Otuzsəkkizinci il on iki yanvar,
Sabah yenə bayram – köhnə təzə il.
Şəhərdə hələ də yanır yolkalar,
Otuz yeddi gedən yarım ay deyil…
—
Gəlib hər yerindən SSRİ-nin,
Yığılıb Kremlə çoxlu deputat.
Gözəl otelllərdə yatırlar şirin,
Qarınları toxdur, yerləri rahat.
—
Onlar üç-dörd günün qonağıdırlar,
Sovet parlamenti belə işləyir:
Dalbadal və qərar dalınca qərar,
Keçir bir andaca, həmişə yekdil.
—
Varan yox fərqinə burda heç nəyin,
Qanun qüvvədədir qoymamış səsə.
Maraqlı deyildir heç kimə rəyin,
Qərarı Stalin özü veribsə…
—
Komanda verən tək sədrlik edən,
Əllər meşə kimi ucaldı zalda!
Ah, görürəm böyük Üzeyri də mən,
Şəkildə…Qaldırıb əlini o da…
—
Dünən “Koroğlu”nu, “Arşınmalçı”nı,
Yazan əl – qoşulub başqa əllərə.
Gəl indi cəlladın əlini tanı,
Hansı qana batıb, neçə min kərə…
—
Müşfiq güllələnən bir həftə deyil,
Qanı qurumayıb, yuyulmayıbsa.
Cəsədi də isti, fəqət kimi bilir –
Dənizə leş kimi atılmayıbsa…
—
Ah bu əl qaldrmaq…İkisi birdən,
Qalxanda məğlubuq, təslimiksə biz,
Birini qaldırıb “yekdil” səs verən,
Düşür ayaqlara müqavimətsiz…
—
Əlini qaldırıb şərə “hə” deyən,
Ağır cinayətə sayılr şərik.
Əlinə yiyəlik edə bilməyən,
İnsanın, əlbəttə, günahı böyük…
—
Otuz səkkizinci ilin şəklinə,
Uzun zamandır ki, baxıram hərdən.
Dahi Üzeyrimiz səs verir yenə,
Baxıb əllərimi gizlədirəm mən…
10. 08. 2022, Samara
