzə, qəribə;

Köhnədir, dəyişib təkcə bayırdan.

+

Ömrümüz qısadır, ona görə də,
Köhnə nə göstərsən elə heyranıq,

Guya xülyamızdan indi törəyib,

Bilsək də əslində haçan yaranıb.

+

Nə səni sayıram, nə salnaməni,
Nə keçmiş maraqlı mənə, nə indi.

Gördüyümüz yalan, yazılan yalan,

Az-çox önəmlisə — tələsdiyindən.

+

                    Həqiqət andını pozmaram ancaq,

                   Üstümə gəlsən də əlində oraq.

İngiliscədən tərcümə

18.04. 2018

Samara

123-CÜ SONET (əruzla)

                   No! Time, thou shalt not boast that I do change.

                   Thy pyramids built up with newer might

Mənim dəyişməyimlə heç də sən öyünmə, Zaman!

Yeni cəlalla sənin tikdiyin ehramlarda,

Görmürəm heç nə yeni, heç nə təəccüblü olan,

Əski görüntüdür onlar təzə paltarlarda.

+

Gətirər vəcdə hər insanı qədim varsa nəyin,

Çünki insanın öz ömrü qısadır dünyada.

Zövqə, istəklərə uyğun sayırıq köhnəliyi,

Köhnə təsvirlərisə onların çıxır yaddan.

+

Yox nə keçmişdə, nə  də indidə heyrət doğuran,

Və məni qorxuda bilməz sənin yazın-hesabın.

Yazılanlar da yalandır və nə görsək də yalan,

Tələsən, titrəyən əlinlə, bil, onlar yaranıb.

+

      Mənsə and içmişəm və pozmaram öz andımı mən,

      Nə qədər, hər necə sən dünyanı alt-üst edəsən.

İngiliscədən tərcümə

06.10.2016

Samara

UİLYAM ŞEKSPİR. 122-Cİ SONET

sonnet-122.jpg

     Thy gift, thy tables, are within my brain

 

Verdiyin hədiyyə, o dəftər ki, var,
İndi beynimdədir, xatirə dolu.

Fövqündə bu vecsiz yazımın qalar,
Gedər zamanların sonuna doğru.

 

Ya da ki, ürəyim, beynim təbiət,
Qoyan qayda ilə yaşayanacan.

Hələ ki onlardan çatanda möhlət,
Sənin xatirəni silməyib zaman.

 

O xırda dəftərin tutduğu nəydi,
Niyə də sevgini qeydə alasan?
Niyə saxlayaydım o gündəliyi? –

Ürək yaddaşında sən daha çoxsan.

 

                          Səni yada salan nəsə saxlamaq,
                          Unutqanlığımı göstərər ancaq.  

İngiliscədən tərcümə

18.04.2018

Samara

QEYD: Bu sonetdə şair sevimli gəncin ona birgə olduqları vaxtı yazmaq üçün verdiyi qeyd dəftərini (“tables”) atdığına ya itirdiyinə belə bəraət qazandırır ki, onun yaddaşı hər hansı dəftərdən etibarlıdır.

UİLYAM ŞEKSPİR. 121-Cİ SONET

 

Sonnet_121_1609.jpg   

                      Tis better to be vile than vile esteemed

Rəzil sayılmaqdan rəzillik üstün,

Əgər qınanırsan rəzil olmadan.

Rəzalət olursa sadə ləzzətin,
Duyğumuzla deyil, gözündə yadın.

 

Zinakar gözləri özgənin nədən,

Qıyılır eyhamla qızanda qanım?

Sürüşkənliyimi güdür sürüşkən,

Yaxşı bildiyimi qəbahət sanır.

 

Mən – mənəm, pozğun tək kim məni qınar,

Öz günahlarını açır elə bil.

Bəlkə də düz mənəm, əyrisə onlar,
Mən əyri arşınla niyə ölçülüm?

                     

                    Kim deyir ki, hamı günaha batıb,

                    Günahla özünün keçir həyatı.  

İngiliscədən tərcümə

16-17.04.2018

Samara

UİLYAM ŞEKSPİR. 120-Cİ SONET


sonnet 120      

                              That you were once unkind befriends me now

Pis olub yaxşı ki, sənin rəftarın,

Verdiyin əzabdan yox incikliyim..

Yoxsa günah yükü  məni yıxardı,

Axı sinirlərim mis, bürünc deyil.

+
Cəhənnəm çəkərsən, günahım əgər,
Sarsıtsa, sən məni sarsıdan sayaq.

Tiranam, macalım yoxdur ölçməyə,       

Necə ağrıtmısan məni haçansa.

+

Ah, yada salsaydı hüzn gecəmiz,

Ağır, həqiqi qəm necə sarsıdır.

Sən mənə, mən sənə nəvazişlə tez,

Məlhəm içirərdik, qəlb yarasıından.

+

           Ödənişə dönür günahlar indi,       

          Sən də mənim kimi əvəz ödədin.

İngiliscədən tərcümə

16.04.2018

Samara

UİLYAM ŞEKSPİR. 119-CU SONET

sonnet 119

  What potions have I drunk of siren tears

   Cəhənnəm suyu tək zəhər, öd dadan,
Nə qədər içmişəm Siren göz yaşı.

Qorxu içində gah, ümidli gah da,

Qələbə yaxınkən, mən uduzmuşam.

+

Fəlakət törətdi ürək nə qədər.

Özünü bəxtəvər saydığı zaman.

Gözlərim çıxırdı hədəqəsindən,

Bu qızma ağlımı alanda başdan.

+

Ah, şərin xeyiri! Anladım ki, şər,
Yaxşını daha da yaxşılaşdırar.

Ölüb gedən sevgi cana gələrsə,

Daha gözəl olar, gücü də artar.

+

                  Xəcil qayıtdım öz səadətimə,
                 Qazancım itkimdən artıq üç dəfə.

                        

İngiliscədən tərcümə

14-15.04.2018

Samara

QEYDLƏR:

1.118-ci sonetin davamıdır.

2. Siren — qədim yunan mifologiyasında yarı quş, yarı qadın olan varlıqdır ki, nəğməsi iləgəmiləri təhlükəli sulara aparır.

UİLYAM ŞEKSPİR. 118-Cİ SONET

sonnet 118.jpg

                           Like as to make our appetites more keen

 Necə ki, iştahı itiləməkçin,
Ağzı acıdırıq ədviyələrlə,

Ya da öyüməkçin acı içirik,
Görünməz azarı kənar eləyək.

 

Eləcə doyaraq şirinliyindən,
Acı şirələrlə dolanıram mən.

Bezib xoşhallıqdan, düşündüm indi,

Düşüm xəstəliyə, azar gəlmədən.

 

Azar olmayanda gözləyən azar,

Həqiqi ağrılar yaradar ancaq.

Şərlə kim xeyirə əlac axtarar,

Salamat canını azarladacaq.

 

                Dərs budur: eşqinin dərdinə əgər,

                Kim düşə, dərmanlar onu zəhərlər.

       

İngiliscədən tərcümə

13-14.04.2018

Samara

UİLYAM ŞEKSPİR. 117-Cİ SONET

sonnet 117.jpg

 

                                Accuse me thus: that I have scanted all

 

Haqlıdır qınağın: ödəməmişəm,

Haqqnı, xidmətin olsa nə qədər.

Unudub eşqindən söz deməmişəm,

Eşqin ürəyimdə hər an dinsə də.

 

Yadlarla oturub-durmuşam, sənin,
Haqqın olan vaxtı talan etmişəm.

Bütün küləklərə açıb yelkəni,

Gözündən uzağa üzüb getmişəm.

 

Tərsliyim də olub, yanılmışam da,
Sübut olunana  gümanları qat.

Məni tənbehinin hədəfinə al,

Atəş açma nifrət oduyla fəqət,
          Mənə bəraət ver: bunları, bil ki,

          Edirdim sevgini sınağa çəkim.
 

İngiliscədən tərcümə

13.04.2018

Samara

UİLYAM ŞEKSPİR. 116-CI SONET

 

Sonnet116.jpg

                         Let me not to the marriage of true minds

 

Səmimi qəlblərin ittifaqına,

Nə mane? Sevgi  heç sevgi deyildir,
Əgər dəyişirsə, səbəb axtarıb,

Vəfa görməyərək ya da əyilir.

 

Yox, o,  dənizlərdə duran nişangah,
Tufanlar görsə də heç zaman əsmir.

Ulduzdur, hər hansı gəmi yol azsa,

Ulduz tək həmişə ucadır yeri.

 

Zaman oyuncağı deyildir, hərçənd,
Gül yanaq, gül dodaq zamanla solar.

Məhəbbət yaşayar qiyamətəcən,

Dəyişdirməz onu həftələr, aylar.

 

                   Sübut edilsə ki, doğru deyil bu,
                   Nə şeir yazmışam, nə sevən olub.

İngiliscədən tərcümə

11-12.04.2018

Samara

UİLYAM ŞEKSPİR. 115-Cİ SONET

sonnet 115.jpg

                           Those lines that I before have writ do lie…

Yalanmış qabaqlar mən nə yazmışam,
Guya daha güclü sevə bilmərəm.

Eşqinin oduyla tam alışmağım,
Başa düşməmişəm öndədir hələ.

+

Milyon təsadüflər zamanda ancaq,

And pozur, fərmanı dəyişir hətta.

Salır ən səmimi məramdan uzaq,

Tərəddüd yaradır mətin ruhda da.

+
Zamanın zülmündən qorxaraq, əfsus,

Demədim “sevgimin həddi yox indi”.

Şübhəmdə əmindim mən onda yalnız,

Varsa da inamım, indiyə idi.

+

               Məhəbbət körpədir; biləydim gərək,
               Zamanla boy atar, o da böyüyər.

İngiliscədən tərcümə

10-11.04.2018, Samara

UİLYAM ŞEKSPİR. 114-CÜ SONET

Sonnet_114_1609.jpg

                                   Or whether doth my mind, being crowned with you…

Məni sənmi şah tək ucaltdın belə,

Alışdım  tərifə — şah azarına?

Ya da gözüm deyən doğrudur elə,

Sevgin əlkimyanı öyrədib ona.

+

Eybəcər, formasız olan hər nə var,

Huriyə döndərər —  sənə oxşayan.
Pis hər şeydən kamil əsər yaradar,

Onun işığına düşdüyü andan.

+
Yox, elə tərifdir görüm dəyişən,
Ona şahlar kimi  aludə ruhum.

Göz bilir ki, nədir ruha xoş gələn,
Ona cam hazırlar zövqünə uyğun.

    +

      Ruh zəhərlənərsə, günah çox deyil,
      Çünki gözüm ondan birinci içir.

İngiliscədən tərcümə

09-10.2018

Samara

Qeyd: 113-cü sonetin davamıdır