DƏNİZ

07 3.jpg

Uşaqkən bilmirdim yaxındır Xəzər,

Lap həndəvərdədir bu mavi dərya.

Dərə-təpəli yol kəsə gedilsə,
On beş kilometr ola-olmaya.

 

 

Küləyi tanıyıb “Xəzri” desək də,
Bəlkə bilən yoxdu əsir dənizdən.

Ay özü dənizdən yaxındı kəndə,

Hər axşam baxırdı göyün üzündən.

 

Kürlə əlləşirdi bizim camaat, adamlar,
Çörəyimiz onda, suyumuz onda,

O taya bu kiçik çayı adlayan,
Aşırdı həddini dünyamızın da.

 

 

Kənd camaatı dəniz xalqı deyildi,
Gəmilər qayıra, dalğalar aşa,

Balaca bir çayın girinci idi,

Gah qorxur quruyar, gah qorxur daşar.

 

 

On beş kilometr aralı bizdən,
Mavi dəniz vardı fırtına dolu.

Kəndi qorxudurdu Xəzri özü də,

Xəzri əsən zaman Kür də qorxulu…

 

 

Çay adamlarıydıq, həqir, çəkingən,
Yoxdu iddiamız böyük işlərə.

Yaxın dəniz kimi duyurduq hərdən,
Öz içimizdəki keşməkeşləri.

 

07. 01. 2019

Samara