«BELƏCƏ SÖHBƏTDİR ŞEİRLƏRİM DƏ…»

Bəlkə də başına gəlib hamının:
Zəng gəlib kimdənsə ya zəng vurmusan.

Mövzu ciddi olur, söhbət uzanır,

Həm ağzın qızışır, həm qızışır qan.

 

 

 

Bilmirsən ürəyin açılır nə vaxt,
Deyirsən sirr kimi saxladığını.

Özünə etibar etdiyin nə var,
Açıb bir özgəyə ağartdın indi.

 

 

 

Bəzən sinirlərin, canın boşalır,
Ağrıdır, kövrəldir öz sözün səni.

Telefon qulaqda, gözü yaş alır,
Deyə bilmədiyin üzür sinəni.

 

 

 

Birdən duruxursan… Duyursan nəsə,

Deyəsən kəsilib hənir o ucdan.

Neçə yol ucadan “Alo” deyirsən –

Rabitə qırılıb… İndi? Ya haçan?…

 

 

Peşmansan, xəcilsən dediklərindən.

İçində od sönür, soyuyur qanın.

Beləcə söhbətdir şeirlərim də,

Min ildir yazıram, yox oxuyanım…

 

19. 10. 2019, Samara