Архив тегов | REMBO

ARTUR REMBO. SƏRXOŞ GƏMİ

                                                                              

Düşərək felinə lal çayların üzdüm irəli,

Qurtulan tək ciyəsindən canım yedəkçilərin.

Rəngli şalbanlara mismarlayıb Qızıldərilər,

Onları hay-harayla nizələdi.

—

Nə komanda veciməydi, nə də mal,

İngilis mahlıcı yəni, flamand buğdası da.

Çəkilən tək yedəkçilərlə hesab,

Hara mən istəsəm, apardı axar.

—

Dəli çaxnaşmalarla sarsılan dənizlərdə,

Yengi bir qışda üzürdüm, çağa beynindən küt.

Ötüb keçəndə yanımdan donurdu heyrətdən,

Adalar ki, qıraraq lövbəri dəryada gəzinməkdəydi.

—

Verdi hər sübhümə xeyir-duanı fırtınalar,

Aldı-oynatdı dalğalar məni mantar sayağı.

Burda bəlkə neçə səyyahın axır mənzili var,

Mənsə üzdüm, salaraq qorxuya bir çox mayağı.

—

Turşməzə alma şirindir necə uşaqlar üçün –

Eləcə xoşladı bu göy suları şam qılafım.

Qusuntular və çaxır gölləri yuyuldu bütün,

Qırıldı lövbərim ancaq. Sükan da yoxdu daha.

—

Məni şeriyyəti qərq etdi o vaxtdan dənizin,

Ulduz axmış sulara, Sanki süd calanmışdır.

Və füsunkar bu mavilikdə görürsən bəzən

Ölü – görkəmdə deyərsən o, fikrə dalmışdır.

—

Ağarır mavilik qəfil Günün cəlalı ilə,

Canlanır ritm və yoxdur daha sayıqlamalar.

Şərabı qıcqırır eşqin qızıl çalarlar ilə,

Tünddür hər içkidən və səsdə ötər liraları.

—

İldırımlar, bilirəm mən, necə səmanı yaxar,

Ləpədöyənlər, axınlar nədir axşam olcaq.

Və göyərçin qatarı tək necə Sübh qayğılanır –

Mənim bu gördüyümü özgə zənn edər ancaq.

—

Yanır bənövşəyi işıqla, köpür, laxtalanır,

Günəşin çöhrəsində sirli, eybəcər ləkələr.

Necə antik dramın aktyoru

Çırpınırdı – eləcə çırpınır, əsir ləpələr.

—

Xəyala gəldi qarla nurlanan yaşıl gecələr,

Qaldırıb ehtirasla öpdüm həm dənizləri mən.

Və misilsiz bu həyat cövhəri ki, dövr eləyər,

Qoşarəng sayrışı həm fosforun ki, nəğmə deyər.

—

Hürküdülmüş sürü tək dalağaların hiddətlə

Olmuşam şahidi mən riflərə çırpılmağının.

Ümidim yoxdu da bu Dərya zəiflər, nəhlər,

Düşər üzqoylu Təmiz Məryəmin ayaqlarına.

—

Yan keçirdim inanılmaz Floridlərdən,

Orda panterlər adam cildli, gözlərində çiçək.

Elə əyilmədə göy qurşağını gördüm mən,

Elə bil indi dəniz ilxısı kəməndlənəcək.

—

Qıcqırırmış necə, gördüm nəhəng bataqlıqlar,

Leviafan çürüyür orda qamışlıqlıqlarda.

Sular qəfil burulur, sarsılırdı matlıqlar,

Uçurumlardakı mirvarilik uzaqlarda.

—

Səmada od, günəş –ağ, dalğa – sədəf. Buzlaqlar,

Suları qəhvəyi körpəz, rəzil dayazlıqlar.

Orda var müdhiş ilanlar ki, bitlərə yem olar,

Yerə düşəndə ağacdan, kəsif bir iy yayılar.

—

Göstərəydim uşaqlara bu mavi dalğaları,

Doradları və qızıl nəğməkar balıqları da.

Məni çiçək-çiçək köpüklənən su yırğaladı,

Ruhu qəribə küləklərsə qanadlandırdı.

—

Qütblərdən və zonalardan axıb can üzərək,

Dəniz ağlardı, yumşalırdı dalğa zərbələri.

Sulara endi toranlıq çiçək dəstəsi tək,

Mənsə diz üstə düşən bir qadın kimi əyili.

—

Üstümə zir-zibil töküldü, oxşadım adaya,

Yağdı ağgöz, ışqırıqçı quşların peyini.

Mən üzürdüm. Burazları bu vaxtsa adlayaraq,

Boğulanlar girirdi burda keçirsin gecəni.

—

Beləcə gözdən itirdim yosunlar altında,

Qasırğa atdı bir fəzaya ki, tox quşdan əsər.

Elə mən sərxoşam sudan, çətin ki əl uzada,

Mənə yelkənliləri Hanzın, həm kreyserlər.

—

Gedərəm arxayın, bənövşə dumanlar çəkilər,

Səma da allanan yerində divar tək dəlinir.

Ləziz mürəbbələrlə ki, bəyənir şairlər,

Qarışırdı günəşin dəmrovu, göyün seliyi.

—

Yürüyürdüm talaşa tək yağırdı nur yoluma,

Qara bir ilxı dənizdən çıxıb dalımca qaçmaqda.

İyulların dəyənək zərbəsiylə mavi səma,

Alovlanan çuxurlara axıb alışmaqda.

—

Cütləşirdi Begemotlar malstromlar ilə,

“Ah”lar, “oh”lar gəlib yetişdi, məni titrətdi.

Keçsə günüm də mavilikləri əyirməklə,

Qədim Avropa nisgiliylə məni göynətdi.

—

Adalar gördüm orda, sıxlaşırdı bürclər tək,

Açıldı səyyahın yolunda sayrışan göylər.

Belə sonsuz gecələr bəlkə sən yatırsan tək,

Başında quş qatarı, ey gələcək Qüvvə-qədər.

—

Ah, yetər ağladım! Bu şübhələrsə qəlbi didən,

Günəşdə zəhrmar dadı, itib insaf ayda.

Xoralı sevgi məni sardı, bədən keyləndi,

Çatla ey kil və batım, qərq olum bu dəryada.

—

Məni Avropaya çəkən sular soyuq və qara,

Xırda bir gölməçədir ki, yanında çömbələrək

Kədərli bir uşaq kimi axşam çağı atıb sulara,

Üzdürür bir qayıq ki, may böcəyindən kövrək.

—

Yetər artıq! İliyə vurdu dalğa bezdirdi,

Məni pambıq gəmiləriylə qaçdı-tutdu yaman.

Qoy bu bayraqların ədası çəkilsin gözdən,

Görəyim həm də ki dustaqları pontonlardan.

Bəzi izahlar

“Sərxoş gəmi” şeri ilk dəfə 1883-cü ilin noyabrında müəllifin xəbəri olmadan “Lutece”də və 1884-cü ildə Verlenin nəşr etdiriyi “Lənətlənmiş şerlər” kitabında çap olunmuşdur.

Bu, Rembonun Şarlevildən Parisə getməzdən qabaq yazdığı son şerdir. Burda o, şeri öz əliylə 1871-ci ildə Verlenə vermişdir.

Şərhçilərin fikrinə görə, Rembo bu şeri heç vaxt dənizi görmədən yazmışdır. Mənbə kimi çoxlu ədəbi qaynaqlar göstərilir.

“Sərxoş gəmi” – C. Muke bu başlığım mənbəyini “Le Magasin pitoresque” jurnalında 1869-cu ilin sentyabrında çıxmış məqalənin “La marubia” başlığında görür. Burda Sijiliya sahillərində müşahidə olunan “marubia” (“sərxoş dəniz”) dəniz təlaşı təsvir olunurdu.  Bu sözün fransız tərcüməsi – “mer ivre” Rembonun diqqətini çəkə bilərdi.

Leviafan – finikiya mifologiyasında dəniz əjdahası

Hanz – Orta əsrlərdə Şimali Avropa şəhərlərinin ticarət birliyi. 1241-ci ildə yaranıb.

Begemotlar – S. Bernarın fikrinə görə, bu, Hüqonun “Dəniz əməkçiləri”  romanının oxusu ilə bağlıdır. Romanda şirlərin cütləşməsindən danışılır və mağaranın təsvirində begemot xatırlanır.

Malstrom – Norveçin şimal-qərb sahilində şəlalə.

Şer Azərbaycan dilinə fransız orijinalından tərcümə edilib. Fevral – mart 2007, Samara

Xeyrulla XƏYAL