MƏNİM ŞEİRİM YUBANDI…

Mənim şeirim gecikdi,
Ha gözlədim, yubandı.

Gəlib ancaq yetişdi,

Saç-saqqal ağaranda.

 

 

Əlim qələm tutandan,
Yazdım, qafiyələdim.

Elə ki keçdi zaman,
Gördüm şeir deyildir…

 

 

Bəlkə bəyənər dedim,

Yazdım hər vurulanda,
Başdan aşanda dərdim,

Ürəyim qırılanda.

 

 

Duyğular soyuyanda,
Soyudum yazdığımdan.

Bir gün atıldı oda,

Canımı qızdırmayan,

 

 

Sevgi sovuşdu qəlbdən,
Yatdı canda sızıltı,
Qəfil, gözlənilmədən.

Əsil şeirim yazıldı.

 

 

Dostlardan aralanıb,

Dönəndə yalquzağa,

Əsil şeirim yaranıb,

Başladı yazılmağa.

 

 

Uzaqlarda qalanda,
Əziz və doğma yerlər,

Öz-özündən alındı,
Gəldi yaxşı şeirlər.

 

 

Nə mülküm, nə varisim,
Yazdığımdır olanım.

Gün gələr, gedəsiyəm,
Şeirlərdir qalanım.

 

 

Yaxşı şeirlər axdı

Gəldi ömrün  sönunda,

Çünki ölüm yaxındır,
Gəldi qorxmayım ondan…

 

14.01. 2019

Samara

Реклама

BƏXTİYAR VAHABZADƏNİN GÜLMƏLİ “GÜLÜSTAN” POEMASI

GÜLÜSTAN.jpg

Məni İnternetdə Bəxtiyar Vahazadənin tənqidinə görə söyən heyvərələr mənə “Gülüstan” poemasını xatırladırlar: guya bu poemanı yazmaqla Bəxtiyar Vahabzadə bərabəri olmayan milli şücaət göstərib.

Məcburam ki, bu gülməli poema haqqında da yazam. Poema doğrudan da gülməlidir. Adına fikir verirsiniz? “Gülüstan”! Fars sözüdür “gül”(  گل) və stan. Yəni güllü-çiçəkli yer. Fars sözü! Burda təəccüblü heç nə yoxdur. Azərbyacanın şimalında olan xanlıqlar müstəqil dövlət yox, İran monarxiyasının vassalları olublar və öz aralarında daim çəkişiblər, daim Türkiyənin həmlələrinə məruz qalıblar, Rusiya tərəfinə meyllənəndə İran xanlıqarın ərazisinə qoşun yeridib və s.

1804-1813 –cü illərdə Rusiya ilə İran arasında gedən müharibələrdə Azərbaycan döyüşən tərəflərdən biri olmayıb, ola da bilməzdi, çünki o vaxt təbiətdə və tarixdə Azərbaycan dövləti yox idi. Müqavilə bağlanan vaxta qədər şimal xanlıqlarının əksəriyyəti Rusiya imperiyasının tərkibinə keçmişdi (Gəncə — 1804-cü ildə), müqavilə əslində çoxdan yaranmış vəziyyəti qeydə alırdı, 1812-ci ilin oktyabrında ağır məğlubiyyətdən sonra İran Azərbaycanın şimal hissəsindəki ərazilərdən əl çəkməyə məcbur olur: bu o deməkdir ki, şimali Azərbaycan o vaxta qədər beynəlxal hüqüq normalarına görə İran ərazisi olub, Azərbaycan isə beynəlxalq hüqüq subyekti kimi mövcud olmayıb.

Yəni “Azərbaycanı böldülər” iddiası ağ yalandır. Əslində Əslində Gülüstan, sonra Türkmənçay müqavilələri Şimali Azərbaycan ərazilərinin birləşdirir, feodal dağınqlığına son qoyulurdu. Bu müqavilələrdən sonra azərbaycanlıların vahid millət kimi inkişafı başlayır.

“Gülüstan” poemasını yazanda Bəxtiyar Vahabzadənin 35 yaşı olub, universitetdə sovet (!) ədəbiyyatını tədris edirdi, bunları gözəl bilməliydi. Və onu da bilməliydi ki, Gülüstan müqaviləsi olmasaydı, bəlkə də Şəkidə mal otarardı, çünki Azərbaycanda heç bir sovet ədəbiyyatı və heç bir universitet (cənubda Azərbaycan universiteti var?) olmayacaqdı.

İndiki Azərbaycanın əsası Rusiya imperiyasında qoyulub. SSRİ-də isə bitkin halda formalaşıb. Bunun üçün də biz Vlaıimir İliç Leninə minnətdar olmalıyıq. Çünki 1922-ci ildə SSRİ yaradılanda Stalin təkidlə muxtariyyə planını yeridirdi. Yəni milli ucqarlar Rusiyanın tərkibində muxtariyət kimi qalmalıydılar. Lenin bu planı rədd edir, hər milli ucqara müttəfiq respublika statusu – SSRİ tərkibindən çıxmaq hüququ ilə!- verilməsi təkfini irəli sürür. Yəni əslində Lenin bizə qurulu dövlət bağışlayır. Başqa xalqlar  kimi əsrlərlə mübarizə aparmadan, sərhədlər uğrunda dəryalarla qan tökmədən hazır dövlət alıb qoyuruq cibimizə. Biz Lenindən narazı ola bilərikmi? Hanı Leninin heykəlləri? Qaytarın qoyun yerinə! Bəxtiyar Vahabzadə özü Lenini sevib, ona poema yazıb, Heydər Əliyevin köməyi ilə SSRİ dövlət mükafatı alıb (5 000 r, bir “Volqa”nın pulu)… Yəni Bəxtiyar Vahabzadə həmişə bilib ki, çörəyi hardan çıxır. Gülüstan poeması isə gənclik lotuluğu olub. Hərçənd 35 yaşlı universitet müəlliminə lotuluq yaraşmaz…

İndi kim Gülüstan müqaviləsindən kim narazıdırsa, baxsın Cənubi Azərbaycana. 1812-ci ildə İran Rusiyaya qalib gəlsəydi, bizim şimal əraziləri həmişəlik keçərdi İrana. Biz İranın içində dövlət qura bilərdikmi? Yox! Cənubda otuz milyona yaxın azərbaycanlı var, onlar nəinki dövlət qura bilmirlər, hətta bir məktəb də aça bilmirlər…

Şimalda pis-yaxşı dövlətimiz var. Düzdür, parlamentimiz yoxdur, məhkəməmiz yoxdur, məmurlar oğrudurlar… Ancaq dövlət var, ruslar açan akademiya da var, ruslara yaradan kinostudiya da var, ruslar yaradan (Tuqanov!) teatr var… Məktəblərimiz var, mətbuatımız var. Televiziya da var, hərçənd gecə-gündüz yalan danışır…

Bəli, xalq aralı düşüb. Ancaq xalq həmişə birləşə bilər (buna tələsmək lazım deyil, 1990-cı ildə İran sərhədini dağıdanlar başıpozluq edib, İranı düşmənə çeviriblər). Ancaq Gülüstan müqaviləsi olmasaydı, biz Rusiya imperiyasının tərkibinə keçməsəydik, heç bir dövlət-zad olmayacaqdı…

Bunu azərbaycanca yazıram ki, ruslar oxumasınlar. İndi lazım deyil. Putindən sonra, Rusiyada demokratik rejim yarananda ruslarla oturub Gülüstan müqaviləsinin şərəfinə araq da vurmaq olar…

14.01. 2019

Samara

 

P.S. Poemanın bədii xüsusiyyətlərini ayrı yazıda təhlil etmək olar. Gülməli şeylər çoxdur.  Bir beyt:

“Necə ayırdınız dırnağı ətdən-
Ürəyi bədəndən, canı cəsəddən?”

Universitet professoru bilməyib ki, “cəsəd” ərəbcə ölü bədəndir…

X.X.