Архивы

АРАЗА АЛИЗАДЕ ЕСТЬ ЧЕМ ПОЗДРАВИТЬ…

Мадат Гулиев:

— Товарищ Араз Ализаде! Мы проверили все архивы. Ваш покойный отец Мубариз Ализаде не был стукачом!

Араз Ализаде:

— Спасибо, товарищ Гулиев!

Мадат Гулиев:

— Товрищ Ализаде! Я от имени всех чекистов  вас поздравляю! Вы первый в своем роду стукач!

RÜFƏT MURADLI ÜÇÜN ŞƏHİD FACİƏSİ DƏ TOYDUR…

Rüfət_Muradlı 2.jpeg

Rüfət Muradlını İnternetdə tanıyan gündən o bu adam və onun ətrafındakılar mənə Məşədi İbadı bala-bala yeyən lotuları xatırladırlar. Rüfət və onun başındakılar Borçalı, Kərkük, Urmiya, qaçqın, şəhid adıyla hansı “qazların” hesabınasa gündə bir məclis qurdurub qarınlarını otarırlar. Ancaq Rüfət Muradlı mənə həmçinin bir salyanlı yerlimizi xatırladır, salyanlıların öz adı ilə yox, “Beş” çağıırdıqları bu adama Füfət sifətdən də çox oxşayır. Bir neçə il bundan qabaq Salyanda eşitdim ki, Beş ölüb… Allah rəhmət eləsin. Onunla bağlı məqalə çoxdan yazılıb və “Azadlıq” qəzetində çap olunub….

                                                  BEŞ!

Yəqin ki, elə dünyanın hər yerində ad almaq şərəfdir, bircə Salyan şəhərindən başqa. Salyanda ad aldın, evin yıxıldı. Salyanlı hələ həyatda ağı-qaradan seçməyi əməlli-başlı öyrənməmiş bir də görür yerliləri yöndəmsiz bir adı bıçaq kimi soxdular onun bioqrafiyasına. Evi yıxılan başına-gözünə vurur ki, günahım nədir, neyləmişəm axı. Salyanlılar bir qapaz da əlavə edib deyirlər ki, kəs səsini, qırışmal, yaxşı fikirləşsən, bilərsən neyləmisən…

Salyanlıların bir-birinə verdiyi çox  adları, düzü, heç kağıza da yazmaq olmaz… Ancaq uşaq-böyük yanında dilə gətirilə bilənləri də var. Məsələn, Beş. Gül kimi addır. Ad sahibi özü də gül kimi adamdı. Mən mərhumu, yaxından da olmasa, tanıyırdım. Əlbəttə, onun da hamı kimi pasportu vardı və pasportdaki adı Beş deyildi. Salyanlılar bu qaraqaş-qaragöz kişiyə ona görə Beş, daha doğrusu, Beş adı vermişdilər ki, ümumiyyətlə lal-dinməz bu adam bütün suallara bircə sözlə cavab verirdi: ”Beş!” “Neçə yaşın var?” “Beş!” “Neçə manat maaş alırsan?” “Beş?” “Neçə uşağın var?” “Beş!” Mərhum Beş yay-qış qaloş geyərdi. Şəhərin harasında yas yeri olsaydı, hökmən naharını ora salırdı.  Yasin oxunduqca qara gözlərini qıyır və başını dərin razılıqla bulaya-bulaya “Sağ ol! Sağ ol!” deyirdi, elə bil ki, mollaya yox, meyxanaçıya qulaq asır.

Allah salyanlılardan razı olsun, xətrinə dəymirdilər…

Beşin ailəsi, uşaqları vardı. Mən ciddi güman edirəm ki, mərhumun başqa yerlərdə də, o cümlədən Bakida yaxın qohumları və hətta uşaqları da ola bilər. Məndə bu güman son illər Baki prokurorlarını diqqətlə müşahidə edəndən sonra yaranıb. Düzdür, mən indiyəcən bir nəfər də canlı Baki prokuroru(canlı olmayanını da) görməmişəm. Ancaq atalar deyib ki, prokurorun üzünü görmə, ittihamını eşit.

Bir neçə il əvvəl Qarabağ müharibəsinin veteranları erməni zabitlərinin Bakıya mümkün gəlişiylə bağlı dinc etiraz nümayişıninə çıxanda, prokuror onlar üçün beş il iş istədi və aldı da. Yəni işi prokuror almadı, müharibə veteranları aldılar. Elə o vaxt şübhələndim: Niyə məhz beş il? Bəlkə o prokurorun əsli salyanlıdır və elə Beşin qohumudur?

İndi prokuror Qənimət Zahid üçün beş il istəyəndə mənim şübhələrim lap artdı. Əlbəttə, Baki prokurorları həmişə beş il istəmirlər, bəzən doqquz il, on il istəyirlər. Ancaq məsələ burasındadır ki, salyanlı Beş də hərdən çaşırdı, doqquz deyirdi, on deyirdi. Hansımız çaşmır ki?

Mən bilmirəm ki, Baki prokurorları qaloş geyirlər ya yox. Naharlarını yas yerlərinə salıb-salmadıqlarını da bilmirəm. Ancaq salyanlı Beşlə eyni psixotip olduqları aşkardır.

Burda ciddi bir məsələ var: müəlliflik hüququ. Əgər onlar salyanlı Beşlə qohum deyillərsə, ona ad kimi, həyat devizi və rəmzi kimi məxsus sözdən icazəsiz istifadə etmələri qanunsuzdur. Əslində onlar hər dəfə “beş” sözünü işlədəndə salyanlı Beşin ailəsinə öz maaşlarından( Baski prokurorlarının başqa gəlirləri olmaz) pul ayırmalıdırlar. Və tək onlar yox. Putin dövründə çoxlu siyasi hökmlər çıxarmış Rusiya prokurorları da. Günahları yalnız keçmiş səhiyyə nazirinin və prezidendin özünün ictimai qəbul otağına icazəsiz girmək olan onlarla tələbə gənc beş il sərt rejimli cəza alıb türmələrdə çürüyürlər. Bu cəzanı onlara kəsən prokurorlar da ya “beş”i nə möcüzəyləsə bizim salyanlıdan eşidiblər, ya “beş” rəqəminin dustaq tərbiyəsi üçün lap “həkim yazan” olduğunu Baki prokurorlarından öyrəniblər. Hər necvə olsa, Rusiya prokurorlarının salyanlı Beşin ailəsinə, Azərbaycan və  Rusiya ədliyyə sisteminin ən vacib dirəyinə çevrilmiş bu adı ona verən camaata borcu çoxdur.  Borcdan çıxmağı Beşə heykəl qoymaqla başlamaq olar. Bilirəm ki, küçələrimizdə, bağlarımızda, meydanlarımızda yalnız bir adamın heykəli qoyula bilər. Mən şəxsən Beşə heykəli Ədliyyə nazirliyinin qabağında görürəm.

Müxalif fikirli adamların yatdığı türmələrin qabağında isə heykəlin surətlərini qoymaq olar…

                                        24.02.08 Samara

 

  

 

“DAL”IMIZ ÇOXDAN XARAB İDİ, “QABAĞ”IMIZA NƏ OLDU?

Mən ömrümün çoxunu Rusiyada yaşamışam, burda səkiz il fəhlə olmuşam, yəni içməyə meylli, söyüşcül adamlarla işləmişəm və rusun guya dünyada bərabəri olmayan söyüş leksikasına yaxşı bələdəm. Ancaq öz dilimizi, öz adamlarımızı yaxşı tanıdığıma görə deyə bilərəm ki, azərbaycanlılar söyüşdə ruslarda çox qabaqdadırlar.

Pardon, qabaqda yox, öndədirlər.

Mənim litvalı təhsil yoldaşım Vitautas Bikulçyus deyirdi li, Litva dilində söyüş yoxdur, litvalılar rusca söyüşürlər…

Rusca… Öz dilimizdəki söyüşlərə nə gəlib ki, rusca söyək?

Və indi belə bir söyüşcül xalq nümayəndələrinin danışanda, yazanda bəzi sözlərdən çəkinməkləri, bu spözləri dəyişməyə ya müxtəlif üsullarla işarələrib neytrallaşmağa çalışmaqları adamı nəinki təəccübləndirir, hətta başından tüstü çıxardır.

Bizdə “dal” sözünün vəziyyəti çoxdan, fransızca desək, abırlı bir cəmiyyətdə putanın vəziyyəti kimidir. Bu sözü gərək işlətməyəsən, ya da işlədəndə qabağına, pardon, önünə “türkün məsəli” atasan, çünki atmasan, dal olur əməlli-başlı dal…

Əslində “dal”da pis heç nə yoxdur, “dal” da baş kimi, ayaqlar kimi bədənin vacib, ayrılmaz hissəsidir. Kimsə bu “dal” sözünü işlədəndə ya eşidəndə ayrı fikirlərə düşürsə, burda dilin nə günahı?

İndi azərbaycanca yazılan mətnləri oxuyanda görürəm ki, “qabaq” sözü də dal sözünnün gününə düşüb. Yəni bu söz də olub, pardon, üzüqara. Özünü mədəni, tərbiyəli, namusllu və qeyrətli sayan hər insan qətiyyətlə “qabaq” sözünü işlətməkdən qaçır. “Qabaq” yerinə “ön” deyir.

“Bir il qabaq” – “bir il öncə”

“Qabaqlar” – “öncələrdə”

“Qabaqcıl” – “öncül”

Jurnalist yazır: “Öncələrdə qəhrəman Azərbaycan xalqı…” Və s. bu cür cəfəngiyyat.

Kefli İsgəndər demişkən, olasan Rüstəm-Zal, tutasan bu jurnalistin qulağından, qaldırasan və deyəsən: “Qırışmal, sənin dədən-baban “öncələrdə” deyirdi? Yalansa sənin lap…”

Vallah, blimirəm bu «qabağ»a birdən-birə nə oldu. Yaxşı, dalı bildik. Qabaq qabaqdır da. Universal keyfiyyətli sözdür. Vaxt da bildirir, istiqamət də, bədənin hissəsini də.

Azərbaycanda müştəri satıcı qızdan yağ soruşur və deyinir ki, “qabaq belə baha deyildi”.

Satıcı qız cumur kişinin üstünə: “Ağzını təmiz saxla, pozğunun biri pozğun, burda dal-qabaq shbəti eləmə, düyməni basaram, polis önündə gedərsən!”

Fikir verin satıcıda olan tərbiyə və mədəniyyətə: demir “polis qabağında”, deyir “polis önündə”!

Rəsul Həmzətov deyirdi ki, “sabah dilim öləcəksə, bu gün özüm ölüm”.

Dil insan deyil. Dilin ölümü də insan ölümünə bənzəməz. Bəlkə bu qayda ilə bizim dilimiz ölür?

Mən Rəsul Həmzətov kimi millətimin dahisi deyiləm. Ancaq mən də dilimizin ölümündən qabaq ölmək istərdinm.

Pardon, “qabaq” yox, “öncə”…

05.10.17

Mirzə ƏLİL

Samara

YASƏMƏN QARAQOYUNLUNUN RUSİYANI YIXMAQ PLANI

 

Düzü, əvvəllər Azərbaycanda fəlsəfə institutunun olmağını bilmirdim. İndi bilirəm. Çünki Yasəmən Qaraqoyunlu adında bir arvad məqalələrinin axırında işlədiyi yeri göstərir: Fəlsəfə institutu.

Və indi fikirləşirəm ki, əgər Yasəmən Qaraqoyunlu fəlsəfə institutunda işləyirsə, bu institut doğrudanmı fəlsəfə instututur ya hırraxana? Mən belə təsəvvür edirəm ki, Azərbaycanın fəlsəfə institutunun qədim yunan, klassik alman, fransız fəlsəfəsinə heç dəxli yoxdur, olsaydı, burda qədim yunanı, almanı, fransızı bilən, Platonu, Kantı, Volteri, Sartrı orijinaldan oxuyub ali mövzularda yazan və danışan adamlar işləyərdi. Yasəmən Qaraqaoyunlu çətin ki, Aristoteli Ərəstun Orucovdan ayıra bilər, çünki Qaqauziyanın harda olduğunu bilmir. Buna görə fikirləşirəm ki, Azərbaycanın fəlsəfə insitutunda fəlsəfə-zad yoxdur, burda beş-altı arvad və o qədər də kişi yığışıb lotoreya oynayırlar, yəni xalqın boğazından kəslib onlara verilən maaşları lotoreyaya qoyurlar, lotoreyanı götürən kimi gedirlər bazarlara, yarmarkalara, dəlləkxanalara və s. gözəl yerlərə. Və buna görə mərhum ulu öndər Heydər Əliyevin vəsiyyətini yerinə yetirmək, Azərbaycanı yenidən qul-pambıq ölkəsinə evirmək və bu fəlsəfə institutunun işçilərini aparıb pambıq sahələrinə tökmək lazımdır.

Və Qaqauziyanın harda olduğunu bilməyən Yasəmən Qaraqoyunlu İlham Əliyevə yeni eşq məktubu yazıb təklif edir ki, Azərbaycan Rusiyanı daxildən qarışdırsın. Yəni türk dilli respublikaları qaldırsın Kremlə qarışi, ara qarışsın, məzhəb itsin, Azərbaycan da bundan çoxlu-çoxlu faydalar götürsün.

Bilmirəm bu təklif gülməlidir ya ağlamalıdır. Şəxsn mən oxuyanda quruyub qaldım. Ermənilər gəlib oturublar az qala Azərbaycanın fəlsəfə institutunda, yəni bu filosofların ağzının içində, qorxularından cıqqırıqları çıxmır, Rusiyanı qarışdırmaq istəyirlər! Əhsən sizdə olan qeyrətə!

Qaqauzuyanın harda olduğunu bilməyən azərbaycanlı arvad dünya şöhrətli nüvə, raket alimləri yetirmiş tatarları öz himayəsi altına götürmək istəyir! Tatarlar bunu bilsələr, gülməkdən ölərlər!

yasəmən_qaraqoyunlu

Rusiyada bir milyondan çox azərbaycanlı çörək qazanır, Azərbaycan filosofları isə Rusiyanı qarışdırmaq istəyirlər!

Deyək ki, Rusiya qarışdı. Nə olur? Ermənilər heç bir qarış topağı verəcəklər? Verməyəcəklər!

Rusiya qarışsa, Kadırov, məsələn, nəzarətdən çıxsa, çeçenlər Azərbaycanın şimalını iki saata götürərlər və bəlkə iki günə gedib Azərbaycanın fəlsəfə institutunda oturarlar. Və yəqin ki ordakı “filosofların” başlarını sığallamazlar…

Və əslində təəccüblü deyil ki, çoxlu azərbaycanlı kişi bu arvadın hədyan təklifinə “bəh-bəh” deyir. Çünki erməniləri Ağdamdan qovmağa qeyrəti olmayan insanlar öz ayıblarını belə divanə planlarla gizlətməyə çalışırlar…

Və əlbəttə, Azərbaycanın fəlsəfə institutu elmi müəssisə deyil. Dövlət maliyyəli institut elmi müəssisə olsaydı, burda işləyən adamın təxribat planına qarşı Rusiya rəsmi bəyanat verərdi. Vermirsə, fəlsəfə institutunu hırraxana sayır.

Yaxşı da eləyir…

04.10.17

RÜFƏT MURADLI, SALYANIN «VAĞZAL UŞAĞI»

Rüfət_Muradlı.jpeg

Feysbukda Azərbaycanın az-çox tanınmış siyasətçilərindən yalnız bir nəfərlə “dost”luqda olmuşam. Bu dostluq da on beş dəqiqə əvvəl bitdi.

İki ya üç il bundan qabaq Rüfət Muradlı adlı bir nfər mənə dostluq göndərdi. Deməəliyəm ki, mən heç kimə “dostluq” təklif etmirəm, mənə isə az adam “dostluq” göndərir, hamısını qəbul edirəm, hərçənd bir çoxu müəyyən vaxtdan sonra silinirlər. Rüfət Muradlının Ümid partiyasından olduğunu bildim, ancaq məni hardan tanıdığını başa düşmədim. Azərbaycana gedəndə soruşdum, dedilər Rüfət mərhum Telmanın birinci arvadlının qardaşıdır.

Telman mənim Süleyman qardaşımın dostuydu. Birinci ailəsi dağılmışdı. Bu barədə yazmaq istəmirəm…

Cəlil Məmmədquluzadə yazırdı ki, çox burnu əyri gözəllər görüb, ancaq Xudayar bəyin burni ayrı cür əyri idi…

Mən də çox gözəgirən, abırsız, sırtıq insanlar görmüşım, ancaq Rüfət kimisini yox. Bu adam siyasi karyerası üçün, bir vaxt apardığı deputat kampaniyası üçün cənazələri soyumamış şəhidlərdən istifadə edir, onların qəbirləri üstündə fotosessiyalar keçirirdi. Doğrudan da “böyük” təyininə layiq olan, saflıqları, təmizlikləri zaman sınağından çıxmış azərbaycanlıların yubileyləri günlərində bu adam hökmən onların qəbirləri üstündə şəkil çəkdirir, çox hissəsi bığdan ibarət olan utanmaz sifətini adın da, yubileyin də fövqünə qaldırır. Bu adamın osmanlını səriştəsizliklə yamsılayan dilində bir kəlmə səmimi söz yoxdur və bu da onun əqidəsizliyini göstərir. Özünü qondarma “Borçalı”, “Kərkük”, «Urmiya» kimi avantürist, arxasında heç nə dayanmayan proyektlərlə sanballı göstərməyə çalışan, əlvan qalstuklarından başqa tanınılası bir şeyləri olmayan insanları daim başına yığıb iclas keçirən bu Rüfət Muradlı Azərbaycan siyasi həyatında ən vecsiz, ancaq bütün vecsizliyinə baxmayaraq özünü havayı yemləməyə bacarığı çatan bir şəxsdir.

(Ağdamın ya Füzulinin özünə də olmasa, heç yaxınlığına gedib ermənilərə “kiş” deməyə qeyrətləri çatmayan bu şələbığ, qarınlarınnın yekəliyindən pencəkləri düymələnməyən kişilər İraq türkmanlarını, “güneyli soydaşlarımızı” guya müdafiə edir, bu bəhanə ilə hansı “qazların” hesabınasa qurulan məclisərdə yeyib-içirlər).

O məndə onu İnternetdə tanıdığım dəqiqədən ikraf doğurub, ancaq mərhum Telmanın xatirəsinə hörmət kimi ona dəyməmişəm.

Salayn avtovağzalı ötən əsrin 70-ci illərinin əvvəllərində tikilib. O vaxt vağzalda və və vağzal ətrafında “uşaqlar” olurdu – “xoruz” satanlar, marşrutlara ucadan adam çağıranlar… Bu uşaqların tərbiyəsiz olduğunu demək istəmirəm. Ancaq onlar vağzal həyatı üçün zəruri olan üzlülükləri ilə fərqlənirdilər. Və “vağzal uşağı” ifadəsi Salyanda o vaxtlar bəzən ya zarafat, ya da söyüş kimi işlənirdi.

Bax, mənə elə gəlir ki, Rüfət Muradlıya ən çox uyğun gələn tərif “Salyanın vağzal uşağı” dır…

İndi bu adam mənə “tərbiyəsiz” deyir…

Mən bu adamı mərhum Telmana görə “dostluğ»a qəbul eləmişdim. Əslində gərək mərhim Telmana görə onin dostluğunu rədd edəydim.

Səhv eləmişəm…

04.10.17

ƏN LƏYAQƏTLİ NAMİZƏD

(Rüfət Muradlıya)

Adı siyahıya salınan kimi,

Çalışdı soydaşım qəhrəman kimi.

 

Qohumu, qonşunu görüşə yığdı,

Bir az guruldadı, bir az da yağdı.

 

Kasıb toylarına tamada getdi,

Köhnə şalvarını yamadı getdi.

 

Gəzdi ocaqları, nəzir apardı,

Aşura günündə başını yardı.

 

Getdi şəhidlərin qəbri üstünə,

Ağladı, islatdı qəbiristanı.

 

Qucaqlayıb öpdü neçə heykəli,

İtlə, pişiklə də çəkildi şəkli.

 

Ayaqsız əlili dalına aldı,

Dilənçi cibinə qəpik də saldı.

 

Dişsiz qarılarla qol-boyun oldu,

Öpüşdən dodağı, dili yoruldu.

 

Söz verdi deputat keçərsə əgər,

Quru çay üstündə körpü tikdirər.

 

Səs verin! Kim əgər səs verər ona.

Səsini verəcək Azərbaycana!

25.10. 2015 Samara

 

MİXAİL LERMONTOV. HƏM SIXINTI, HƏM KƏDƏR

LERMONTOV

MİXAİL LERMONTOV

        HƏM SIXINTI, HƏM KƏDƏR

                                            И скучно и грустно, некому руку подать…

 

Həm sıxıntı, həm kədər, kimsə yox əl verməyə,

Təlatümlər qəlbinə dolan dəqiqələrdə.

Arzular… əbəs yerə hey arzula – xeyri nə?

Ən gözəl illərisə ömrünün keçib gedər.

 

Sevmək…Kimi sevəsən? müvəqqətisə — dəyməz,

Əbədi sevgilərsə yalnız kitablardadır.

Öz içinə nəzər sal – yox keçmişdən orda iz.

Sevinc də, iztirab da, hər şey orda xırdadır.

 

Ehtiras! İtib gedər ondakı şirin ağrı,

Gec ya tez, ağlın səsi amiranə dinəndə.

Baxırsan ətrafına soyuqqanlı və ayıq, —

Boş və küt zarafatdır sanki həyat önündə.

 

Rus dilindən tərcümə

01.10. 2017

Samara

MİXAİL LERMONTOV. «AYRILSAQ DA, SƏNİN PORTRETİNİ…»

LERMONTOV

MİXAİL LERMONTOV           

                                Расстались мы, но твой портрет…

 

Ayrılsaq da, sənin portretini,

Hələ gəzdirirəm sinəmin üstdə.

O mənim ruhuma sevinc gətirir,

Bəxtəvər günlərdən qalan isti də.

 

Təzə ehtiraslar canı yandırır,

Onu həminki tək sevirəm fəqət.

Sındırılan sənəm – yenə Tanrıdır,

Tərk edilən məbəd – yenə də məbəd.

1837

Ruscadan tərcümə

30.09.2017

Samara

 

MİXAİL LERMONTOV. YUXU

LERMONTOV

MİXAİL LERMONTOV

              YUXU

               В полдневный жар в долине Дагестана…

 

Dağıstan düzündə günorta üstü,

Sinəmdə qurğuşun düşmüşəm halsız.

Sönməmiş hələ də yaramda tüstü,

Qanım damla-damla hələ də sızir.

 

Tənha uzanmışam düzün qumunda,

Sıldırım qayalar hər tərəfimdə.

Sarı zirvələri günəş yandırır

Məni də yandırır, yatmışam fəqət.

 

Və girdi yuxuma al-əlvan yanan,
Axşam ziyafəti doğma diyarda.

Başları çələngli neçə gənc xanım.

Məndən danışırdı şən üzlə orda.

 

Amma qoşulmayıb bu şən söhbətə,

Bir qız oturubdur dərin fikirli.

Qəlbini yuxuya nədir qərq edən,

Nədən bu dalğınlıq – bir allah bilir;

 

Girər yuxusuna Dağıstan düzü;

Yatır tanıdığı bir meyit orda.

Soyuya-soyuya hələ qan sızır,
Hələ tüstülənir dərin yara da.

1841

Ruscadan tərcümə

29.09.2017

Samara

 

YA MƏDƏT!

MADAT.jpg

General Mədət Quliyev deyir ki, məmə deyəndən pəpə yeyənə qədər bütün Azırbaycan xalqı çox yox, bircə həftə bu vəziyətdə oturub meditasiya eləsə, ermənilər özləri Qarabağı boşaldıb gedərlər.

ATALAR VƏ OĞULLAR: CƏFƏR MEHDİ VƏ ƏLİSƏMİD KÜR

Əlisəmid.jpg

İndi bilmirəm necədir, qabaqlar gəlin-qayınana davalarında “murdarı təmizə qarıışdırır, təmizi murdara” qınağı tez-tez səslənərdi. Bunu ya gəlin qayınanadan deyirdi, ya qayınana gəlindən…

Azərbaycanının mənəvi-mədəni həyatının hansı sahəsiylə tanış olursan, “murdarın təmizə, təmizin murdara” qarışdığını düşünürsən. Təəssüf ki, siyasi həyat da belədir, ancaq siyasətlə işim yoxdur. Mənim mövzum ədəbiyyatdır. Daha konkret – poeziya.

Bir dəfə Folknerdən müasir rus ədəbiyyatı haqqında fikrini soruşublar, cavabında deyib: “Orda…yazıçılar olmalıdır…”.

Folknerdən bu cavaba görə xeyli incimişdilər. Ancaq Folkneri  sovet vaxtı başqa səbəbdən çap etmirdilər…

Düşünürəm ki, məndən inciməzlər və özümü Folknerə tay qoyduğumu da düşünməzlər – Azərbaycandan kənarda yaşadığım otuz beş ildən çox vaxt ərzində həmişə düşünmüşəm ki, “orda ədəbiyyat olmalıdır…” Mən 1981-ci ildən sonra yazılanları vaxtında oxuya bilməmişəm, boynuma alsam, oxumağa elə həvəsim də olmayıb. İnternetə qoşulduğun on ildən də azdır, Azərbaycanda yazılan şeirlərə isə yalnız son vaxtla, özü də uzun fasilələrlə baxıram. Və baxdıqca, Folkner demişkən, “orda” ədəbiyyatın olduğuna məndə şübhə yaranır…

Yəni əsl ədəbiyyatın, ciddi ədəbiyyatın.

Yəqin belə ədəbiyyat “orda” var, ancaq əsl, ciddi ədəbiyyat kimi üzə çıxanlar ya üzə çıxarılanlar adamı çaş-baş salır.

Əlisəmid Kürün adına İnternetdə bir neçə dəfə rast gəlsəm də, son günlərə qədər heç bir yazısını oxumamışdım. Təxminən bilirdim ki, Salyandan yaxşı tanıdığım mərhum Cəfər müəllimin oğludur. Cəfər Mehdiyev, Allah günahlarından keçsin, çox dolaşıq adam idi. Bir neçə il Salyandakı ədəbi birlikdə birgə iştirak etmişik. Səhv etmirəmsə, 1978-ci ildə”Qələbə” qəzetinin redaksiyasında gözlənilmədən dava düşdü. Deməliyəm ki, Cəfər müəllimlə başqa davalarımız da olub. Ancaq bu dava gözlənilməz və rüsvayçı idi. Mənim müzakirə üçün oxuduğum şeirdə belə bir misra vardı:

“Bu köhnə avtobus, tozlu avtobus….”

Şeir bitən kimi Cəfər müəllim yerindən sıçradı: “Tozlu? Köhnə? Sovet gerçəkliyinə böhtan atırsan? 30-cu illərdə səni əlli-ayaqlı…”

Adını çəkmədiyim bir nəfər də, deyək ki, F., qalxdı: “Xeyrulla, sən yolundan sarpmısan!”

Mən də qışqırırdım…

“Qələbə” KQB ilə bir binada yerləşirdi…

Şeir nəinki siyasi, hətta ictimai də deyildi. Eşq şeir idi. Yəni salonda oturan qəşəng bir qıza görə “tozlu, köhnə avtobus” müəllifin gözündə gəlin faytonuna dönürdü…

Bu davanın sağ şahidləri var. Məsələn, Nizami müəllim. Nizami Oruc…

Cəfər müəllim, Cəfər Mehdi ömrü boyu ictimai-siyasi şeirlər yazırdı. Bəlkə də dünyada ən mahsuldar yazan olub. Ancaq o vaxtlar qalın jurnalda bircə şeiri çıxmışdı: səhv etmirəmsə, 1976-cı ildə “Azərbaycan” jurnalı Cəfər Mehdinin Sovet İttifaqı Kommunust Partiyasının növbəti qurultayının açılmasına həsr olunmuş şeiri ilə açılırdı….(tavtalogiyaya görə üzrlü sayın)

Əslində məni bu məqaləni yazmağa sövq edən Əlisəmid Kürün bir müsahibəsi oldu. Əlisəmid fəxrlə deyir ki, Rövşən Lənkəranskiyə şeir həsr edib, şeirdən bir parça hətta Rövşən Lənkıranski haqqındakı kitaba salınıb…

Burda kimin goru çatlasın? Ata Leninə şeir həsr edirdi, oğul oğruya…

Hə, qeyd edim ki, mərhum Cəfər müəllim Leninə minlərlə misra həsr edib…

Yeddi-səkkiz il qabaq Salyan qəbiristanlığında Cəfər Mehdinin qəbrini gördüm. Qəbirdaşına şeir yazılmışdı, şeir deyəndə ki, şeir iddialı mətn, çoxlu orfoqrafiqk səhvlərlə…

Təhsil Tanrısı bəlkə beləcə mərhumdan qisas alıb: özünüz fikirləşin, Leninə kilometrlərlə şeir həsr edən adam şagirdlərin başına zibildən başqa nə yeridə bilərdi?

Bir dəfə də Cəfər müəllimlə ciddi davamız 1982-ci ilin yayında olub. Mən o vaxt Moskvadan tətilə gəlmişdim. Dava Fərqanə Mehdiyevanın üstündə oldu…

(Cəmi bir il bundan qabaq təsadüfən bildim ki, Cəfər müəllimin aqressiv həmləsindən müdadfiə etdiyim Fərqanə ciddi ədəbiyyat məmuru olub…)

Və bəlkə də atası ilə şəxsi tanışlığım məni Əlisəmid Kürlə yaxından maraqlanmağa sövq etdi. Xeyli yazısını oxudum…

Yaxşı şeirlə pis şeiri, ümumiyyətlə şeiri şeir olmayan mətndən ayırmaq, əlbəttə, mümkündür. Çətini – bunu oxucuya anlatmaq, müəllifə sübut etməkdir. Yəni ədəbi tənqidçinin işi müstəntinqin işindən də çətindir – zövq standartlarını, sənətkarlıq meyarlarını əşyayi-dəlil kimi işlətmək mümkün deyil. Ona görə ədəbiyyatda – başqa millətlərin ədəbiyyatlarında da – sayı ordu tərtib edə biləcək insanlar şair, yazıçı adını daşıyırlar. Əlbəttə, musiqidə də istedadsız adamlar ad qazanırlar və çox irəli gedirlər də. Ancaq müxtəlif musiqi janrlarının sınaq baryerləri var. Məsələn, xanəndə iddiasında olan adam gərək “Çahargah”ın heç olmasa hisarına, müxalifinə qədər çıxa bilsin. Şeirdə belə baryerlər də yoxdur. Guya ağ şeir yazırlar deyə qafiyəsiz, ölçüsüz cümlələri alt-alta düzürlər ki, bu da şeirdir. Əlbəttə, belə müəlliflərlə danışmağın faydası yoxdur. Mübarizə oxucu uğrunda getməlidir. Oxucuya əsl şeiri şeir olmayan mətndən ayırmaqda kömək etmək lazımdır.
Əlisəmid Kür müsahibəsində (müsahibə götürən də deyəsən gənc şairdir, ağzının suyunu axıda-axıda «şairi» “əmi” çağırır…) deyir ki, yaxşı şeirləri altdan yuxarı oxumaq olmaz, ancaq yuxarıdan aşağı oxumaq olar.
Mən bu məsləhətlə Əlisəmidin “Yoxa çıxan Xan sarayı” oxuyuram
Bax gör
neylədilər,
neylədilər bu şəhərdə!?.
Uçurulan
Şah sarayı deyil,
dağılan xan mülkü deyil
bu şəhərdə…
Bir şeirin baş beyti itib,
Şah misrası yoxa çıxıb
İçərişəhərdə!
Və başa düşmürəm ki, bu yazı nəyə görə şeir adlanır və, məsələn, sarı və hörmətli Moderator.az saytında gedən informasiyadan nə ilə fərqlənir? Bəlkə burda ritm var? Yoxdur! Gözlənilməz metafora? Yoxdur! Orijinal dil? Yoxdur? Orijinal qafiyələr? Yoxdur! Bu yazını şeirə oxşadan yeganə cəhət cümlələrin parçalanması və alt-alta düzülməsidir.
Başqa bir yazı. Anaya həsr olunub.
“Hayana üz tutsam,
Hayana üz çevirsəm”
Əlbəttə, hələlik şeir misrası yoxdur, yuxarıdakı iki cümlə isə bir-birinin təkrarıdır.
“Qəlbimdə göyərən çiçək arzuya
Bir dəniz sevgisi içirə bilsəm…”
“Çiçək arzu” — əlbəttə, milyon dəfə işləndiyindən bayağıdır və metafora kimi primitivdir. Bu “çiçəyə” “dəniz sevgisi” içirmək isə fikir dolaşıqlığıdır – dəniz sevgisi dəniz suyu ilə assosiasiya doğurur, dəniz suyu isə şordur – onu çiçəyə necə içirdərsən?

Sonra:
Qalsam yarı yolda
Əlimin içindən dərd göyərəcək
Ovcuma sıxılan barmaqlarımı
bir kimsə görməyəcək
Yadınıza salım ki, keçən əsrin 60-cı illərində Ələkbər Salahlıda əl göyərirdi, məsələn, Niyazinin ovcunda dirijor çubuğu. İkinci beytdə isə yenə fikir dolaşıqdır: barmaqlar sıxılanda yenə görünürlər, görünməyən ovucun içidir…
Əslində bu iradlar yazının poetik keyfiyyətinə aid deyil, çünki poeziya yoxdur. İradlar fikrin nizamına və nizamlı da ifadəsinə aiddir. Yəni Əlisəmid gəlişi gözəl – naşılar və cahillər üçün – sözlərlə şeir təsəvvürü yaratmağa çalışır…
Mən, əlbəttə, klassik şeirin tərəfdarıyam, sərt formalı şeirin tərəfdarıyam, ağ qafiyəsiz, formasız şeirlər həm də hər cür qrafomanlar, ədəbiyyat aferistləri üçün meydan yaradır. Əlbəttə, sərt forma özü-özlüyündə şeir yaratmır. Nəsiminin Cahangir Qəhrəmanov topladığı məcmuəsində, səhv etmirəmsə, təxminən 600 şeir var. Onlardan yalnız iyirmi-otuzu böyük şeirdir, yəni müəllifinin böyüklüyünü təstiq edən şeirdir. Digər tərəfdən, gözəl “formasız” şeirlər də olur, məsələn, Nazim Hikmətin şeirlərinin bir hissəsi. Formalı şeirin bir üstünlüyü var: müəllif ən azı sənətin əsaslarını öyrənib, ölçü-bizi bilir və s. Bizdə formasız şeir aferistlik və hətta şarlatanlıq üçün meydandır. Sovet vaxtı qılıncının dalı da, qabağı da kəsən şairlərimiz bir sözü bir misra kimi işlədib jurnallara 2 manata satırdılar – bir ətək pul idi! Rəhmətlik Rəsul Rza belə yazmırdımı? Şeirinin uzunluğu kilometr, yəni qaz vurub qazan doldururdular. Formasızlıq əslində çoxlu istedadlı şairlərin evini yıxdı, onları inkişafdan saxladı. İsa İsmayılzadə, Ələkbər Salahzadə kimi şairlər özlərini dağa-daşa vurmadılar, zəhmət bilməyən, xalturaya öyrəşən adamın isə istedadı açılmamış yaz qarı kimi əriyib gedir. Məni Azərbaycan poeziyasında ən çox həyəcanlandıran və hətta sirinliyi ilə ovsunlayan şeirin – “Bəzən haqq qazanır insan öləndə” – əsas bədii keyfiyyəti ağır düşüncəyə adekvat sərt forma deyilmi?
Yuxarıda Əlisəmidin Rövşən Lənkəranskiyə yazdığı şeirdən fəxrlə danışdığını dedim. Əlisəmid Kür Rəsul Rzanın da ölümünə şeir yazıb:
“Ölümünlə aldatdın bizi
aprelin birində — başaldatdı günü.
Yüyürdüm ölümün ardınca;
İnsan axını yol vermədi…:”
Əlisəmid Kürü qaranəfəs, qan-tər içində, dilini bir qarış çıxararaq xalq şairinin cənazəsinin dalınca qaçdığını təsəvvür edursiniz? Və Rəsul Rza ölümüylə Əlisəmidi necə aldadıb? Ölməyəcəkmiş? Başqa gün öləcəkmiş?
Ölümün utana-utana gəlmişdi
Fəxri xiyabana.
Çəkinə-çəkinə,
qızara-qızara
girmişdi məzara”.
Qızara-qızara Fəxri xiyabana gələn ölümü necə təsəvvür edirsiniz?
Bu, şeirdir ya qapazvurdu səhnəsi?
Rövşən Lənkəranski ilə yanaşı Əlisəmidin daha bir qəhrəmanı var: Əbülfəz Elçibəy. Eıçibəyin ölümünə həsr olunan  şeirdəa dəlilər dəlixanada mərhum eks-prezidentə ehsan verirlər, ancaq dəlinin biri yemir.
ehsan yeməyən bir dəli
elə hey qışqırırdı:
— Sən neylədin,
nə oyun çıxartdın,
Ay Əbülfəz, eeey,
Ay Əbülfəz, eeey,
Ay Əbülfəz, eeey…
“Nə oyun çıxartdın, ay Əbülfəz…” Bu müraciət formasından bilinir ki, ölən general de Qoll deyil… De Qoll, ədalətlə desək, İsgəndər Həmidov kimi adamları başına yığmazdı….
Başqa bir şeiri götürək:
“Sən hələ sağsan, hələ sağsan, bəylər bəyi a tar,
mən elə bilirdim, Sən də o zaman
Şuşada həlak olmusan?!
Deyirlər, bizimkilər çəkiləndən sonra
Şuşanı qorumağa qalxan onlarla tar
hamısı orada döyüşüb həlak olublar,
Və darvazamızı fələk vurubdu….”
Oxudunuz? Hə düzdür, sonuncu misra “Mirsə Səfər” hekayəsindəndir, ancaq razılaşın ki, yuxarıdakı “misralarla” müqayisədə əsil şeir misrası elə Mirzə Səfərin şeiridi… Tarlar Şuşada döyüşə qalxıblar… Yəqin bu, Rəhim Qazıyevdən sonra olub…
Və boynuma alım ki, bu parça Əlisəmid Kürün deyil, Vaqif Cəbrayılzadə-Bayatlınındır. Və son otuz ildən də çox vaxt ərzində “Möhtəşəm” şair Vaqiv Bayatlının mətbuatda gedən şeirləri bu cür sayıqlamalar səviyyəsindərdir.
Əlbəttə, mən bu sözləri ona görə yaza bilirəm ki, Azərbaycandan uzaqdayam, Azərbaycanda belə yazmağa qorxardım, çünki Vaqif Bayatlının fanatları məni bəlkə də Əlisəmid Kürün öz diliylə desək, “yortardılar”. Bizim çoxumuzda şübhə yoxdur ki, siyasətə odla-alovla, səmimi, təmiz məramlarla gəlmiş insanlar illər keçəndən sonra ya qatı bürokrata çevrilirlər ya da bundan da pis olurlar: rüşvətxor, xəzinəyaran və s. Yəni adam həyat şərtləriylə, öz təbiətinin ibtidai instinklərinə uyğun dəyişir. Zeynəb Xanlarovanın bir vaxt necə gözəl müğənni olduğunu köhnə yazılarına qulaq asıb bilmək olar.. İlk gəncliyində hətta mərhum İlhamə Quliyeva da yaxşı müğənni olub. Sonra səsləri dəyişir, özləri dəyişir, özlərinə tələbləri dəyişir və bütün bunlar tam deqradasiya ilə nəticələnir. Gözəl bəstəkar Oqtay Kazımovun “Həyat sən nə qəribəsin” kimi neçə mahnısı var? Və bütün yaradıcılıq sahələrində təxminən eyni şey. Ona görə də Vaqif Bayatılının tam deqradasiyası təəccüb yox, yalnız təəssüf doğurmalıdır. Vaqif yaxşı şeirlərini yetmişinci illərin sonlarında  yazıb. Sonra öz-özünü məliküşşüara elan edəndən sonra ona elə gəlib ki, onun hər tərpənişi, hər sayıqlaması, hətta burun qurdalaması və corablarının iyi də poeziya faktıdır. Bunun üçün Vaqifin ən birinci “fanatı”, onun şeirlərin şələ-şələ, qarşısında heç bir tələb qoymamış çap edən Əkrəm Əylisli də günahkardır. Aşağı səviyyəli, demoralizə olmuş ədəbi tənqid də. Əslində onun faktik yoxluğu.
Niyə mən Əlisəmiddən Vaqif Bayatlıya keçdim? Çünki son on illərdə sənət standartlarını, əslində standartsızlığı, səviyyəsizliyi yaradan Vaqif Bayatlı, Ramiz Rövşən kimi müəlliflər olublar. İyirmi-iyirmi beş yaşlarında qazandıqları uğuru renta kimi yeyirlər və antiədəbiyyat, antimədəniyyət onların hesabına əsl ədəbiyyatı, əsl mədəniyyəti basıb əzir…

25.09. 2017, Samara