Архив | Август 2022

DAĞÜSTÜ VƏZ — III

2021 лето

 Etməyin heç kəsi mühakimə siz,
Siz də mühakimэ edilməyiniz.

+

Bu gün mühakimə etsəniz necə,

O məhkəmə sizi gözlər eləcə.

+

Özgələrə hansı ölçü tutsanıız,
Ölçüləçəksiniz o ölçüylə siz.

+

Çöpü qardaşının gözündə görən:

Öz gözündə tiri görmürsən nədən?

Tiri öz gözündən, ikiüzlü, sən,
Çıxar ki, gözündən qardaşının da

Görüb çıxarasan çöpü sən onda.

+

Müqəddəs sayılan, olan nə varsa,
İtlərə atmayın, donuzlarasa.
Mirvari tökməyin – tapdalayarlar,
Sizi dağıdarlar qayıdıb onlar.

+

Diləyin – verilər istədiyiniz,

Əgər axtarsanız – taparsınız siz.

Döysəniz – qapını açarlar, zira,

Döyənə açırlar, tapır axtaran.

+

Varmı aranızda elə bir insan,
Oğlu ondan çörək istəyən zaman,

Ovcuna daş qoyar? Ya balıq əgər

İstəsə, bir ilan götürüb verər?

+

Kinli olsanız da, siz, beləliklə,
Övladlarınıza istədikləri,
Neməti verirsiz; şübhə yox onda,
Beləcə, əlbəttə, Göy Atanız da,
Nemətlər verəcək istəyənlərə.
+

Ədalətli rəftar başqalarınndan,

İstəyən kəs özü gərək hər zaman,
Elə rəftar edə başqalarıyla —

Qanundur, nəbilər deyib həm belə.

+

Dar qapıdan girin, bilin ki, məhvə

Aparan qapılar gendir həmişə,

Belə qapılardan çoxları gedər.

Həyata açılan  qapılarsa dar,

Yolları ensizdir; buna görə də,
Onları dünyada az insan tapar.

+

Tanıyın yalançı peyğəmbərləri:

Qoyun dərisində gələrlər onlar,

İçdə quduz qurddur ancaq hər biri.

+

Onlar tanınarlar meyvələriylə

Üzümmü yığırlar onlar göyəmdən,

Ya qanqaıl kolundan əncir dərirlər?

+

Yaxşı ağac verər yaxşı da meyvə,
Ağac bəd olarsa, meyvə də bəddir.

Meyvəsi bəd ağac kəsilməli və

Doğranıb ocağa atılmalıdır.

+

Meyvəsi tanıdar yəni onları.

+

Girə bilmz Səma Ərazisinə,

Mənə hər “İlahi, İlahi” deyən .
Girəcək Atamın İradəsini

Qəbul edən, ona həm boyun əyən.

+

O gün bir çoxları mənə deyərlər:

İlahi! İlahi! Sənin adından,

Qatılmadıqmı biz öndeyərliyə?
Qovan cinləri biz deyildik məgər?

Hər biri o çoxlu məcüzələrin

Tək sənin adınla axı yarandı!

+

Onda mən onlara elərəm elan:

Mən tanımamışam sizi heç zaman.

Məndən uzaq olun, qanun pozanlar!

+

Beləcə mən sizə indi deyəni,

Eşidib onlara əməl edəni,

O ağıllı kəsə bənzədirəm ki,
Möhkəm daş üstündə evini tikir.

Nə qədər yağsa da, daşsa da çaylar,

Tufan olsa da, o ev salamat qalar.

Çünki onun daşdan bünövrəsi var.

+

Kim ki, dediyimə qulaq asaraq,

Əməl eləmirsə sözümə ancaq,

Bənzəyir ağılsız o insana ki,
Evini qumların üstündə tikir.

Yağsa, çaylar daşsa, tufan da əgər,
Qopsa, xarabaya o ev çevrilər.

+

İsa sözlərini bitirən zaman,
Xalqı təlimiylə elədi heyran.

“Heç zaman farisey, ya da ki, mirzə,
O dediklərini deməyib bizə.

Danışır ixtiyar sahibi kimi,

Sanki Tanrı verib ona bu hökmü”.

 

08-09.08. 2022, Samara

İNCİL (MƏTTA). DAĞÜSTÜ VƏZ-II

2021 лето

Baxın, sədəqəni elə verməyin,

Ki, yığılıb görə uzaq və yaxın.

Kim belə göstərsə özünü əgər,
Tanrı nəzərində qazanmaz dəyər.

+

Aləmə car çəkmə versən sədəqə.

İkiüzlülərdə qaydadır belə.

Onlar küçələrdə, sinaqoqda ya,
Kimə nə versələr, salırlar haray.

+

Sən əgər sədəqə versən kiməsə,

Sağ əlin edəni sol əl bilməsin.

Nəzərindən qaçmır heç nə Atanın,
O açıq verəcək mükafatını.

 

Bənzəmə ibadət eləsən haçan,

İkiüzlülərə: onlar adətən,
Hər vaxt ibadətə elə durarlar,
Baxıb bunu görsün hökmən adamlar.

Qaçmır nəzərindən heç nə Atanın,

Çatdırır onların mükafatını.

+

Sənsə ibadətin vaxtı çatanda,
Gir öz otağına, ört qapını da.

Dua et Atana – O gizlindədir;

Görür gizlini və verir əvəz də.

+

Bütpərəst tək çox söz söyləmə hədər.

Bütmərəst düşünür sözlər nə qədər
Duada çox olsa, tez eşidilər.

Atanız, siz hələ istəməmişdən,

Korluq çəkirsiniz bilir o nədən.

+

Belə dua edin: “Atamız, qərar

Tutmusan göylərdə! Ali adın var.

Sənin padşahlığın, nəhayət, gəlsin,

Sənin iradənə yer, göy əyilsin.

Əsirgəmə nemət çörəyi bizdən,
Nə borcumuz varsa, bağışla həm sən,
Necə borcluları biz bağışlarıq.

Bizi yolumuzdan azdırma ancaq,

Şeytanın şərindən tut bizi uzaq.

Sənindir səltənət, güc, şərəf sənin,

Zamanlar keçdikcə sən varsan! Amin”.

+

Bağışlayarsansa başqalarını,

Bağışlar eləcə səni də Tanrı.

+

Əgər başqasının sən günahından,
Keçməsən, mərhəmət umma Tanrıdan.

+

İkiüzlülər tək, oruc tutarkən,
Halsız görünməyin, onlar adətən,

Qaşqabaq tökürlər  bilinsin bu dəm,
Onlar orucdurlar. Sizə deyirəm

Həqiqətən: Atam görür onları,

Hər kəsin yetişir mükafatları.

+

Xəzinə yığmayın siz bu dünyada,

Güvə xarab edər, pas atar ya da,
Daim oğrular da durub pusquda.
Göy üzünə yığın siz xəzinəni,
Orda nə pas kəsər, güvə yeyər nə.

Orda əli çatmaz oğruların da.

Harda xəzinəniz – qəlbiniz orda.

+

İnsan bədəninn çırağıdır göz,
Bədən işıqlıdır, təmizdirsə göz.

+

İki ağaya da heç insan yəqin

Xidmət edə bilməz; əgər birini,

Sevərsə, birinə o, nifrət elər.

Çətin hər birini yarıda bilər.
Deyin, Tanrıya və pula beləcə,

Xidmət edə bilər bir insan necə?

+

Sizə söyləyirəm buna görə mən:

Həm yemək-içməyi, geyinməyi həm,

Özünüzə qayğı siz eləməyin.

Qəlb və ruh yeməkdən üstün deyilmi?

Bədənmi vacibdir yoxsa geyimmi?

+

Göydəki quşlara yetirin nəzər,
Onlar nə əkirlər, nə də biçirlər,

Yedirtmir onları məgər Tanrınız?

Axı onlardan da yaxşısınız siz!

+

Niyə geyim sizi qayğılandırır?

Çöl çiçəklərinə nəzər salın bir:

Onlar nə iş görür, nə də əyirir;

Mən sizə deyirəm: hətta Süleyman,

Şöhrəti dünyaya yayılan zaman,

Onlardan biri tək geyinməmişdi.

+

Ocağa atılan otları əgər,
Tanrınız beləcə geyindirirsə,
İnamı naqislər, bilin ki, sizə,
Bundan artığını həmişə verər.

+

Siz Tanrı mülkünü, həqiqətini,
Axtarın, hər şey də yerinə gələr.

Sabahın fikrini çəkməyin, yeni
Gün özü hər şeyi yerbəyer elər.

06-07.08.2022, Samara

 

İNCİL (MƏTTA). DAĞÜSTÜ VƏZ

2021 лето

Bu işi əziz Salman qardaşımın xatirəsinə həsr edirəm. 5 avqust vəfatı günüdür.

Xoşbəxtdir dilənçi, həqir olanlar,

Çün cənnət onların qismətində var.

Bəxtəvərdir indi yasa batanlar.

Onların hər biri təsəlli tapar.

Bəxtəvərdir başı aşağılar da,
Onlardır torpağın varisi zira.

Həqiqət acları həm də bəxtəvər,

Onlar doyan gün də, nəhayət, gələr.

Bəxtəvərdir yumşaq ürəklilər də,
Rəhm görəcəklər zaman gələndə.

Ürəyi təmizələr bəxtəvərdir həm,

Tanrı çöhrəsini görərlər hökmən.

Həqiqət yolunda  zülm görənlər,

Bəxtəvərdir, cənnət onları gözlər.

+

Torpaq duzusunuz, və duzsa birdən
Gücünü itirsə, onu necə sən,
Şor edərsən? İndi nəyə xeyri var?

Çölə atılmağa o ancaq yarar.

 +

Aləmə nursunuz. Necə gizlənər,
Dağın zirvəsində qurulan şəhər?

Qapağın altında şam yandıran var?

Şamdanda şam yanar, ev işıqlanar.

+

İşığınız yansın həmişə sizin,
Görsünlər xeyirli işlərinizi.

+

Heç də düşünməyin gəlmişəm ki, mən,
Pozam qanunları nəbilər qoyan.

Qanun icrasıdır mənim vəzifəm.

Sizə söyləyirəm mən həqiqətən:

Bəlkə itib gedər bu yer, bu göy də,
İtməz qanununsa bircə hərfi də,
İcrası büsbütün bitənə qədər.

+

Deyilib: “Öldürmə! Qətl törədən,
Gərək məhkəməyə verilə hökmən!”

Mən sizə deyirəm: Ürəyində kim,
Doğma qardaşına bəsləyirsə kin,

Gərək məhkəməyə çəkilə hökmən!

+

Kim ki, qardaşına “dəli” deyərsə,
Onun cəhənnəmdə yanar dərisi!

+

Qədimlər deyblər, bilirsiz yəqin,
Günahı ağırdır zinakarlığın.

+

Mən isə deyirəm: əgər qadına,
Baxıb kim yaxılsa şəhvət oduna,
Demək, ürəyində o, zina elər,

Haqq ilə “zinakar” ona deyilər.

+

Sağ gözün tamaha salarsa əgər,
Çıxar onu, elə özündən kənar.

Sağ əlin tamaha salarsa birdən.

Kəs at, uzaq elə onu özündən.

+

Bir gün qurbangaha bəxşiş gətirsən,
Və orda yadına düşsə ki, birdən,
İncikdir qardaşın nədənsə səndən

Get barış əvvəlcə qardaşınla sən.

+

Sizdən qədimlərə belə deyiblər:

“Pozma, əməl elə and içsən əgər”.

Mənsə dyirəm: “And içməyin heç vaxt.

Göyə and içməyin, Tanrıya göy – taxt.

Yerə də — yer ona ayaqaltıdır.

Heç kim and içməsin öz başına da,

Çünki başınızda bir tükü hətta,

Edə bilərsiniz nə ağ, nə qara.

Ya “hə”, ya “yox” söylə; ayrı nə desən,
Şeytan dediyilə demək gedirsən.

+

Bir zaman deyiblər, eşitmisiniz:

“Diş əvəzinə diş, gözə görə göz”.

İndi isə belə söyləyirəm mən,

Göstərmə şərə heç mmüqavimət sən.

Biri şillə vursa sağ yanağına,

Sol yanağını da çevir sən ona.

Səni məhkəməyə çəkib kim isə,
Əgər köynəyini almaq istəsə,

Üst paltarını da çıxar ver ona

Varınsa, çıxar ver pul istəsələr.
Boş qaytarma, borca gəlsələr əgər.

Sizə deyilibdir: “Sevgi bəsləyin,
Kim sizə yaxınsa, düşmənəsə — kin”.

Mən isə deyirəm: düşməninizi,
Sevin, dua edin qovana sizi.

Beləcə göydəiki Atanızın siz,
Layiqli övladı ola bilərsiz.

Odur yaxşının da, odur pisin də,
Haqlı olanın da, haqq kəsənin də,
Başının üstündə günü çıxaran.

Sizi sevənləri sevsəniz ancaq,
Bu sizə bir xidmət saylmayacaq.

Özünüzkülərlə təkcə mehriban

Olsanız, yox heç nə dəyərli olan.

Elə bütbərəst də belə deyilmi?

Sizsə kamil olun Tanrınız kimi.

(əvvəli)

05.08. 2022, Samara

 

«QƏFİL GƏLMƏSƏ DƏ BİZƏ QOCALIQ…»

2021 лето

Qəfil gəlməsə də bizə qocalıq,
Gözlənilməz olur, sarsıdır hətta.

Hər gün özümüzdə azar tapırıq,

Vurnuxur, çıxırıq min hoqqadan da.

 —

Onlayn həkimlər, həkimxanalar,

İynə, dava-dərman, türkəçarələr.

Cürbəcür pəhrizlər sınaqdan çıxar.
Orucluq – taqətdən düşənə qədər.

 —

Birdən cin elə bil bizə buyurar  —

Qaçarıq – parklarda, yol qırağında.

Sprinterə dönüb quş tək uçan var,
At kimi çapan da, yorğa gedən də.

 —

Qaçırıq, qanrılıb dala baxmadan,

Eşitməsək də səs, duyuruq hənir.

Qəlbdə, əzalarda artır həyəcan:

Dabanbasma ölüm mələyi gəlir…

 —

A dost! Yaşıdımsan, bəlkə cavansan,
Ayaq saxla, eşit mən deyənləri.

Nə qaçış, nə pəhriz, həkim və dərman? –

Əzrail bunlara aldanan deyil.

 —

Qalın bir kitabı hər gün aç oxu
Ya da yığ yanına yüzünü birdən.

Oxu yatağında gəlincə yuxu,
Oxu birnəfəsə, ara vermədən.

 —

Almanları oxu, Kantı xüsusən.

Oxu yunanları, oxu farsları,
“Min bir gecəni” də elə oxu sən,
Yaşa ərəbdəki ehtirasları.

 —

Oxu Şekspiri, oxu Bodleri,

Jül Vern yaxşıdır yataqda gecə.
Mirzə Cəlili də oxu arabir,
Oxü gözlərinə yuxu gəlincə.

 —

Hər gün təzə kitab, təzə əhvalat,

Yeni bir aləmdir yeni səhifə.

Çiyninin üstündən boylanıb bu vaxt,

Bəlkə oxuyan var səninlə birgə.

 —

Tanrı özü ya da ölüm mələyi,
Elə təsirlənər sən oxuyandan,

Ömrünün üstünə qoyar ay və il —
Çıxar hətta ölüm söhbəti yaddan…

 

04. 08. 2022, Samara

 

YƏHYA ÖNGƏLƏNİN BAŞI

2021 лето

Sarsıla bilərlər ilk eşidənər:

Bir baş yeddi yerə bölünüb qalıb.

Bölünüb, ölkələr gəzib nə qədər,

İtib dönə-dönə, yenə tapılıb.

 —

İki min il əvvəl bu baş bədəndən,
Ayrılıb, o ancaq danışıb yenə.

Bir xanım dilinə sancıb iynə də,

Atılıb çirkabın dərin yerinə.

 —

Çirkabda, torpağın dərin qatında,

Tapılıb vəftizçi Yəhyanın başı.

Yeddi ya daha çox hissəyə hətta

Bölünüb, dünyanı gəzib-dolaşıb.

 —

Hələ çəkməmişdən tiyəni cəllad,
Bəlkə itirmişdi başını Yəhya.

Həbsinin xəbəri yetişən saat,
İsa çəkilmişdi tez Cəliləyə.

 —

Orda öz işində: işıq bəxş edir

Korlara, lal olan dilləri açır.

Qaldırır tabutdan, ölü dirildir,

Tüpürür — ən ağır xəstəlik keçir.

 — 

Zindandadır onu vəftiz edənsə,

Cəllad itiləyir tiyəni artıq.

Tələsmir köməyə İsa nədənsə,
Onun Cəlilədə başı qarışıq.

 — 

Bircə tüpürcəyi, çırtmasıyla ya,
Zindan divarları çökəydi gərək.
Tanrını özünün atası sayan,
Biganə ya aciz – adi adam tək.

 — 

İtirib başını Yəhya Öngələn:

Omu həqiqətən göndərilən kəs?

Odursa ruhundan Tanrının gələn,
Zindan qapısını açmır niyə bəs?..

 — 

Bu vaxt izdihamlı yenə Cəlilə

Kütlə bayılmada möcüzələrdən.

Tabutdan sıçrayıb qalxır ölülər,

Sağalır bir anda cüzamlı bədən.

 —

Vəftizçi Yəhyanı yox yada salan,
Cəllad tiyəsini indi endirər.

Böyük bir layihə varsa qabaqda

Tanrıya maraqlı deyil bir nəfər.

 —

Özünü Tanrının övladı bilən.
Baxmır gözucu da Yəhudiyyəyə.

Öləcək tezliklə Yəhya Öngələn,

Tanrı fikri icra olunsun deyə…

 —

Hələ çiyinlərdə, kəsilməmişdən,
Başını hər kəsin itirməyi var

Tanrının əmriylə görülən işdən,

Zehnin, intellektin varsa, baş çıxar.

 —

Aclıq, pandemiya, müharibələr,

Uşaqlı-böyüklü bəşər qırılır.

Buludda ruh kimi görünsə əgər,
Yatırdar, əlbəttə, bir anda Tanrı.

 —

Görünmür, yatırtmır…Yaşayar insan,
Beləcə, duası cavabsız qalar.

Bəlkə də fikrində Tanrının bu an,

Möhtəşəm bir işin layihəsi var.

 —

Özü günahımdan, İlahi, keç sən! — 

Prioritetlərin var sənin yəqin.

Dünən prioritet — Yəhya Öngələn

Bu gün və sabahsa İsadır yəni.

 —

Səni Osventsimdə çağırırdılar,

Başı ağrıyan da səni səsləyər.

Səninsə möhtəşəm planların var,

Yayınarsan, bizi eşitsən əgər.

 —

Bilmir layihənin sirrini bəşər,

Ali fikrindəki bilinmir nədir..

Başımız dağırlır düşünsək əgər,
Hər hissə elə bil yeddi yerdədir.

 

02.08. 2022, Samara