Архив по авторам | Xeyrulla Xəyal

PROFESSOR CƏMİL HƏSƏNLİ: MƏNTİQ YA SAYIQLAMA?

Professor Cəmil Həsənli Maduronun devrilməsinə yazı həsr edib. Maduronun hərbi müdaxilə nəticəsində ABŞ tərəfindən əsir götürülməsinə haqq qazandıırır. Cəmil Həsənliyə xatırladıram ki, ABŞ 1973-cü ilin sentyabırnda iki il əvvəl Çilidə demokratik seçkilərdə qalib gəlmiş prezident Salvador Alyendeni devirmiş, yerində qanlı diktator general Pinoçeti oturtmuşdu. Cəmil Həsənli bilməlidir ki, Tramp Maduronı diktator olduğuna görə devirmir, Tram diktatorları sevir və özü dikatorluq həvəsində və iddiasındadır.

Ən maraqlısı yazının sonudur. Professor yazır: “Yeri gəlmişkən Nobel Sülh Komitəsi 2025-ci ildə doğru seçim etdi. Sülh mükafatını Venesuelada müxalifət lideri 57 yaşlı Maria Corina Maçadoya verdi. Bu da onun nəticəsi.”

Mən üzümü tuturam Milli Şuraya, Elmlər akademiyasına, bütün elmi ictimaiyyətə, Nobel komitəsinə. Yəni üzümü hər yana tutub soruşuram: Nobel mükafatının qərarı ilə Maduranın zorakılıqla devrilməsi arasında nə məntiqi əlaqə? Nobel komitəsi mükafat verəndə Trampa him elədi ki, Maduronu arvadı ilə birlikdə əsir götürsün?

Vallah, hərdən Cəmil Həsənlinin yazılarınıın bəzi fraqmentlərini oxuyanda elə gəlir ki, professor sayıqlayır…

 

  1. 01. 2026, Samara

NİYƏ ƏDALƏT TAHİRZADƏ 1990-CI İLİN YANVARINDA ÖZÜNÜ YANDIRMADI?

Ədalət Tahirzadə Nəriman Nərimanovla dava tutub ki, niyə 1918-ci ildə Şaumyan hökumətindn istefa vermədi.

Nərimanov ədəbiyyatçı, siyasətçi, maarifçi kimi elə irimiqyaslı şəxsiyyətdir ki, Ədalət Tahirzadənin həmlələri onun özünü gülünc göstərir.

Mənim də Ədalət Tahirzadəyə suallarım var. Cənab Tahirzadə Meydan hərəkatında vaxtını səmərəli keçirib, Meydanın hər gününü yazıya alıb, sonralar bu gündəlikləri nəşr etdirib. Birinci sual: niyə Ədalət Tahirzadə 1990-cı il yanvarın 19-da sovet qoşununun qabağına çıxanların arasında deyildi? Niyə bu hadisələrdə onun burnu da qanamayıb?

Niyə Qorbaçov millətlərə azadlıq verənə qədər Ədalət Tahirzadə nəyəsə, kiməsə etiraz eləməyib? Sovet rəhbərləri milləti minib çapmırdlar? Niyə, məsələn,  dilimiz uğrunda açıq mübarizə aparmırdı? Hə? Öz dilini də soxmuşdu dalına, rahat yerdə işləyib kefini çəkirdi.

1969-cu ilin 19 yanvarında (19 yanvar!) Karlova universitetinin tələbəsi Yan Palax Çexoslavakiyanın sovet qoşunları tərəfindən işğalına qarşı etiraz əlaməti olaraq Praqanın Vatslav meydanında özünü yandırıb.

Sual: Niyə 1990-cı il 19 ya 20 yanvarda Ədalət Tahirzadə özünü Bakı meydanlarıın birində (Azadlıq meydanı bağlı olub, başa düşürəm) yandırmadı?

03.01. 2026, Samara

OSİP MANDELŞTAM. NAMƏLUM ƏSGƏR

Nə var fəlakətli, özgə və ağır,

Az-az süzülərək gedəcək əldən.

Naməlum dostumun baasdırıldığı,

Çöl məzarlığına baş çəkərəm mən.

 +

Nəm, isti çalada kimdi çürüyən?

Tale nizəsiylə vurulan insan.

Söndü şölələləri xoş ömür-günün,
Küllükdür incə, dinc həyatdan qalan.

 +

Qardaşımsam, mənim kimisən elə,

Yer sənin qanından doyunca içdi.

Enəm gərək sənə məhəbbətimlə,

Bu qaranlıq ölüm bağına indi.

 +

Nəhəng bir savaşın ya təkərində,

Çiçəklənməyinə ya oğulların

Ananın göz dikib baxdığı yerdə,

Fərqi yox – işgəncə görüm ya yanım.

 +

Sənə yaşıl tacdan nəğmə deyimmi?

Çırpdı yarpaqları, dağıtdı tufan.

Günış atlarımız yüyəni yeyir,

Qarsımış buludlar üzür durmadan.

 +

Və qəbrin təzətər torpağı üstdə,

Qızıl toran dövrə elə ki, vurar.

Kimsə daha şəksiz, möhtəşəm həm də,

Yeni bir həyata qol-qanad verər.

 

ruscadan tərcümə

02.01. 2026, Samara

+++++++++++++++++++

ОСИП МАНДЕЛЬШТАМ

НЕИЗВЕСТНОМУ СОЛДАТУ

Все тяжелое, чужое, роковое
Понемногу выскользнет из рук.
На кладбище выйду полевое,
Где зарыт мой неизвестный друг.

Читать далее

«ÇİYNİNDƏ KEÇİRMİSƏN SƏN MƏNİ İLDƏN İLƏ…»

          Şirvan Kərimova

Zirvəyə qalxan zaman, çatanda bəzən hətta,
Yaralı ya xəstəsə hansı alpinist əgər,
Dostları, yoldaşları yoluna davam edər,

Zədəlisə ölümü gözləyər elə orda.

 +

Yaralı ya zədəli yoldaşı aparmağa,

Nə vaxtı, nə resursu vardır alpinistlərin.

Şaxta səksən dərəcə, güc tükənib, yol çətin,

Gedirlər, can üstdəki dostu tapşırıb dağa.

 +

Çox olub, yıxılmışam adi yolda mən elə,
Keçib gedə bilərdin üz belə döndərmədən,

Qaldırıb aparmısan, vaxt, pul əsirgəmədən,
Çiynində keçirmisən sən məni ildən ilə…

 

01. 01. 2026, Samara

OSİP MSNDELŞTAM. «ARILAR ÖYRƏŞİR ARIÇILARA…»

Arılar öyrəşir arıçırlara,
Arı təbiəti çünki belədir.

Məni sancır ancaq vermədən ara,
Anna Axmatova iyirmi üç ildir.

fevral 1934

ruscadan tərcümə

01. 01. 2016, Samara

+++++++++++++++++

 

ОСИП МАНДЕЛЬШТАМ

Привыкают к пчеловоду пчелы,
Такова пчелиная порода…
Только я Ахматовой уколы
Двадцать три уже считаю года.

1934

GÜZGÜ

Hər qadın – vaxtı çox, işisə azsa,

Güzgü qabağında sevir durmağı.
Səthinə göz dikib suyun haçansa,
Qadın öz əksinə beləcə baxıb.

 +

Baxıb öz əksinə özgə gözüylə,

Təsəvvür edərək kişidir baxan.

Kişi gözlərində, bu, gizli deyil,

Görülən qiymətdir gerçəyə yaxın.

 +

Con Pekam güzgünü icad edəndən,
Sayı yox önündə keçən zamanın.

Baxıb, bəzənib vaxt əsirgəmədən,

Baxışlarda qiymət axtarıb qadın.

 +

Güzgüdür sosial şəbəkələr də,

İnteraktivliyi var onun hələ.

Öz əksini görür hər insan orda,

Qiymətini görür həmçinin hərə.
+

Fərqi yox kişinin daha qadınla,
Diqqət təşnəsidir qadın, həm kişi.

Çıxır min oyundan fərqlənə bilə,

Sayır layklarla gələn alqışı.

 +

Gündüz vurnuxuruq, yatmırıq gecə,

Şəkil qondararaq, söz uyduraraq.
Deyirik tezliklə izləyiciyə,

Çatdıraq və bəlkə yığaq beş-on layk.

 +

Suda öz əksinə vurulan oğlan,
Özünə sevgidən öldü ordaca

Və döndü çiçəyə. İndiki insan,

Yaşayır – özünün əksi tək ancaq…

 

24. 12. 2025 Samara

KİŞİLİYİ «MİL DURAN» SİYASİ ŞAİRLƏR VƏ YA QORBAÇOVUN TƏRİFİ

Azərbaycan xalqı şeirsevər xalqdır, Azərbaycan xalqının heç bir mərasimi şeirsiz keçmir, yasda, toyda şeir oxunur, məhkəmədə məhkum şeir deyir, hakim ona şeirlə cavab verir. Azərbaycanın siyasəti də şeirli və şairanədir. Zəlimxan Yaqub kimi saray şairləri olduğu kimi, müxalifətin də şairləri var. “Azadlıq” qəzeti vaxtaşırı şeir dərc edir, hərçənd şeirlərin səviyyəsi elə təsəvvür yaradır ki, bu adamlar iqtidara qarşı yox, sənətə müxalifdirlər. Yəni şeir — nə şeir, dizinə vur ağla…

Əli Kərimli tutulmamışdan bir az əvvəl Ayaz Arabaçı adlı birinin şeiri “Azadlıq”da çıxmışdı, yəni sayta qoyulmuşdu. Mən bu “şeir” barədə ayrıca yazmışam, indi yadımda qalan odur ki, Arabaçı Ayaz kişilyini (öz kişiliyini) tərənnüm edirdi, deyirdi ki, “pələnglər tuta dövrüm”(Cəfər Cabbarlı demişkən), “kişiliyim mal dura bilməz”. Bunu mən belə başa düşdüm ki, Arabaçının kişiliyi, repressiyalar nə qədər güclənsə də, “mal dura bilməz”, bəlkə də, əksinə, onu kişiliyi mil durar…

Hanı? Əli Kərimli zindanda, türmənin qabağına beş adam yığılmır. Üzümü tuturam Arabaçıya və başqa cəbhəçi sürücülərə: polis sübut elədi ki, kişiliyiniz “mal durur”? Elədi ya eləmədi?

Cəbhəçiləri qınayırlar ki, Əli Kərimlinin məhkəməsi olanda məhkəmə binasının yanına cəmi altı nəfər gəlmişdi. Cəbhəçilər deyirlər ki, bəs polis yolları bağlamışdı, biz nə qayıraydıq?

Cəhənnəm qayıraydınız, gor qayıraydınız! Bəs demirdiniz ki, 1990-cı ildə millət özünü rus tanklarının altına atırdı? İndi niyə polis dəyənəyindən qorxursunuz?

Əslində millət  1990-cı ildə özünü tankların altına atmırdı. Milləti, yəni Meydana yığılanların bir hissəsini quzu kababı yeyib tribunadan nitq və şeir deyənlər inandırmışdılar ki, gedin durun tankların qabağında, sizə heç nə olmayacaq. Xeyli adamı zorla rus qoşununun qabağına göndərmişdilər – bu, faktdır.

Qoşun qabağına çıxanların heç biri, əlbəttə, dəli deyildi ki, özünü tank altına atsın. Onlar arxayın idilər ki, sovet hərbçiləri onlara güllə atmazlar. Onlar qorxmurduar! Ana südü ilə əmdikləri qorxunu sovet adamlarının ürəyindən Qorbaçox qovub çıxarmışdı!

Dörd il idi ki, Kalininqraddan Vladivostoka qədər Sovet İttifaqlnın bütün ərazisində xristian eksorsizminə bənzər proses gedirdi, ancaq bir mühüm fərqlə: insanların içindən, yəni qəlbindən, ruhundan mövhumi cinlər yox, gerçək Qorxu qovulurdu.

Ölkədə dörd ilə yaxın idi ki, insanlar Sovet imperiyasının bütün institutlarını demontaj edirdilər və heç kim tutulmurdu, heç kimə güllə atılmmırdı. 1990-cı ilin yanvarında sovet qoşununun qabağına çıxanlar da arxayın idilər ki, onlara güllə atılmaz.

Ancaq Meydan rəhbərləri hər ehtimala qarşı gedib girmişdilər isti mənzillərinə, arvadlarının, məşuqələrinin qoynuna. Tribuna şairlərindən, dil pəhləvanlarından birinin də 20 yanvarda burnu qanamayıb…

Ruslarda bir ifadə var: “Vdruq vsyo poşlo ne tak”. Bakıdakı qoşun hissələrinə şəxsən Qorbaçov yox, Əfqanıstanda əlləri qana bulaşmış zabitlər, məsələn, Aleksandr Lebedev, rəhbərlik edirdilər. Onlar bir neçə gün yol gəlib yorulmuşdular, ac və acıqlı idilər, bundan əlavə, “politruklar”  erməni talanlarından, ruslara qarşı təzyiqlərdən danışıb onları hazırlamışdılar. Və onlardan hansısa komanda verir, atəş açılır, tanklar yeriyir…

20 yanvar faciədir, şübhəsiz. Ancaq bu faciə millətin demokratik azadlıqlar uğrunda özünü qurban verməyə hazırlığını göstərmir. Bizim millətdə demokratik azadlıqlar tələbi əhalinin çox az hissəsindədir. Məsələn, Əli Kərimlinin məhkəməsinə gəlmiş altı nəfərdə. Yaxşı, altını vuraq ona. Eləyir altmış. Altmış nəfərlə hara getmək olar?

Meydana dörd ilə yaxın vaxtda yığılan kütləvi mitinqlər də illüziya yaratmamalıdır. Meydana yığılanlar Qorbaçova arxayın olub yığılırdılar. Qorbaçov hələ 1988-ci ildə o meydanı dəyənəklə dağıdıb beş-on adamı qoduqluğa atsaydı, daha o Meydana ayaq basan olmazdı. Bəlkə də gərək Qorbaçox bunu eləyəydi. Onda Nemət Pənahlı kimi şarlatanların, Sabir Rüstəmxanlı kimi oğraşların kim olduğu bilinərdi.

Mətbuat azadlığı, dini azadlıq, seçkili demokratiya, milli oyanış – bunlar hamısı Qorbaçovun irsidir.

Qorbaçov sovet insanının ürəyindən, ruhundan qorxunu xristian ruhanilərinin cini qovduğu kimi qovmuşdu. Bir iş var ki, qorxudan çıxmaqla cəsurluq arasında məsafə böyükdür. Bizim xalq cəsur xalq deyil.

Bizim xalqda demokratik azadlıqlar tələbatı, qanunsevərlik yoxdur – bunları kultivasiya etmək, yəni insanların təbiətinə bunları əkib becərməyə Qorbaçovun nə müddəti çatardı, nə də iradəsi. Qorbaçov devrildi, xalqımız isə uğrunda heç vaxt sistemli mübarizə aparmadığı müstəqilliyi alıb başını itirdi, öz taleyini bəlkə də təmiz insan olan, ancaq zəif iradəli, qıt bilikli Əbülfəz Əliyevə həvalə edib fəlakətə uğradı…

İsa cinləri qovub onları donuzların içində yerləşdirdi  və donuzlar da özlərini sıldırım qayadan atıb məhv oldular.

Qorbaçvun azərbaycanlı insanının içindən qovduğu qorxunun yerini Qorbaçovun Siyasi bürodakı düşməni Heydər Əliyev yaxşı bilirdi. Və  qorxu bir neçə ilin ərzində azərbaycanlı insanın ürəyinə, ruhuna qayıtdı.

Qorbaçov insanlarda şəxsi ləyaqət hissini oyatmağa çalışırdı. Şəxsi ləyaqət hissi olmayan insanı əyilə-yilə yerimək, məmur qabağında ikiqat olmaq narahat etmir. Cəsur adam şəxsi ləyaqət hissi olan adamdır. Şəxsi ləyaqət hissi olan adamın seçki hüququnu alanda, azad danışmaq hüququndan mərhum edəndə, sərhədləri bağlayıb əsir-yesir edəndə o, qorxusuna qalib gələcək, onu nə polis dəyənəyi, nə zindan qorxudacaq. Belə adamlar var. Ancaq onların sayı altı, ya uzağı altmışdır. Altı yüz, altı min olsa belə, az və hətta çox azdır. Və bu azlığı iqtidar vaxtaşırı qəssab sürüdən qoyun seçən kimi seçib atacaq türməyə.

Yox, bizim xalq cəsur deyil. Əsgər şücaəti tamam ayrı şeydir. Cəbhədəki igidliyi mülki həyatda gözləmək sadəlövhlükdür. Cəbhədə əsgər əmrlə rəqib üstünə gedir və kim-kimi məsələsi həll olunur. Əsgər – nəhəng bir hərbi maşının bir hissəsidir. Cəbhədə seçim yoxdur. Ona görə Napoleona qalb gəlib Parisi fəth etmiş rus əsgərləri evlərinə qayıdıb dinməzcə təhkimçiik boyunduruğuna girirdilər. Hitlerə qalib gəlmiş sovet əsgərləri də Berlindən fateh kimi qayıdıb ikiqat əyili yaşayırdılar.

Qarabağda qanlarınını axıtmış əsgərlər – sağ qalanları – nazirliklərin qabağnda acizanə xahişlər eləyirlər, cəsarətləri ona çatır ki, özlərini yandırırlar…

Biz kim olduğumuzu, harda, hansı vəziyyətdə olduğumuzu başa düşmək üçün tariximizi yaxşı bilməliyik, Tribuna pəhləvanlarının yaratdığı miflərdən azad olmalıyıq, “kişiliyim mal durmur, mil durur” deyən heyvərə qafiyəbazları özümüzdən kənar eləməliyik. Dostoyevskinin bir qəhrəmanı Rusiya haqqında deyir: «Россия есть игра природы, а не ума». Azərbaycan haqqında nə demək olar? Azərbaycan nə təbiətin, nə ağlın oyunudur. Azərbaycan bəlkə də tarixi anaxronizm, təsadüfilik və anlaşılmazlıqdır. Azərbaycan yalnız formal cəhətdən dövlətdir, məzmun etibarı ilə ona dövlət demək çətindir… Niyə təsadüfilikdir? Çünki xalq öz dövləti uğrunda mübarizə aparmayıb. Qorbaçov icazə verənə qədər Bakıda bir nəfər meydana çıxmışdı? Hardaydı o Pənahhseynlər, Nemətpənahlılar, Sabirüstəmxanlılar? 

Qorbaçovu unutmayaq…

23.12. 2025, Samara

ROMA PAPASI LEO, DEYİLƏNLƏRƏ GÖRƏ…

Roma papası Leo, deyilənlərə görə,

Alman dili öyərnir yetmişində yaşının.

Yuxusu gəlməyəndə yatağındaca elə,
Kitab, dəftər açaraq uşaq kimi çalışır.

 +

Leo bilir latını, ispanı, ingilisi,

İtalyan dilində də danışır, əlbəttə, o.

Hansı bir xristian yəni yanına gəlsə,
Dil tapacaq onunla Roma papası Leo.

 +

O ki qaldı Tanrıya…Bu iş Tanrılıq deyil,
Tanrı özü deyilmi hər dilin yaradanı?

Bircə dili də bilmə, bütün dilləri ya bil –

Çatmaz ona, eşitmək istəmirsə insanı…

 +

Bəlkə papa Leonun elə sualı var ki,
Cavab vermir Kitabı, oxusa da nə qədər.

Götedə ya Şillerdə, Herman Hessedə bəlkə,

Deyir tapar, oxusa, orijinalda əgər.

 +

Bəlkə ən uca dahi Bethovenlə danışmaq,
Arzusundadır Leo? Bəli, Lüdviq Bethoven.
Eşitmir… Keçməyibsə karlığı hələ… Ancaq,
Eşitməyib bir kəsi Tanırı da indiyəcən…

 

21. 12. 2025, Samara

FƏRİDƏ ÜÇÜN

Nimçə iri, dərin, dopdoludur həm,
Ətri iştah açan içindəkinin.

Yeyirəm arxayın və çəkinmədən,

Qalmır pərçim olub boğazda tikəm.

 +

Son dəfə mən haçan olmuşam qonaq?

Yemişəm bişəni qadın əliylə?

Getmərəm, çağıran olsa da belə,
Özgə süfrəsindən düşmüşəm qaçaq.

 +

Yesən, hər tikəndən dikəldilər dağ,
Sayıb yediyini beşə vurarlar.

Deyərlər “nə canı, nə cəsədi var,

Doymur, dəyirman tək üyüdür ancaq.”

 +

Özgə süfrəsinə getmirəm yaxın,

Özgədir tikəni sayan doğma da,

İndi dolu nimçə qabağımdadır,

Yeyirəm iştahla, sakit, arxayın.

 +

Cənnət nemətləri Kitab vəd edir,
Şərtlərsə ağırdır ora düşənə.

Sən nə şərt qoyansan, tikə sayan nə,

Cənnət neməti tək yeyirəm gedir…

 

18. 12. 2025, Samara

RAMİZ RÖVŞƏN. «SƏKSƏN YAŞIN ŞEİRİ» (NƏZİRƏ)

Demək, uzun ömür bu imiş, balam,

Bizdə çıxan azdır səksənə axı.

Ramiz Mehdiyev tək doxsana qalan,

DTX önündə səksənir axı.

 +

Eh, bu səksən ildə nələr görmədim,

Gah ona, gah buna dedim mən “öndər”,

Çıxar Mehdiyevin məktubu indi,

Yaxşı axtarsalar evi bir qədər.

 +

Ah, bu nə hədiyyə, ah, bu nə bəxşiş,
Verildi bu gecə mənə yuxuda!!

Yəqin ki, üçüncü pulsuz ev imiş,
Verər prezident onu axırda.

 +

Qazancdır, gəlirdir saydığım ancaq,

Özümü yormuram  illəri sayıb,

Jurnalist, demokrat türmədə dustaq,

Susub durmağımı bilmirəm ayıb.
+

Qızıl qələmim var —  qızıldan əsa,

Gələcək möhtərəm prezidentdən.

Ağlım yerindədir, dilimsə qısa,
Dalıma soxaraq yaşayıram mən.

17. 12. 2025, Samara