TÜMEN-BAKI QATARI

QATARDA 2009.jpg

Dastan

Bir vaxt Tümen-Bakı qatarı vardı,

Keçirdi bu qatar Samaradan da.

Mən ildə bir dəfə yola çıxardım,
O vaxt vətən vardı, sağdı anam da…

 

 

Plaskart vaqona ayaq basandan,
Pasportun qalırdı bələdçilərdə.

İki günlük yolda elə o andan,
Elə bil dustaqdın, “etap” gedirdin.

 

 

Aşağıyaydısa biletin əgər,
Bir neçə soydaşın həmlə edərək,

Qətiyyətlə “xahiş” eləyirdilər,
Yeri bir “bacı”ya verəsən gərək…

 

 

Kirini, tərini bir neçə reysin,

Saxlamış “ağları” sonra alırdın.

Vətən qoxusundan başqa nə desən,
Yıpranmış balışda, döşəkdə vardı…

 

 

Vaqondakı iki ayaqyolundan,
Bələdçi birini açırdı ancaq.

Onun qabağına elə obaşdan,

Kütlə yığılırdı küy qopararaq.

 

 

Haçandan-haçana növbə çatırdı,

Girirdin lap böhran yetişən anda…

Ancaq ayaqların …. a batırdı,

Əlini-üzünü yaxalayanda…

 

 

Yerini biletsiz sərnişinlərə,
Satıb künc-bucaqda yatan bələdçi,

Gəzirdi ruh kimi, kirli, heyvərə,
Öndə daha bir gün, daha bir gecə…

 

 

Qatar Rusiyanı qoyub arxada,
Dağıstan yoluna çıxırdı birdən.

Vaqonda dustaqdın əgər bayaqdan,
Bu andan elə bil hərbi əsirdin.

 

 

Girirdi vaqona dağıstanlılar,

Hər biri təsbehli, avtomatlı həm.

Deyirdilər tez ol, “torpaqbasdını”
Ödə, gözlərini yoxsa tökərəm.

 
Rus poqonu vardı çiyinlərində,
Rusca da pis-yaxşı danışırdılar.

Ancaq  qafqazlı tək yol gedənlərin,
Girib ciblərinə daraşırdılar.

 

 

Keçirdik, nəhayət, yarımcan halda,
Doğma Azərbaycan sərhədini biz.

Girib qapıları bağlayırdılar

İndi bizimkilər salam-kalamsız.

 

 

İndi nə dustaqdın, nə də əsirdin,
İndi mal-heyvandın dilsiz-ağızsız.

“Rəis” qabağında durub əsirdin,
“Hörmətimi elə!” deyirdi rəis…

 

 

 

Poqonları vardı çiyinlərində,
Poqonun ulduzu, bayrağı vardı.

Ölkə şərəfiylə alver edənlər,
Soydaşını belə qarşılayırdı…

 

 

“Yoxlama” uzanır, gicəllənirdi,

Başın tər iyindən, sidik iyindən.

Vaqonun içi bir cəhənnəm idi,
İnana bilmirdin tərpənib gedər…

 

 

Düşüb poqonlular gedirdi birdən,

Qatar üz tuturdu Bakıya sarı.

Paytaxt vağzalına çatıb düşəndə,

Cinə və şeytana biz oxşayırdıq…

 

 

Günlüyün altında pilləkən üstdə,
Oturub yolumu gözləyən anam,

Baxıb deyəcəkdi, dəyişməsəm də:

“Bala, nə gündəsən, nə sınıxmısan…”

 

 

Boş qalıb günlüyün altı haçandan,
Çürüyüb dağılır taxta pilləkən.
İndi gözləsəydi yolumu anam,
Gedərdim o yolu piyada bəlkə…

 

04-05. 02. 2019

Samara

Реклама