QAZ KƏMƏRİ GƏLİB KƏNDƏ, NƏHAYƏT…

SAHƏ.jpg

Kəndə qaz kəməri gəlib, nəhayət,

Hər evdə qaz yanar bəlkə sabahdan.

Qazın kəndimizə verdiyi ləzzət,
Çətin alınardı yüz əlli yazdan.

+

Azəri kəndinə azəri qazı,
Yolunu bir əsr azdırıb gəlib,

Dünya bazarını dolaşıb, gəzib,

Yarı Avropanı qızdırıb gəlib.

+

Heyf ki, kəməri görmədi anam,
Kipriyi həmişə od götürənim,
Əlləri təndirdə, ocaqda yanan,
Odun daşıyanım, su gətirənim.

+

Ölən günə qədər neft pilətəsi,
Yandı, tüstülədi, gözü yaşartdı.

Ölkə sərvətindən ona çatası,
Bu acı tüstülü, hisli həyatdı…

+

Farışdan yaralı çiyinlərində,
Odun şələləri daşıyanlara,

Tökülmüş-sökülmüş geyimlərində,
Qışda da, yazda da üşüyənlərə,

+

Yuxusuz gözünə tüstü dolduran,
Gecə-gündüz əski qurudanlara.

Qışın şaxtasında, yaz soyuğunda,
Can qoyub məişət yaradanlara,

+

Yəqin ki, halaldır kiçik abidə.

Məktəbin yanında, məscidin ya da.

 Bir dilim xatirə yana əbədi,

Həyatı şam kimi yanan arvada.

17.04.2018

Samara