Архив по авторам | Xeyrulla Xəyal

UİLYAM ŞEKSPİR. 47-Cİ SONET

 

Sonnet_47_1609.jpg

Betwixt mine eye and heart a league is took…

Gözümlə ürəyim ittifaqdadır

Görür bir-birindən qayğı da onlar.

Haçan həsrətinlə gözüm oyaqdır,

Haçan ürəyimi öz ahı dağlar,

 

Şəklindən  bir şənlik  gözüm yaradır,

Çağırır məclisə ürəyimi də,

Bəzən ürəyimə gözüm qonaqdır,

Sevgi duyğuları onu məst edər.

 

Beləcə şəklinlə və eşqimlə sən,

Mənim yanımdasan, olsan hayanda.

Fikrimdən uzağa gedən deyilsən,

Fikrim də həmişə sənin yanında.

 

                         Şəklin nəzərimdə, onlar yatsa da,

                        Gözümü, könlüm nazla oyadar.

İngiliscədən tərcümə

 05.02.2018

Samara

QEYD: Mövzusuna görə 46-cı sonetin davamıdır. Tənqidçilər həm 46-cı, həm də 47-ci sonetdə “eye” (“göz”) sözünün əsasən tək halda işləndiyini qeyd edirlər.

UİLYAM ŞEKSPİR. 46-CI SONET

Sonnet_46_1609.jpg

  Mine eye and heart are at a mortal war…

Elə bil davadır qənimət üstdə,

Gözümlə ürəyin savaşı qanlı.

Səni göz ürəkdən gizləmək istər,

Gözün baxmağına ürək ağrınır.

 

Ürəyim deyir ki, odur məskənin,

Göz almaz olsa da, dəlinməz qala.

Ürəyim deyəni gözümsə danır,
Odur surətini deyir saxlayan.

 

Andlı məhkəməsi fikirlərimin,

Baxdı bu mülkiyyət çəkişməsinə,

Verdiktsə payını verdi hərənin —
Ürəyə düşəni, gözə düşəni.

 

            Gözümə məxsuddur görkəmin indi,

           Ürəyininin eşqi ürəyimindir.

 

İngiliscədən tərcümə

04.02.2018

Samara

Qeyd: 46-cı sonet göz-ürək seriyalı sonetlərdən biridir (24, 38, 47 və başqaları). Müasir oxucular üçün çətindir, o cümlədən çoxlu hüquq terminlərinə görə.

      UİLYAM ŞEKSPİR. 45-Cİ SONET

45_1609.jpg

                      The other two, slight air and purging fire…

 

Daim səninlədir, mən harda olsam,
Safa çıxaran od və yüngül hava.

Hava – mənim fikrim, od – ehtirasım,

Bilinməz hardadır onlar və nə vaxt.

 

Ən çapıq ünsürlər sənin yanına,

Uçan zaman sevgi elçiliyiylə.

Dördünsür həyatım yarılanaraq

Əzilir qüssəylə, varır heçliyə.

 

Bu yüyrək elçlilər dönərkən geri,

Dönər tarazlığı həyatımın da.

Gəlib gətirərlər xoş xəbərləri,

Deyərlər əzizim sağ-salamatdır.

     

                     Sevincim çox sürmür, onları geri,

                     Göndərirəm, məni yenə qəm yeyir.

 

İngiliscədən tərcümə

03.02.2018

Samara

QEYD: 44-cü sonetin davamıdır

 

UİLYAM ŞEKSPİR. 44-CÜ SONET

 

44-CÜ SONET.jpg 

                             If the dull substance of my flesh were thought…

Ətdən-sümükdən yox, fikirdən əgər,

Mayam tutulsaydı, məni bu zalım,

Məsafə saxlaya bilərdi məgər? — 

Bütün uzaqlıqdan sənə çatardım.

 

Onda nə fərqi var, səndən ən uzaq,
Dünyanın mən hansı nöqtəsindəyəm.

Qurunu, dənizi fikir aşacaq,

Harda olduğunu sənin bilən dəm.

 

Fikir öldürür ki, fikir deyiləm!

Dalınca keçməyə sənin milləri.

Sudan və torpaqdan tutulub mayam,
Ayrılıqda keçən vaxtsa inlədir.

 

                   Ağır göz yaşları verir su, torpaq,

                   Bu da dərdlərinin rəmzidir ancaq.

 

Ingiliscədən tərcümə

02.02.2018

Samara

QEYD: Bəzilərinin ehtimalına görə, Şekspirin dərin məyusluğu o vaxtlar onun patronu və bəlkə də məşuqu olan Souzhəmpton qrafının uzaqda olmağı ilə bağlıdır.(Ramsey)

Şekspirin müasirləri torpaq və suyu “ağır element” sayırdılar.Torpaq və su həm də yer və dənizdir, yəni şairlə sevgilisi arasındakı məsafəni göstərir.

45-ci sonnet 44-cü sonetin davamıdır.

UİLYAM ŞEKSPİR. 43-CÜ SONET

 

43 sonet.jpg

                         When most I wink, then do mine eyes best see…

Daha yaxşı görür gözüm, bağlısa,

Gündüz gördüklərim çıxır yadımdan.

Yatarkən gözlərim sənə baxırsa,

Nurlanr onların qaranlığı da.

 

Kölgənlə kölgəlik işıqlanırsa,

Nə gözəl tamaşa kölgən olardı,

Günəşin işığı yayılan zaman.

Görərdi nurunu gözdən olan da.

 

Kölgəndən qaranlıq gecələr belə,

Yuxulu  gözlərə işıq axırsa,

Gözlərim yetişər bəxtəvərliyə,

Gündüz işığında sənə baxarsa.

 

                     Gündüzüm gecədir səni görməsəm,

                     Gecəm gündüz olur yuxuma girsən.

 

İngiliscədən tərcümə

01.02.2018

Samara

YUXUDA UÇMAQDAN GÖZƏL NƏ VAR Kİ…

                               

                                          HƏBİB İTBURNU.jpg  Həbib Zərbəliyevə

Yuxuda uçmaqdan gözəl nə var ki –

Elə bil ağrıyan dişin çəkilib,

Elə bil ən əziz adamın gəlib,

Daha altda qalıb yol üstündəki.

 

Mebelin üstündən uçursan əvvəl,

Aşırsan bilmədən divarları da.

Nə qədər uçasan yuxularında,

Başın nə ağrıyar, nə gicəllənər.

 

Qanaddır əllərin, ayaqların da,

Nə daş qabağına çıxır, nə adam.

İpək buludlara atırsan addım,

Nə yolu kəsən var, nə də ki, yol var.

 

Sən də ulduzlar tək kainatdasan,

Yox sənə göz üstdə qaşın var deyən,

Nəzarət eləyən, dolaşan, dəyən,

Qolu qanadlısan, həyatın asan…

 

Əbədi deyilsə yuxu, ayıldar,

Səni də ya saat, ya da dalandar.
Elə bil ki, quşsan, daşla vururlar,

Qəzaya uğramış uçarsan ya da…

 

01.02. 2018

Samara

UİLYAM ŞEKSPİR. 42-Cİ SONET

42 sonnet.jpg

That thou hast her it is not all my grief…

İndi o sənindir, ən böyük qəmim

Bu deyil, sevsəm də onu mən necə.

İndi sən onunsan, mənim qəlbimi,

Sevgi itkisidir belə incidən.

+

Keçirəm yenə də günahınızdan:
Onu sevdiyimə onu sevirsən;

Mənə xəyanətlə istəyir o da,

Onu mənə görə bəyənəsən sən.

+

Sevdiyim qazanar səni itirsəm,

Onu itirdimsə, qazananı sən

İkiniz qazanclı, itkili mənsə,

Məni incidirsiz  mənə sevgidən.

+

              Nə yaxşı dostumla bir kimiyəm mən,

              Elə məni sevir dostumu sevən.

İngiliscədən tərcümə

31.01.2018

Samara

Qeyd: Mövzusuyla 42-ci sonet 40 və 41-ci sonetlərin davamıdır. Burda Şair həm sevgilisini, həm dostunu itirib. Tənqidçilər bu soneti qəmli sayırlar, “loss” (itki) sözü altı dəfə işlənib. “Love” (sevgi) sözünün də altı dəfə işlədilməsi balans yaratmaq kimi başa düşülür.

Bu sonetdə Şekspir çox uzağa gedir, “sevgi üçbucağı”  əsil “treesome”a çevrilir, çünki münasibətlər heç də platonik deyil… Hərçənd üçlüyün münasibəti azca Füzulinin “Leyli və Məcnun” undakı sitüasıyanı xatırladır. Məcnun özünü Leyli ilə bir varlıq sayır (“Gər mən mən isəm, nəsən sən ey yar”), həm də onda İbn Salama rəğbət oyanır (“Əğyarım yarü yarım əğyar)…

VOLQANIN O TAYINDA

30.01.2018.jpg

Hər gün, hər havada işə gedən tək,

Keçəm o tayına Volqanın gərək.

Ayağım altda buz, buz altdasa su,

Sınanıb, bu yolun yoxdu qorxusu.

Hərdən qarmaşınlar hay salıb keçir,
Görürəm şütüyən xizəkçiləri.

Hamı qıvraq gedir, hamı şən gedir,

Çatışmır deyəsən bircə zəngləri.

Fikirli və ciddi, işə gedən tək,

Mən də yol gedirəm piyada və tək.

Gedirik çevirib arxa şəhərə,

Qar təmiz, havasa saf olan yerə.

Burunları qızarıb, bədən tərlidir,

Ziyafət gözləyir bizi elə bil.

Şaxtalı havanı  ciyərimizə,

Çəkərik, güc gələr ürəyimizə.

Volqanın çölündə keçən saatlar,

Yəqin ömrümüzə illər artırar…

Bu da Volqa çölü, bu, seyək meşə,

İtburnu qızarır hər addım başı.

Bu qar  olmasaydı qurşağa qədər,
Oxşayardı Ərəbqardaşbəyliyə…

Birdən kövrəlirəm, darıxıram da,

Anamı görürəm qarlı cığırda…

Müharibə vaxtı, axıra yaxın,
Elə şaxta olub, Kür tamam donub.

Buzla at-araba keçib gedirmiş

Onda qış özü də müharibəymiş…

Anamı görürəm iyirmi yaşlı,

Ürəyi yaralı, gözləri yaşlı.

Qayanın altında yıxılır-durur,

Xırda əlləriylə buzu sındırır.

Yuyur paltarını ahıl ərinin,

İlki Süleymanın əskilərini…

 

30.01.2018

Samara

 

 

UİLYAM ŞEKSPİR. 41-Cİ SONET

 

41sonnet.jpg

Those pretty wrongs that liberty commits

Ürəyindən uzaq düşəndə bəzən,

Mənsiz çıxardığın xırda hoqqalar,

Yaraşır yaşına, gözəlliyinə,

Fitnə səni izlər qarabaqara.

 

İncə olduğundan fəth edilirsən,

Təqib olunursan, çünki gözəlsən.

Qadın fitnəsinə əgər hədəfsə,

Qadından doğulan necə çəkilsin?

 

Mənim olana da sən yiyələndin,
Gəncliyin sehriylə, gözəlliyinlə.

Onlardı rəhbərin, səni yönəldən,

İki xəyanətə çəkən də elə:

 

                 Məndən sevgilimi ayırdın sən həm,

                Dostluğun üstündən çəkdin həm qələm.    

İngiliscədən tərcümə

30.01.2018

Samara

Qeyd: 40-cı sonetdə açılan məhəbbət üçbucağı mövzusu bu sonetdə inkişaf edir. Şekspirin qəhrəmanı ikiqat – dostunun və sevgilisinin – xəyanətdən əzab çəkir.                            

“DOĞDU GÜNƏŞ, DOLDU CAHAN NUR İLƏ…”

Əgər azərbaycanlılara millətin, ölkənin rəmzi ola biləcək bir şeir seçmək təklif olunsa, mən bəlkə də Sabirin “Cütçü” şeirini seçərdim. Mən uzun müddət məktəb müəllimi olmuşam, aşağı sinif şgirdlərinin, hətta zəif oxuyanların, bu şeiri deyərkən necə ruhlandığının şahidiyəm.

Mən bu gün Ayxan Ayvaz adlı bir gəncin Kulis.az saytında Sabir haqqında məqaləsini oxuyub… yox, təəssüf ki, ruhlanmadım. Çox məyus oldum. Yazının ümumi savad səviyyəsi 5-6-cı  sinif şagirdlərinin səviyyəsindən də aşağıdır, müəllifin nəinki akademik təhsili yoxdur, onun ümumiyyətlə təhsilli olduğu şübhə doğurur. Müəllif Sabirə hücumlarını  mərhum Rafiq Tağıya istinadla başlayır. Guya Rafiq Tağı deyirmiş ki, Sabir sabun alverində ziyana düşüb, acığını xalqdan çıxıb.

Və Rafiq Tağıdan gətirdiyi sitatı uzada-uzada Ayxan iddia edir ki, Sabir şair deyil və Sabir xalqın düşmənidir.

Mən Rafiq Tağını yaxından tanıyırdım. Mənim Moskvada oxuduğum illərdə o, paytaxtda yaşayır və təcili yardımda işləyirdi. Tanıdığına, tanımadığına canıyanan idi, mənim özümü Moskvada həkimə də aparıb, iynəmi də vurub. Rafiqin o vaxtlar fikri-zikri yazıçı olmaq idi. Elçinin köməyi ilə hekayələri hətta “Drujba narodov”da çap olunmuşdu – bu yazıları Bakıda Elmira Axundova (o vaxt ittifaqda referent) ruscaya sətri tərcümə edir, Moskvada isə İttifaqın hesabına bədii tərcüməyə çevirirdilər. Boynuma alım ki, Rafiqin hekayələrini mən bəyənmirdim, onlarda mənim üçün təzə və maraqlı heç nə yox idi. Rafiq Lenin kitabxanasında oturub rus jurnallarında oxuduğu hekayələri yamsılayırdı… Bir dəfə o vaxt tələbə olan Saday Budaqlı mənə dedi: “Rafiq bilirsən nə yazır? “Sinəsi baş kimi tüklü id…” Oxuyanda az qalmışdım gülməkdən öləm…”

“Sinəsi baş kimi tüklü idi” – bunu Qoqol yazıb. Nozdryov haqqında…

Rafiq Tağı humanitar təhsilli deyildi. Çexov da tibb təhsili alıb, ancaq Çexov dünya ədəbiyyatını bilirdi, fəlsəfəni bilirdi və daim oxuyurdu — əlbətə, burda talantların miqyasından danışmaq artıqdır. Rafiq Tağı isə ümumimiyətlə savadlı adam deyildi. Bakıya qayıdandan sonra biliyinin, məlumatının nəinki çatmadığı, hətta olmadığı sahələrdə dolaşıq söhbətlərə girişdiyini biləndə mən çox təəccüblənirdim… Mənə elə gəlir ki, Bakıda Moskvadakı mülayim, qismən avropalı mühiti tapmayan Rafiq içərisində çoxlu kin yığıb və ödünü bəzən Azərbaycan mühitinin qəddarlığında heç bir günahı olmayan insanlara qarşı yönəldib. Məsələn, Sabirə. Hərçənd mən inanmıram ki, Rafiq Sabiri diqqətlə oxuyaydı. Heç olmasa vacib, “proqram” şeirlərini, məsələn, “Fəxriyyə”ni…

Və təsadüfi deyil ki, Kulis.az-dakı məqalənin müəllifi xalqın düşməni saydığı Sabirdən bir misra da sitat gətirmir. Bu xalqa düşmənçiliyi Sabir hansı şeirində büruzə verib? Bəlkə “Qarğa və tülkü”də?

Mənim universitetdə antik ədəbiyyat müəllimim olmuş İsmayıl Əlizadə bir sualıma cavab verərkən dedi: Elmin qabağına elmlə çıxmaq olar, publisistika ilə yox…

Təəssüf ki, indi publisistika ilə çıxa bilən də qalmayıb. Sabirin üstünə polis təhdidləri, prokuror ittihamları ilə yeriyirlər…

28.01.2018

Samara