Архив по авторам | Xeyrulla Xəyal

AZƏRBAYCANSAYAĞI ANTİSEMİTİZM. QİBLƏSİZ VƏ ORİYENTİRSİZ…

əl əqsa məscidi

ƏVVƏLİ BURDA:

AZƏRBAYCANSAYAĞI ANTİSEMİTİZM: ANTİCUHUD YOX, ANTİƏRƏB…

Üzeyir bəyin dostu və bacanağı, onunla birgə Azərbaycan klasik musiqisinin banisi sayılan Müslim Maqomayev heç azərbaycanlı deyil, çeçen ya inquşdur… Yəni Qarabağı mədəniyyət beşiyi olmağı, qədimlik şübhəlidir. Uzağı üç yüz-dörd yüz il. Buna baxmayaraq hətta mənim kimi heç vaxt Qarabağda olmamış və bundan sonra da yol pulu tapıb ora gedə bilməyəcək adamlar da “Qarabağ bizimdir” deyirlər və bu torpaqdan ötrü — yox, özlərini yox, kəndlərimizdə zülmlə boya-başa çatan kasıb-kusub uşaqlarını qurban verməyə hazırdırlar…

İndi Qarabağın bu üç yüz illik tarixini Qüdsdəki Əl Əqsa məscidinin 1300 ildən çox olan tarixi ilə müqayisə edin. Fərq min ildir! Ərəblər ən azı Ömər o məscidi Qüdsdə inşa edəndən ordadırlar və başqa yurd tanımırlar.Və son yetmiş beş ildə doğma yuvalarından qovulmuş, qaçqına, köçgünə, dustağa, əsirə çevrilmiş, İsraili və onun havadarı ABŞ-a qarşı dura bilməyən xalqın içərisində radikalların olmağı təbii deyilmi? Bu radikalların içində körpə balalarını İsrail bombaları öldürmüş insanlar da var. Bizim xalq Ramil Səfərovu qəhrəman elan etmədimi? Ermənini yatdığı yerdə baltalamış Ramilin hərəkətini qınayanlar vətən xaini elan olunurdular. Cındır Kamran Həsənlinin hünəri varsa, Ramil Səfərovu terrorçu adlandırsın!

Pullu ərəb turistləri  yoxsul, feodal tipli iqtisadiyyatın hər cür işıqlı perspektivdən mərhum edib marginala çevirdiyi insanlarımızda o qədər paxıllıq, həsəd hissi yaradıb ki, ərəb körppələrini, qocalarını, qadınlarını öldürən İsrail bombardmanları onları bayram atəşfəşanlığı kimi sevindirir. Bizim bədbəxtlərin ürəyindən İsrail qətlləri tkan çıxarır: “Aha, indi ərəb də mənim günümdədir… məndən də pis gündədir…”

Bizim millətin qibləsi yoxdur. Bizim millətin əxlaqi oriyentirləri yoxdur. Televizorda görəndə ki, polis müxalifətçi gənci salıb dəyənəyinin altına, içimizdə əksəriyyətin gəncə nəinki ürəyi yanmır, çoxu hətta uzaqdan-uzağa polis dəyənəyini alqışlayır da: “Canın da çıxsın! Sənə elə bu yaxşıdır! Niyə başını aşağı salın bir tikə çörəyini yemirsən?!”

İngilis, alman, fransız, niderlandlı fələstinlərin müdafiəsi üçün nümayişə çıxır, bizim cındırlar böyük cındır Kamran Həsənlinin dliylə deyirlər ki, “biz İsrailin yanındayıq..”

Yox, yanında deyilsiniz, siz artıq yəhudinin yoğun bağırsağındasınız…

Mənəviyyat yoxsullarının ağlına gəlmir ki, biz türkdən çox ərəbik. Klassiqk poeziyamız ərəblərdən gəlib, muğamatı ərəblər gətiriblər, leksikamızın çox mühüm seqmentini ərəb sözləri təşkil edir. Ərəblər bizə həm kitab, həm də “kitab”, “məktəb” sözlərini veriblər. Nikah, dəfn qaydalarını da bizə ərəblər öyrədiblər, ən qədim abidə saydığımız “Dədə Qorqud”da hər zəfərdən sonra oğuzlar “düşmənin kəlisasını yıxıb yerində məscid yapırlar”…

Özünü Xəlil Rzanın şagirdi adlandıran birisi musiqi aləti uda şeir yazmışdı: “Bəlkə də “ud” sözü” “od” sözündəndir?”

Bəlkəni əkiblər, bitməyib…

“Ud” ərəb sözüdür,”ağac” mənasındadır, çünki udun döşü aloe ağacından hazırlanırmış…

Yeri gəlmişkən, udu Azərbaycana 60-cı illərdə Əhsən Dadaşov gətirib ansamblına daxil eləmiş, özü də udda Şur muğamını və “Qaraxal yar” mahnısını lentə yazdırmışdı. Ərəblərni ud çaldığı isə yəqin azından iki min ildir…

“Bizimdir” deməyə cəldik…

Samovara od salmışam, stəkana qənd salmışam…

“Samovar” da bizimdir? “Stəkan” da bizimdir?

Biz qibləmizi itirmişik…

Mən mömin deyiləm, mənim rəğbətim müsəlmanlara deyil, mənm rəğbətim əzilənədir, haqsız incidilənədir. Zəif, haqsız incidilən bu gün və yetmiş il ərzində fələstinlidir…

Mənəvi oriyentirlərinmiz yoxdur. Nə qədər ki, polis dəyənəyinin altına salınana ürəyimiz yanmayıb, nə qədər ki, dəyənəyi alqışlamışıq, abırlı millətlər sırasında yerimiz olmayacaq…

28. 10. 2023, Samara

AZƏRBAYCANSAYAĞI ANTİSEMİTİZM: ANTİCUHUD YOX, ANTİƏRƏB…

əl əqsa məscidi

İsraillə XAMAS qruplaşması arasında oktyabrın 7-də növbəti və ən qanlı müharibə başlanandan sonra məlum olub ki, Azərbaycanda əhaliinin çox mühüm hisssəsi antisemitdir, özü də aqressiv, fanatik antisemitdir.Ancaq Azərbaycan antisemitiziminin indiyəcən məlum olan antisemitizmdən köklü fərqi var: azərbaycanlı anticuhud, yəni antiyəhudi deyil, azərbaycanlı antiərəbdir. Və Azərbaycan əhalisinin (“vətəndaş” yazmıram, çünki vətəndaş hüquqlu insandır, Azərbaycan insanının isə hüququ yoxdur) bu seqmenti yəhudilərə alovlu məhəbbətini Qarabağı bizə İsrail silahının qaytarmağı ilə bağlayır. Zurnaçı və “toylar kralı” Kamran Həsənlinin debil fanatları belə də yazırlar: “İsrailin silahı olmasaydı, biz Qarabağı ala bilməzdik”.

Bunu yazan, əlbəttə, Qarabağda qan axıtmış əsgərimiz deyil. Bunu yazan biqeyrət və binamusdur, bəlkə də bütün nəslindən əsgər gedən olmayıb. İndi də əsgərimizin canı bahasına qazandığı qələbəni İsrail silahının qazandığını iddia edir.

Ancaq antiərəbizim, ərəbsevməmək, antisemitizmin bu növü təkcə yəhudilərə qarşı qəfil yaranmış atəşli sevgi ilə bağlı deyil. Azərbaycanda ən böyük “şnobel” sahibi Kamran Həsənlinin və onun debil fanatlarının ərəblərə nifrəti həsəddən və paxıllıqdan doğur.

Sovet dağılana qədər ərəblər Azərbaycana uzağı oxumağa gələrdilər — ən çox neft və kimya institutunda. Eə o vaxtlar, məsələn, yetmişinci illərdə, xarici  tələbələrin, xüsusən qara afrikalıların və ərəblərin azərbaycanlıların şiddətlə arzuladığı və yuxularında gördükləri cins geyinməyi də həsəd və bu həsədin tərəməsi olan kin doğururdu. Sovetdən sonra ərəb ölkələrinin səfirlikləri yaranıb, Bakıya diplomatlar, iş adamları gəlib-gedirlər. Çoxlu ərəb üçün Azərbaycan maraqlı turizm marşrutudur. Ərəb ölkələrəindən Azərbaycana gələnlər, əlbəttə, imkanlı adamlardır, onların dünyanın ən bahalı hava yolu olan Azərbaycana uçmağa, soyğunçu mehmanxalarda qalmağa, talançı restoranlarda yeyib-içməyə pulları var. Bu isə öz hökumətləri, öz məmurları  tərəfindən dilənçi halına salınmış azərbaycanlıları qeyzləndirir. Ancaq nifrətlərini, qəzəblərini onları ləyaqətli yaşamaq imkanından və hüququndan məhrum etmiş doğma hökumətə yox, ərəblərə qarşı yönəldirlər. Və, əlbəttə, dörd-beş il konservatoriyada zurnaçılıq oxuyub ancaq demaqoqluqda peşəkarlıq qazanmış, üstəlik “toyalar krallığı”ndan da dalına təpik vurularaq qovulmuş, yəqin ki, başdan-ayağa kompleksli olan (закомплексованное ЧМО) Kamran Həsənli ərəbin paxıllığını çəkir. Antiərəb antisemitizmini ərəblərin guya bizim qadınlarla “gəzdikləri” ilə izah edənlər də bunu qeyrətdən yox, paxıllıqdan deyirlər. Əgər ərəb Bakıda azərbaycanlı qadınla görüşürsə, bunu zorlamı edir? Ərəblərin Bakıda kütləvi və davamlı şəkildə  qadın zorladıqları barədə məlumat varmı? Dubaya və başqa yerlərə kütləvi şəkildə fahişə ixrac edənlər ərəblərdir yoxsa öz azərbaycanlılarımız? Niyə Kamran Həsənlidə və onun debil fanatlarında sütül azərbaycanlı qızlarla pornokliplər çəkib İndternetdə yayan azərbaycanlı erkəklər qəzəb doğurmur? Həmin azərbaycanlı erkəkləri videosurətləri ilə tanıyıb tapmaq da çətin iş deyil. Deməli, ərəbə nifrətin səbəbi yalnız paxıllıq və həsəddir.

İndi fələstinlilərin azadlıq mübarizəsi və müharibəsi haqqında. Kamran Həsənli və onun debil fanatları deyirlər ki, “biz İsrailin yanındayqıq”. Yəni yəhudi haqlıdır, fələstin ərəbi yox.

Bizim millət, əlbəttə, bütün millət yox, qeyrətlilər, fəhlə-kəndli ailələrindən olan əsgərlər otuz ildən çox ərzində Qarabağ uğrunda qan töküblər. On minlərlə insan həyatını itirib, daha çox insan ömürlük şikəst olub. “Qarabağ bizimdir” deyənlərdən Qarabağın azərbaycanlı tarixini soruşsan, hardan başlayacaq? Pənah xandan? Bu, 18-ci əsr deyil? Azərbaycan mədəniyyətinin beşiyi saydığımız Şuşa ya Qarabağ kimləri yetirib? Füzulini? Xaqanini? Axundovu? Sabiri? Hətta Şuşada heykəli qoyulan Vaqif də qarabağlı deyil, qazaxlıdır. Üzeyir Hacıbəyovu Qarabağ yetirməyib, Üzeyir bəyi rus təhsili, rus məktəbi, Qori seminariyası, Peterburq və Moskva konservatoriyaları yetirib…

(Ardı var)

oktyabr 2023, Samara

«…BƏS NİYƏ YOXDUR ALAN «MİLLİ QƏHRƏMAN» ADI?»

09. 10. 23

Vardır hər qələbənin qəhrəmanları hökmən,

Ulduzlu göydə onlar parlaq bürc kimidirlər.

Onlardır ölümləri, qanı şərəfləndirən,
Doğrulur adlarıyla ən ağır itkilər də.

 +

Mənim də ordum zəfər çaldı ağır hərbdə,

Qurtardı səni, məni, xalqı ayıbdan əsgər.

Kişi kimi döyüşdü, qan, can əsirgəmədi,

Bəs hanı qəhrəmanlar, qazanılıbsa zəfər?

 +

Fövqəladə igidlik göstəribdisə əsgər,
Niyə yoxdur bəs alan “Milli qəhrəman” adı?

Bu ada layiq heç kim döyüşməyibsə əgər,

Bu “möhtəşəm” qələbə bəs necə qazanıldı?

 +

Əsgərimin haqqın kimlərdir mənimsəyən

Qızıl, neft və qaz kimi adı kim oğurladı?
Qəhrəmandan qəhrəman adı əsirgənirsə,
Zəfər də zəfər deyil, sevinci də haramdır…

 

26.10. 2023, Samara

USTA REJİSSOR TAHİR TAHİROV. PARAPETDƏ QIRMIZIPAPAQLARLA ÇAY DƏSGAHI

09. 10. 23

Tahir Tahirovla keçirdiyim günün xatirələri Antonioninin “Blou-up” filmini yadıma salır. Günün mənzərəsi bütöv deyil, xeyli epizod Tomasın fotoaparatındakı kadrlar kimi ya korlanıb, ya da tamam silinib. Biz bulvarda olanda saat uzağı beş olardı, xatırladığım sonrakı yer Parapet bağıdır və çoxdan axşam düşüb, işıqlandırılmayan yerlər tünd qaranlıqdır. Tahir Tahirov, mən də yanında, bir dəstə milis zabiti ilə oturub çay içir. Biri polkovnikdir. Ayaq üstdə vurnuxan milislər var – onlar çay işinə baxırlar və həm də asayişin keşiyindədirlər. Tahir Tahirov məni qırmızıpapaqlara təqdim etdi: “Xeyrulla Salyandan gəlib müdafiə eləməyə, professor olacaq”. Zabitlər yəqin ki, haqlı olaraq bu professorluq söhbətini yumor kimi başa düşdülər. Nahaq deyirlər ki, milis yumor hissindən məhrumdur…

Mənim guya bilikli olduğuma Tahir Tahirovu Əkrəm Əliyev inandıra bilərdi. Yəqin məni tərifləyib, deyib ki, belə yazır, elə yazır… Tahir Tahirov özü mənimlə ədəbiyyatdan danışmırdı. Heç sual da vermirdi. Məsələn: Nizami Gəmcəvi neçənci ildə anadan olub? Rəsul Rza “Lenin” poemasını neçənci ildə yazıb? O vaxtlar ədəbiyyatdan biliyi belə yoxlayırdılar…

Parapetdə çaydan başqa ayrı içki də vardı. Mən içmirdim, gündüzdəkinin havası başımdan getmirdi. Həm də çox həyəcanlı idim. Gecə düşürdü, bundan sonra Tahir Tahirov mənə hansı mehmanxanada yer alacaqdı?..

Çay dəsgahı davasız keçdi. Milis polkovniki ilə nə dava? Həm də yəqin gecə gözü Tahir Tahirovun tamaşa yaratmağa da həvəsi qalmamışdı…

Haçandan-haçana Tahir Tahirov qırmızıpapaq dostlarıyla vidalaşdı, bağdan çıxanda mənə dedi: “Gedirik bizə”. Bunu deyəndə fikirləşdim ki, kaş məni qırmzıpapaqlar aparıb gecəni öz türmələrinə salaydılar. Səhər elə ordan durub gedərdim müdafiəyə… Mən heç gündüz də qonaq getməyi sevmirəm. İndi gecənin bir aləmində heç vaxt olmadığın, tanımadığın adamlar yaşayan evə gedəsən…

Taksiyə oturub getdik. Tahir Tahirovun evinin yeri yadımda deyil. Şəhəri yaxşı tanımıram. Bəlkə də 4-cü mikrorayon idi, arxayın deyiləm…Qapını arvadı açdı. Tahir Tahirov mənim Salyandan  müdafiəyə gəldiyimi dedi, ancaq professorluq məsələsinə toxunmadı, görünür arvadı zarafat sevmirdi…

Tahir Tahirov məni boş bir otağa keçirdi. Otaq doğrudan da boş idi. Nə çarpayı , nə divan var idi. Rejissorun arvadı yorğan-döşək gətirb dinməzcə yer saldı və getdi. Tahir Tahirov da mənə xeyirli gecə arzulayıb çıxdı.  Həm bürküdən, həm xəcalətdən məni tər basıb bürüyürdü…

Səhər tezdən durub geyindim, tezliklə Tahir Tahirov da qapıda göründü. Mənə qalıb çay içməyi təklif etdi. İstəmədim. Rejissor mənə uğur arzuladı və təkid elədi ki, müdafiədən sonra gəlib ona məlumat verim…

Təəssüf ki, Tahir Tahirovu  bir daha görmədim. Evinin yeri də, mənzilinin nömrəsin də yadımda qalmamışdı. Məni rejissorla tanış etmiş Əkrəmi də o vaxtdan görməmişəm. Bir dəfə, deyəsən sıfırıncı illərdə, Tümen-Bakı qatarı ilə Azərbaycana gedirdim. Vaqonda xaçmazlılar var idi. Onlardan Əkrəmi soruşdum, dedilər tanıyırlar. Studiyadakı işindən çıxıb vətəninə qayıdıbmış. Dedilər müəllimlik eləyir, alveri də var. “Gənc oğlunu maşın vurub öldürdü”, — bunu xaçmazlılardan eşidəndə çox məyus oldum. Çox. Mən Əkrəmin xərini çox istəyirdim…

oktyabr 2023, Samara

ƏRƏSTUN ORUCLUYA: «AŞDI OKEAN, YATMADI, YORĞUN YENƏ GƏLDİ…»

Doldur qədəhi, saqi, Ərəstun yenə gəldi,

Aşdı okean, yatmadı, yorğun yenə gəldi.

+
Çox vacib işi qoydu yarımçıq o, ABŞ-da,
Millət çağırdı, millətə vurğun yenə gəldi.

 +

Yoxdur onun bərabəri elmi-siyasidə,

Əqli-kamalda hamıdan üstün yenə gəldi.

 +

Həm hərbiyə bələddir o, kəşfiyyata həm də,

Hər hadisəyə təhlili düzgün yenə gəldi
+

Məmmədli Qurbanın dalınca göndərin çapar,
Ərz eyləsin ki, çıx yola, dostun yenə gəldi.

 +

Var hər gözəldə bir qüsur, uzunçudur o da,

Mövzunu açınca gedəcək gün, yenə gəldi.

 +

Əfsus ki,  basıb-bağlamağa  meyli az deyil,
Var hay-küyü də —  fırtına, çovğun yenə gəldi…

 

25. 10. 2023, Samara

DOLDUR QƏDƏHİ, SAQİ, ƏRƏSTUN YENƏ GƏLDİ…

Ərəstun Oruclu

Salyanda “Beş” ləqəbli bir divanə var idi, şəhərdəki bütün yas yelərində ehsana gedərdi. Yemək çəkilənə az qalmış çadırın bir yerindən brezenti aralayır, elə ordan girib stol başında oturardı…

Ərəstun Oruclu da o “Beş” kimi bütün YouTube verilişlərini gəzir. Verilişin yağlı yerində Ərəstundan zəng gəlir: “Müdaxilə etdiymə görə üzr istəyirəm, ancaq bir vacib məsələyə aydınlıq gətirməyi özümə borc bildim”. Bu gün də beləcə Qurban Məmədlinin verilişində peyda oldu və dedi ki, İsrail Azərbaycana silahı pula görə satmır. Əsla. İsrailin Azırbaycana dost və qardaş münasibəti Azərbaycanda otuz minlik yəhudi əhalinin olmağıdır. Yəhudilərə münasibət İsrail üçün çox həssas məsələdir, Azərbaycanda isə yəhudilərə münasibət çox gözəldir və s.

Builmirən Ərəstun Oruclu “otuz min” rəqəmini hardan götürüb. İnternetdə təxmini say göstərilib: on altı minə yaxın. Fərq var? Var. Əgər Azərbaycana dostluq münasibəti yəhudi icmasının olmağına görədiirsə, bəs İrana niyə münasibət düşməndir? Axı İranda on mindən çox yəhudi var və yəhudi icması yüksək rifahlı, hörmətli icmadır. Əsgər də gedirlər. İraqla müharibədə yəhudi millətindən olan 15 əsgər ölüb. Qarabağ müharibələrində Azərbaycan yəhudilərindən neçə nəfər həlak olub? Bir nəfər?

Niyə Ərəstun Oruclu demir ki, Azərbaycan İsrail üçün İranla qonşuluğuna görə qiymətlidir. Yəni MOSSAD oturur Arazın bu tayında, gözünü zilləyir o taya və oxuyur: “Baxdıqca hüsnünə doymayır gözüm…”

Ərəstun Oruclu salyanlı molla Bayram kimi nitqinə elmilik verməyi və avazla danışmağı bacarır. Ancaq bizdə atalar sözü var: “Avazın yaxşı gəlir…”

Qoqolun da yaxşı sözü var: «Мошенник на мошеннике сидит, мошенником погоняет». Burda  yalnız “moşennik” sözünü manipulyator sözü ilə əvəz etmək lazımdır…

  1. 10. 2023, Samara

QULU ƏSGƏROVUN XATİRƏSİNƏ

qulu əsgərov

Necə hesablaşır xalq,
Böyük sənətkarıyla?

Xalqdan fəxri ad almaq

Necə olur? Nə yolla?

 +

Müəllif hüququnu,

Niyə, kim aldı ondan?

Nəğmələri Qulunun.

Oxundu xalq adından.

 +

Nə qoşdu, nə yaratdı —
Xalqı “mənimdir” dedi.
Layiq olduğu adı,

Quludan əsirgədi…

 +

Hökm, ad ixtiyarlı,

O “xalq” kimdir, hardadır?

Bəlkə ad verən ayrı,
Xalqsa üzü qaradır?

 

24. 10. 2023, Samara

USTA REJİSSOR TAHİR TAHİROV: KRAL LİR, «ÇÖRƏYİMİN DUZU YOXDUR…»

09. 10. 23

…”Kral Lir” Lenfilmdə çəkilib, Gerdt isə Moskvada yaşayır, Obraztsovun məşhur kukla teatrında işləyirdi. Kozintsev çox tələbkar olduğuna görə filmin səsləndirilməyi xeyli çəkib. Gerdt tez-tez işindən ayrılıb Leninqrada gedirmiş ki, bu da Obraztsovu narahat edirmiş. “Bir səslənmədən ötrü teatrı atıb gedirsən”, — deyə aktyoru məzəmmət edirmiş… İndi Kozintsevin filmində Yuri Yarvetin oynadığı Liri başqa səslə təsəvvür etmək çətindir…

Səməndər Rzayevin də səsi Yuri Yarvetin Kral Lirinə elə “yapışıb”. Mən o vaxtlar eşitmişdim ki, “Kral Lir” filmlərinin müxtəlif dillərdə dublyajlarının müsabiqəsi keçirilib və Azərbaycan dublyajı ikinci yeri tutub…

Lətifədə deyildiyi kimi: mən birinci yeri verərdim…

İndiyəcən Kral Lirin bəzi replikalarını Səməndərin səsiylə eşidirəm…

Və 1980-ci ilin iyununda mən Bakı kafelərinin birində Kral Lirin səsiylə yanaşı oturmuşdum. Tahir Tahirov məni aktyora göstərib dedi ki, “Xeyrulla Salyandan gəlib diplom müdafiə eləməyə, özü də professor olacaq”. Səməndərdə bu professorluq məsələsi yəqin ki, əsaslı şübhələr doğurdu, ancaq Salyanın adı gələndə həyəcanlanan kimi oldu. “Biz bu yaxınlarda Salyana gəlmişdik, ordan da Neftçalaya getdik. Katib bizə çox hörmət elədi, yaxşı yola da saldı. Bax, bu boyda ağbalığı maşına qoydu” – bunu deyib aktyor iri və uzun qollarını üfqi vəziyyət alana qədər geniş açdı…

O vaxtlar Kürdən o boyda və ondan da böyük ağbalıqlar çıxırdı…

Süfrəyə araq gəlmişdi. Mən o vaxtlar hərdənbir içirdim. Yəqin həm içkidən, həm də harda gecələməyin fikrindən Tahir Tahirovla Səməndər Rzayevin söhbətindən yayınmışdım. Birdən mənə çatdı ki, bunların sözü çəp gəlib və ucadan bir-birlərinə məzəmmətli sözlər deyirlər. “Səməndər, mənim elə çörəyimin duzu yoxur”, — Tahir Tahirovun bu ağır tənəli sözləri Səməndəri bıçaq kimi yaraladı. “Ə, Tahir, sən mənlə çörək söhbəti eləyirsən? Mən heç burda oturmaram”, — deyib yarıyacan dikəldi. Tahir Tahirov boydan kiçik olduğundan tam qalxıb Səməndəri qucaqladı və deyəsən öpüşdülər də…

Davaları nəyin üstündə düşmüşdü – bilmirəm. Ancaq çörək söhbəti doğrudan da qəribə idi. Hesabı mən verməliydim, bunu Tahir Tahirov yaxşı bilirdi. Mən özünü rejissordan qaçırtmış kolxoz sədrini əvəz etməliydim. Elə bil ki, əsas rolun ifaçısı tamaşa başlayanda sancılanr, təcili, basməmmədi birini onun yerinə çıxarırlar səhnəyə…

Sonra kafedən çıxdıq. Tahir Tahirovla Səməndər danışa-danışa qabaqda gedirdilər, mən də dalda onları izləyirdim. İndi Səməndəri ilk dəfə bütöv, başdan ayağa qədər görürdüm. Akyorun qıçları məni dəhşətə gətirdi. Qıçlar elə yoğunlamışdılar ki, pivə çəlləyinə bənzəyirdilər. Yəqin ki, ciddi azarı vardı. O vaxt Səməndər Rzayevin yaşı qırxdan da az idi…

Aktyordan harda ayrıldığımız yadımda deyil. Bir də gördüm ki, bulvardayıq. Hələ axşam düşməmişdi, adam az idi. Ucaboy bir cavan oğlan qucağında azyaşlı uşaqla gəzinirdi. Yaxınlıqdakı boş uşaq arabası da yəqin onların idi. Oğlan üzü bizə dönən kimi Tahir Tahirov mənə “burda dur” deyib ona tərəf getdi. Rejissorla cavan oğlan çıx hərarətli görüşdülər, qucaqdakı uşaq olmasaydı, yəqin ki, qol-boyun olacaqdılar. Məndən çox aralı olmasalar da, söhbətlərini eşitmirdim, içki məni tutmuşdu, üstəlik dənizdən gələn mazut iyi də vururdu…Birdən oğlanın bütün həndəvərə yayılan səsini eşitdim: “Tahir, sən mənimlə danışmaq istəyirsən? Gəl danışaq!” Oğlan uşağı tələsik arabada yerbəyer elədi və Tahir Tahirovun üstünə yeridi. Məni dəhşət bürümüşdü. Atlet görkəmli ucaboy cavanın bir yumruğu çəlimsiz Tahir Tahirovu öldürə də bilərdi. Tahir Tahirov isə Pompey əsgəri kimi ya da Çarli Çaplinin qəhrəmanı kimi yerindən tərpənmirdi. Ancaq oğlan ona çatanda Thair Tahir nə dedisə, oğlanın nəinki hirsi soyudu, o hətta Tahir Tahirovu qucaqladı da…

İndi bunları yadıma salanda fikirləşirəm ki, Tahir Tahirov əsl ekstremal imiş. Məsələn, göydələnlərə dırmaşanlar kimi. Yəni daim adrenalini qaldırmaq istəyirmiş. Bəlkə də bu, yaradıcılıq fantaziyasını qidalandımaq üçün zəruri olub…

Tahir Tahirov mənim yanıma qayıdanda astadan dedi: “Birincinin (yəni Heydər Əliyevin – X.X,) ailəsindəndir”. Tahir Tahirov bu cavanın Heydər Əliyevin nəyi olduğunu da dedi: bacıoğlumu, kürəkənmi, baldızoğlumu… Yadımda deyil…

(ardı var)

24.10. 2023, Samara

DƏLİ DOMRULUN TANRIYA ÜZ TUTUB DEDİYİ

(Duxa qoca oğlu Dəli Domrul)

Ucalardan ucasan,
Kimsə bilməz necəsən!

Gözəl Tanrı, səni cahil adamlar,

Yer üzündə istər, göydə axtarar,

Möminin könlüdür yerin səninsə.

Bütün yaranışın hakimi sənsən,
Sirlərin əbədi sahibi sənsən.

Alırsan, özün al canımı, Tanrı!

Əzrayıl almasın canımı, Tanrı!

 

24.03. 2021, Samara

BİZİM ÇİÇİKOV: KAMRAN HƏSƏNLİ ÖLÜ CANLARLA ALVER EDİR…

KAMRAN HƏSƏNLİ ŞNOBEL

Qurban Məmmədlinin yaxın günlərəcən “tarixin gözəl bilicisi” adlandırdığı Kamran Həsənli “Müsavat TV”-də gözəl biliyini  uşaq xorunun solistləri kimi cingiltili səsli aparıcı Sevinc Telmanqızıya və tamaşaçılara nümayiş etdirir.

Müsavat adıyla indi Azərbaycanda nə hoqqalardan çıxarıldığı Məmmədəminə çatsa, goru çatlayar…

Kamran Həsənli deyir ki, “ikinci dünya müharibəsində 300 min adamımız ölüb”.

Almaniya ilə SSRİ arasında müharibənin başlanmasından cəmi iki il əbvvəl SSRİ-də əhali siyahıya alınıb. Azərbaycannın əhalisinin ümumi sayı 3 200 000 olub. Bunlardan 2 275 678-i etnik azərbaycanlı kimi qeydə alınıb. Bəzi milli azlıqların da  pasportda azərbaycanlı kimi göstərildiyini nəzərə alsaq, azərbaycanlı türklərin sayı 2 milyon həddində olar. Və bu qədər əhalidən 300 min nəfərin ölməyi ağlabatandırmı? Yox!

Əslində Kamran Həsənli Azərbaycan SSR-dən səfərbər olunmuş rusları, erməniləri, gürcüləri, yəhudiləri və başqa etnik qrupların nümayəndələrini də, indiki dillə desək, azərbaycanlı şəhid sayır. Rusu, ermənini sevmir, ancaq itkinin sayını artırmaq istəyəndə onların  meyitlərini bağrına basır, qəbirlərinə üzünü sürtür.

İkinci dünya müharibəsində həlak olmuş etnik azərbaycanlıların sayı məlumdur: 58 400.

Müqayisə üçün:

Ermənilərdən ölənlər: 83 700 

Gürcülərdən: 79 500

Tatarlardan: 187 700

(https://ru.wikipedia.org/wiki/%D0%9F%

D0%BE%D1%82%D0%B5%D1%80%D0%B8_%D0%B2_%

D0%92%D0%B5%D0%BB%D0%B8%D0%BA%D0%BE%

D0%B9_%D0%9E%D1%82%D0%B5%D1%87%D0%B5%

D1%81%D1%82%D0%B2%D0%B5%D0%BD%D0%BD%D0%BE%D0%

B9_%D0%B2%D0%BE%D0%B9%D0%BD%D0%B5)

Rəqəmlərlə belə maipulyasiyalardan hətta peşəkar tarixçilər də utanmırlar. Onlar azərbaycanlıların müharibə illərində sovet ordusuna 600 min nəfərə yaxın əsgər verdiyini iddia edirlər.  Sayı iki miluyondan bir qədər çox olan xalq 600 min əsgər verə bilərdimi? Nəzərə alaq ki, bunların yarısı qadındır, bir hissəsi qoca və uşaqlardır, xəstələr və əlillər də var.

Manipulyasiyadan utanıb-çəkinməyən tarixçilər Azərbaycanın əhalisinin ümumi sayını (3 205 150) götürürlər. Kamran Həsənli kimi üskük oynadanlar isə özlərinə əziyyət verib sənədlərə ötəri də olsa baxmırlar. Kamran Həsənli də Çiçikov kimi peşəkar fırıldaqçıdır, ölü canlarla alver eləyir, rusu, ermənini qatır azərbaycanlı şəhidlərə.

İndi ki, Kamran Həsənli erməniləri qatır azərbaycanlıları siyahısına, ona xatərlatmaq vacibdir:

Ermənistanın monoetnik respublika olduğu məlumdur. Buna görə də təəccüblü deyil ki, Ermənisrandan səfərbər edilən 320 min nəfərinin 300 mini erməni olub. Nəzərə almaq lazımdır ki, o vaxt çoxlu erməni Rusiya və başqa müttəfiq respublikaların ərazisində yaşayıb.

Mən, əlbəttə, demirəm ki, 58 min ölüm azdır. Bir nəfərin də ölümü ağır itkidir. Bizim kəndimizdə çəpər qonşularımızdan iki qardaş – Əsəd  və Mustafa Məmmədovlar – həlak olublar. Başqa qonşumuz – Həsən Bədəlov – cəbhədə həlak olub, arvadı dörd uşağı zülmlə böyüdüb. Yəni 58 min ölüm  — 58 min faciədir. Hələ on minlərlə insan şikəst olub. Ancaq manipulyasiyalar, ermənilərdən, ruslardan ölənləri öz adımıza çıxmaq alçaqlıq və rəzillikdir. Belə manipulyatorlara şərəf anlayışı yaddır. Belə manipulyasiyaları eləyən insanlar qonşu toyuğunu, metroda telefon da oğurlayarlar…

Təəssüf ki, belə getsə, Azərbaycanda əsil olan, doğru olan, həqiqi, tarixi olan heç nə qalmayacaq. Köhnə binalar dağıdılır,  küçə adları dönə-dönə dəyişdirilir, hadisələr, tarixi şəxsiyyətlərin  bioqrafiyaları təhrif olunur. Azrbaycanda tarix elm deyil, aşıq yaradcılığıdır. Sovet vaxtının toylarında bir göy beşliyə «Ana ürəyi» oxuyan xanəndələr kimi, «tarixçi»lər də «yuxarının» sifarişiylə  hər cür qondarmanı, uydurmanı xalqa, şagirdlərə, tələbələrə sırımağa hazırdırlar və sırıyırlar da…

23.10. 2023, Samara