Архивы

YOL AZIB POÇT QATARI…

 ata evi

Yol azıb poçt qatarı,

Məktubun quş qatarı.

Çoxdan poçt qutuları,

Bağlanıbdır üzümə.

 

Mürəkkəbmi qurudu,

Yoxsa qələm qırıldı,

Bacım, bəlkə yoruldun –

Niyə gəlmir kağızın?

 

Dostluq ötən həvəsdi,

Qardaş aranı kəsdi.

Niyə əllərin əsdi,

Ay anam, ay yazanım?

 

Günüm qürbət eldədir,

İki gözüm yoldadır.

Soyuq məni öldürür,

Məktub gəlmir qızınam.

 

Anam, bacım, qardaşım,

Yuxularım qarışdı.

Kağızdı bir qarışlıq –

Yazın sözün düzünü…

 

10-20 mart 1993 Samara

DURUB DAYANACAQDA…

Durub dayanacaqda,

Yazıq, balaca ağ it.

Yerdə qar, göydə şaxta,

Donur əli-ayağı.

 

Tez-tez götürüb qoyur,

Zəif pəncələrini.

Titrəyir beli, boynu,
Muncuq gözləri nəmli.

 

Avtobuslar ötüşür,

Sıxlaşır erkən totan.

Adamlar minir-düşür,

Yox itə yaxın duran.

 

Bəlkə azıb zavallı,

Yiyəsini itirib.

Bəlkə yiyəsi zalım,

Özü azdırıb iti.

 

Hamını gözləyən var,

Hamının gedən yeri.

İti ya maşın vurar,

Ya da şaxta kiridər.

 

Küçə yad, küçə soyuq –

Qızmaz it gileyindən.

İndi yaxın heç nə yox,

İtə öz taleyindən.

 

Bərkiyər gecə şaxta –

Quduzların quduzu.

Yanar soyuq səmada,

Donuq əcəl ulduzu…

29 yanvar – 03 fevral 1997, Samara       

ÇIĞIRIR, AĞLAYIR SÖNÜNCƏ İŞIQ…

Çığırır, ağlayır sönüncə işıq,-

Niyə qorxur uşaq qaranlıqdan.

Qorxmağı bizdən öyrənirmi uşaq,

Yoxsa qorxuyla doğulur anadan?

 

Dəyişib dünya, indi elmliyik,

Mənbəyi bəlli zülmətin, işığın.

Yaşayır canda bəs bu qorxu niyə?-

Düşürük zülmətə — can qayğılanır.

 

Qara, qaranlıq ehtiraslarsa,

Ruhuma yol tapır, keçir qanıma.

Gedirəm mən hara aparırlarsa,

Sarsılır anbaan andım, inamım.

 

Gözüm önündə açılır uçurum,

Baxıram – yox dibi – başım gicəlir!

Ayağım yerdən ayrılır – uçuram,

Qanadım – ehtirasların gücüdür.

 

Fəqət bu nəşə tərk edir bədəni,

Düşürəm heçliyə halsız, yarıcan.

Tək uzaq fəryadın sədası dinir,-

Məni zülmətdə axtarır yaradan.

 

Bir işıq zərrəsi açır gözümü,

Dizimə güc gəlir diz üstə düşəm.

Qalxır heçlikdən əllərim uzanır,

Yetə, müqəddəs ətəkdən yapışa.

 

Özüsən, Tanrım, əvvəlin və sonun,

Cavanam indi, sabah ixtiyaram.

Təkcə qəlbimdəki zülmət xofunu,

Alma, dünyada nə qədər ki varam.

 

                                                   04-11 dekabr 1989, Samara

 

 

DOLUB HİKKƏYLƏ BULUDLAR QARALIB…

 

Dolub hikkəylə buludlar qaralıb,

Guruldayır zaman-zaman göy uçur.

Səmada bəndi sellərin yarılıb,

Yağış yağır – tut ucundan göyə çıx.

 

Pərən-pərən qaçışırlar küçəyə,

Əlvan-əlvan göbələklər qabarır.

Çətiri olmayan girir keçidə,

Ağac altında kimi daldalanır.

 

Suyuna göylərin ovuc açaraq,

Yağış altında oynayır bir uşaq.

Suyu buludların yuyur saçını,

Tökülür boynuna, çiynindən axır.

 

Anası bəlkə də kötəkləyəcək,

Çıxarıb ehtiyatı yaddan uşaq.

Qanadlı fikrisə göylərdə gəzir,

Bu suyun mənbəyini axtararaq.

 

Deyəsən göylərin qaçır dodağı —

Bu uşaq Tanrını salar həvəsə.

Olubsa az yaşında bir günahı,

Yumağa bir yağış suyu bəs elər.

 

Yağış yağır… Baxıram pəncərədən,

Hamı qaçmaqda, oynayır bir uşaq.

Dinir bir ağrı qəlbi göynədərək –

Dura biləydim o o uşaqla qoşa…

                                                                23 iuyl – 01 oktyabr 1987, Samara

 

QABİLƏ NƏZİRƏ

Kobudluqla cəsarəti qarışdırma,

                         Yaltaqlıqla nəzakəti qarışdırma.

QABİL

Oğlum, ayıq ol!

Nardaranla Klivlendi qarışdıma!

Quləngərşlə aynabəndi qarışdırma!

Turş ayranla üzlü südü qarışdırma!

Kolbasayla təzə əti qarışdırma!

Havayıca gəlsə — qəti qarışdırma!

İnstitutla universiteti qarışdırma!

Kafedrayla fakülteti qarışdırma!

Hüquq ilə təbabəti qarışdırma!

Nevskiylə Parapeti qarışdırma!

Qalya ilə Gülcənnəti qarışdırma!

Cer-cehizlə məhəbbəti qarışdırma!

Kef-damaqla eyş-işrəti qarışdırma!

Qonaqlıqla ziyafəti qarışdırma!

Bir məclisdə yüz cür ödü qarışdırma!

Dolu ciblə xoş sifəti qarışdırma!

Girov ilə sözü-əhdi qarışdırma!

Rüşvət ilə quru vədi qarışdırma!

Mersedeslə nəqliyyatı qarışdırma!

Təftiş ilə nəzarəti qarışdırma!

Daha nəyi daha nəylə qarışdırma!

Hər məzəni hər yeməklə qarışdırma!

Aman, aman, qarışdırma!
Can-başını korlayarsan, qarışdırma!

                                           30 mart 1979, Ərəbqardaşbəyli

YUXUDA YAZILMIŞ ŞER

 

Xoş gəldin yuxuma, gözəlim,

Xoş gəldin!

Yoluna ulduzlar düzərəm,

Xoş gəldin!

 

İllərlə yatdığım hədərmiş,

Bu yuxu bir ömrə dəyərmiş.

Bir gecə içində səhərmiş –

Xoş gəldin!

 

Yuxumun qəndinə bələnsin,

Qədəmin.

Yuxuma gül ərti çiləsin,

Bədənin.

Xoş gəldin, gözəlim, xoş gəldin!

 

Alışıb oduna yuxumun,

İnadın bu gecə əriyər.

Qov, dağıt oyanmaq qorxumu,

Dünyanın əlçatmaz yerinə.

 

O yersiz küsülər yuxuymuş,

Küsüyçün bir səbəb yoxuymuş.

Dözmədin, ürəyin yuxaymış,

Xoş gəldin!

 

Gülümsə, duman tək dağılsın,

Qəlbimin şübhəsi, gümanı.

Qoy qalsın, bir yolluq qoy qalsın,

Qoy qalsın gözünün dumanı.

 

Sən vüsal sevinci içirtdin,

Yuxuma dirilik suyu tək.

Oyaqkən gözümdən qaçardın,

Yuxuma səpildin duyğu tək.

 

Xoş gəldin yuxuma, gözəlim,

Xoş gəldin!

 

Oyaqkən göz üstdə yerin var,

Yuxuma xoş gəldin, gözəlim!

Səpilsin yoluna ulduzlar,

Xoş gəldin!

 

12 mart 1977, Ərəbqardaşbəyli

 

 

ITƏN GÜNÜN AĞISI

 

 

Gün gedir, qürub yaxın,

Toran düşər, ay doğar.

Qəlbimi alıb sıxan,

İtki qüssəsi ağır.

 

Saatlar, dəqiqələr,

Axıb – quma su kimi.

Mənə dərd qoyub gedər,

Hər ağrının həkimi.

 

Haçan gəldin – bilmədim,

Getməyə tələsən gün.

İşartıdın, şölədin,

İncələrək əsən gün.

 

Balıq kimi şütüdün,

İlğımlarda yer aldın.

Əllərimi üşütdün,

Gözlərimdə parıltın…

 

Sən gələndə həyatdın,

Sən ömürdün, yaş idin.

Nə sən məni yaşatdın,

Nə mən səni yaşadım.

 

Təqvimə düşməz adın,

İzin qalmaz ömürdə.

Bir nemətdin – duymadım,

Kimdi səni göndərən?

 

Bəlkə quşdun, çiynimə

Qondun – xəbər tutmadım.

Sabahlarda yenə mən,

Axtararam baxtımı…

                                       05-08-1993 Samara

 

 

GÜNDƏLİKLƏRİM

Bir dəftər, iki dəftər —
Naziyi, qalını var.

Biri mənimlə gəzər,

Vətəndə qalanı var.

 

Nə dostum, nə tanışım –

Adamlardan qaçıram.

Ürəyimi hər axşam,

Bu dəftərə açıram.

 

Burda əməl niyyəti,

Əməlsizlik ağrısı.

Ötən günün qiyməti,

İtən günün ağısı.

 

Burda yazlar, payızlar,

Qar-yağışı qürbətin.

Vaxtaşırı yazılar,

Müəllifin səhhəti.

 

Sətirlərdə qüssə var,

Sətirlər hönkürtülü.

Günahlarım yer alar,

Burda üstüörtülü.

 

Uzaq xatirələr də,

Vərəqlərə axar hey.

Min “olabilərdi”də,

Bir təsəlli yox, heyf!

 

Axşam olcaq qəlbimi,

Qayğı alır – nə yazım?

Etirafmı, tövbəmi,

Vədmi düşər kağıza?

 

Bu ağ vərəq, bu qələm,

Ruhy ikiləndirir.

Özümlə mübarizəm –

Mənim gündəliklərim.

 

21-27 mart 1993, Samara

 

 

 

PƏLƏNG

 

                               Namiq Qadir oğluna

Əgər məkan daralar

Qəfəslik həddə qədər,

Hər an qiyamət olar,

Zamansa əbədiyyət.

 

Başının üstdə dəmir,

Dəmir ayağın altda.

Pələng qardaş, ha gəmir –

Nə sınar, nə diş batar.

 

Canın odundan yanar,

Qızıl dili bəlkə də —

Buzlu çubuqlarına,

Barmaqlığın söykədir.

 

Hiddətinə basılmır,

Metal müqaviməti.

Çubuqlarda damlalar

Axır ancaq – bu nədir?

 

Əriyən buzmu, qarmı,

Bunlar göz yaşıdır ya?

Eh, bunun fərqi varmı

Naqqal tamaşaçıya?…

 

               yanvar 2006, Samara

 

 

SEVİNC VƏ DƏRD

Sevincdən dodaq qaçar,

Dərdsə qırış salandır.

Sevinc əriyər, uçar,

Dərd qarıyıb qalandır.

 

Sevic xülya, duyğudur,

Dərd gerçəklik, həqiqət.

Sevinc şirin yuxudur,

Oyanırıq – yenə dərd.

 

Sevinc ipək qanadlı,

Kəpənək təmaslıdır.

Dərdin dəmir qandalı,

Sıxır ruhu, sarsıdır.

 

Sevincə nə etibar –

Gəlməyi-getməyi bir.

Dərddə it vəfası var,

Həmişə səninlədir.

 

Sevincin ömrü bir an,

Keçər, izi silinər.

Mərmərdən abidə yon –

Unudulacaq yenə.

 

Dərd daş olub asılar,

Ürəyin yaddaşından.

Ha yaş axıt, ha ağla –

Bu daş çətin aşına…

 

21-23 may 2000, Samara