Архив тегов | Uruzun dustaq olduğu boy

DƏDƏ QORQUDUN URUZ DUSTAQLIQDAN ÇIXANDA DEDİYİ

U LENİ. KİNO

(Uruz dustaq olduğu boy)

Xeyirdua verək, xanım!

Doğma uca qara dağın uçmasın,

Kəsilməsin kölgə verən ağacın.

Qanad çalıb ucalıqda uçasan,
Qurumasın gözəl sulu bu axın.

Namərdlərin olmayasan möhtacı,
Büdrəməsin çaparkən ağ-boz atın,

Gödəlməsin döyüşəndə qılıncın.

Üzülməsin Tanrı verən umudun.

Ayırmasın axır gündə imandan,
Qəbul etsin bu beş kəlmə duanı.

Rica yetsin günahları olandan,
Bağışlansın Məhəmmədin adına.

23.03. 2021

QAZAN XANIN DUSTAQ URUZ BƏYƏ DEDİYİ

U LENİ. KİNO

(Uruzun dustaq olduğu boy)

Oğul, oğul, ay oğul!

Qarşı qara dağın zirvəsi oğul!

Belimin, qolumun qüvvəsi oğul!

İşıqsan qaranlıq gözlərimdə sən!

Səninçün dururdum dan söküləndə,

Səninçün yorurdum qonur atımı,
Ağ donu səninçün toza batırdım.

Başım sənə qurban, canım Uruz bəy,

Sənsiz uca taxtım yerə enəcək.

Təbillər hay salıb daha döyülməz,

Möhtəşəm divanım durub, sürülməz.

Sənin dost dediyin bəy oğulları,

Qara geyindilər, ağı çıxarıb.
Quş qatarı kimi qızım-gəlinim,
Ağ donu çıxarıb, qara geyinib.

Qanlı yaş axıdar, ovunmaz anan,

Gedir atanın da huşu başından.

Əgər burdan, oğul, mən geri dönsəm,
Anan mənə “hanı bəs oğlum” desə,

Deyimmi dalında əlləri bağlı?

Deyimmi boynuna sicim taxılı?

Deyimmi yanınca yağı yürüdür?

Bəs onda namusum hayana gedir?
Deyimmi qıl köynək sürtüb yandırar?

Deyimmi buxov var ayaqlarında?

Deyimmi yeməyin acı soğandır?

 

Yenə dedi:

Oğul, qarşı yatan dağlarım əgər,
Qarısa, ot bitməz, yaylamaz ellər.

Şırıldayıb axan bu gözəl sular,
Qurusa nə daşar, nə də ki, çağlar.

Dəvələr qarısa, köşəklər olmaz,
Atlar qarıyarsa, qulun doğulmaz.

Oğlu hardan olar, qarısa igid,

Atan da, anan da qarıyıb gedib,
Daha oğul verməz Tanrımız, əgər,
Versə də olmaz o sənə bərabər.
Versə də o sənin yerini tutmaz.
Qara bulud ollam göy üzündə mən

Dönərəm göylərdə qara buluda,
Kafərin üstünə guruldayaram.

Doqquz nəfərini bir sayaram mən,
Od olub qamış tək yandıraram mən.

Aləmə yayılar cəngimin səsi,
Yaradan Allahın mədədi gəlsin!

22-23.03. 21, Samara

URUZUN DUSTAQLIQDA QAZAN XANA DEDİYİ

U LENİ. KİNO

(Uruz dustaq olduğu boy)

Bəy baba, bura gəl!

Hardan bildin burda dustağam axı,

Daldan əllərimi yağı  bağlayıb,
Mənim ağ boynuma qıl sicim taxıb,
Qaragöz igidlər gedib qırğına?

Gəlmədin, kafərlər belə dedilər:
“Salın xan Qazanı atın belindən,
Sarıyın dirsəkdən ağ əllərini
Ayırın bədəndən gözəl başını,
Axıb alca qanı tökülsün yerə,

Öldürün oğlünü onunla birgə,
Sönsün qoy ocağı”, — dedilər onlar.

Xan ata, qorxuram qonur atını,
Birdən səyirdərkən sürüşdürəsən,

Savaşdığın anda əsir düşəsən,

Yağılar kəsələr gözəl başını,
İndi “oğul” deyib sızlayan anam,
“Başım bəxti Qazan” deyib ağlaya.

Ata, vaxt var hələ, geri dön, qayıt,

Altın ban evinə sür qonur atı!

Qarıyan anama ümidi ol sən,

Qaragöz bacımı qoyma ağlasın!

Ata oğul üçün ölsə, ayıbdır,

Yaradan haqqına, dön, evə qayıt!
Anam qarşı gəlib məni soruşsa,
Deyərsən ki, gördüm oğlunu dustaq.
Deyərsən əlləri dalında bağlı,
Deyərsən boynuna sicim taxılı.

Deyərsən qıl köynək boynunu sürtər,

Buxov topuğunu döyənək edər.

Yediyi küt arpa çörəyi, soğan,
Üzməsin özünü qoy ancaq anam,

Oturub göz diksin  yollara bir ay,
Bir aya gəlməsəm, baxsın iki ay,
İki ay ötərsə, üç ay da baxsın,

Ölmüşəm deməli, üç ay da çıxsa,
Ayğır atı kəsib aşımı versin.
Yad qızı arvadım halallıq alsın,
Mənim gərdəyimə girsin ayrısı.

Anam göy geyinsin, qara bağlasın,
Qalın Oğuz eli yas da saxlasın.

Qayıt, evimizə dön ağam Qazan,
Mənim qara başım yoluna qurban!

21-22.03. 2021, Samara

QAZAN XANIN URUZA DEDİYİ

U LENİ. KİNO

(Uruzun dustaq olduğu boy)          

Ay oğul, bəri gəl! Sağ ələ baxdım,
Sağ əldə qardaşım Qaragünəydi, —

İgiddir, qan tökən, baş da kəsəndir,

Qənimət də alıb, qazanıb ad da.

Dayım Uruz idi sol əlimdəki,
Qan da axıdıbdır, baş da kəsibdir,

Qənimət də alıb, qazanıb ad da.
Qarşıma baxanda, önümdə səndin,
On altı yaşına çatmısan indi,
Bir gün düşüb öləm, sən qalacaqsan,
Sən hələ yay çəkib ox atmamısan,
Yağı qanını da axıtmamısan.

Hələ almamısan Oğuzda ad-san.

21. 03. 2021, Samara

URUZUN QAZAN XANA DEDİYİ

U LENİ. KİNO

(Uruz bəyin dustaq olduğu boy)

Buyur, ağam Qazan, sözümü dinlə!
Güldün qəhqəhəylə baxıb sağına,

Gördüm çox sevindin baxıb soluna,

Nədənsə ağladın mənə baxıb sən,

Söylə, səbəb nədir, əgər deməsən,
Qalxaram, duraram onda yerimdən,
Yığaram qaragöz igidlərimi,
Qan Abxaz elinə sürüb gedərəm.
Orda əl basaram qızıl xaça mən,
Öpərəm keşişin hələ əlindən.

Alaram qaragöz kafir qızını,

Bir daha görmərəm sənin üzünü.

Niyə, ağam Qazan, ağladın belə?

Qurban qara başım, söylə, tez elə!

20. 03. 2021, Samara