«AD GÜNÜ» YOX, «DOĞUM GÜNÜ»!

Məlumdur ki, azərbaycanlılarda, başqa müsəlman xalqlarında da olduğu kimi, insanın dünyaya gəldiyi tarix heç vaxt nəinki təntənə ilə qeyd olunmayıb, bu tarix heç yada da düşməyib. İnsanların çoxu heç yaşını dəqiq bilməyib də. Uşağın doğulduğu günü valideynləri çox vaxt lənətləyiblər. Bir işi yarıtmayan kimi başına qapaz vurub deyiblər: “Sən anadan olan günə daş yağaydı!” Uşaq özü də doğulduğu günü lənətləyib: “Kaş heç doğulmayaydım!”

Doğum günlərinin qeyd olunması sovet dövründən başlanıb, yəni biz bunu ruslardan götürmüşük. Götürəndə də Əlinin papağını qoymuşuq Vəlinin başına. Yəni “doğum gününə” “ad günü” demişik, hərçənd xristianlarda “ad günü” tamam ayrı tarixdir. “Ad günü” ruslarda “imeninı”dır, yəni adqoyma bayramı ki, bu da adı uşağa verilmiş müqəddəsin xatirəsinə həsr olunur. Yəni Maşanın “ad günü” bayramı, adı bu qıza xaç suyuna çəkiləndə verilmiş müqəddəs Mariyanın xatirəsinə həsr olunur, günü isə kilsə təqvimi ilə müəyyən edilir. Yəni “ad günü”nün “doğum günü”nə heç dəxli yoxdur.

Ancaq bunun belə olduğunu bilənlər də “ad günü” deməkdə davam edirlər. Yəni “doğum günü” deməyi ayıb bilirlər. Məgər “doğum” sözündə ayıb bir şey var? O nə şeydir? “Den rojdeniya” – doğum günü!

Biz azərbaycanlılar çox utancaq, məsum xalqıq. “Ər”, “arvad”  sözlərini işlətməyi özümüzə ar bilirik, “yoldaş” deyirik, halbuki “yoldaş” sözünü bolşeviklər uydurublar. Ruslarda bu söz kök atmayıb, rədd olunub (ərdən arvada yoldaş olar?),  azərbaycanılar dördəlli yapışıblar, buraxmırlar. Qabaqlar azərbaycanlılar lap çox utancaq idilər, arvadlarına “uşaqların anası” deyərdilər. Ancaq bu utancaq kişilər gündə bir neçə dəfə “uşaqların anası”nı elə uşaqların qulağı eşidə-eşidə allı-yaşıllı söyməyi özlərinə borc bilirdilər: “Vay sənin dədənin…”

Utancaq olmayın. Doğum günü – doğum günüdür…

Mirzə ƏLİL

24.03.16

Реклама