Архив по авторам | Xeyrulla Xəyal

UİLYAM ŞEKSPİR. 19-CU SONET

shakespear

                           Devouring Time, blunt thou the lion’s paws…

 

Şirin caynağını, Zaman, küt elə,

Öz yetirdiyini yedirt torpağa.

Çevir öz qanında Simürğü külə,

İti dişlərini  pələngin çıxar.

+

Gah yasa, gah toya həyatı döndər,

Yeyinayaq Zaman, et nə istəsən,

Dünyaya, dünyanın nemətinə də.

Törətmə ən rəzil cinayətisə.

+

Dəymə çöhrəsinə sevdiyimin sən,

Qırışlar çəkməsin incə qələmin.

Səndən surətinə xətər dəyməsə,

Yaşayar gözəllik örnəyi kimi.

+

           Nə ziyan vursan da sevgimə, Zaman,

           Şerimdə qalacaq əbədi cavan! 

İngiliscədən tərcümə

02.01.2018

Samara 

YENİ İL

Ura, on ikini vurdu saatlar,
Dindi şampanların yaylım atəşi.

Raket buraxırlar, tüfəng atırlar,
Ura! Əjdahanın kəslib başı!

 

On iki ay idi qanlar axırdı,

Sayı-hesabı yox faciələrin.

Həyat savaş idi, savaş ağırdı,

İndisə sarsıdır nəticələri.

 

Deyirdi ver gəlsin, yesə nə qədər

Doyub-dolanmırdı Əjdaha ancaq,

Sularda çevrilib batır gəmilər,
Quruda vururdu, yıxırdı xərçəng.

 

Gah orda, gah burda müharibəydi,

Öldü əsgər olan əsgər olmayan.

Yer ən təhlükəli bizə yeriydi,

Qaçmağa, köçməyə, heyf, yox imkan…

 

 

Soyuq qədəhləri qaldırıb için,

Başı Əjdahanın kəsilmiş, ura!

Qapılar döyülür, tələsin, açın,

Gözləyir Əjdaha təzə başıyla…

 

01.01.2018

Samara

UİLYAM ŞEKSPİR. 18-Cİ SONET

 

             shakespear                

                Shall I compare thee to a summer’s day?..

 Səni yay gününə bənzədimmi mən?

Sən daha mülayim, daha gözəlsən.

Sarsılar qönçələr mayda küləkdən

Ömrü qısa olur həm də bu fəslin.

 

Bəzən od yağdırır gözündən səma,

Tutulur qızılı çöhrəsi bəzən.

Bu gün gözəl olan qorxudur sabah,

Təbiət hökmüylə ya təsadüfən.

 

Əbədi, solmazdır sənin yayınsa,

İtib gedən deyil gözəlliklərin.

Ölməz misralarda əgər yaşasan,

Sənə yaxın düşməz ölüm kölgəsi.

 

         Nə qədər həyat var, görəsi göz var,

         Mənim şeirlərim səni yaşadar.

 

İngiliscədən tərcümə

31.12.2017 – 01.01.2018

Samara

RUDYARD KİPLİNG. DİŞİLƏR

Rudyard_Kipling

RUDYARD KİPLİNG

                                                           (1865-1936)

 

           DİŞİLƏR

                                        When the Himalayan peasant meets the he-bear in his pride…

Erkək ayıya birdən rast gəlsə himalaylı,

Qışqırır qorxusandan, çox vaxt da qaçır ayı.

Dişi ayı kəndlini parçalardı bəlkə də,

Erkəklərdən dişilər daha təhlükəlidir.

 

Erkək kobra eşitsə  ayaq səsləri gəlir,

Bacarsa, tez sürünüb, xəlvət yerə çəkilir.

Yol verməzdi dişisi qorxaq hərəkətlərə,

Erkəklərdən dişilər  daha təhllükəlidir.

 

Huron və çoktoları xaçlayan İezuitlər,

Skvo intiqamından dua diləyirdilər.

Hərbilər yox, qadınlar onlara dağ çəkirdi,

Erkəklərdən dişilər daha təhlükəlidir.

 

Sözlər var, kişi deməz, lap ürəyi partlasın,,

Qadını Tanrı vermis, nəçidir onu atsın.

Ovçu da təsdiq edər ərin dediklərini,

Erkəklərdən dişilər daha təhlükəlidir.

 

Kişi bəzən ayıdır, həşəratdır o bəzən

Ancaq danışıq bilir, gedir kompromisə.

Faktın məntiqini o, nadir halda inadla,

Qabağa qoyacaq ki, qəti nəticə ala.

 

Giclikdən ya qorxudan rəzilliyə də gedər,

Məhkəmədə fürsəti qarı düşmənə verər.

Kef kindən yayındırar, Şübhə, Rəhm çaşdırar,

Seksual qalmaqalın həllinə çalışanda.

 

Tanrı verən qadınsa hər bir hüceyrəsiylə,

Təsdiq edir həyatda bircə məqsədi izlər.

Gedirsə söhbət nəsil artırmaqdan elə ki,

Erkəklərdən dişilər daha təhlükəlidir.

 

Bətnindəki həyatçın dözən tanrı zülmünə,

Faktı, jesti saymayan, rəhm, şübhə bilməyən,

Kişilərə aiddr bu hoqqalar, qadının,

Özü – qanun, tabeyik hamımız bu qanuna.

 

Həyata gətirdiyi gücdür onu ucaldan.

Övlad anası kimi, sahibə ya da canan.

Övlad, ər olmasa da, atılır o irəli,

Qadın və insan kimi hüquq tələb eləyir.

 

Əqidəylə ərdədir, başqa nikah tanımır.

Sübutu – uşaqları, vay halına münkirin.

Müzakirə gözləmə, qızıb bir anda köz tək,

Ərdən, övladdan ötrü dişilər döyüşəcək.

 

İttihamlar əsassız, dayanmır dişi ayı,

Nitqi zəhər yağdırır, gürzə elə bil çalır.

Elə bil elmi yolla sinirlər çıpaqlanıb,

Yıxılıb can üstədir işgəncənin qurbanı.

 

İndi qorxaq kişisə toplayır müşavirə ,

İgid yoldaşlarıyla, qadınınsa yox yeri.

Hərbə girib şüurla üz tutur abstrakt,

Ədalət Tanrısına ki, anlamaz qadılar.

 

Kişi bilir Tanrının verdiyi Qadın əmr,
Eləyə bilər, ancaq idarə onluq deyil.

Dəqiq instiktiylə qadın isə bildirir:

Erkəklərdən dişilər daha təhlükəlidir.

 

İngiliscədən tərcümə

26-30dekabr 2017

Samara

  MARİNA TSVETAYEVA. YOLÇU

ЦВЕТАЕВА.jpeg

                  Идёшь на меня похожий…

Gözlərini endirib,

Gedirsən, mənə oxşar!

Mən də elə gedərdim,

Yolçu, dayan, sözüm var!

 

Lalə yığ qucağına,

Bir də qaymaqçiçəyi.

Oxu – adım Marina,

Oxu – yaşım neçəydi.

 

Düşünmə ki, qəbirdən,

Çıxıb od qopararam.

Mən özüm çox gülərdim,
Gülmək olanda haram!

 
Bir saplaq qopar, iylə,

Sonra giləmeyvə dər.

Məzarlıq çiyələyi,

Ən şirin, ən iridir.

 

Başını əyib ancaq,

Dayanma qaşqabaqlı.

Sən məni yüngülcə an,

Sonra eləcə boşla.

 

Beynimə qan vurardı,

Dalğalanardı saçım.

A yolçu, mən də vardım!

Ayaq saxla, a yolçu!

 

Şüa səni boyayıb,

Qızıl toz içindəsən.

Halını pozmasın qoy,

Məzardan gələn səsim.

 

Koktebel, 13 may, 1913

Ruscadan tərcümə

30 dekabr 2017

Samara

UİLYAM ŞEKSPİR. 17-Cİ SONET  

shakespear

                     Who will believe my verse in time to come…

 

Səni vəsf eləsəm şeirlərimdə, 

Kimi gələcəkdə inandıracaq?                              

Mənim əsərimdə görünər hərçənd,           

Ləyaqətlərinin yarısı ancaq.

 

Yazsam gözlərinin gözəlliyini,

Desəm səndə hansı cazibələr var,

Bir vaxt söyləyərlər “həqiqət deyil –

Yalnız mələklərdə belə üz olar!”

 

Saralmış kağızda şeirlərimə,
Naqqal qocalar tək inanmaz heç kim.

Uydurma sayarlar dəyərlərini,

Ya da ki, deyərlər mahnıdır qədim.

 

                Olsaydı o zaman ancaq övladın,

               Şerim yaşadardı səni,  həm də o.

 İngiliscədən tərcümə

29.12.2017

Samara

UİLYAM ŞEKSPİR. 16-CI SONET

 

shakespear                            

              But wherefore do not you a mightier way…

 

Niyə zaman adlı qanlı tiranla,

Qovğaya girmirsən daha əzmlə.

Şerimdə qüdrət yox qarşı dayana,

Qocalıb getməyə və tənəzzülə.

 

Gənclik zirvəsində sən tutunca yer,

O qədər bağ qalıb  becərilməyən,

Əkdiyin toxumdan çiçək yetirər,

Şəklindən daha çox sənə bənzəyən!

 

Zaman karandaşı çəkən xətləri

Bu naşı qələmlə necə düzəldim.

Gözəl surətini törəmələrin,

Saxlaya biəlcək bəlkə əbədi.

 

                    Saxlana bilərsən, özünü versən,

                    Yaşadacaq səni, kimi yetirsən. 

 

İngiliscədən tərcümə

28.12.2017

Samara

BİLMƏDƏN VƏTƏNİ İTİRMİŞƏMSƏ…

Haramız ağrısa, elə gəlir ki,

Bizi öldürəcək elə bu ağrı.

Ağrılı dişimiz çəkilən kimi,
Bizə bu dünyanı bağışlayırlar.

 

Ürəyin ağrısı qorxudur bizi,

Qorxuruq başımız ağrıyanda da.

Gözü üzvlərin bilib əzizi,

Ağrısa, divara dırmanarıq da.

 

Vətən ağrısı var… ağrıdır bu da

Tutanda bilmirsən haran ağrımır…
Birdən itib gedir həyatın dadı,

Səmada zəhrmar, yerdə zəhrmar…

 

Haçandır çəkilib gedib bu ağrı,

Canımda, başımda yoxdu əsəri.

Vətən ayrılığı kəsib-doğramır,

Daha ürəyimi nə vaxtdan bəri…

 

Ağrıyan yerim yox, amma nədənsə,
Təlaş içərimi bürüdü birdən.

Bilmədən Vətəni itirmişəmsə,

İtkimin fikridir məni öldürən…

 

27.12.2017

Samara

UİLYAM ŞEKSPİR. 15-Cİ SONET

shakespear

When I consider every thing that grows…

Görəndə böyüyən, canlı  nə varsa,

Kamillik yaşayır bircə anlığa,

Dünya nəhəg səhnə, tamaşadırsa,

Hər şey ulduzların hökmünə bağlı.

+

Görəndə bitki tək boy atır insan,

Göy də gah soyudur, gah da isidir.

Şöhrətə can atır qaynadıqca qan,

Qocalıq gələndə ölür həvəs də.

+

Onda anlayıram bu gəldi-gedər
Həyatda gənclikdir sənin sərvətin.

Zamanla fənalıq mübarizədə,

Çevrilə gündüzün qara zülmətə.

+

           Dost, mən də girmişəm hərbə zamanla.

           Şerimdə qalacaq, nə səndən ala.

İngiliscədən tərcümə

26-27.2017

Samara

  CEYMS COYS. GÖYƏRÇİNİM, GÖZƏLİM

joyce.jpg

My dove, my beautiful one… 

Göyərçinim, gözəlim,

Oyan, dur!

Dodaqlarım, gözlərim,

Şehdən islanır.

 

Ətirli yel ah dolu,

Nəğmə qoşur elə bil.

Oyan, dur, səhər olur,
Göyərçinim, gözəlim.
Sidr ağacı yanında,

Durub gözlərəm səni.

Ağ sinəli göyərçin!

Yatağın olsun sinəm,

 

Bəyaz şeh gilələri,

Örtər, bəzər saçımı.

Vəfalım, göyərçinim,

Oyan, dur görüm!

 

İngiliscədən tərcümə

25-26.12.2018

Samara