Архив | Апрель 2018

QƏRİB

U LENİ. KİNO

Köçəri xırda quş ovucda əsir,
Nə sığala baxır, yeməyə nə də.

Bütöv bir dünyanın təəssürləri,
Muncuq gözlərində yaşayır indi.

+

Üzüm saplağı tək zərif ayağı,
Metal həlqəlidir, həlqə yazılı.

Biləcək yazını hər kəs oxuya,
Hardan uçub gəlib çatıb mənzilə.

+

Sirdir indiyəcən, necə uçurlar,

Qitədən-qitəyə, azmadan yolu.

Vətəndən vətənə hər il köçürlər,

Nə qədər uçalar, qanad yorulmur.

+

Qərib də köçəri, quş deyil ancaq,

Fəsil dəyişəndə düşməz həvəsə.

Nə yollar bağlıdır, nə mənzil uzaq,
Nə də saxlayanı, durub gedərsə.

+

Bəlkə təbiətin sınıb saatı,
Gedişin, gəlişin vaxtını demir.

Quşları haylayan, aparan səda,

Qəribin içində nədənsə dinmir.

+

Buxov, qandal yoxdur ayaqlarında,

Çağıran olsa da, çətin ki, uçar.

Tapılar günlərin bir günü morqda,
Ayaq barmağında nömrəsi də var.

06.04.2018

Samara

UİLYAM ŞEKSPİR. 106-CI SONET

Sonnet_106_1609.jpg               

                               When in the chronicle of wasted time

 Görəndə tarixi yazılarda mən,

İnsanlar olub ki, sevimli, dilbər.
Şeirlər yaranıb tərənnümündən,

Ölmüş xanımların, bəylərin gözəl.

 

Onda tərifində gözəl nə varsa.

Yəni qaşın, gözün, dodağım, əlin,

Görürəm müəllif çalışıb yaza,

Eyni ilə sənin gözəlliyini.

 

Təriflər onların öngörənliyi,
Sənin surətinin, bizim günlərin,

Gələcəyə ruhi baxış zilləyib,

Vəsf edə biliblər bugünkü səni.
             Səni bu gün görən heyran olacaq,

             Çatmaz tərifinə qüdrəti ancaq.

 

İngiliscədən tərcümə

02.04.2018

Samara

UİLYAM ŞEKSPİR. 105-Cİ SONET

sonnet 105.jpg

            Let not my love be called idolatry

Bütpərəstlik demə  mənim eşqimə.
Mənim sevdiyim də bütə bənzəmir.

Bütün nəğməlrim indi, həmişə,

Bir nəfər haqqında, bir nəfərindir.

 

Sevdiyim səmimi bu gün, sabah həm,

Həmişə kamildir məlahətində.

Sabit olanı da vəsf edər qələm,

Həvəs yox yazmağa ayrı heç nədən.

 

Səmimi, həqiqi, gözəl –yazıram,

Bunları, sözlərdir müxtəlif olan.

Üçün vəhdətinin verdiyi ilham,

Tükənməz, yazdıqca hər çalarından.

 

                  Səmimi,həqiqi, təmiz ayrıza,
Yaşardı, tək səndə birləşib ancaq.               

 

İngiliscədən tərcümə

01.04.2018

Samara

«BİOVULF» VƏ «KİTABİ-DƏDƏ QORQUD»: NADİR OXŞARLIQ ELEMENTİ

QORQUD.jpeg

Qədim ingilis dastanı “Biovulf”la (orijinal mətndə: Bíowulf) “Kitabi-Dədə Qorqud” dastanı arasında fəqqli cəhətləri görək oxşarlıq tapmaqdan daha asandır, Yalnız “Dəpəgöz” boyunda yaxınlıq elementləri müşahidə olunur.

Əvvəlcə demək lazımdır ki, “Biovulf”da qeyri-müəyyən ya da mifik mənşəli personajlar, Qrendel, onun anası, Əjdaha nitqsizdirlər, Qrendelin anası dastanda mühüm yer tutsa da, nəinki nitqsizdir, onun adı da yoxdur, mənşəyi qardaş qatili Qabillə bağlanır.

Yarııminsan Dəpəgöz isə nəinki danışır, onun dilindən deyilən şeirlərin bədii ifadəlilik və emosianal dolğunluq baxımından bərabəri yoxdur:

Qaçubanı Salaxana qayasına girəm, deyərdim.

 Ağır mancılaq daşla atam, deyərdim.

 Enüb daş başıma düşübən öləm , deyərdim.

 Ala gözdən ayırdın, yigit, məni!

Datlu candan  ayırsun Qadir səni!”

“Əlcügəzi qınalı qızcığazları çoq yemişəm.

 Qarışçuları tutdı ola, gözüm, səni?

Eylə kim çəkərəm mən göz bunını,

Heç yigidə verməsün

 Qadir Tarirı göz yükini!

 Gözüm, gözüm, ay gözüm! Yalnuz gözüm!»…

İndi yaxınlıqdan. Biovulfla Qrendelin anası su altında vuruşurlar. Biovulfun qədim qılıncı Hruntinq arvada batmır, arvad özü Biovulfa qılıncla hücum çəkir, zireh qəhrəmanı qoruyur. Birdən Biovulf mağarada çoxlu qiymətli şeylər arasında nəhəng ölçülü qılınc görür və bu qılıncla da arvadın boynunu vurur.

Basat da Dəpəgözü onun öz qılıncıyla öldürür. Gözünü itirəndən sonra depressiv-suisidal vəziyyətdə olan Dəpəgöz qılıncı Basata özü göstərir.

“Şol mağarayı gördünmi?” Basat aydır: “Gördüm” . Aydır: “Anda iki qılıc var; biri qınlu, biri  qınsuz,  qınsuz kəsər mənim başımı. Var, getür, mənim başum kəs!”

“Basat qaqıb  yerindən durı gəldi. Buğra kibi Dəpəgözi dizi üzərinə  çökürdi. Dəpəgözün kəndü qılıcıyla boynını urdı”.

Bu uzaq oxşarlıq, əlbəttə, istisnadır, onun mənşəyini isə qeyri-insani varlıqlara yalnız qeyri-adi vasitə və silahlarla ya qüvvə ilə batmağın mümükünlüyü ilə bağlı təsəvvürlərdə axtarmaq olar.

05.04.2018

Samara

UİLYAM ŞEKSPİR. 104-CÜ SONET. İKİ TƏRCÜMƏ

sonnet 104        

       104-CÜ SONET

                  To me, fair friend, you never can be old

Dostum, qocalmazsan mənim üçün sən,

İlk dəfə baxanda gözünə gözüm,

Gördüyüm gözəlsən. Üç qış o gündən,

Gəlib cəlalını üç yayın pozub,

 

Üç gözəl bahar üç payıza döndü,

Gördüm fəsillərin dəyişməyini.

Üç aprel çiçəyi yandı iyunda,

Bahar təravəti səndəsə həmin.

 

Saat əqrəbi tək gözəllik hərçənd,

Getsə də, görünməz gözə addımı.

Gedir bəlkə sənin gözəlliyin də,

Görmürəm, gözümü sevgim aldadır.

 

                        Eşit, gələn əsr: sən doğulmamış,

                        Gedib gözəlliyin yayı, gəlib qış.

İngiliscədən tərcümə

31.03.2018

Samara

 

                ÜİLYAM ŞEKSPİR

      104-CÜ SONET

                       To me, fair friend, you never can be old,
                       For as you were, when first your eye I ey’d…

(ƏRUZLA)

Sən, əzizim, gözümdə heç zaman qocalmazsan,

Sən necəydinsə ilk görüşdə, həminsən yenə də.

Həmin gözəlsən, üç il qış soyuğu qoydu viran

Yayın cəlalını bağlarda, füsunkar meşədə.

Sarı payızlara üç il basıldı göy yazlar,

Gözüm önündə fəsillər dəyişdi bir-birini.

Getdi Aprel, İyunda yandı xoş ətirli nə var,

Səndə əvvəlki təravətsə görən tək bilinir.

Ah, gözəllik gedirsıə də, gedir saat kimi o,

Gedir, əqrəblərinsə gözlə seçilmir gedişi.

Sənin gözəlliyində zərrəcə zaman izi yox,

Zaman gedir, dəyişmyən gözümün aldanışı.

 

Gələn nəsillərə mən üz tuturam təşvişlə:

Gözəllik öldü siz doğulmamışdan hələ.

 

ingiliscədən tərcümə

24-25.09.2016

Samara

UİLYAM ŞEKSPİR. 103-CÜ SONET                                        

 

sonnet 103.jpg 

              Alack, what poverty my muse brings forth…

Əfsus, nə miskindir, Pərim yaradan,

Fürsət böyüksə də hünər göstərə.

Mənim təriflərim artırılmadan,

Mövzu özlüyündə min dəfə gözəl.

 

Bir daha yazmasam, incimə məndən

Aynaya nəzər sal, ordakı çöhrə,
Üstündür mənim küt təxəyyülümdən,

Nə yazsam da, mənə xəcalət verər.

 

Gözəl yaranmışı vəsfə  cəhd edib,

Onu gözdən salmaq günah deyilmi?

Şerimin yeganə axı məqsədi,

Vəsfidir mükəmməl  gözəlliyinin.

 

                               Və şeirim deyəndən min dəfə səni,

                               Həqiqi göstərər aynada əksin.

 

 

İnfiliscədən tərcümə

30.03.2018

Samara

UİLYAM ŞEKSPİR. 102-Cİ SONET

 

sonnet 102

                  My love is strengthened, though more weak in seeming…

Artır məhəbbətim, görünməsə də,

Niyə göstərim ki, necə sevirəm.

Sevgisindən harda gəldi bəhs edən,

Onu bazardakı mala çevirər.

 

Bizim eşqimizin bahar çağıydı,

Salamlardım onu şeirlə mən də.

Oxuyur bülbül də də necə ki, yayda,

Sükuta qərq olur vaxt ötüşəndə.

 

Bu yayın məzəsi heç də az deyil,

O nəğmə gecəni yaran zamandan,

Cəh-cəh hər budaqdan indi yüksəlir,

İtirər məzəni hamının olan.

 

                       Mən də bülbül kimi lal olam gərək,

                      Nəğməm, qorxuram ki, səni bezdirə.

 

İngiliscədən tərcümə

29-30.03.2018

Samara

   UİLYAM ŞEKSPİR. 101-Cİ SONET

sonnet 101.jpg

                            O truant Muse, what shall be thy amends

Niyə göz yumursan, yarıtmaz Pəri,
Gözəllik içində sən həqiqətə,

Mənim sevdiyimlə bağlı hər biri,

Çatmısan sevgimlə sən də şöhrətə.

 

Deyərsən: «öz rəngi həqiqətin, var

Rəngləyib bəzəmək onu hədərdir.

Açmaz gözəlliyi nə rəng, nə fırça,

Gözəl, qatqısızsa, əsil gözəldir».

 

Tərif artıq deyib susmağım nədir? —  

Yox, ancaq qüdrətlə, səndə ki vardır,

Şöhrəti yaşayar, itsə də qəbri,

Gələn əsrlərdə tanınar adı.

 

                Yayınma, elə gör, Pərim, işini,
                Çatsın gələcəyə biz görən kimi.

 

İngiliscədən tərcümə

28.03.2018

Samara

QEYED: 100-cü sonetin davamıdır