Архив | Январь 2018

MARİNA TSVETAYEVA. ÇOX ERKƏN YAZILMIŞ ŞEİRLƏRİMİN…

 

ЦВЕТАЕВА

                        Моим стихам, написанным так рано…

Şair olduğumu bilməyən zaman,

Çox erkən yazılmış şeirlərimin,

Fəvvarədən damcı kimi sıyrılan,

Raketdən tökülən qığılcım kimi,

 

Buxurdan və yuxu dolu məbədə,

Xırdaca cinlər tək soxulan, girən,

Cavanlıq barədə, ölüm barədə,

Mənim oxunmamış şeirlərimin!

 

Mağazalarda toz basan, bürüyən,

(Qalıb saralırlar, alınmır onlar!)

Qiymətli şərab tək şeirlərimin,

Zamanı gələcək, geci-tezi var!

Koktebel 13 çay 1913

 ruscadan tərcümə

05.01.2018

Samara

UİLYAM ŞEKSPİR. 20-Cİ SONET

shakespear

A woman’s face, with nature’s own hand painted…  

Dostum, öz əliylə Təbiət necə,

Üzündə yaratmış qadın surəti.

Qadın ürəyi tək ürəyin incə,
Amma xəyanətsə deyil adəti.

+

İşvəsiz gözlərin nur ələndirir,

Xeyirdualanır sən nəyə baxsan.

Görkəmli kişinin dünya əlində,

Kişilər — heyrətdə, qadınlar – heyran.

+

Qadın yaradırmış Təbiət səni

Öz yaratdığına mehr salaraq,

Mənə gərəksiz bir əlavəsiylə,

Səni dəyişdirib, düşmüşük uzaq.

+

                     Qadınlara ləzzət yaranmısan sən,

                     Mənə sevgi bəsdir, onlara – bədən.

İngiliscədən tərcümə

04.01.2017

Samara

MARİNA TSVETAYEVA. DÜNYADA ARTIQLAR, ƏLAVƏLƏR VAR…

ЦВЕТАЕВА

Dünyada artıqlar, əlavələr var,

Onların məskəni üfüq arxası.

(Adları məlumat kitablarına

Düşmür, evlərisə — zibil çalası).

 

Boşlar, tıxanmışlar var bu dünyada,

Peyin çağırılar adı dinməzin.

Palçıq da çiyrinir təkərlər altda,

Mismar – sizin ipək ətəyinizə.

 

Gözəgörünməzlər var bu dünyada,

(Nişan: cüzamlının xüsusi rəngi!)

Dünyada Əyyublar var ki, Əyyuba,

Edə bilərdilər qibtə, nədən ki:

 

Şairik, səfilik xalq nəzərində,

Elə ki məcradan çıxırıq amma,

İlahə istərik alaq Tanrıdan,

Düşərik bakirə iddiasına.

23 aprel 1923

Ruscadan tərcümə

Samara

 

UİLYAM ŞEKSPİR. 19-CU SONET

shakespear

                           Devouring Time, blunt thou the lion’s paws…

 

Şirin caynağını, Zaman, küt elə,

Öz yetirdiyini yedirt torpağa.

Çevir öz qanında Simürğü külə,

İti dişlərini  pələngin çıxar.

+

Gah yasa, gah toya həyatı döndər,

Yeyinayaq Zaman, et nə istəsən,

Dünyaya, dünyanın nemətinə də.

Törətmə ən rəzil cinayətisə.

+

Dəymə çöhrəsinə sevdiyimin sən,

Qırışlar çəkməsin incə qələmin.

Səndən surətinə xətər dəyməsə,

Yaşayar gözəllik örnəyi kimi.

+

           Nə ziyan vursan da sevgimə, Zaman,

           Şerimdə qalacaq əbədi cavan! 

İngiliscədən tərcümə

02.01.2018

Samara 

YENİ İL

Ura, on ikini vurdu saatlar,
Dindi şampanların yaylım atəşi.

Raket buraxırlar, tüfəng atırlar,
Ura! Əjdahanın kəslib başı!

 

On iki ay idi qanlar axırdı,

Sayı-hesabı yox faciələrin.

Həyat savaş idi, savaş ağırdı,

İndisə sarsıdır nəticələri.

 

Deyirdi ver gəlsin, yesə nə qədər

Doyub-dolanmırdı Əjdaha ancaq,

Sularda çevrilib batır gəmilər,
Quruda vururdu, yıxırdı xərçəng.

 

Gah orda, gah burda müharibəydi,

Öldü əsgər olan əsgər olmayan.

Yer ən təhlükəli bizə yeriydi,

Qaçmağa, köçməyə, heyf, yox imkan…

 

 

Soyuq qədəhləri qaldırıb için,

Başı Əjdahanın kəsilmiş, ura!

Qapılar döyülür, tələsin, açın,

Gözləyir Əjdaha təzə başıyla…

 

01.01.2018

Samara

UİLYAM ŞEKSPİR. 18-Cİ SONET

 

             shakespear                

                Shall I compare thee to a summer’s day?..

 Səni yay gününə bənzədimmi mən?

Sən daha mülayim, daha gözəlsən.

Sarsılar qönçələr mayda küləkdən

Ömrü qısa olur həm də bu fəslin.

 

Bəzən od yağdırır gözündən səma,

Tutulur qızılı çöhrəsi bəzən.

Bu gün gözəl olan qorxudur sabah,

Təbiət hökmüylə ya təsadüfən.

 

Əbədi, solmazdır sənin yayınsa,

İtib gedən deyil gözəlliklərin.

Ölməz misralarda əgər yaşasan,

Sənə yaxın düşməz ölüm kölgəsi.

 

         Nə qədər həyat var, görəsi göz var,

         Mənim şeirlərim səni yaşadar.

 

İngiliscədən tərcümə

31.12.2017 – 01.01.2018

Samara