Архив по авторам | Xeyrulla Xəyal

UİLYAM ŞEKSPİR. 60-CI SONET

 

Sonnet_60_1609.jpg

Like as the waves make towards the pebbled shore…

 

Sahilə yönələn dalğalar kimi,
Bizim dəqiqələr can atır sona.

Təzə əvəz edir əvvəlinkini,

İrəli yürüyür inadla onlar.

 

Doğulan ilk gündən gedir, tələsir,

Yetkinliyə doğru, çatan kimisə,

Güntutulmaları yolunu kəsir,

Zaman məhv eləyir, nə vermişdisə.

 

Gənclik cəlalını sarsıdr zaman,

Gözəl alınları qırışlandırır.

Yeyir təbiətdə lətif nə varsa,

Orağı önündə heç nə dayanmır.

 

                Şerimlə bacarmaz ancaq, ümid var,

                Uzaq nəsiıllərə surətin çatar.

          

İngiliscədən tərcümə

17.02.2018

Samara

   UİLYAM ŞEKSPİR. 59-CU SONET

Sonnet_59_1609.jpg

                                 If there be nothing new, but that which is…

Təzə heç nə yoxsa, indi olanlar,

Haçansa olubsa, beynimiz əbəs,

Çoxdan doğulmuşu təzədən doğar,

Çalışanda təzə yaratsın nəsə.

 

Ah, baxa bilsəydim ən azı məndən,

Beş yüz il əvvəllər yazılanlara,

Tarixi naməlum kitabda birdən,

Surətin çıxsaydı sənin aşkara,

 
Onda görərdim ki, nə deyə bilib,

O dünya möcüzə gözəlliyinə.

Sənatkar onlarmış, ya biz irəli,

Getmişik, dəyişmir ya da ki, heç nə.

 

                Əminəm, keçmişin başbilənləri,

                Bəyəniblər sənə dəyməyənləri.

 

 İngiliscədən tərcümə

16.02.2018

Samara

Qeyd: bu sonetdə poetik sintaksis o vaxtlar üçün xaratkterik olmayan ünsürlə yenilənir: ikinci bəndin sonuncu misrasıında fikir bitmir, ümüncü bənddə davam edir.

BACIMIN XATİRƏSİNƏ

ağənnə.jpg

                                              Ağənnənin xatirəsinə

 

Qıt alverdən yorğun gələn,

Həyətində var-gəl edən,

Çay üstündə mürgüləyən,

Yarı içib durub gedən.

 

Çörəyi də yarı yeyən,

Səksəkəli, yarı yatan.

Sadə gəzən, kasıb geyən,
Nisgilini içə atan.

 

İtirdilər əməyini,

Nə yığdınsa, dağıtdılar,

Gəlmədilər köməyinə,

İncitdilər, ağlatdılar,

 

Yoxsan, gedən yerim də yox,

Sənin evin vətən imiş,

Sən kimisi yerində yox,

Yurd da ölən-itən imiş.

 

Nə çox yatdın, dur ay bacım,

Gələrəm, yır-yığış elə.

Düşmənim var, bacarmıram,

Dur bir ağız qarğış elə…

 

15-16.02.2018

Samara

UİLYAM ŞEKSPİR. 58-Cİ SONET

Sonnet_58_1609.jpg

That god forbid, that made me first your slave…

Məni kölən edən Tanrı saxlasın,

Səni izləməkdən, xəyalən belə.

Soruşa bilmərəm kimlə, hardasan,

Sultanı lal-dinməz gözləyər kölə.

+

Himini gözləyib çəkim iztirab,

Haçan sən azadsan, həbsdəyəm mən.

Əzabım artdıqca səbrim artacaq,

Səni qınamaram, hər nə törətsən.

+

Get hara istəsən, sənindir qərar,

Özün sahibisən sən öz vaxtının,

Necə keçirməyə ixtiyarın var,

Özün bağışlarsan cinayətini,

+
                       Çəksəm də cəhənnəm zülmü, gözlərəm,

                       Necə əylənəsən, susub dözərəm.

İngiliscədən tərcümə

15.02.2018, Samara

QEYDLƏR

  1. 57-ci sonetin davamıdır.

Şekspir tədqiqatçıları 1-126-cı sonetlərin kişiyə, kübar gəncə həsr olunduğunu təsdiq etsələr də, bu sonetin rus tərcümələrində şair qadına müraciət edir. Marşakda: “Сама ты гоcпожа своей судьбе”. (Orijinalda: “That you yourself may privilege your time”.)

  1. Üçüncü şəxs əvəzliyinin təki işlənəndə, “dost”un (sevgilinin) kişi olduğuna şübhə qalmır. 58-ci sonetdə bu əvəzlik yoxdur. Güman etmək olar ki, rus tərcüməçiləri ikimənalılıqda çəkinib kişini qadına çeviriblər.

UİLYAM ŞEKSPİR. 57-Cİ SONET     

Sonnet_57_1609.jpg

Being your slave, what should I do but tend…

 

Kölənəm, yaşaram sənin qapında,

Keçən  saatların həsrətiylə mən.

Dəyəri qalmayıb vaxtımın indi,

İşim, qulluğum da təkcə sən deyən.

 

Saata baxmaqdan gözüm üzülər,

Şikayət etmərəm, sultanım, ancaq.

Dərdimi içimə salıb dözürəm,

Köləni özündən salanda uzaq.

 

Demirəm, qısqanclıq məni yesə də,

Hayanda olmusan, kiminlə, haçan.

Bu fikir mən yazıq köləyə bəsdir:

Xoşbəxtdir səninlə qonuşan insan.

        

            Eşq elə aparıb ağlımı başdan,

            Pis heç nə görmürəm davranışında.

 

 İngiliscədən tərcümə

14.02.2018

Samara

UİLYAM ŞEKSPİR. 56-CI SONET

Sonnet_56_1609.jpg

Sweet love, renew thy force; be it not said…

Canlan, şirin sevgi, qoy deməsinlər,

İştah daha iti sənin tiyəndən.

Bu gün iştah ölür, əgər yeyirsən,

Sabah yenə həmin itiliyində.

 

Sən də beləcə ol; bu gün tox və məst,

Gözlərin yumulur şirin mürgüdən.

Geniş aç onları sabah, ətalət,

Sevginin ruhunu qoyma öldürə.

 

Bu ayrıqlıq dövrü sevgililəri,

Ayıran dəryadır, iki sevənsə,

Hər gün sahillərdə üz-üzə gəlir,

Görür yenə eşqin təntənəsini.

 

            Ya da ki, bu, qışdır, bezib qayğıdan,

            Yayın həvəsiylə üzülür insan.

İngiliscədən tərcümə

13.02.2018

Samara

UİLYAM ŞEKSPİR. 54-CÜ SONET

Sonnet_54_1609.jpg

O how much more doth beauty beauteous seem…                    

Gözəllik min dəfə gözəl görünər.

Həqiqət inci tək onu bəzərsə.

Qızıl gül sevimli olsa nə qədər,

Onu həm də ətri sevdirir bizə.

+

İtburnu çiçəyi qırmızılıqla,
Bənzəyir ətirli qızılgüllərə.

Budaqlar tikanlı, görkəmi nazlı,

Elə ki, yay gələr, qönçələr gülər.

+

Onların dəyəri ancaq üzdədir,

Bilən yox açılıb haçan solarlar.

Taleyi başqadır qızılgüllərin,

Xoş ətrə çevrilir ölən tək onlar.

+

               Bir gün gözəlliyin sənin də solar,

               Şerimdə cövhərin əbədi qalar.

İngiliscədən tərcümə

12.02.2018, Samara

UİLYAM ŞEKSPİR. 53-CÜ SONET

  sonnet-53                  

                                                         What is your substance, whereof are you made…

Sən hansı maddədən yaranmısan ki,

Milyonlarla kölgə xidmətindədir?

Var axı hərənin bircə kölgəsi,

Səninsə hər kölgə dalınca gedir.

+

Adonis kətana çəkilsə, hökmən,

Zəif surətindir sənin yanında.

Gözəl Elenanın şəklini görən,

Deyər ki, bu sənsən yunan donunda.

+

Gözəl bahar olsun, barlı payız ya –

Biri kölgəsidir gözəlliynin

Biri səxavətdə sənə bənzəyər,

Bütün təbiətdə tanınır izin.

+

                                     Harda gözəllik var,  orda var yerin,

                                     Amma sədaqətdə yox bərabərin.

 

İngiliscədən tərcümə

11.02.2018

Samara               

UİLYAM ŞEKSPİR. 52-Cİ SONET                             

 

Sonnet_52_1609.jpg          

                   So am I as the rich whose blessèd key…

Mən o varlıyam ki, əziz və zəngin,

Xəzinəyə düşən açar cibində.

Amma bilir baxsa hər saat, hər gün,

Pozular həzzinin incəliyi də.

 

Səni mücrüm kimi saxlayar zaman,

Paltarı saxlayan dolab kimi ya.

Yetişir haçansa xüsusi bir an,

Yenidən incini açıb baxmağa.

 

Bayramlar nadir və təntənəlidir,

Çünki gözlənilir il boyu onlar.

Seyrəkdir inci tək onların yeri,

Almaz asılan tək  boyunbağıya.

 

                   Kim səndən həzz ala bilsə – bəxtiyar,              

                   Səndən uzaqlarsa ümidlə yaşar.

 

Ingiliscədən tərcümə

10.02.2018

Samara

UİLYAM ŞEKSPİR. 51-Cİ SONET

Sonnet_51_1609.jpg

   Thus can my love excuse the slow offense…

Səndən ayrılandan ləng gedən ata,

Mənim eşqim belə haqq qazandırır:

İndi bu yol səni qoyur arxada,

Gərək mən tələsəm qayıdan zaman.

=
Onda yorğası da yavaş görünsə,

Bu yazıq heyvanı bağışlarammı?

Mahmızı sancaram, yelə də dönsə,

Uçsa da, deyərəm mən dayanmışam.

=

Mənim istəyimlə ayaqlaşmaz at;

Yalnız saf eşqdən yaranan istək,

Yarın yollarında kişnəyıb çapar.

Eşqimsə yabıma belə deyəcək:

           =         

                    Ləng idin ayrılıb gedəndə yardan,

                    Qal, özüm çaparam mən qayıdanda.

Ingiliscədən tərcümə

09.02.2018

Samara
QEYD

51-ci sonet 50-ci soneton davamıdır.

Şərhçilər 11-ci misranın naşirlər və tənqidçilər üçün əngəl yaratdığını qeyd edirlər (“neigh” sözü). Don Peterson sonetin mətnində buu sözü “rein” sözü ilə əvəz etməyi məsləhət görür və güman edir ki, “neigh” naşirin ya mürəttibin səhvi nətəcəsində meydana çıxıb.

Stephen Booth “naigh” (“deny” mənasında) sözünü təklif edir.