20 YANVAR QIRĞNI ÜÇÜN «MEYDAN» LİDERLƏRİ NİYƏ MƏSULİYYƏ DAŞIMADILAR?

 

meydan 5

“Meydan hərəkatı”nın fəallarından olmuş Ədalət Tahirzadə 4 ilə yaxın vaxt ərzində gündəlik yazıb, Meydanda və onun ətrafənda baş verən hadisələri isti-isti qeydə alıb. Cənab Tahirzadənin “Meydan gündəliyi” son onlilliklərin ən etibarlı tarixi sənədidir. Azərbaycanda, məlum olduğu kimi, tarixçilik daha çox mif yaradıcılığıdır və xüsusən rəsmi mənbələrdən gələn tarixi məlumatlara həmişə şübhə ilə yanaşmaq lazımdır.

Cənab Tahirzadənin “Gündəliyi” ilə Meydan hadisələrini günbəgün izləmək, Meydan tribunasında kimlərin dayandığını görmək və onlardan hər birinin nə danışdığını eşitmək mümkündür. Yəni bu Gündəliyin əsasında Meydan “qəhrəmanlarının” tam siyahısını tərtib etmək olar.

İndi bu siyahını 20 yanvarda həlak olanların siyahısı ilə tutuşdurun. Meydana yığışanları təkidlə sovet qoşunlarının qabağına getməyə çağıranlardan və hətta xeyli dərəcədə adamları zorla tank qabağına göndərənlərdən heç birinin o hadisələrdə burnu qanamayıb. Bu necə olur?

19 yanvar 2019-cu ildə keçirilən mitinqdə Əli Kərimli yığışanlara deyir ki,”mən sizin qarşınızda tam məsuliyyət daşıyıram”.

Bu sözlərə inanmaq olarmı?

1990-cı ilin 20 yanvarında ölənlər üçün kim məsuliyyət daşıdı?

O hadisələrdən az qala 30 il keçir, indiyəcən nə ictimaiyyət, nə də ölənlərin yaxınları maraqlanmırlar ki, adamları tankların qabağına göndərmək kimin təşəbbüsü olub. O günə qədər Meydan artıq iki ilə yaxındı ki, alternativ hakimiyyət mərkəzinə çevrilmişdi. Onun rəhbərliyi, qərargahı vardı. Bəlkə də çıxarılan qərarların çoxu yazıya da alınıb. Hansı qərarla adamlar tankın qabağına gönndəriliblər?

11-ci ordu meydanında adamların təşkilatı kimin öhdəsində olub? Kim ya kimlər o adamların təhlükəsizliyi üçün cavabdeh olublar?

Niyə ölənlər içində bir nəfər də tanınmış Meydan fəalı yoxdur? Belə çıxmırmı ki, sadə insanları labüd ölümə göndərən “liderlər” həmin gecəni arvadlarını qucağında keçiriblər?

İnsanları “rus tanklarının qabağına” göndərməyin nə mənası vardı? O günə qədər və çoxdan Bakıda SSRİ Daxili qoşunlarının 30 min nəfərlik əsgər və zabitləri vardı. Daha bir diviziyanın şəhərə girməyi nəyi dəyişə bilərdi?

Adamların sovet tanklarını saxlamaq şansı vardımı? Yox! Sovet əsgərləri Bakıya əli yalın da girə bilərdilər. Stepan Razinin dəstələri Bakıya tankla girmişdilər?

Adamları tank qabağına göndərən “liderlər” ordunun atəş aça biləcəyini düşünməliydilərmi? Düşünməliydilər və düşünüblər də. Bəs niyə adamlar labüd qırğına göndəriliblər?

Ölənlərin siyahısına baxın: fabrik, zavod fəhlələri, mühəndis, dalandar, tələbə, satıcı, aşbaz… Hanı tribunadan şeir deyən xalq şairləri? Hanı hakimiyyət üçün ağızlarının suyu axan siyasətçilər? Onlardan heç olmasa, bir-ikisi ölüm göndərdikləri insanların yanında olmalıydı? Yox, onlar adamları tankların qabağına göndərib gediblər arvadlarıyla mazaqlaşmağa…

İndi belə “rəhbərlərin” yaratdığı dövlətin bircə il ərzində qarpız kimi dağıldığı təəccüb doğura bilərmi?

Qanlı yanvardan iki il sonra Meydan liderləri arzularına çatdılar. Heç kimin heç nə üçün cavab vermədiyi Meydandan necə hökumət çıxardı? Bandit İsgəndər Həmidov polis naziri, fırıldaqçı Rəhim Qazıyev müdafiə naziri… Deyəsən, balıq naziri də vardı… Hafiz…

Ədalət Tahirzadənin Gündəlyini oxuyun, sonra 20 yanvarda həlak olanların siyahısı ilə tutuşdurun. Mənə elə gəlir ki, bu sənədlər tribuna qəhrəmanlarına qarşı cinayət işi qaldırmaq üçün kifayətdir. Bunu dövlətə etibar etmək olmaz. Dövlət müxalifətdən daha sinikdir ya eyni dərəcədə sinikdir. Bu məsələ ilə şəhidlərin yaxın adamları məşğul olmalıdırlar. Beə bir cinayətdə qədimlik müddəti ola bilməz…

Hər il polislərlə əlbəyaxa olub Şəhidlər xiyabanına gedən və orda quru gözlərini ovub yaş çıxarmağa çalışan Əli Kərimlinin “məsiuliyyət daşıyıram” kimi bəyanatlarının bir qara qəpik qiyməti yoxdur. Şəhidlər iyirmi doqquz ildir ki, yoxdur. Əli Kərimli və onun dostları isə 29 doqquz ildir ki, məsuliyyət yox, öz gərəksiz həyatlarını daşıyıb sürünürlər…

21. 01. 2019

Samara