TEOFİL QOTYE. XATİRƏLƏR QALASI

gautier_big-min

Le château du Souvenir

Əllərim alnımda, ayaqlarımı,

Ocağa uzadıb arzulayıram,

Bozumtul keçmişi necə adlayıb,

Qayıdım Xatirə qalasına mən.

 

 

Duman tənzifiylə örtülür evlər,
Ağaclar, düzənlər, dağ yamacları.

Baxsa da gözlərim dirəklərə hey,

Yenə də aldadır yol ayrıcları.

 

Gedirəm, sağımda-solumda qalır,
Yox olmuş dünyanın xarabalığı.

Həndəvəri sirli dumanlar alır,
İşarır haləsi unutqanlığın.

 

 

Fəqət yox, qəfildən şəffaf, həm də ağ,

Xatirə yeriyir yol qırağıyla.

Ariadna kimi qoyur ovcuma,

Əlindəki kiçik sap yumağını.

 

 

Yolu tanıyıram mən indən belə,
Örpəkli günəş də çıxır yenidən.

Xeyli uzaqdakı qülləli qala,
Görünür açıqca meşənin üstdən.   

 

Günün ömrü gedir gün qaralmada,
Qalınlaşan xəzəl onu gizlədir,

Qədim, tanış yolu mamır alıbdır,
Ensiz qaytan kimi uzanıb gedir.

 

 

Ətrafı ağuşa alır böyürtkən,

Sərir həndəvərə liana toru.

Yolumdan budağı kənar edərkən,
Qayıdır üzümə şillə də vurur.

 

Çataraq talanın bir bucağına,

Nəhayət, görürəm malikanəni.

Damlarında yanğın avadanlığı.

Qüllədə qarovul köşkü var yenə.

 

 

Ancaq tüstü çıxmır buxarılardan,
Mavi şöləsini qata səmaya.

İşıqlanan bircə pəncərə yoxdur,
Şöləni görəsən, bir insanı ya.

 

Dayaqlar, zəncirlər sınıb körpüdə,
Baxırsan, mərciyə bənzəyir sular

Onların sarı-boz ləkələrindən,
Kanalın səthində sanki pərdə var.

 

 

Tamam həndəvəri basıb sarmaşıq,
Yox elə deşik ki, baş uzatmaya.

Kim ona üz versə harda, dolaşır,

Boyin-boğazına, az qalır boğa.

 

Artırma görünür ay işığında

Onu öz zövqüylə dəyişir zaman,
Dayanmaq bilmirdi ağır yağış da,
Paltom süngər idi, hopurdu leysan.

 

Həyəcan içində itələyirəm

Qapını, açılır cırıltısıyla.

Soyuq hava gəlir, mağara ətri,
Kifiylə burnumu sanki dalayır.

 
Tikanı göynədən, deşən gicitkən,
Geniş əl-qol açan ayıpəncəsi,

Seçırık həyətin küncünü məskən,
Baldırğan altında günləri keçir.

 
Qədim pilləkəni qoruyan iki,

Mərmər monstrun üstünə enir,

Mən burdan gedəndə hələ ki kiçik,

Ağacın kölgəsi, indi nəhəngdir.

 

 

Şir kimi qaldırıb pəncələrini,
Onlar qətiyyətlə durur yolumda.

Bəyaz baxışları dindirir məni,

Mənsə sirli sözü pıçıldayıram.

 
Keçirəm, başını bir an qaldırıb,
Qoca it yuxuya gedir yenə də.

Ayaq səslərimsə əks-sədalar,
Doğurur onların yatdığı küncdə…

 

Fransızcadan tərcümə

04-05. 10. 2018

Samara

TEOFİL QOTYE.  QARATOYUQ

gautier_big-min

   Le merle

Budaqda bir quşun nəğməsi dinir,

Ümidlə doludur, şən və xumardır.

Qırovdan ağaran çəmənə enir,
Çəkmələr sarıdır, frak qaradır.

 

Sadəqəlb nəğməkar qaratoyuqdur,
Təqvimdən xəbəri olmaz heç zaman.

Günəşi arzular həmişə, qoşur,
Aprel nəğməsini fevral ayından.

 

Fəqət külək əsir, yağır durmadan,
Arvsa mavi Ronu saraldır daha.

İpəklə bəznmiş salon da qoymur,

Qonağı ocaqdan aralanmağa.

 

 

Sincab xəzi atıb çiyninə dağıar,
Hakim tək ciddidir oturuşları.

Müzakirə edir ağ tribunal,
Niyə uzanıbdır görən qış belə.

 

 

Qanadını didib parıldadaraq,
İnadla oxuyur nəğməsini quş.

Baxmır nə yağışa, nə də ki qara,
İnanır bahara basılacaq qış.

 

Deyinir, gecikən sübhü danlayır,
Durmur indiyəcən yataqdan şəfəq .

Üşüyən çiçəyi ciddi qınayır,
Deyir ki, bəs yazın haçan gələcək.

 

Kölgələr dalında görür gün doğur,

Beləcə məbədə gələndə mömin,
Səcdəgah boşsa da, həmişə duyur,

Tanrını, elə bil lap yanındadır.

 

 

Onun təbiətə etibarı var,
İnstinkti duyur qanunu çünki.

Fəlsəfən bu quşda gülüş doğurar,
Elə müdrik deyil o sənin kimi.

 

Fransızcadan tərcümə

03-04. 10. 2018

Samara

TEOFİL QOTYE. KOR

gautier_big-min

       L’aveugle

Gündüz bayquş kimi qayğılı, çaşqın,
Bir hasar küncündə gəzir kor kişi

Tütəyində qəmli bir hava çalır,
Barmağı hərdən çaş salır deşiyi.

 

Köhnə bir vodevil çalır deyəsən,
Xaricdir ifası həmişə ancaq.

Gözləri əbədi yatan kabusa,
İtidir bələdçi şəhərə çıxcaq.

 

Günləri ötüşür işıq salmadan,

Tutqun, qaşqabaqlı, zülməti dinlər.

Görünməz həyatın küyü divardan,
O yanda şütüyən axın tək gələr.

 

Tanrı bilir hansı qara xülyalar,
Dolaşır zülmətə batan beyində!
Bəlkə də ovsunlu orda yazı var,
Oxunan, anlana bilinən deyil!

 
Quyunun dibində, Venetsiyada,

Dustaq, yarı dəli, yarı ağıllı,

Daim həndəvəri zülmət alsa da,

Yazır sözlərini divarda mıxla.

 

Yaslı saatlarda, kim bilir, fəqət,
Ölüm od-ocağı söndürən anda,

Zülmətə alışmış ruh da, nəhayət,

Görəcək işığı öz məzarında!

 

Fransızcadan tərcümə

02-03.09. 2018

Samara

TEOFİL QOTYE.  BULAQ

gautier_big-min

          La source

İki daş arası, gölə lap yaxın,

Adamsız bucaqda qyanayır bulaq.

Həvəslə, yüngülcə şütüyür axın,

Sanki uzaqlara gedib çıxacaq.

 

 

Zümzüməylə deyir: “Nə xoşdur indi!

Elə qaranlıqdı torpaq altdasa!

Daha sahillərim yaşıl çəməndir,

Aynamda göylərin parlaq əksi var.

 

 

Göy yaddaş çiçəyi pıçıldayaraq,

Deyir ki, unutma məni, nə olar.

Cırcırama iti qanadlarıyla,

Oynayaraq məni azacıq dalar.

 

Quşlar içir mənim camımdan indi,
Kim bilir, bu yolu xeyli dolanıb,
Bəlkə də bol sulu bir çaya döndüm,

Onda içirdərəm düzü-dünyanı.
Bəyaz köpüyümlə bəzənər mənim,
Qranit sahillər və daş körpülər.

Məndə tüstülənib yol gedər gəmi,
Böyük Okeana çıxana qədər”.

 

Cavan bulaq dil-dil ötür beləcə,
Gələcək günlərə qurur yüz plan,

Elə bil ki, onun şütüyüb keçən,
Suları istəyir çıxa camından.

 

Beşik təmasdadır məzarla ancaq,

Gələcək nəhəng də körpəcə ölər.

Bu körpə bulaq da yuvarlanacaq,
Gölün sularına, qoymadan əsər

Fransızcadan tərcümə

01-02.10. 2018

Samara

DİLİMİZ: HEYDƏR ƏLİYEV VERSUS BƏXTİYAR VAHABZADƏ

BAXTİYAR

Bəxtiyar Vahabzadə ilə Heydər Əliyev arasında dilin adı ilə bağlı mükaliməni lap bu yaxınlarda, həm də təsadüfən gördüm. Bəxtiyar Vahabzadəni tanımasaydım, yəni bioqrafiyasının ən vacib faktlarını bilməsəydim, deyərdim ki, Əliyevin hüzurunda tribunadan danışan adam orta təhsilli, ordan-burdan arabir oxuyan, heç bir sistemli biliyi olmayan ahıl bir kişidir.

Bəxtiyar Vahabzadə filologiya elmləri doktoru, professor idi!

“Bəxtiyar Vahabzadə müəllimim olub” deməyə tərəddüd edirəm, mən universitetdə qiyabi oxumuşam, və Bəxtiyar müəllimin cəmi beş ya altı dərsindən, səhv etmirəmsə, ikisini mən buraxmışam, birini də o. Məndə o üç dərsdən yaranmış təsəvvürə görə, Bəxtiyar Vahabzadəyə oxumuş, savadlı adam demək olardı, ancaq yüksək təhsilli, yüksək akademik təhsilli adam yox. O. Azərbaycan dövlət universitetində 50-ci ilərin əvvəlində oxumuşdu, bəxti gətirmişdi ki, bir şeiri elə birinci kursdan Səməd Vurğunun xoşuna gəlmişdi. Lenin ordenli xalq şairi sütül tələbəni kitabsız-zadsız Yazıçılar İttifaqına üzv keçirmişdi. Bundan sonrakı həyat Vahabzadə üçün olmuşdu yağ içində pendir. Universiteti qurtarıb orda da qalır, əvvəl Səməd Vurğundan bir dissertasiya yazıb olur elmlərin namizədi, bir az sonra Səməd Vurğundan ikinci dissertasiyanı yazıb olur elmlərin doktoru və professor. Başı bir dəfə yüngülcə ağrıyıb, “Gülüstan” poemasına görə. Əslində ağryan qəzet redaktorunun başı olub… Bəxtiyar Vahabzadəninsə hər il bir neçə kitabı çıxıb, cəfəng pyesləri akademik teatrda oynanılıb, özü də elmlərin doktoru və professor! Yüksək statuslarla, yüksək mükafatlarla təpədən dırnağa zirehlənmiş canlı klassik! Kim onun qabağında bir söz deyə bilərdi? O haçan, kiminlə polemikaya girişmişdi, debata çıxmışdı? Onun dissertasiyalarına, məsələn, kim nə deyə bilərdi? Onun dissertasiyalarını tənqid Səməd Vurğunun tənqidi olardı, Səməd Vurğun haqqında isə sovet dağılana qədər kim güldən ağır söz deyə bilərdi?

Azərbaycan parlamentində Heydər Əliyevlə mükalimə Bəxtiyar Vahabzadə üçün, yəni eləmlərin doktoru, professor, akademik üçün ilk elmi polemika idi. Mövzu formal cəhətdən dil olsa da, bərabər dərəcədə və bəlkə də ondan artıq ədəbiyyata aid idi.

Dilimiz necə adlanmalıdır?

Ümumiyyətlə, bizim dilimiz varmı? Və ya Azərbaycan dili bolşevik fantaziyasıdır, bizim dilimiz yoxdur, yəni müstəqil dilə layiq deyilik, layiq olduğumuz osmanlının dialektidir?

Belə?

Və ömründə ilk dəfə özü də gözləmədən elmi polemikaya girən Bəxtiyar Vahabzadənin necə kəmsavad olduğu, miskinliyi, səviyyəsizliyi göründü. Həm də məlum oldu ki, Bəxtiyar müəllim yalan danışmaqdan da çəkinmir. Əslində bu, çoxdan məlum idi. Bəxtiyar Vahabzadə “Lenin” poeması boyda yalan yazıb, bir ətək Dövlət mükafat alıb, yeyib, üstündən də su içib. Bunu kimi bilmirdi?

Və, yeri gəlmişkən, o parlament zalında oturanlardan yalan danışmayanı vardımı?

Bəxtiyar Vahabzadə Yusif Səmədoğlunu qınayır ki, o, “türk dilini qırx faiz başa düşür”. Ancaq şübhəm yoxdur ki, Bəxtiyar Vahabzadənin özü də türk dilini qırx faizdən çox başa düşməyib, və onun filologoya fakultəsindəki həmkarları arasında türkü qırx faizdən çox başa düşən adamlar az olub.

Əgər söhbət bazar, məhəllə danışığından, serial replikalarından yox, ədəbi türk dilindən gedirsə!

Türk dili, əlbəttə, xarici dildir!

Bəxtiyar Vahabzadə deyir: “İyirmi-otuz il keçəndən sonra çox adam deyər ki, elə “ov” da bizim olub”.

Niyə də deməsinlər? “Zadə” bizimdirsə, “ov” da bizimdir. Yaxud, əksinə, “ov” bizim deyilsə, “zadə” də bizim deyil!

“Kitab”, “məktəb”, “gül”, “bülbül” bizimdir?

Bəxtiyar Vahabzadə deyir ki, heç olmasa, mötərizədə yazaq “Azərbaycan türkcəsi”.

Heydər Əliyev deyir a kişi, adın professordur, akademikdir, sənə vermədiyim mükafat qalmayıb, danışığına fikir ver, nəcə yəni mötərizə? Dünyada hansı dilin adında mötərizə var? Təxminən belə deyir. Mənə elə gəlir ki, Heydər Əliyev Bəxtiyar Vahabzadənin miskinliyini yaxşı görürdü, ona görə tribunada ayaq üstündə saxlayıb ibtidai sinif şagirdi kimi başına ağıl qoyurdu.

Heydər Əliyev, unutmayaq, ilk təhsilinə görə ibtidai sinif müəllimi olub!

2

Heydər Əliyev Bəxtiyar Vahabzadəni dərindən fikirləşməyə dəvət edir. Deyir ki, biz dilimizi “Azərbaycan türkcəsi” adlandırsaq, belə çıxacaq ki, o, türk dilinin dialektidir.

Sonra davam edir: “Onda millətimiz nədir? Azərbaycan türkü? Özbək niyə demir ki, mən “Özbəkistan türküyəm”, tatar niyə demir ki, “mən Tatarıstan türküyəm?”

Heydər Əliyev tamamilə haqlıdır, hərçənd məsələyə dil ya tarix problemi kimi baxmır, siyasi problem kimi baxır.

Heydər Əliyev yetmiş yaşında, 40 ildən çox kommunist partbileti gəzdirib Kreml tabeçiliyində işləyəndən, tabeçiliyin hər cür şirin-acı məziyyətlərini görəndən sonra özü də gözləmədən müstəqil dövlətin, BMT üzvü, beynəlxalq hüququn subyekti olan dövlətin başçısı olub. Heydər Əliyev yaxşı başa düşür ki, xüsusən Azərbaycan kimi ölkədə dil dövlətin onurğa sütunudur. Azərbaycan dilinin “türk dili” adlandırılması milləti ən mühüm atributdan mərhum edir, Azərbaycanın əvvəlcə dil, mədəniyyət sahəsində, sonra isə siyasi cəhətdən Türkiyə tərəfindən udulması üçün zəmin hazırlayır, hələlik isə sanki tarixi anlaşılmazlıq nəticəsində metropoliyadan aralanmış Türkiyə əyalətinə çevirir.

Heydər Əliyev  bu sitüasiyanı bütün incəlikləri ilə görürdü və həmiçinin onu görürdü ki, dilin “türk” adlandırılması onu Türkiyə rəhbərlərinin yanında əyalət başçısına çevirir.

Heydər Əliyev Azərbaycan rəhbərliyinə qayıdandan sonrakı ilk illərdə televiziyada, mətbuatda Azərbaycan dilinin başına nə oyun gətirildiyini yaxşı görmüşdü. “Dilin adını “türk” qoymaqla biz onu osmanlı türkcəsinə çevirmirik” deyənlərin fitnəsi onu aldada bilməzdi.

Çevirirsiniz, cənablar! Yox, “cənablar” yox, lotular!

Bilmirəm, özü, ata-babası, qardaşları qatı şiə adları daşıyan Heydər Əliyevlə osmanlı arsında qismən də olsa şiəlik dayanıbmı? Hər halda Azərbaycan etnikliyində şiəlik elementinin tarixi vacibliyini yaxşı başa düşməliydi.

Hüseyn Cavidi, məsələn, nə naxçıvanlılıq, nə şiəlik osmanlılığa aşiqlikdən saxlaya bilmişdi. Güclü dramaturji istedadlı, ancaq zəif şair olan bu insan Türkiyəyə ayaq açan kimi başına fəs qoyub ata-babalarının danışdığı dilə arxa çevirmişdi. İndi o, həqiqəti desək, nə türklərə lazımdır, nə azərbaycanlılara. Mən Cavidi onun yazdığı dildə oxuya bilmirəmsə, ya höccələyə-höccələyə oxuyuramsa, onu necə Azərbaycan şairi saymalıyam?

Cəbhə hakimiyyəti dövründə Salyanda tələsik Leninin heykəlini söküb elə onun postamentinin üstündə Əli bəy Hüseynzadəyə heykəl qoydular. Ancaq salyanlılar (oxuyanları) həmişə naxçıvanlı Cəlil Məmmədquluzadəni oxuyacaqlar, yerliləri Əli bəy Hüseynzadəni yox. Çünki Cəlil Məmmədquluzadə salyanlıların dilində, yəni Azərbaycan dilində yazıb, Əli bəy Hüseynzadəni oxumaq üçün gərək yanında tərcüməçi ola.

Bəxtiyar Vahabzadə deyir ki, türk ədəbiyyatını tərcümə eləmək lazım deyil, çünki iki dil arasında fərq yoxdur.

Bunu deyəndə gərək onun başının üstündə tapançalı dayanaraq qabağına Orxan Pamukun bir romanını qoyub deyəydilər ki, oxu və cümlə-cümlə izah elə…

Ya da Cümhuriyyət qəzetindən analiytik məqaləni…

Deyir ki, “mənim kitablarımı Türkiyədə tərcüməsiz çap edirlər, hamı da oxuyur”.

Çap edərlər, əlbəttə. Ancaq çoxmu oxuyan var? Məsələn, bunu: “Ürək pıçıldayır dodaqlar kimi”. Dodaqlar kimi!… Təsəvvür edin ürəyin dodaqlarını. Animasiya…

Ya da “Lenin” poemasını…

Bəxtiyar Vahabzadə and-aman eləsə də ki, Azərbaycan dilinin özünü yox, yalnız “türk”lə əvəz etmək istəyir, bilmədən həqiqi məramını büruzə verir. Heydər Əliyevə ərəb ölkələrini xatırladır, deyir ki, dövlətlər çoxdur, hamısı dilinə “ərəb” deyir.

Bəli, ona görə hamısı “ərəb” deyir ki, ərəb ölkələrinin hamısında dövlət dili ərəb dilidir. Yəni eyni dil işlədirlər. Türkiyədə və Azərbaycanda işlədilən dillər isə müxtəlif dillərdir. Ona görə eyni adı daşımaqları absurd və siyasi cəhətdən təhlükəli olar.

Azərbaycan xalqı öz dilinə “türk” deyəndə Azərbaycan dövləti yox idi, yəni dil dövlət atributu deyildi, buna görə də siyasi yük daşımırdı.

Bunları mən özümdən deyirəm. Heydər Əliyev isə çexləri və slovakları misal gətirib deyir ki, onlaın dilləri daha yaxındır, ancaq hər dilin öz adı var…

Bəxtiyar Vahabzadə suyu süzülmüş halda tribunadan düşüb getməyə icazə istəyir. “Heydər müəllim, olar mən gedim?…”

İbtidai sinif…

Mən bilmirəm niyə iyirmi ildən çox vaxt keçəndən sonra deputatlar bu məsələni qaldırırlar. Azərbaycan dilinin adını dəyişmək çağırışlarına, onun türk dili ilə eyni olduğunda təkid edən iddialara Azərbaycanın dövlət suverenliyinə həmlə cəhdi kimi baxmaq və hətta dövlət xəyanəti kimi qiymətləndirmək olar. Və belə çağırışları hökmən qanunvericilikdə kriminallaşdırmaq lazımdır.

Azərbaycanın dövlət müstəqilliyi aldığı otuz ilə yaxındır. Əgər indi də millətin bir hissəsi dövlətin dilini başqa bir dövlətin dili ilə əvəz etmək istəyirsə, kənardan baxanların bizim ölkəyə “failed state” deməyə əsasları var. Parlamentdə illərlə oturub qarınlarını yekəldən bu harın kişilərin içində müharibə veteranları yoxdur, onların uşaqları cəbhə bölgəsinə getmirlər, fəhlə-kəndli balaları isə belə əqidəsizlərin və şərəfsizlərin firavan həyatının keşiyində dururlar, həyatlarını itirirlər… Bunlar isə dövlətin açarını elə sabah Erdoğan kimisinin birinə verməyə hazırdırlar…

Varlı sponsor axtaran fahişələr kimi bizdə də çox arvadlar və kişilər osmanlıların dallarına-qabaqlarına özlərini sürtürlər, çünki özlərində nəinki uğurlu dövlət qurmağa, hətta təsadüfən əllərinə düşən dövləti, yəni ondan qalanı da saxlamağa qeyrətləri yoxdur…

Və bu hörmətsiz arvadlara və kişilərə xatrlatmaq lazlımdır ki, məsuliyyətsiz “biz türkük” mantrası bizi ümumqafqaz, ümumiran irsindəm mərhum edir. Biz ancaq azərbaycanlı olmaqla Qobustan rəsmlərini özümüzünkü saya bilərik. Biz ancaq azərbaycanlı olmaqla Zərdüşt irsinə iddia edə və özümüzü Nizaminin, bütün İran və İslam mədəniyyətinin varisləri saya bilərik. Qobustan rəsmlərini türklər çəkməyiblər, ya da gərək o qayaları onlar Sibirdən, Altaydan dallarına sarıyıb gətirəydilər. Xalqın tarixini Mirəli Seyidovun nağılları, qondarma turançılıq cəfəngiyyatı əsasında qurmaq olmaz. Kim tarixi belə qurmağa çalışırsa, ancaq dünyanın elmli və sağlam fikirli adamlaını bizə güldürür…

02-03.10. 2018

Samara

TEOFİL QOTYE.  SƏNƏTKAR

gautier_big-min

L’art

Bəli, daha gözəl alınar əsər,

Seçdiyiniz forma nə qədər ağır,

İnad göstərə,

Emal, mərmər olsun, oniks ya şeir.

 

Saxta çəkingənlik nəyə gərək ki,
Düz addımlamağa bu yolu amma,

Yaxşıca bərkit,

Pəri, ayağında dar koturnanı.

 

Hamıya tanış bu ritmi rədd edin,
Bənzəyər böyük bir ayaqqabıya,
Çıxıb o, dəbdən,
Ona hər bir ayaq girər, çıxar da.
Heykəltaraş, sən də əlinin altda,
Görərkən  asanca yoğrulursa gil,
O yana tulla,
Sənin ruhun axı indi yüksəlir.

 

Karrar mərməriylə qovğaya giriş,
Ya möhkəm və nadir götür parosu,
Əlləş və çalış,

Təmiz cizgiləri işin saxlasın.

 

Qədim Sirakuzdan sən elə bürünc,

Gətir ki, üstündə yaranan qala

Əbədi və gənc,
Gözəl və sevimli baxışlarıyla.

 

Sənətkara məxsus mahir əlinlə,
Gətir itaətə əqiq damarı.
Çalışsan belə,
Apollon çöhrəsi bəlkə yaranar.

 

Olma akvarelə aludə, rəssam,

Btün bu yayılıb axan rəngləri,
Sən yığıb atsan,

Mina sobasına, bərkiyər yəqin.

 

Çalış yarat mavi supəriləri,
Yüz hala salsınlar quyruqlarını,

Həvəsə gəlib.
Bəzəsin heraldik gerblər onları.

 

Yarat Bakirəylə oğlu İsanı,

Onun üç ləçəkli haləsində sən.

Yer kürəsini,
Elə yarat, üstdən xaçla bəzənsin.

 

Hər şey ötəridir, Sənətdir ancaq,
Əbədi yaşayan, həm çiçəkləyən.

Şəhərdən çoxqalacaq,
Şəhərmeydanına qoyulan heykəl.

 
Və bir əməkçinin torpağın altda,
Qazıb təsadüfən tapdığı sadə,
Qədim medalda,

Bir padşah həyata gəlir yenidən.

 

Ölüb-gedəsidir bütün tanrılar,
Suveren şeirsə, azad şeirsə,
Qalar, durarlar,
Ötər davamlıqda dəmiri, misi.

 
Heykəltaraş, durma, zərb elə və yon,

Arzun-xəyalın ki, içində daşar,

Düşsün şəklə qoy,
Sənə inad edən dəmirdə, daşda.

 

Fransızcadan tərcümə

30.09 – 01.10. 2018

Samara

 

KARLIQ

25.09.18

Məndə karlığı var böyük almanın,

(Özüm nə almanam, böyüyəm nə də!),

Az qala əsrdir dili anamın,

Yalnız ürəyimdə yaşayar, dinər.

 

Yazdığım sözlərin musiqisini,
Ancaq öz içimdə eşidirəm mən.

Misranın fonetik səliqəsini,

Duymuram, təxmini zənn edirəm mən.

 

 

Vergül harda olur, yaxşı bilirəm,

Nöqtə, sual, nida göz qabağında.

Necə ah çəkilər, köks ötürülər,

Amma, təəssüf ki, çıxıb yadımdan.

 

Çıxıb yaddan çalar, intonasiya,
Sözlərin soyuğu, istisi vardı.

Eləsi çiy idi, ancaq eləsi,
Təndir çörəyi tək bişib çıxardı.

 

Ordan yaddaşımda gətirdiyimi,
Çıxarıb yazıram dərin sükutda,

Yer iqlimi deyil yaddaş iqlimi,
Var istisi ancaq, var soyuğu da.

 

Sehrli çırağın qüdrəti ilə,
Sözləri töhfə tək sanki alıram.

Özümsə yeraltı dünyada elə
Qalmışam, zülmətdə, sükutda aləm.

 

Çıqqıldar astaca klaviatura,
Dayanmaz yağışı narın şriftin.

Ekranda yazılan şeirdən artıq,
Kardioqramdır, anlamaq çətin.

 

Çoxdan eşitmirəm yazdığım dili,
Oxumuram özüm yazdığımı da.

Sözləri tərk edib səslər elə bil,
Dilim yaddaşımda qalsa da, laldır.

 

Kar alman dahisi öz əsərini,

Özü də səhnədə  durub çalardı.

Qorxuram oxuyam mənsə şerimi,

Elə bil həm karam, dilim də laldır…

 

30.09-01.10. 2018

Samara

TEOFİL QOTYE.   ÇAYGÜLÜ

gautier_big-min

           La rose-thé

Nə qədər qızıl gül var zərif, incə,
Yoxdur çaygülü tək gözəli ancaq.

Gülümsər yarpaqlar içində qönçə,
Ləçəklər allanıb hələ azacıq.

 

Var ağ qızıl gülə onun bənzəri,

Deyərsən həyadan bir az allanıb,
Ehtirasla dolu bir kəpənəyin,

Nəvazişləriylə belə oyanıb.

 

Onun qırmızımtıl və şəffaf canı,
Məxmərdən yumşaqdır, həm də sayadır.

Soldurur o bütün alı-əlvanı,
Nə rəng var, kobuddur onun yanında.

 

Necə ki, üzünü kübar qadının,
Qarabuğdayıya günəş döndərər,

Çay gülü də kəndçi bacılarından,
Bir az od alıbdır, bir az da al rəng.

 
Ətrini iyləyib sığallayaraq,

Üzünüzə yaxın gətirsəz əgər,
Hardasa bir balda onu siz ancaq,

Bir anda sönüküb adiləşəcək.

 

Tapılmaz baharın palitrasında,

Bir gül də çaygülü gözəlliyində.

Siz on səkkiz yaşda onları, madam,

Qoya bilərsiniz yəqin kölgədə.

Dəri kimi incə bir ləçək hanı?

Və nəcib ürəkdən dolanıb gedən,

Gənclik həvəsindən rəng alan qana,

Bütün qızıl güllər basılar hökmən!

Fransızcadan tərcümə

29-30.2018

Samara

TEOFİL QOTYE.  BULUD

gautier_big-min

  La nue

Üfüq üzərində bulud yüksəlir,
Donu mavilikdən biçilib onun.

Çılpaq bakirədir baxsan elə bil,
Ayna sularından çıxır bir gölün.

 

Sədəfdən ləyənin içində durub,

Gedir mavilikdə dalğalanaraq.

O da Afrodita kimi yoğrulub,

Hava köpüyündən yaranıb ancaq.

 

Görünür göz oxşar hər duruşundan,
Gərdəni naməlum cizgiləriylə.

Yağış tək çiləyir şəfəq anbaan,

Atlas çiyinlərə qızıl gülləri.

 
Mərmər ağlığı var onda, qar həm də,
Bu iki çaları qovuşdurur eşq.

Sanki Korredjonun bir əsərində,
Çılpaq Antiopa yuxuya dalmış.

 

 

İşığa bürünüb uçur, qalxır o,

Alpdan, Apenindən yüksəyə daha,

“Əbədi qadınlıq”  bacısıdır o,

Onda ilk yaranış gözəlliyi var.

 

Mənsə ehtirasla qanadlanaraq,
Əbəs can atıram yenə də ona.

Uçur mənim ruhum buluda sarı,

Hazır İksion tək basa bağrına.

 

 

Ağlım mənə deyir: “Bu, bir dumandır,
Onda öz arzunu görürsən elə.

Ya bir kölgədir o, külək oynadan,

Köpük tək dağıla, kimə fərq elər?”

 

Duyğu cavab verir: “Fərq elər hökmən!

Dünyada gözəllik sayılan nədir?

Sevimli bir kabus, qəlbi titrədən,

Yoxluqdan, heçlikdən yaranır qəfil.

 

Qəlb aç İdeala, ürəyinə sən,
Gözlərin doyunca göyləri doldur!

Bulud da, qadın da sevə bilərsən,

Vurul və sev ancaq! Ümdəsi budur!”

 

Fransızcadan tərcümə

28-29.09. 2018

Samara

TEOFİL QOTYE. SAAT

gautier_big-min

Montre         

İki dəfə baxdım mən saatıma,

Fikirli gözümə dəydi ki, elə
Əqrəblər bir yerdə yatıb qalıblar,

Zamansa…bir saat gedib irəli.

 

Qonşu salondakı saat kəfgiri,
Yellənir, deyəsən, qımışır elə.

Həyəcan siqnalı elə bil dinir,

Hər dəfə vuranda gümüşü səslə.

 
Uzun barmağını mənə uzadır,
Baxır istehzalı günəş saatı.

Bir yol uzanaraq gedir divarda,
Göstərir bu yolu kölgəsi salıb.

 

Dinir kinayəli kilsə saatı,
Dəqiq vaxtı deyir və zəng qülləsi,

Əkssədalayıb sonuncu notu,
Sanki ələ salır məni nədənsə.

 

Bax, belə! Ölümü çatdı vəhşinin.

Elə xumarlandım arzularımdan,

Onun qıfılında yaqut deşiyə,

Qızıl açarımı dünən salmadım.

 

Onun qutusunda görünmür daha,
Kəfgiri işlədən incə yayı da.
Gedər, qayıdardı, sola, həm sağa,
Polad kəpənəyə bənzəri vardı.

 

Bəli, mən beləyəm, Hippoqiriffi,

Minib çapan zaman Mavi diyara,

Mənim ruhsuz canım uçur elə bil.

Tanrı bəyənəndir baş verən nə var.

 

Gedir əbədiyyət dairəsiylə,
Ətrafında bu lal sferblatın.

Zamansa qapağa qulaq sökəyir,

Eşidə qəlbini bəlkə saatın.

 

Uşaq inanır ki, ürəkdir vuran,

Və bu ürəiyn hər döyüntüsünə,
Bizim sinəmizdə elə həmin an,

Bərabər cavab tək titrəyiş dinər.

 

Daha vurmasa da, böyük qardaşı,
Həmişə mənimlə, həmişə vurur.

Hər zaman diqqətli və oyaq Kişi,

Mən yuxuda ikən, onu doldurur,

 

Fransızcadan tərcümə

27-28.09. 2018

Samara