Архив тегов | totalitar rejim

«UNUTDUQ OTURAQ, DİNC ÖMÜR NƏDİR…»

Unutduq oturaq, dinc ömür nədir,

Elə bil yoldayıq gecə və gündüz,
Ölkə bir nəqliyyat vasitəsidir,

Təpilib gedirik nə vaxtdır ki, biz.

 

Atılıb-tutulur, silkələnirik,
Əsir, gicəllənir başlar anbaan.

Aşıb yıxılanlar çox, ancaq bu sirk,
Güldürmür salonda heç kimi çoxdan.

 

Haradır son mənzil – bizə demirlər,

Ağzından vurulur, əgər soruşsan.

Bürüyüb hər yeri qusuntu, qan, tər,

Vəhşiyik, adımız olsa da insan.

 

Qalın dəmir divar vardır arada.
Kimdir sürücümüz – yox bilən, görən.

Içib xirtdəyəcən, dəlidir ya da,

Harda dirək varsa, vurur o hökmən.

 

Sükansız nəqliyyat vasitəsi tək,
Çıxıb yola böyük bir ölkə gedir.

Bizi uçuruma bəlkə tökəcək,

Yan-yörəsinə də təhlükə gedir…

 

11. 08. 2026, Samar