
“Yerə qabığından mərkəzinəcən,
Qan hopub” – deyibdir böyük klassik.
Yerin harasını azca didəsən,
Torpağın altından çıxacaq sümük.
+
Ayaq sümükləri, qol sümükləri,
Qalaq-qalaq yatar kəllələr, ya tək.
Dişləri ağarır, ya da diş yeri,
Halımız dəyişir birini görcək.
+
“Paltarın altında elə hər insan,
Skeletdir” deyib başqa klassik.
İnsan sümüyünü gördüyümüz an,
Çoxumuz yolunu azır tələsik.
+
Xurma kölgəsində, çay qırağında,
Hurilər içində yer arzularkən,
Birdən qabağına kəllə çıxanda,
Sarsıdır dişini ağardan çənə…
+
Gediblər, durmadan gedir nəsillər,
Milyarddan birinin qalmır adı da.
Çürüyüb torpağa dönənə qədər,
Sümüyün elə bil öz həyatı var.
+
Dünən qan tökülən torpağı indi,
Çiçəklər bürüyür gözəl ətirli,
Bəlkə sümüklərin sayəsindədir,
Unudular dünya cinayətləri.
+
Öldürülənlərin tək bir əsrdə,
Toplanıb yığılsa kəlləsi əgər,
Ucalıqda Babil qülləsini də,
Ötər, ya ən hündür ehrama dönər.
+
Dünən bircə gündə bir məzarlığı,
Buldozer ağzına verən qoçaqlar,
Müşfiqin başını bu gün axtarır —
Şair kəlləsinə indi tələb var…
+
Kəllənin nə dili, nə də ki, beyni,
Adını çağırsan, deməz ki, kimdir.
Haqsız, məhkəməsiz güllələlənı,
Şou səhnəsinə çəkirlər indi.
+
Bütün qurbanların əgər kəlləsi,
Yığılsa, ən nəhəng ehrama dönər.
Ordan bir sümük də əgər çəkilsə,
Bu məbəd uçulub dağılıa bilər.
+
Verib kəllələrlə baş-başa indi,
Müşfiqin başı da kəllədir adi.
Şeir nədir, deməz heç adını da,
Ağır cinayətə sübut-dəlildir…
03.11. 2018
Samara