KİŞİLƏRİN HİCAB QAYĞISI ƏSL PARANOYADIR. TƏƏCCÜBLÜDİR Kİ, NİYƏ İNDİYƏCƏN ÖZ XANIMLARININ SAÇLARINI ÜLGÜCƏ VERMİRLƏR…

Füzuli:

Canı üçün kim ki cananın sevər, canın sevər,
Canı kim cananı üçün sevsə, cananın sevər.
…Müşk-i Çin avarə olmuşdur vətəndən mən kimi,
Qansı şuxun, bilməzəm, zülf-i pərişanın sevər…

Və ya;

 Könlüm açılır zülfi pərişanını görcək…

Zülfi-pərişan – yəni dalğalanmış, dağımış saç, Füzuli və ya Füzulinin lirik qəhrəmanı sevdiy qızın saçlarını bu şəkildə hicab altında görə bilməzdi, yəni on altıncı əsrdə, həm də Kərbəlada qızların, gənc qadınların yaylığı olubsa da, nardaranlılar və ya cəliilabad kəndlərinin sakinləri kimi əleyhqaz geyməyiblər və yaxşı da eləyiblər. Çünki saç qadın gözəlliyinin əsas komponentlərindən olaraq əsrlərlə şairləri ilhamlandırıb.

Vaqifdə:

Üz yanına tökülübdür tel nazik…

Hicablı qızın tel yanaqlara necə tökülə bilərdi?

Və ya:

Buxağın altında, sinə üstündə,
Zülfün burulması, hayıf ki, yoxdur!

Bayatılarda:

Yarın zülfün yellədi,
Əsən külək, sırma tel.

Və ya

Mən aşiqəm, yana saç,
Zülfün döndər yana, saç.
O tərəfdən gün doğub,
Bu tərəfdən yar, nə saç!

 

Və ya:

Mən aşıq gündə dara,
Saçını gündə dara.

Telinə söylə, məni,
Çəkməsin gündə dara.

Bəs Aşıq Ələsgər?

Gözəl, sənin nə vədəndir,
Kəsilib qısa tellərin…

Bəlkə Ələsgərin vaxtında gözəllik salonu da olub. Epilyasiya-filan… Olmamış olmaz…

İnternetdəki videolardı başı, yaxası açıq kişilərin hicab davası eləməklərindən adam qeyzlənir. A kişilər, öz başınızın qeydinə qalın. Allaha inanan gərək qadın saçına ən azı gərək hörmət edə, saç gözəlliyindən estetik həzz ala bilmirsə. Gizlədiləsi olsaydı, Yaradan saçı qadına verməzdi ya da kişiyə verdiyindən verərdi və qadınlar da otuz-qırx yaşlarında dazlaşıb gedərdilər… Hicab cihadı edən kişiləri qadınların saçları çox narahat edirsə,  qoy versinlər ülgücə, yalnız öz qızlarını. Versinlər ülgücə, olsunlar arxayın, əgər onların fikrincə qadın saçları kişiləri tamahlandırırsa. Küçəyə də buraxmasınlar, həftədə bir dəfə elə qadın dəlləyi gəlib xanımın başını taraş eləsin. Evdəki bütün xanımların. Dazbaş xanım yəqin ki, heç bir kişidə ehtiras-filan doğurmaz…

Müsəlman kişilər özləri şorgöz olduqlarından daim narahatdırlar, gözdə-qulaqdadırlar. (Dostoyevski yazırdı ki, ki, iki rus oğlan bir yerdə olanda nədən danışırlar? – Dünya məsələlərindən, allah varmı, yoxmu, sosializmdən, anarxizmdən…İki azərbaycanlı kişi isə, əər puldan danışmırsa, arvaddan danışır, əlbəttə, özgə arvadlarından…) On mülyonlarla müsəlman elə buna görə xırda qızlarını sünnət elətdirir. Hətta Avropada yaşayanları da. Hökumətlər bununla necə mübarizə aparsalar da, elədiklərini eləyirlər. Sabah Azərbaycanda da bu hoqqa başlansa, təəccüblənməyin. Deyəcəklər ki, bunu bizə dinimiz buyurur…

17. 10. 2026, Samara