Архивы

KOMİK “AYGÜN” POEMASI. HEÇ BİR ƏXLAQ NORMASI TANIMAMIŞ İNSANIN ƏXLAQ NƏZƏRİYƏSİ

bağırov_vurğun

Yoldaş Əmirxan da sağalıb durur. Bağı yoxlayıb görür ki:

“Ağaclar gümrahdır, meyvələr sulu”.

Bəs meyvələri özü şəxsən xəstələnməmişdən qabaq yığmamışdı?

“Nə yarpaq, nə də bir ot saralmışdır”.

Muğanda meyvələr sulana, yarpaq, ot saralmaya?

Səməd Vurğun oxucudan soruşur:

“Yaz ətri gəlirmi şeirlərimdən?”

Yox, gəlmir… Bilmək olmur hansı fəsildir… Pis iy gəlir…

Yoldaş Əmirxanı yenə qısqanclıq qurdu gəmirir. Fikirləşir ki, bəlkə Aygün Elyarla gəzir…

Aha! Bu da Elyar özü! Öz ayağı ilə gəlib Muğana yoldaş Əmirxanın yanına.

Əl-ələ görüşürlər.

Səməd Vurğun:

“Rəqiblər dost olur bizim dünyada”

Yəni bu, Puşkinə eyhamdır, onun duelçi qəhrəmanlarına.

Elyar yoldaş Əmirxana məruzə edir ki, onun “zövcəsi” qeyrətli qadındır, yalnız yoldaş Əmirxanı sevir və ondan ötrü darıxır. Və Aygünün ona yazdığı məktubu yoldaş Əmirxana verir.

Bu dəfə yoldaş Əmirxanla Elyar öpüşürlər…

(Uşaqların üzünü o yana çevirin…)

Yoldaş Əmirxan bağını Elyara göstərir.

Aha!

Sən demə Aygünlə Ülkər hərəsi bir ağacın dalında gizləniblərmiş!

Yoldaş Əmirxan:

“Dönüb qucaqladı Aygünü bərk-bərk”.

Komik poema belə bitir:

“Onlar sevindilər, sevinək biz də…”.

Təəssüf ki, bu fövqəladə uzun cəfəngiyatı oxuduqca doyunca gülmək mümkünsə də, sevinmək mümkün deyil. Çünki bu “poema” Azərbaycan sovet poeziyasının miskinliyini bütün miqyası ilə göstərir. Bu poema indi də  məcburi proqramlar çərçivəsində tədris olunan “əsərlərin” poetik mədəniyyət, sənətkarlıq tələbləri və standartları baxımından necə bərbad vəziyyətdə olduğunu göstərir. Belə “əsərlərlə” poetik tərbiyə almış yeniyetmələri sonradan yüksək poeziyaya yönəltmək bəlkə də qeyri-mümkün olur.

Bu poemada canlı bir surət belə yoxdur. Bakılı kimi təqdim olunan Əmirxanda ən xırda şəhərli cizgisi belə tapmaq mümkün deyil. Nə  həyat tərzində, nə danışığında, nə qadına münasibətində. Səməd Vurğun bakılı Əmirxan adıyla bir kənd adamını təsvir edib.

Aygün də canlı insan deyil, Səməd Vurğunun kommunist partiyasının yüksək gözstərişləri əsasında yaratdığı müasir qadın layihəsidir. Bu Aygün hardan çıxıb, valideynləri kimdir – məlum deyil. Elə bil inkubatorda yaranıb. Niyə yoldaş Əmirxana aşiq olduğu məlum deyil. (Sıx qaşlar, geniş sinə — bu, inandırıcı deyil…)

Səməd Vurğun Aygün layihəsiylə bir yöndəmsiz hibrid yaradır. O, sovet qadını haqqında partiya təlimini öz patriarxal mülahizələriylə birləşdirir. Sovet qadını kimi, Aygün təhsilini başa vurmaqdan da çəkinmir, kommunizmə simfoniya həsr edir, Stalin mükafatı alır. Digər tərəfdən o, “qeyrətli” qadındır, yəni gəzmir. Yəni Səməd Vurğunun nöqteyi-nəzərindən, əqidəsiz olmaq, qanlı kommunist rejiminə simfonuiya yazmaq, “sağ döşünün üstündə” Stalinin şəklini gəzdirmək Azərbaycan qadını üçün əxlaqsızlıq deyil, uzun illərlə öz kefində olan, mədəniyyətsiz və heyvərə ərdən ayrılıb bir başqası ilə sevişmək əxlaqsızlıqdır. Təəssüf ki, indi də Azərbaycanda əxlaq məhz bu cür dar mənada başa düşülür. Rüşvətxorluq, peşə etikasının, peşə və vəzifə məsuliyyətinin olmaması əxlaqsızlıq deyil. Bizdə əxlaq anlayışı yalnız “gəzməklə” “gəzməmək” arasındadır. Ona görə də bizdə rüşvətxor prokuror, rüşvətxor məmur, xəstənin qanını içən həkim, şagirdi soyan müəllim məclislərdə yuxarı başa çəkilir, patriarxal ailə-məişət ənənlərini pozanlar isə düşmən qovulurlar və hətta bu zəmində qətllər də törədilir…

Səməd Vurğun dözülməz dərəcədə uzun olan bu poema boyu guya Aygünün dalına düşüb onu izləyir və hər dəfə “gəzmədiyi” barədə oxucuya məruzə edib onu guya sevindirir. Oxucunu isə Aygününü ya başqa qadınların şəxsi həyatı maraqlandıra ya narahat edə bilər, ancaq oxucu onları mühakimə edə bilməz. Oxucu üçün Aygünün ya başqa bir qadının əxlaqı kişilərlə hansı münasibədtə olmağımda deyil. Aygünün əxlaqı (əxlaqsızlığı) onun yüz minlərlə, milyonlarla insanın həyatını cəhənnəmə çevirmiş rəhbərin şəklini “sağ döşünün” üstündə gəzdirməsidir. Milyonlarla insanın həyatını məhv etmiş kommunizm quruculuğuna simfoniya yazmasıdır.

Səməd Vurğunun özünün də əxlaqlılığı ya əxlaqsızlığı onun qadınlarla (ya kişilərlə —  belə də ola bilərdi) hansı münasibətdə olmağında deyil. Onun əxlaqsızlığı bütün şüurlu həyatı boyu əqidəsiz yaşamağı, yalan yazmağı, müstəbidləri, o cümlədən onun xalqının qanını sel kimi axıtmış cəlladları vəsf etməyidir. Buna görə də onun bu günün yeniyetmələrinə mənəvi rəhbər təyin edilməyi cinayət tərkibli faciədir.

Noyabr-dekabr 2018

Samara

Məqalənin tam mətni burda:

https://xeyrulla.com/2018/11/30/səməd-vurgunun-aygun-komik-poemasinin-təhlili-toy-paltarini-soyunmayan-gəlin-və-mugan-səhrasi/

RƏSUL RZANIN GÜLMƏLİ ŞEİRLƏRİ. «BAŞINI DİK TUTDU QƏLƏM…»

RASUL_RZA

Rəsul Rza Səməd Vurğun kimi akademik olmasa da, onun şeirləri Silikon vadisini xatırladır, yəni elmi kəşflərlə, ixtiralarla, səmərələşdirici təkliflərlə doludur.

Rəsul Rzaya qədər heç kimin ağlına gəlməyib ki, qələm başını dik tutanda yazmaz.

“Başını dik tutdu qələm, 
dayandı məğrur. 
Nə bir kəlmə söz düşdü kağıza, 
nə bir cümlə yarandı, 
nə doğdu bir fikir”. 
Bu, şübhəsiz ki, Arximed səviyyəsində kəşfdir. Ancaq Rəsul Rza Arximeddən irəli gedir, yaranmış problemin həllini tapır.

Birdən:

“Ağ kağıza düzüldü kəlmələr. 
Nələr yarandı, nələr”. 
(Nələr yarandığını Rəsul Rzanın başqa şeirlərindən və “Lenin” poemasından bilirik…)

Oxucu az qalır təəccübdən özünü cırsın. Humanist şair Rəsul Rza oxucunu xarakiri törətməyə qoymur, sirri açır:

“Baxdım,

Qələm başını əymişdi…”

(Nəzərinizə çatdırım ki, «baxdım» ayrıca bbir misradı, Rəsul Rza kimi şairlər bu misraya görə bir kilo mal ətinin pulunu alırdılar…)

Bunu oxuyanda istədim ki, uçub gedəm Bakıya, Rəsul Rzanın məzarıına baş çəkim, böyük mütəfəkkir şairin xatirəsinə elə o qələm kimi baş əyim…

Təəssüf ki, getməyə, Qoqolun bir qəhrəmanı demişkən (Mikayıl Rzaquluzadənin tərcüməsində), «mümkünatım» yoxdur…

11.12. 18

Samara

NÜSRƏT KƏSƏMƏNLİNİN GÜLMƏLİ ŞEİRLƏRİ. “SƏN DEMƏ TƏZƏDƏN SEVMƏK OLARMIŞ…”

Qocaldıqca adam xarab olur. Yadımdadır, gənclikdə sevgi şeirlərini oxuduqca gözümdən yaş, Rəsul Rza demişkən, “gildir-gildir” axardı. “Deyildim mən sənə mail, sən etdin əqlimi zail” misrasını oxuyan kimi hönkür-hönkür ağlayırdım, çünki öz əqlim də zail olmuşdu.

Əliağa Vahidin qəzəllərini eşidəndə həm ağlayır, həm vahimələnirdim, çünki bilirdim ki, əğyar zalım oğlu yarı hökmən yoldan çıxaracaq.

“Dedim əğyar ilə gəzmə, sənə çox yalvardım…”

Vay…

“İndi dincəl, gözəlim, mən də ölüb qurtardım…”

Bu köpəkoğlu əğyar çox kişilərin həyatını məhv edib, indi bilmirəm Azərbaycanda yenə əğyarlar var ya yox…

İndi sevgi şeirlərini oxuyanda nədənsə məni gülmək tutur. Çox adamdan məsləhət istədim, elə mən deyəni dedilər, dedilər qocalmısan, qanın soyuyub…

Ancaq bir nəfər məsləhət gördü ki, Nüsrət Kəsəmənlinin sevgi şeirlərini oxuyum. Dedi ki, bu şeirlər qocanı da cavan elər…

İndi oxuyuram, lənət şeytana, yenə gülmək tutur.

“Sən demə təzədən sevmək olarmış…”

Bunu yaxşı deyib, bu elə mənə aiddir, yəni yaşı keçmiş adamlara.

“Küsüb gözüyaşlı gedən məhəbbət
Peşiman-peşiman dönə bilərmiş…”

Bunu yaxşı başa düşmədim. Yəni yenə qabaq sevdiyin adamı sevəcəksən? Elə isə daha tale hardan gülər? Təzəsi olsa, başqa…

(«Peşman-peşman yox, «peşiman-peşiman»! Heca sayını düzəltmək üçün Kəsəmənli Əliağa Vahid kimi yazır).

Burda şair haşiyə çıxıb hikmətli sözlər deyir Sədi Şirazi kimi.

Sonuncu şöləsi titrəyən şamdan
Ayrı bir şamı da yandırmaq olur”.
Əslində siqareti belə yandırırlar, bir-birinin oduna. Əlbəttə, şamı da yandırırlar, ancaq sevgi sevənlər yaman siqaret çəkən olurlar. Ayrı şeylər də çəkirlər…

“Köhnə yaraları vaxt, zaman silir”.

Vaxt elə zaman deyil? Yara silinir ya sağalır?

“Hər axşam sapsarı batan günəşi
Hər səhər təzə-tər görməmişikmi?”

Mən qürublara baxmağı çox sevirəm, həm də salyanlılar demişkən eycahan adam olduğuma görə, işim elə günün batmağına baxmaqdır.  Tam məsuliyyətlə deyə bilirəm ki, günəş batanda qıpqırmızı olur. Buna necə gülməyəsən?

“Çıxarsan qəlbindən ötən sevgini,
Bir gün də tənhalıq sıxacaq səni.
Kiməsə etdiyin yaxşılıq kimi
Məhəbbət qarşına çıxacaq sənin”.

Gəlin bunu təhlil edək. Elə bil orta məktəb şagirdiyik. Oxuyub müzakirə edirik. Yaxşı, qəlbimdən ötən sevgini çıxardım. Sonra məni tənhalıq sıxdı. Səhəri gün mənim gözüm ayrı bir arvada düşəcəksə, bunun kiməsə etdiyim yaxşılığa nə var? Yəni əslində məsələ sadədir. Doğrudan da insanların qəlb yaraları sağalır, təzədən sevə də bilirlər. Müəllif gücü çatmadığı işə girişib, özünü filosofluğa qoyub bir-birindən cəfəng bənzətmələri ard-arda sadalayır. Ayının min oyunu bir armudun başındadır, müəllif zorla özünü sıxıb bu şeiri canından tər kimi çıxarmalıdır ki, sabah jurnala, radioya aparsın, çünki çörəyi bundan çıxır.

Gah deyir ki:

“Sevgi fürsət deyil quş kimi uça…”

Bir az sonra:
“İlk sevgi yuvadan uçan quşcuğaz…”

Bizi dolamısan?

“Məcnunun ahıyla uçan məhəbbət
Min hiylə əliylə yerə enməyib…”

Təəccüblüdür, gülməli və ağlamalıdır ki, belə cəfəng və üstəlik estetik baxımdan eybəcər beytlər əzbərlənir, sitatlanır, yayılır… Necə yəni “min hiylə əliylə”? Məcnunun ahından məhəbbət hara uçub?

Nüsrət Kəsəmənli də Səməd Vurğun kimi qazaxlıdır, ona görə əvvəl-axır hökmən dağa çıxmalıdır.

“Məhəbbət zirvədə bəslənən qarmış”.

Qarmış? Niyə məhəbbət qardır? Qarı kim bəsləyir? Niyə duman deyil, yağış deyil, zəlzələ deyil?

Uzun sözün qısası, əvvəl bu şeir məni güldürsə də, axıra getdikcə çox qeyzləndim. Müəllifin başqa şeirlərinə baxdım, yenə güldüm və sakitləşdim.

Onlar barədə ayrıca…

10.12. 2018

P.S. Bir şirin xatirə. Mənə Ədəbiyyat institutunun tələbələri danışırdılar ki, Nüsrət Kəsəmənli bir dəfə Moskvaya gələndə institutun yataqxanasında qalırmış. Bir gün dəhlizdə, Bakıda ad çıxarmış, şeirləri  subay qızların və gəlinlərin dəftərlərinə göz yaşları ilə həkk olan Nüsrət bəy özünü yaxın verir gözəl tələbə qıza. Zəif bildiyi rus dilində ona nə isə təklif edir. Rus qızı, lap Mirzə Cəlilin hekayəsində olduğu kimi qayıdır Nüsrət Kəsəmənlinin ətli yanağına elə şillə vurur ki, səsi Ostankino ət kombinatınacan gedir…

X.X.

KOMİK «AYGÜN» POEMASI. “AĞACLAR TƏK MƏNƏ ALIŞIB YALNIZ, MƏNSİZ NƏ YEM YEYƏR, NƏ DƏ SU İÇƏR”.

bağırov_vurğun

 “Keçdilcə baharlar, keçdikcə qışlar” yoldaş Əmirxan bir neçə kəndi “ev-ev tanıdı”.

“Nə xeyirdən qaldı, nə də ki, şərdən”.

Dalı çox maraqlıdır:

“Gecələr demə ki, o yalqız qaldı,

Çalışdı çox zaman kitabxanada…”

Keçən əsrin 50-ci illərində Saatlı kəndlərində zəngin kitabxanalar varmış. Özü ə hamısı gecələr işləyirmiş…

Yoldaş Əmirxan Miçurinin əsərlərini oxuyur, bilmədiklərini kəndlilərdən soruşur.

“Gah əvvəl, gah sonra çıxdı yarışdan”.

Yəni sonuncu?

O, burda başa düşdü ki:

“Hər ürək bir bədən içində yaşar…”

Yəqin Bakıda anatomiya müəllimi zəif olub…

“Hər solan yarpağın, cılız şitilin,

Öyrəndi sirrini, tapdı sehrini…”

Yarpağın qaydası solmaqdır, burda nə sirr?

Hələ də Səməd Vurğun ağac tinginə, qələməsinə “şitil” deyir…

Bunlar xırda şeylərdir. Vacib odur ki, direktor Nemət, “öz toplarından atəş açan”, yoldaş Əmirxanın işini görüb şad olur.

Nemət yoldaş Əmirxanı öz evində saxlayır (indiki şagirdlər çox pozulublar, ürəklərinə ayrı şey gələcək).

Yoldaş Əmirxan “hərcayı düşüncələrdən” ayrılıb ürəyində “arzular bəslədi”.

Yoldaş Əmirxan quşlardan tez oyanıb saldığı bağa baş çəkir.

“Görüncə bir kiçik budağı xəstə

Kəsir cərrah kimi öz əllərilə”.

Bu lap yaxşıdır:

“Bəzən də bir ağac boysuz olanda,
Onun gövdsinə dərmanlar vurur…”

Gözıəl! Bu dərman ağaclardan çox adamlara lazımdır. Görəsən ondan Saatlıda qalıb?

Dalı var hələ:

“O ağac böyüyüb yaşa dolanda,
Sərin kölgəsində məclis də qurur…”

Yəqin toğlunu da həmin ağacdan asıb soyurlar…

Ancaq:

“O hələ zövq alır pul xərcləməkdən”.

Aha!

“Güc ilə çatdırır ayı baş-başa”.

Yəqin ki, başa çatdırır. Baş-başa çatdırmaq necə olar?

Səməd Vurğun yoldaş Əmirxanın bədxərcliyini bağışlayır.

Qoy olsun, dəyməyək daha xətrinə,
Qoy içsin, istəsə hərdən ürəyi…”

Üç il keçir. Sovxoz bağındakı ağaclar “üç cür, beş cür” meyvə yetirirlər.

“Bəzən bir ağacın üstündə gerçək,
Alma da, armud da, heyva da dəydi…”

Bu necə olur? Bir ağacda? Limçay? Lısenkovçuluq?

Sonra xalq şairi Muğanı tərifləyir:

“Qışda yaşıl olur orda ağaclar…”

Bu hansı Muğandır?  

Muğanda yetişən ilk nübarları,
Yemək də olmayır şirinliyindən…”

“Nübar” (farsca, təhrif olunmuş) elə ilk, yeni bar deyil?

“Bağın meyvələri olduqca dən-dən,

Əmirxan onları vaxtında dərdi”.

Aqronom məhsulu özü yığıb! Ancaq meyvələr necə “dən-dən” olur?

“Ülkərə bir fəsil pay da göndərdi…”

Sovxozun malından? “Fəsil pay” – bunu başa düşmədim…

Şairin təsvir etdiyi bağa xalq “Əmirxan bağı” adı verir. Şairin ürəyi dağa dönür…

(O vaxt bağlara respublika rəhbərlərinin adı verilmirmiş… maraqlıdır…)

“Sevindi dastanın hər bir varağı”…

Buna nə deyəsən?

Yoldaş Əmirxanın istedadı “nağıl kimi düşdü dillərə”.

Əmirxanən bağı böyüyür. Muğanın başqa bağlarına ordan “şitil” aparırlar…

Nə fikirləşirsiniz? Belə getsə, yoldaş Əmirxanı böyüdüb Bakıya apararlar.

Aha!

Nazirlikdən məktub:

“Məsul vəzifəyə gələrsinizmi?”

Yoldaş Əmirxan bir neçə gün düşüncələrə dalıb cavab yazır:

“Ayrıla bilmərəm mən öz bağımdan…

Ağaclar bir mənə alışıb yalnız,

Mənsiz nə yem yeyər, nə də su içər…”

Ağacın yem yediyini bilmirdim…

Yoldaş Əmirxan xəstələnib, qızına məktub yazıb. Aygün elə birinci qatarla yola düşür (o vaxt Muğanın harasına qatar gedirmiş?)

Aygünlə Ülkər gəlib çıxırlar “Lenin” sovxozuna. Asfalt yolları piyada gəzdikcə:
“Bura lap şəhərdir, şəhər dedilər…”

Əmirxan isə sovxozdakı müasir xəstəxananın palatasında ağ yataqdadır, ağır xəstədir.

“Elə bil doğrudan ölüm üstədir”.

Azərbaycanlılar adətən “can üstədir” deyirlər, “ölüm üstədir” demirlər…

Yoldaş Əmirxan qalxa bilmir, ancaq Aygünün “can, can” səsini eşidir.

Elə palatada ikən Aygünə teleqram gəlir ki, sən gərək təcili Moskvaya gedəsən. Yəqin Şostakoviçin işi keçmir…

Aygün yoldaş Əmirxanın üzündən öpür və Əmirxan bağından keçib gedir Moskvaya. Şostakoviçi məəttəl qoymaq olmaz.

Ülkər qalır. Bir səhər Əmirxan onu başının üstündə görüb

“Zəif qollarilə basdı bağrına…”

Üç il idi görməmişdi…

Moskva. İttifaqlar Evinin sütunlu salonu.

“Hamı bir nəfər tək sakit olmuşdur”.

Aha!

Elyar Aygünün yazdığı mahnını oxuyur.

“Salona səs saldı odlu alqışlar,
Böyük rus qəlbinin məhəbbətilə”.

Rusun da qəlbindən olmaz…

Elyar yenə oxuyur.

“Aygünün başısə buluda dəydi”.

Aha!

Aygünlə Elyar Moskvanı seyrə çıxıblar!

Ey bivəfa arvad!

“Yanır yanaqları yenə lalə tək…”

İllər bir ucdan gedir, bunun yanaqları yanmağında…

Aha! Aygün qızından teleqram alıb: “Atam sağalıb!”

Elyar deyir ki, bilirəm məni sevməyirsiniz.

“Nahaq mən öz eşqimdən vəcdə gəlirəm…”

Rəhmətlik oğlu, əlbəttə, nahaq. Vəcddən nə çıxar. Get özünə tay tap…

Aygün deyir ki, otuz yaşı var… Ancaq Səməd Vurğun o qədər il saymışdı ki, gərək ən azı qırx yaşı olaydı…

Elyar Aygünün əlindən öpür. Səməd Vurğun oxucunu xəbərdar edir ki, ürəyinə ayrı şey gəlməsin.

“Ancaq o mehriban busənin odu

Əlin dərisindən keçmədi qana”.

Lənət şərə! Şübhədən çıxdıq! Qeyrətli arvaddır…

 (ardı var)

Məqalənin tam mətni burda:

https://xeyrulla.com/2018/11/30/səməd-vurgunun-aygun-komik-poemasinin-təhlili-toy-paltarini-soyunmayan-gəlin-və-mugan-səhrasi/

RƏSUL RZANIN GÜLMƏLİ ŞEİRLƏRİ. “MEŞƏDƏN AYRILIB BİLDİR, YAŞ AXIDIR GİLDİR-GİLDİR…”

RASUL_RZA

Rəsul Rzanın şeirlərinin altında tarixlərə baxırsan, gülmək tutur. 1960-cı illərin əvvəllərində, canının sulu vaxtı, Rəsul Rza dünyanın çoxlu ölkəsində səfərlərdə olub. 60-cı illərin əvvəllərində SSrİ-də vəziyyət yaxşı deyildi. Əlbəttə, vəziyyəti yaxşı olanlar da vardı, ancaq xalq dediyimiz çoxluq əziyyət çəkirdi, ölkədə çörək qıtlığı yaranmışdı, kəndlərdə adambaşına un satırdılar, şəhərlərdə çörək növbəsində adamlar bir-birinin başını yarırdılar…Qabaqcıl sovet şairləri isə, o cümlədən Rəsul Rza, dünyanı ölkə-ölkə gəzir, yoldaş Xruşşovu rəhbərliyi ilə sovet xalqının qazandığı nailiyyətlərdən danışırdılar. Əlbəttə, bu səfərlərə böyük pullar gedirdi və bu pullar sovet adamlarının boğazından kəsilirdi… Çox gülməlidir…Ola bilsin ki, baqşa şairlər bu səfərlərdə kef çəkiblər, hətta bəlkə, ayıb olmasın, arvadbazlıq da ediblər. O ki qaldı bizim Rısul Rzaya, o, xarici ölkələrdə bir qram kef çəkməyib, ancaq xiffət eləyib.

Götürək Bali səfərini. Dünya şöhrətli kurort. Ürəyində deyirsən, ay kişi, gəlib çıxmısan bura, kef elə, doyunca çim, quma uzan, özünü günə ver, xanımlara bax… Yox, Rəsul Rzanın fikri qalıb Azərbaycanda. Buranın suyu ürəyinə yatmır. Çünki duzunda

“Xəzərin şirinliyi yoxdur!”

Gərək gələndə bir çəllək Xəzər suyu götürəydi…

“Eh…

Burnumun ucu göynəyir

Bakı üçün,

 onsuz da…”

A kişi, yadından çıxar getsin Bakını, Bakıda indi çörək növbəsindən başqa nə var ki…

Onu deyim ki, bircə bu “Eh” misrası üçün Rəsul Rza ən azı iki manat qonorar alıb yəqin. Bir kisə çörəyin puludur…

Ancaq Rəsul Rzaya, etalon vətən sevgili insana bunu demək olardımı…
1961-ci ildə Rəsul Rza Ranqunda olub. Ranqun indi Yanqon adlanır, o vaxt indi Myanma adlanan Birmanın paytaxtı olub. Maraqlı şəhərdir. Birma Oruelə ümumdünya şöhrətli əsərlərin süjetini verib. Ancaq Rəsul Rzanın sinəsində çırpınan ingilis ürəyi deyil, azərbaycanlı ürəyidir. Bu ürək qəm dünyasıdır, dünyanın qəmini çəkir bu ürək. Bu ürək necə sevinsin ki, nadir ağ fili qəfəsə salıblar!

“Adama elə baxr ki,

Deyərsən indi
Dil açıb danışacaq”.

İndi hansı oxucu deyə bilər ki, bu filin qəfəsə haçan salıblar. Üç il qabaq? Beş il? On beş il?

Yox!

Bildir! Bəli, bildir!

Soruşursunuz niyə bildir? Rəsul Rza bunu hardan bildi? Qəfəsə yazılmışdı?

Yox, ona görə bildir ki, qafiyəsi düz gəlir!

“Gözündən yaş axır gildir-gildir…”

Düzü, heç bilmirəm ki, “gildir-gildir” nədir, ancaq bunu oxuyanda o qədər güldüm ki, gözümdə yaş sel kimi axdı. Bəlkə də gildir-gildir axdı, kim bilir…

A kişi, sənin fillə nə işin var. Cəhənnəmə salıblar qəfəsə, gora salıblar…

Başa düşürəm ki, Azərbaycan kimi azad ölkədən gedən adam qəfəsdə fil görəndə darıxar. Ancaq bu qədər də yox də…

Rəsul Rza belə Rəsul rza olub… Kövrək… Gildir-gildir…

10.12. 2018

Samara

P.S. Bir Molla Nəsrəddin lətifəsi yada düşür. Molla birinə qonaq olur. Ev sahibi süfrəyə bal qoyur, özünə çömçə boyda qaşıq götürüb Mollaya xırda bir qaşıq verir və hər dəfə çömçə dolu balı aağzına qoyanda deyir: «Ahh, öldüm, ahh, yandm». Molla dözməyib deyir ki a kişi, o çömçəni ver, mən də yanım, ölüm, daha bu nə yaşamaq oldu…

X.X.

RƏSUL RZANIN GÜLMƏLİ ŞEİRLƏRİ. “YAĞIŞ”

RASUL_RZA

Günlərin bir günü, dəqiq desək, 1961-ci ildə  Rəsul Rza gedir İndoneziyaya. Görünür, o vaxt indoneziyalılar Rəsul Rzanın yaradıcılığını, xüsusən «Lenin» poemasını o qədər seviblər ki, bu dahi insanın özünü görmək istəyiblər. Rəsul Rza Cakarta şəhərində indoneziyalılarla səmimi görüşlər keçirib, Sovet Azərbaycanındakı coşqun inkişafdan danışıb və elə şəhər meydanında başlayıb onlara “Lenin” poemasını oxumağa. Poemanın yarısına çatmamış yağış başlayıb. İndoneziya yağışı da Azərbaycan yağışı deyil, elə yağır ki, elə bil Azərbaycan polisi mitinqçiləri şlanqla sulayır. Rəsul Rza məcbur olub “Lenin” poemasının ifasını saxlayır, indoneziyalılardan üzr istəyib qayıdır mehmanxanaya. Oturur pəncərənin qabağında, yağışa baxıb ilhamlanır və elə “Yağış” adlı bir şeir yazır.

“Neçə gündür yağış yağır, 
Necə yağır, necə yağır”.
Birinci misra insanı ağladırsa, ikinci misra güldürür. Əslində ikinci misranı bir neçə dəfə dalbadal oxusan, o da ağlamalı olar. “Necə yağır, necə yağır…” Elə bili bizim arvadlar yasda sinə vurub ağlaşırlar…

Sonrası çox maraqlıdır. Xüsusən forması. Yəqin burda Rəsul Rza İndoneziya poeziyasının texnikasından faydalanıb:

Səhər yağır. 
Axşam yağır. 
Gündüz yağır. 
Gecə yağır. 
Bir şey qalmadı ki? Məsələn, axşamçağı. Görünür, İndoneziyada axşamçağı olmur. Elə birdən axşam düşür…

Oxucunu maraqlandıran odur ki, böyük şairimiz bu şeiri necə bitirəcək. Bilirik ki, axırda “yağır” sözü olacaq. Rədif isə “gecə” sözünə qafiyə olmalıdır.

Gəlin axtaraq: gecə, becə, keçə, cücə…

Alınmır: beçə necə yağar, cücə necə yağar?

Bizim kimi adi və həqir adamlarla dahi şairlərin fərqi odur ki, onlar həmişə yeganə mümkün və zəruri sözü tapıb yerinə qoyurlar.

“O yanda səhralar yanır,
Burda yağış heçə yağır…”

Heçə!

Yoldaşlar, gözümüzün qabağında Rəsul Rza iki misra ilə ümumdünya miqyaslı faciə yaratdı. Səhralar yanır! O yanda! Burda yağış heçə yağır!

Heçə yağır…

Biabırçılıq…

O günlərdən altmış ilə yaxın vaxt keçib. O vaxtdan görün səhralar nə qədər yanıb, nə qədər yağış heçə yağır…

Burda, əlbəttə, ölçü götürmək lazımdır. Bəlkə Kəmaləddin Heydərov yaranmış bu dözülməz halı düzəldə bilə.

Düzəltməsə də, bu gözəl şeirə bir qəşəng mahnı yazar, AzTV ilə oxuyarlar, dünya ictimaiyyətinə çatar.

Deyilənlərə görə, İndoneziyada Az TV ən çox sevilən kanaldır…

07.12. 2018

Samara

RƏSUL RZANIN GÜLMƏLİ ŞEİRLƏRİ. “OLUM YA ÖLÜM”

RASUL_RZA

Azərbaycan ədəbiyyatında yaxşı satirik, yumoristik, yəni oxuyanda, eşidəndə adamı ürəkdən güldürən əsərlər yox kimidir. Cəlil Məmmmədquluzadə, əlbəttə, milli dühadır, özü də yeganə dühadır. Ondan sonra kim gülməli yaza bilib? Sabit Rəhman? “Toy”da, əlbətə, maraqlı səhnələr var, gülməli replikalar da çoxdur. Başqa komediyaları məişət lağlağıları səviyyəsindədir. Yəni Azərbaycan komediyalarına baxanda adamı gülmək yox, acıq tutur. İstəyirsən aktyorları yıxasan yerə, Məşədi İbad demişkən, ağzına-ağzına vurasan…

Ədəbiyyatımızda gülüş axtaran adam gərək şeir oxuya, poema oxuya. Azərbaycanın adlı-sanlı, Lenin ordenli, Stalin mükafatlı şairlərinin ciddi sayılan əsərləri əslində satiradır, yumordur, daha doğrusu, məzhəkədir. Sovet vaxtı onlar əz əsərlərini ciddi qələmə veriblər ki, hökumət ilişməsin. Həm də satira və yumora Lenin ordeni və Stallin mükafatı vermirdilər.

Mən Rəsul Rzanın şeirlərinə baxıram, gülməkdən özümü saxlaya bilmirəm, hərçənd gülmək mənim heç harama yaraşmır. Həm də birdən rus polisi gəlib soruşsa ki, nəyə gülürsən, nə cavab verərəm? Rəsul Rzanın şeirlərini göstərsəm, eə biəcək ki, mən onu dolayıram, çünki bu rus polisi tatarski ne ponimat. Deyəcək ki, yox, sən Putinə gülürsən. Düş qabağıma…

Ona görə də astadan gülürəm, ağzımı dəsmalla tuturam…

İndi Rəsul Rzanın gülməli şeirlərindən biri. Adı “Olum ya ölüm” dür. “Ölüm” sözü qorxutmasın, ölüm-zad yoxdur, hamısı gülümdür. Yəni gülmək…

Bəli, günlərin bir günü Rəsul Rza gözlərini qapayır. “Söndürdüm son ulduzu”. (Əslində iki ulduzu söndürüb, çünki göz iki dənədir, Rəsul Rza gülmək üçün belə yazır). Gözlərini qapayan kimi qulağına səs gəlir. Bakıda gözlərini qapayanda qulağa hansı səs gələ bilər? Məsələn, mənim qulağıma “Marojna! Marojna!” səsi gəlib. Ancaq mən adi bir insanam, Rəsul Rza isə Stalin mükafatlı, Lenin ordenli şairdir, onun qılağı “Marojna” kimi küçə sözlərini götürməz. Rəsul Rzanın qulağına Hamletin səsi gəlir. Hamlet də “Çahargah təsnifi” oxumayacaq ki. Hamletin öz repertuarı var. “Olum ya ölüm!” Rəsul Rza istəyir yaxınlaşa Hamletə və deyə ki, bala, atanı öldürən elə sənin öz əmindir. (Rəsul Rza bunu gülmək üçün yazır, çünki Hamlet “Olum ya ölüm” monoloqunu deyəndə əmisinin qatil olduğunu çoxdan bilirdi, birinci pərdədən).

Ancaq Rəsul müəllim yerindən dura bilmir, “ayaqlarından qurğuşun asılır”. (Qulaqlara yox, ayaqlarA qurğuşun!). Şair neyləsin? Məcbur olub gözlərini açır. Gözlərini açandan sonra istəyir Hamleti də, Laerti də çağıra və deyə: “Balalarım! Atın ədavəti, kini!”

Bax, burda düyün, kolliziya, intriqa yaranır. Boynuma alım ki, özüm də dəqiq bilmirəm nə yaranır, çünki nəzəri biLiyim yoxdur. Bəlkə də Hiçkok saspensi yaranır, nəfəsini saxlayıb ürəyin çırpına- çırpına gözləyirsən ki, Rəsul Rza “balaları”na nə deyəcək. Onun nə güclü arqumenti var ki, Hamletlə Laerti qanlı əlbəyaxadan çəkindirsin?

Aha!

“Xəbəriniz varmı,
Dünən dağ kəndlərində,

Dolu vurub əkini!”

Ağlınıza gələrdimi? Heç Şekspirin ağlına gəlməyib! Şekspirin ağlına belə şey gəlsəydi,  “Hamleti”  uzağı ikinci pərdədə bitirərdi.

Ay dad-bidad, nə “olum, nə ölüm”, əkini dolu vurub!

Sözün düzü, bu sonluğun hikmətini dərindən başa düşmədim, ancaq çox güldüm. Bəlkə gülməkdən partlardım, yaxşı ki, yenə rus polisi yadıma düşdü, özümü bir təhər saxladım…

Çünki rus polisi Azərbaycan polisi kimi savadlı deyil, əkini bəlkə də ona başa salmaq olar, dolunu da başa düşər, ancaq Hamleti, Laerti başa düşməz…

Vallah, rus polisi görən kimi məni gülmək tutur. Burda da heç ayrı polis yoxdur, polislər hamısı rusdur…

06.12. 2018

Samara

SƏMƏD VURĞUNUN «VAQİF» KOMEDİYASI: QARABAĞ XANLIĞI YA QARABAĞ ÇOBANLIĞI?

samed-stalin.jpeg

Doğrudan da Vaqifin oğlunun toyu “Vaqif” komediyasında ən gülməli səhnələrdəndir. Saraya çiynində quzu ilə girən çoban Eldar (əslində, Vaqifin dostuydusa, çoban gərək toya qoyunla yox, arvadıyla gələydi…) xana salam vermir. Sonra Qarabağ xanını it adlandırır:

Ancaq olmasaydı kasıb kəndlilər,
Bunca qudurtmazdı sizi simü zər…

Fikir verirsiniz çobanın dilinə? “Qızıl-gümüş” demir, “simü zər” deyir… Məlum deyil ki, quzu bütün səhnə boyu onun çiynindədir, ya düşüb gəzir xan sarayını…

Məsələ burasındadır ki, o illərdə də, ondan sonra da, sovet dağılanacan, Azərbaycan məktəblərinin çoxunda dəhlizlərdə, xüsusi guşələrdə rusların tarixi şəxsiyyətlərinin, sərkərdələrinin şəkilləri asılardı. Məsələn, şücaətləri şübhəli olan Aleksandr Nevskinin, Dmitri Donskoyun. Səməd Vurğun çoban Eldarı önə çıxarıb İbrahim xanı poxa döndərir. Bütün mümkün qüsurlarına və hətta törətdikləri qəddarlıqlara baxmayaraq, xanlar dövlətçiliyimizin əsaslarını yaradıblar, “xanlıq” xan sözündəndir, dövlətləri çobanlar yaratsıydılar, xanlıq yox, “çobanlıq” adlanardı…

Və qəribədir ki, bilinmir çoban Eldar xandan nə istəyir, onun konkret iddiası nədir. Səməd Vurğunun öz iddiası məlumdur: xalq qəhrəmanını qaniçən monarxa qarşı qoyub monumental səhnə yaratmaq. Ancaq dağ siçan doğur. Qarşıdurma sünidir və inandırıcı deyil – çobanla xanın nə qarşıdurması?

«Bu xan bir ilanmış, saray – yuvası,

Zəhrimar qoxuyur onun havası».

Bunu Vaqif deyir və məlum deyil ki, xan ona nə pislik edib. Üstəlik and içir ki, “iş ki belə düşdü, meydanda varam!”

Kənd mirzəliyindən, müəllimlikdən vəzirliyə qaldırılmış adamın xandan nə gileyi olmalıdır? Və arxası, kökü olmayan bir şair Qarabağ xanıyla necə ayaq-ayağa verə bilər? Bütün bunlar, əlbəttə, Səməd Vurğunun primitiv və heç bir tarixi əsası olmayan fantaziyalarıdır, ancaq gülməli (bəlkə də ağlamalı) odur ki, səksən ildən bəri millət bu fantaziyaları ikimədəlilər kimi çeynəməkdə davam edir…

Və sonra Əli bəy xəbər gətirir ki, “ata, həbs etdilər yazıq Eldarı…”

Çoban Eldar Qarabağ xanının nəyinə lazımdır?

İndi təsəvvür edin ki, bir çoban, deyək ki, Şamaxı çobanı (təəssüf ki, daha Qarabağ çobanı yoxdur…) çiynində quzu gəlib girir prezident sarayına, özü də İlham Əliyevə salam vermir…

Mən özüm təsəvvür elədim, az qaldım gülməkdən öləm…

Sonra səhnəyə Xuraman gəlir. Gələn kimi 20-25 misralıq cəfəngiyatı deklamasiya edir. Əvvəl Vaqifdən qabaqkı ərini yadına salır. Sonra deyir ki, başını yeyib verdilər Vaqifə. Vaqifsə “qoltuqlarda gəzib dolanır, Çox vaxt da su kimi rəngi bulanır, elə dərd tökülür qaş-qabağından…”

Bir sözlə, at getsin. Hə? Yox, burda ayrı misra gəlir:

«Ancaq çox razıyam qanacağından…»

Qaş-qabağından daim dərd tökülən kişidə nə qanacaq?

Bu hadisələrin baş verdiyi vaxt Vaqifin yaşı səksənə yaxın olmalıydı. Səməd Vurğun onu gənc və gözəl dul Xuramana evləndirir ki, İbrahim xanın oğraşlığını göstərə bilsin. Çünki xan binamus olmalıdır və vəzirinin arvadına tamah salmalıdır.

Xandan yaxşı nə gözləyəsən?

Səməd Vurğun 1937-ci ildə hünər eləyib Bağırovun arvadbazlığından yazaydı. Bizim “vətənpərpərvər” və “qeyrətli” şairlərimiz dəridən-qabıqdan və hətta şalvarından çıxıb Mircəfərə təriflər yazırdılar…

CORAB

vodevil

Yeri: dükan

İştirakçılar: dükançı və alıcı, hər ikisi ahıl

 

Alıcı.(içəri girib öskürür) Sakaməleykim!

Dükançı. Ay salaməkeykim! Xoş görmüşük səni, qağa, qulluğunda olum!

Alıcı. Qulluq sahibi olasan. Corabın var?

Dükançı. Bu nə sözdür, ə? Necə yəni corabın var? Bu ayaqqabıları görürsən?

Alıcı. Görürəm, ay qağa, niyə görmürəm, kor deyiləm ha. Mən corab soruşdum.

Dükançı. Ə, corab nə sovxadır ki, o məndə tapılmaya?

Alıcı. Ə, sovxa niyə deyirsən coraba mən almamış…

Dükançı. Qağa, sənin şübhə etməyin məni yandırır ey! Başın haqqı, əgər bir gün eşidəsən ki, bazara qılça çəxıb, bil ki, mənim dükanımdadır. Gələrsən, peşkəş elərəm.

Alıcı. Ə, qılçanı neynirəm? Allaha şükür, özümünkülərə nə gəlib?

Dükançı. Allah qılçalarına qüvvət versin, qağa! Mən demədim ki, elə indi gəl al. Şeydir də, bilmirsən haçan gərək olur.

Alıcı. Qağa, sən məni lap dolaşdırdın. Mən səndən corab istədim…

Dükançı. Ə, corab nə matahdır ki, sən onu məndən istəyəsən. Götür ürəyin nə qədər istəyir. Qızırqanan kişi deyil.

Alıcı. Qağa, sənin bir çöpün də mənə lazım deyil.

Dükançı. Nə çöp, ə? Dükan sənə peşkəşdir, başın haqqı!

Alıcı. Ə, mənim alacağım bir cüt corabdır. Bu şoğərib üçün başa and içərlər?

Dükançı. Ə, istədiyimdən içirəm dana! Millətimsən, can-ciyərimsən. Səni görəndən ürəyim şan-şan olub ey!

Alıcı. Hörmətin artıq olsun!

Dükançı. Ə, bə nə bilmisən? İndi olmazdan bura bir erməni dığası gəlib çıxa, heç mən onun başına and içərəmmi?

Alıcı. Ə, ermənini niyə gətirib bura soxursan?

Dükançı. Ə, məsəl üçün deyirəm dana! Erməni burda nə qələt eləyir? İndi qəzadır, gəlib dükanıma baş soxsa, bilirsən mən ona neynərəm?

Alıcı. Neynərsən?

Dükançı. Ə, ecə neynərəm? O burdan sağ çıxmaz ki!

Alıcı. Yəni öldürərsən ermənini?

Dükançı. Necə öldürərsən, ə? Canını alaram!

Alıcı. Ağ eləmə, qağa, erməni öldürmək qoz qırmaq deyil.

Dükançı. Qağa, öldürməsəm də, ağzını cıraram. Buna yüz faiz arxayın ol.

Alıcı. Necə cırarsan, ey?

Dükançı. Kağız kimi, qağa. Gətirib qoyaram qulağının dibində.

Alıcı. Qağa, cırmağına bəlkə cırarsan, ey, ancaq sənə məlum olsun ki, Əlyof belə şeylərə protifdi.

Dükançı. Əlyof kimdi, ə? Mən Əlyof-zad tanımıram!

Alıcı. Necə Əlyofu tanımıram, ə? Heydər Əlyofu tanımırsan?

Dükançı. A kişi, əvvəldən adıynan deyəydin də. Əlyof nə çox. Neynək, qoy gəlsin o erməni bura. Başın haqqı, sağ çıxsa da, umsuq gedəcək mənim mağazamdan.

Alıcı. Qanmadım, qağa.

Dükançı. Yəni ki, mən mal satmayacam erməniyə. Çöpün özünü də.

Alıcı. Ə, pulunu verəcək dana. Niyə satmırsan?

Dükançı. Belə satmıram da, qağa! Bə qeyrətim yoxdu? Bə mən oğraşam? Bəlkə mən başıma şal bağlamışam? Başın haqqı, gətirib bütün erməni banglərinin pulunu, qızılını tökə bu dükana, bir ispiçkə də satmaram dığaya. Ə, nə şübhəli-şübhəli baxırsan? Bə inanmırsan?

Alıcı. Ə, niyə inanmıram, ə, kafir deyiləm ha.

Dükançı. Vallah, bu dükanın bi qara qəpik qiyməti yoxdu gözümdə. Həzrət Abbas haqqı, od vurub yandıram, ürəyim “uf” deməz.

Alıcı. Dükanı niyə yandırırsan, ə?

Dükançı. Ə, dükan mənimki deyil? İstərəm, yandıraram. İndi day Əliyof buna da protif çıxmayacaq ha!

Alıcı. Ə, Əlyofluq deyil ey. Hayıfdır dana. Min adamın bu dükandan ehtiyacı keçir. Biri elə mən. Bir cüt corabın məəttəliyəm.

Dükançı. Məəttəl niyə olursan, ə? Məttəl düşmənin olsun. Gör nə deyir ey…

Alıcı. Qağa, iş elə gətirib ki, bu gün ayaqqabıları yalın geymişəm. Ayaqlarım yaman narahatdır.

Dükançı. Ə, narahat niyə olursan? Otur dana! Otur bax burda. Otur ə, səndən artığı oturmayacaq ha.

Alıcı. Qağa, bir cüt corab…

Dükançı. Ə, corab nə zibildir onunçun qan qaraldasan. Dükan sənə peşkəşdir.

Alıcı. Qağa…

Dükançı. Ə, canım sənə qurbandı ey! Başın haqqı!

 

Mirzə ƏLİL

17. 09. 2001 Samara

DİLİMİZ: HEYDƏR ƏLİYEV VERSUS BƏXTİYAR VAHABZADƏ

BAXTİYAR

Bəxtiyar Vahabzadə ilə Heydər Əliyev arasında dilin adı ilə bağlı mükaliməni lap bu yaxınlarda, həm də təsadüfən gördüm. Bəxtiyar Vahabzadəni tanımasaydım, yəni bioqrafiyasının ən vacib faktlarını bilməsəydim, deyərdim ki, Əliyevin hüzurunda tribunadan danışan adam orta təhsilli, ordan-burdan arabir oxuyan, heç bir sistemli biliyi olmayan ahıl bir kişidir.

Bəxtiyar Vahabzadə filologiya elmləri doktoru, professor idi!

“Bəxtiyar Vahabzadə müəllimim olub” deməyə tərəddüd edirəm, mən universitetdə qiyabi oxumuşam, və Bəxtiyar müəllimin cəmi beş ya altı dərsindən, səhv etmirəmsə, ikisini mən buraxmışam, birini də o. Məndə o üç dərsdən yaranmış təsəvvürə görə, Bəxtiyar Vahabzadəyə oxumuş, savadlı adam demək olardı, ancaq yüksək təhsilli, yüksək akademik təhsilli adam yox. O. Azərbaycan dövlət universitetində 50-ci ilərin əvvəlində oxumuşdu, bəxti gətirmişdi ki, bir şeiri elə birinci kursdan Səməd Vurğunun xoşuna gəlmişdi. Lenin ordenli xalq şairi sütül tələbəni kitabsız-zadsız Yazıçılar İttifaqına üzv keçirmişdi. Bundan sonrakı həyat Vahabzadə üçün olmuşdu yağ içində pendir. Universiteti qurtarıb orda da qalır, əvvəl Səməd Vurğundan bir dissertasiya yazıb olur elmlərin namizədi, bir az sonra Səməd Vurğundan ikinci dissertasiyanı yazıb olur elmlərin doktoru və professor. Başı bir dəfə yüngülcə ağrıyıb, “Gülüstan” poemasına görə. Əslində ağryan qəzet redaktorunun başı olub… Bəxtiyar Vahabzadəninsə hər il bir neçə kitabı çıxıb, cəfəng pyesləri akademik teatrda oynanılıb, özü də elmlərin doktoru və professor! Yüksək statuslarla, yüksək mükafatlarla təpədən dırnağa zirehlənmiş canlı klassik! Kim onun qabağında bir söz deyə bilərdi? O haçan, kiminlə polemikaya girişmişdi, debata çıxmışdı? Onun dissertasiyalarına, məsələn, kim nə deyə bilərdi? Onun dissertasiyalarını tənqid Səməd Vurğunun tənqidi olardı, Səməd Vurğun haqqında isə sovet dağılana qədər kim güldən ağır söz deyə bilərdi?

Azərbaycan parlamentində Heydər Əliyevlə mükalimə Bəxtiyar Vahabzadə üçün, yəni eləmlərin doktoru, professor, akademik üçün ilk elmi polemika idi. Mövzu formal cəhətdən dil olsa da, bərabər dərəcədə və bəlkə də ondan artıq ədəbiyyata aid idi.

Dilimiz necə adlanmalıdır?

Ümumiyyətlə, bizim dilimiz varmı? Və ya Azərbaycan dili bolşevik fantaziyasıdır, bizim dilimiz yoxdur, yəni müstəqil dilə layiq deyilik, layiq olduğumuz osmanlının dialektidir?

Belə?

Və ömründə ilk dəfə özü də gözləmədən elmi polemikaya girən Bəxtiyar Vahabzadənin necə kəmsavad olduğu, miskinliyi, səviyyəsizliyi göründü. Həm də məlum oldu ki, Bəxtiyar müəllim yalan danışmaqdan da çəkinmir. Əslində bu, çoxdan məlum idi. Bəxtiyar Vahabzadə “Lenin” poeması boyda yalan yazıb, bir ətək Dövlət mükafat alıb, yeyib, üstündən də su içib. Bunu kimi bilmirdi?

Və, yeri gəlmişkən, o parlament zalında oturanlardan yalan danışmayanı vardımı?

Bəxtiyar Vahabzadə Yusif Səmədoğlunu qınayır ki, o, “türk dilini qırx faiz başa düşür”. Ancaq şübhəm yoxdur ki, Bəxtiyar Vahabzadənin özü də türk dilini qırx faizdən çox başa düşməyib, və onun filologoya fakultəsindəki həmkarları arasında türkü qırx faizdən çox başa düşən adamlar az olub.

Əgər söhbət bazar, məhəllə danışığından, serial replikalarından yox, ədəbi türk dilindən gedirsə!

Türk dili, əlbəttə, xarici dildir!

Bəxtiyar Vahabzadə deyir: “İyirmi-otuz il keçəndən sonra çox adam deyər ki, elə “ov” da bizim olub”.

Niyə də deməsinlər? “Zadə” bizimdirsə, “ov” da bizimdir. Yaxud, əksinə, “ov” bizim deyilsə, “zadə” də bizim deyil!

“Kitab”, “məktəb”, “gül”, “bülbül” bizimdir?

Bəxtiyar Vahabzadə deyir ki, heç olmasa, mötərizədə yazaq “Azərbaycan türkcəsi”.

Heydər Əliyev deyir a kişi, adın professordur, akademikdir, sənə vermədiyim mükafat qalmayıb, danışığına fikir ver, nəcə yəni mötərizə? Dünyada hansı dilin adında mötərizə var? Təxminən belə deyir. Mənə elə gəlir ki, Heydər Əliyev Bəxtiyar Vahabzadənin miskinliyini yaxşı görürdü, ona görə tribunada ayaq üstündə saxlayıb ibtidai sinif şagirdi kimi başına ağıl qoyurdu.

Heydər Əliyev, unutmayaq, ilk təhsilinə görə ibtidai sinif müəllimi olub!

2

Heydər Əliyev Bəxtiyar Vahabzadəni dərindən fikirləşməyə dəvət edir. Deyir ki, biz dilimizi “Azərbaycan türkcəsi” adlandırsaq, belə çıxacaq ki, o, türk dilinin dialektidir.

Sonra davam edir: “Onda millətimiz nədir? Azərbaycan türkü? Özbək niyə demir ki, mən “Özbəkistan türküyəm”, tatar niyə demir ki, “mən Tatarıstan türküyəm?”

Heydər Əliyev tamamilə haqlıdır, hərçənd məsələyə dil ya tarix problemi kimi baxmır, siyasi problem kimi baxır.

Heydər Əliyev yetmiş yaşında, 40 ildən çox kommunist partbileti gəzdirib Kreml tabeçiliyində işləyəndən, tabeçiliyin hər cür şirin-acı məziyyətlərini görəndən sonra özü də gözləmədən müstəqil dövlətin, BMT üzvü, beynəlxalq hüququn subyekti olan dövlətin başçısı olub. Heydər Əliyev yaxşı başa düşür ki, xüsusən Azərbaycan kimi ölkədə dil dövlətin onurğa sütunudur. Azərbaycan dilinin “türk dili” adlandırılması milləti ən mühüm atributdan mərhum edir, Azərbaycanın əvvəlcə dil, mədəniyyət sahəsində, sonra isə siyasi cəhətdən Türkiyə tərəfindən udulması üçün zəmin hazırlayır, hələlik isə sanki tarixi anlaşılmazlıq nəticəsində metropoliyadan aralanmış Türkiyə əyalətinə çevirir.

Heydər Əliyev  bu sitüasiyanı bütün incəlikləri ilə görürdü və həmiçinin onu görürdü ki, dilin “türk” adlandırılması onu Türkiyə rəhbərlərinin yanında əyalət başçısına çevirir.

Heydər Əliyev Azərbaycan rəhbərliyinə qayıdandan sonrakı ilk illərdə televiziyada, mətbuatda Azərbaycan dilinin başına nə oyun gətirildiyini yaxşı görmüşdü. “Dilin adını “türk” qoymaqla biz onu osmanlı türkcəsinə çevirmirik” deyənlərin fitnəsi onu aldada bilməzdi.

Çevirirsiniz, cənablar! Yox, “cənablar” yox, lotular!

Bilmirəm, özü, ata-babası, qardaşları qatı şiə adları daşıyan Heydər Əliyevlə osmanlı arsında qismən də olsa şiəlik dayanıbmı? Hər halda Azərbaycan etnikliyində şiəlik elementinin tarixi vacibliyini yaxşı başa düşməliydi.

Hüseyn Cavidi, məsələn, nə naxçıvanlılıq, nə şiəlik osmanlılığa aşiqlikdən saxlaya bilmişdi. Güclü dramaturji istedadlı, ancaq zəif şair olan bu insan Türkiyəyə ayaq açan kimi başına fəs qoyub ata-babalarının danışdığı dilə arxa çevirmişdi. İndi o, həqiqəti desək, nə türklərə lazımdır, nə azərbaycanlılara. Mən Cavidi onun yazdığı dildə oxuya bilmirəmsə, ya höccələyə-höccələyə oxuyuramsa, onu necə Azərbaycan şairi saymalıyam?

Cəbhə hakimiyyəti dövründə Salyanda tələsik Leninin heykəlini söküb elə onun postamentinin üstündə Əli bəy Hüseynzadəyə heykəl qoydular. Ancaq salyanlılar (oxuyanları) həmişə naxçıvanlı Cəlil Məmmədquluzadəni oxuyacaqlar, yerliləri Əli bəy Hüseynzadəni yox. Çünki Cəlil Məmmədquluzadə salyanlıların dilində, yəni Azərbaycan dilində yazıb, Əli bəy Hüseynzadəni oxumaq üçün gərək yanında tərcüməçi ola.

Bəxtiyar Vahabzadə deyir ki, türk ədəbiyyatını tərcümə eləmək lazım deyil, çünki iki dil arasında fərq yoxdur.

Bunu deyəndə gərək onun başının üstündə tapançalı dayanaraq qabağına Orxan Pamukun bir romanını qoyub deyəydilər ki, oxu və cümlə-cümlə izah elə…

Ya da Cümhuriyyət qəzetindən analiytik məqaləni…

Deyir ki, “mənim kitablarımı Türkiyədə tərcüməsiz çap edirlər, hamı da oxuyur”.

Çap edərlər, əlbəttə. Ancaq çoxmu oxuyan var? Məsələn, bunu: “Ürək pıçıldayır dodaqlar kimi”. Dodaqlar kimi!… Təsəvvür edin ürəyin dodaqlarını. Animasiya…

Ya da “Lenin” poemasını…

Bəxtiyar Vahabzadə and-aman eləsə də ki, Azərbaycan dilinin özünü yox, yalnız “türk”lə əvəz etmək istəyir, bilmədən həqiqi məramını büruzə verir. Heydər Əliyevə ərəb ölkələrini xatırladır, deyir ki, dövlətlər çoxdur, hamısı dilinə “ərəb” deyir.

Bəli, ona görə hamısı “ərəb” deyir ki, ərəb ölkələrinin hamısında dövlət dili ərəb dilidir. Yəni eyni dil işlədirlər. Türkiyədə və Azərbaycanda işlədilən dillər isə müxtəlif dillərdir. Ona görə eyni adı daşımaqları absurd və siyasi cəhətdən təhlükəli olar.

Azərbaycan xalqı öz dilinə “türk” deyəndə Azərbaycan dövləti yox idi, yəni dil dövlət atributu deyildi, buna görə də siyasi yük daşımırdı.

Bunları mən özümdən deyirəm. Heydər Əliyev isə çexləri və slovakları misal gətirib deyir ki, onlaın dilləri daha yaxındır, ancaq hər dilin öz adı var…

Bəxtiyar Vahabzadə suyu süzülmüş halda tribunadan düşüb getməyə icazə istəyir. “Heydər müəllim, olar mən gedim?…”

İbtidai sinif…

Mən bilmirəm niyə iyirmi ildən çox vaxt keçəndən sonra deputatlar bu məsələni qaldırırlar. Azərbaycan dilinin adını dəyişmək çağırışlarına, onun türk dili ilə eyni olduğunda təkid edən iddialara Azərbaycanın dövlət suverenliyinə həmlə cəhdi kimi baxmaq və hətta dövlət xəyanəti kimi qiymətləndirmək olar. Və belə çağırışları hökmən qanunvericilikdə kriminallaşdırmaq lazımdır.

Azərbaycanın dövlət müstəqilliyi aldığı otuz ilə yaxındır. Əgər indi də millətin bir hissəsi dövlətin dilini başqa bir dövlətin dili ilə əvəz etmək istəyirsə, kənardan baxanların bizim ölkəyə “failed state” deməyə əsasları var. Parlamentdə illərlə oturub qarınlarını yekəldən bu harın kişilərin içində müharibə veteranları yoxdur, onların uşaqları cəbhə bölgəsinə getmirlər, fəhlə-kəndli balaları isə belə əqidəsizlərin və şərəfsizlərin firavan həyatının keşiyində dururlar, həyatlarını itirirlər… Bunlar isə dövlətin açarını elə sabah Erdoğan kimisinin birinə verməyə hazırdırlar…

Varlı sponsor axtaran fahişələr kimi bizdə də çox arvadlar və kişilər osmanlıların dallarına-qabaqlarına özlərini sürtürlər, çünki özlərində nəinki uğurlu dövlət qurmağa, hətta təsadüfən əllərinə düşən dövləti, yəni ondan qalanı da saxlamağa qeyrətləri yoxdur…

Və bu hörmətsiz arvadlara və kişilərə xatrlatmaq lazlımdır ki, məsuliyyətsiz “biz türkük” mantrası bizi ümumqafqaz, ümumiran irsindəm mərhum edir. Biz ancaq azərbaycanlı olmaqla Qobustan rəsmlərini özümüzünkü saya bilərik. Biz ancaq azərbaycanlı olmaqla Zərdüşt irsinə iddia edə və özümüzü Nizaminin, bütün İran və İslam mədəniyyətinin varisləri saya bilərik. Qobustan rəsmlərini türklər çəkməyiblər, ya da gərək o qayaları onlar Sibirdən, Altaydan dallarına sarıyıb gətirəydilər. Xalqın tarixini Mirəli Seyidovun nağılları, qondarma turançılıq cəfəngiyyatı əsasında qurmaq olmaz. Kim tarixi belə qurmağa çalışırsa, ancaq dünyanın elmli və sağlam fikirli adamlaını bizə güldürür…

02-03.10. 2018

Samara