MƏNİM ŞEİRİM YUBANDI…

Mənim şeirim gecikdi,
Ha gözlədim, yubandı.

Gəlib ancaq yetişdi,

Saç-saqqal ağaranda.

 

 

Əlim qələm tutandan,
Yazdım, qafiyələdim.

Elə ki keçdi zaman,
Gördüm şeir deyildir…

 

 

Bəlkə bəyənər dedim,

Yazdım hər vurulanda,
Başdan aşanda dərdim,

Ürəyim qırılanda.

 

 

Duyğular soyuyanda,
Soyudum yazdığımdan.

Bir gün atıldı oda,

Canımı qızdırmayan,

 

 

Sevgi sovuşdu qəlbdən,
Yatdı canda sızıltı,
Qəfil, gözlənilmədən.

Əsil şeirim yazıldı.

 

 

Dostlardan aralanıb,

Dönəndə yalquzağa,

Əsil şeirim yaranıb,

Başladı yazılmağa.

 

 

Uzaqlarda qalanda,
Əziz və doğma yerlər,

Öz-özündən alındı,
Gəldi yaxşı şeirlər.

 

 

Nə mülküm, nə varisim,
Yazdığımdır olanım.

Gün gələr, gedəsiyəm,
Şeirlərdir qalanım.

 

 

Yaxşı şeirlər axdı

Gəldi ömrün  sönunda,

Çünki ölüm yaxındır,
Gəldi qorxmayım ondan…

 

14.01. 2019

Samara

BƏXTİYAR VAHABZADƏNİN GÜLMƏLİ “GÜLÜSTAN” POEMASI

GÜLÜSTAN MÜQAVİLƏSİ

Məni İnternetdə Bəxtiyar Vahazadənin tənqidinə görə söyən heyvərələr mənə “Gülüstan” poemasını xatırladırlar: guya bu poemanı yazmaqla Bəxtiyar Vahabzadə bərabəri olmayan milli şücaət göstərib.

Məcburam ki, bu gülməli poema haqqında da yazam. Poema doğrudan da gülməlidir. Adına fikir verirsiniz? “Gülüstan”! Fars sözüdür “gül”(  گل) və stan. Yəni güllü-çiçəkli yer. Fars sözü! Burda təəccüblü heç nə yoxdur. Azərbyacanın şimalında olan xanlıqlar müstəqil dövlət yox, İran monarxiyasının vassalları olublar və öz aralarında daim çəkişiblər, daim Türkiyənin həmlələrinə məruz qalıblar, Rusiya tərəfinə meyllənəndə İran xanlıqarın ərazisinə qoşun yeridib və s.

1804-1813 –cü illərdə Rusiya ilə İran arasında gedən müharibələrdə Azərbaycan döyüşən tərəflərdən biri olmayıb, ola da bilməzdi, çünki o vaxt təbiətdə və tarixdə Azərbaycan dövləti yox idi. Müqavilə bağlanan vaxta qədər şimal xanlıqlarının əksəriyyəti Rusiya imperiyasının tərkibinə keçmişdi (Gəncə — 1804-cü ildə), müqavilə əslində çoxdan yaranmış vəziyyəti qeydə alırdı, 1812-ci ilin oktyabrında ağır məğlubiyyətdən sonra İran Azərbaycanın şimal hissəsindəki ərazilərdən əl çəkməyə məcbur olur: bu o deməkdir ki, şimali Azərbaycan o vaxta qədər beynəlxalq hüqüq normalarına görə İran ərazisi olub, Azərbaycan isə beynəlxalq hüqüq subyekti kimi mövcud olmayıb.

Yəni “Azərbaycanı böldülər” iddiası ağ yalandır.  Əslində Gülüstan, sonra Türkmənçay müqavilələri Şimali Azərbaycan ərazilərinin birləşdirir, feodal dağınqlığına son qoyulurdu. Bu müqavilələrdən sonra azərbaycanlıların vahid millət kimi inkişafı başlayır.

“Gülüstan” poemasını yazanda Bəxtiyar Vahabzadənin 35 yaşı olub, universitetdə sovet (!) ədəbiyyatını tədris edirdi, bunları gözəl bilməliydi. Və onu da bilməliydi ki, Gülüstan müqaviləsi olmasaydı, bəlkə də Şəkidə mal otarardı, çünki Azərbaycanda heç bir sovet ədəbiyyatı və heç bir universitet (cənubda Azərbaycan universiteti var?) olmayacaqdı.

İndiki Azərbaycanın əsası Rusiya imperiyasında qoyulub. SSRİ-də isə bitkin halda formalaşıb. Bunun üçün də biz Vlaıimir İliç Leninə minnətdar olmalıyıq. Çünki 1922-ci ildə SSRİ yaradılanda Stalin təkidlə muxtariyyə planını yeridirdi. Yəni milli ucqarlar Rusiyanın tərkibində muxtariyət kimi qalmalıydılar. Lenin bu planı rədd edir, hər milli ucqara müttəfiq respublika statusu – SSRİ tərkibindən çıxmaq hüququ ilə!- verilməsi təkfini irəli sürür. Yəni əslində Lenin bizə qurulu dövlət bağışlayır. Başqa xalqlar  kimi əsrlərlə mübarizə aparmadan, sərhədlər uğrunda dəryalarla qan tökmədən hazır dövlət alıb qoyuruq cibimizə. Biz Lenindən narazı ola bilərikmi? Hanı Leninin heykəlləri? Qaytarın qoyun yerinə! Bəxtiyar Vahabzadə özü Lenini sevib, ona poema yazıb, Heydər Əliyevin köməyi ilə SSRİ dövlət mükafatı alıb (5 000 r, bir “Volqa”nın pulu)… Yəni Bəxtiyar Vahabzadə həmişə bilib ki, çörəyi hardan çıxır. Gülüstan poeması isə gənclik lotuluğu olub. Hərçənd 35 yaşlı universitet müəlliminə lotuluq yaraşmaz…

İndi kim Gülüstan müqaviləsindən  narazıdırsa, baxsın Cənubi Azərbaycana. 1812-ci ildə İran Rusiyaya qalib gəlsəydi, bizim şimal əraziləri həmişəlik keçərdi İrana. Biz İranın içində dövlət qura bilərdikmi? Yox! Cənubda otuz milyona yaxın azərbaycanlı var, onlar nəinki dövlət qura bilmirlər, hətta bir məktəb də aça bilmirlər…

Şimalda pis-yaxşı dövlətimiz var. Düzdür, parlamentimiz yoxdur, məhkəməmiz yoxdur, məmurlar oğrudurlar… Ancaq dövlət var, ruslar açan akademiya da var, ruslar yaradan kinostudiya da var, ruslar yaradan (Tuqanov!) teatr var… Məktəblərimiz var, mətbuatımız var. Televiziya da var, hərçənd gecə-gündüz yalan danışır…

Bəli, xalq aralı düşüb. Ancaq xalq həmişə birləşə bilər (buna tələsmək lazım deyil, 1990-cı ildə İran sərhədini dağıdanlar başıpozluq edib, İranı düşmənə çeviriblər). Ancaq Gülüstan müqaviləsi olmasaydı, biz Rusiya imperiyasının tərkibinə keçməsəydik, heç bir dövlət-zad olmayacaqdı…

Bunu azərbaycanca yazıram ki, ruslar oxumasınlar. İndi lazım deyil. Putindən sonra, Rusiyada demokratik rejim yarananda ruslarla oturub Gülüstan müqaviləsinin şərəfinə araq da vurmaq olar…

14.01. 2019

Samara

ANALAR CƏNNƏTİ

13 1 19

“Cənnət anaların ayağı altda”

Deyirik. İnanmaq buna çətindir.
Qadındır hər ana axı dünyada,

Öz ömür yolu var hər qadının da.

 

 

Cənnətdir deyirik yeri ananın.
Buna da inanmaq çətindir fəqət.

Bəs orda ananın balası hanı?

Baladan ayrısa, ona nə cənnət?

 

 

Sadə bir arvaddı mənim öz anam,

Ömrü uzun oldu, əzabı artıq.

Kimdi kamil olan, günahsız olan? —
Yəqin günaha da haçansa batıb.

 

 

Cənnət — kamillərin, günahsızların,

Saf doğulanların, saf ölənlərin.

Bəlkə də cənnətdən bir az aralı,
Yaxın həndəvərdir anamın yeri.

 

 

Dünyanın zülmündən dincələr orda,
Nə soyuq incidər, nə də ki yanğı.

Yeməyi-içməyi havadan udar,

Heç kimdən diləməz kömək və qayğı.

 

Bir vaxt qaldıraraq cəhənnəmimdən,

Məni gətirərlər görüşə bəlkə.

Nə anam danışar, dinərəm nə mən,
Ağlayar, əlini üzümə çəkər…

 

13.01. 19

Samara

POL  VERLEN. GREEN

verlain-19

Green 

 

Bax, yarpaqlar, budaqlar, çiçəklər və meyvələr,

Bu da ki, eşqinizlə döyünən ürəyimdir.

Gəlin qırmayın onu iki zərif ağ əllə,

Necə həqir olsa da, hədiyyəmə baxın bir.

 

Şehə başdan ayağa bürünmüşəm gəlincə,

Alnımda dönür buza indi səhər yelindən.

Düşüb ayağınıza, izn verin, dincəlim,

Anıb şirin anları qüssəmi dağıdım mən.

 
İndiyəncən sizin son alovlu busələrlə

Xumar başımı qoyum gül kimi sinənizə.

Məni qayğılandıran fırtına yatsın belə,
Yatım bir azca, çünki siz də dincəlirsiniz.

 

Fransızcadan tərcümə

Qeyd: şeirn adı orijinalda ingiliscədir. Green – yaşıl; gənc; təzə; çiçəklənən

10-11. 01. 2019

Samara

POL VERLEN. GÖYÇƏKMİ, ƏSMƏRMİSƏN?

verlain-19

Es-tu brune ou blonde ?

 

Göyçəkmi, əsmərmisən?

Gözlərin nə rəng? Qara?

Mavi ya?

İşıqlı dərinliyə onlarda vurğunam mən.
Dalğalanan, dağılan saçlarına heyranam.

 

Acısan ya şirinsən?

Bəs ürəyin? Mum kimi?

Ya kinli?

Fərqi nə, təbiətə minnətdaram yenə mən,

Ürəyin həm qalibim,  ürəyin həm hakimim.

 

Sadiqsən əhd pozan ya?
Yox önəmi elə bir.

Elədir?

Mətləbimə çatmağa həmişə inadlıyam,

Gözəlliyin ən ümdə istəyimin rəhnidir.

 

Fransızcadan tərcümə

09. 01. 2019

Samara

DALANDAR

DALANDAR.jpg

Yağmayıb belə bəlkə,
Bu yer-göy yaranandan.

Çatdırmır kürüməyə,

Daşımağa dalandar.

 

 

Pompey əsgəri kimi,

Çalışır cavan özbək.

Təbii fəlakəti,
Dəf eləyir təkbətək.

 

 

Qar altda çıxış-giriş,

Maşınları qar basır.

Dayanar gediş-gəliş,
Özbək kürək çalmasa.

 

 

Dalandar özü çoxdan,
Başdan ayağa qardır,
Qarı kürüyüb atan,
Sanki qaradamıdır.

 

 

Bit bazarından alıb —
Əyni-başı pis deyil.

İki gözləri qalıb,

Açıqda… sulu, qıyıq…

 

 

Bəlkə əndicanlıdır,
Bəlkə səmərqəndlidir.
Belə qarı dalandar,
Orda haçan görərdi.

 

 

Qastarbayter deyil ki,

Əsgərdir indi özbək.

Silahdır əlindəki,
İşləyir vuruşan tək.

 

 

Bir vaxt Napoleonu,
Yıxıb sürüyən bu qar,

Sarsıda bilməz onu –

Ondan çörək uman var!

 

 

Vurnuxur, düşünmədən,
Nədir bu, niyə yağır,

Mən kiməm və nədən,
Həyatım belə ağır…

10. 01. 2019

Samara

POL VERLEN.  ALLEQORİYA

verlain-19

        Allégorie

Rəngsiz, can usandıran, ağır və müstəbid yay

İşgəncəyə tamaşa edən eycahan kral.

Səma sənin şərikin, ağ-qızıl alov yayar,
Və əsnər. Əməkçisə işi buraxıb yatar.

 

 

Torağay səhər çağı üzgün, nəğməsi dinmir,
Nə bulud var səmada, nə yel əsir; bir an da
Pozulmayır duruşu bu mavi ənginliyin,
Həndəvər hərəkətsiz, qulaq batır sükutdan.

 

 

Cırcırama qurbanı ağır bir xumarlığın,

İndi daha onların xırdadaş yatağına,
Axıtmır sularını yarı qurumuş bulaq.

 

 

Qığılçımlar havada titrəşir dayanmadan,

İşıq axınında da qabarma, çəlilmə var,
Sarı, qara arılar uçur o yan-bu yanda.

 Fransızcadan tərcümə

08.01. 2019

Samara

POL VERLN. HƏMİŞƏKİNDƏN DƏ KASIBAM İNDİ

verlain-19

Je suis plus pauvre que jamais

Həmişəkindən də kasıbam indi,
Və kasıb yox məmim tək,

Ancaq boynun mənim, ağ əllərin də.
Və səndəki sevişmək
Məharəti yoxdur özgə qadında,
Qayğısız  və açıqsan,
Həm gecə, həm gündüz danışığın da,
Lütfün də ürək açan.

+

Gözəl gözlərindir mənim sərvətim,
Fil dişindən yaranma

Sinəndir, görəndə dayanmaq çətin,

İstəyin qabağına.

Doyan və dincələn ehtiraslarım,

Canlanar yenə orda.

Təzə nəvazişlər yenə araram,

Canımda artar od da.

+

Şübhəsiz ki, mənə yox məhəbbətin,

Səni sevdiyim qədər.

Saysızdır, bilirəm, həm xəyanətin,
Nə də ölçüyə gələr.

Mənsə qəm yemirəm, varlığındadır

Çünki bütün həyatım.
Qanımı coşduran duyğularım da,
Sənin hökmünə tabe.

Fransızcadan tərcümə

06-07. 01. 2019

Samara

DƏNİZ

07 3.jpg

Uşaqkən bilmirdim yaxındır Xəzər,

Lap həndəvərdədir bu mavi dərya.

Dərə-təpəli yol kəsə gedilsə,
On beş kilometr ola-olmaya.

 

 

Küləyi tanıyıb “Xəzri” desək də,
Bəlkə bilən yoxdu əsir dənizdən.

Ay özü dənizdən yaxındı kəndə,

Hər axşam baxırdı göyün üzündən.

 

Kürlə əlləşirdi bizim camaat, adamlar,
Çörəyimiz onda, suyumuz onda,

O taya bu kiçik çayı adlayan,
Aşırdı həddini dünyamızın da.

 

 

Kənd camaatı dəniz xalqı deyildi,
Gəmilər qayıra, dalğalar aşa,

Balaca bir çayın girinci idi,

Gah qorxur quruyar, gah qorxur daşar.

 

 

On beş kilometr aralı bizdən,
Mavi dəniz vardı fırtına dolu.

Kəndi qorxudurdu Xəzri özü də,

Xəzri əsən zaman Kür də qorxulu…

 

 

Çay adamlarıydıq, həqir, çəkingən,
Yoxdu iddiamız böyük işlərə.

Yaxın dəniz kimi duyurduq hərdən,
Öz içimizdəki keşməkeşləri.

 

07. 01. 2019

Samara

POL VERLEN.  SƏN BÜTÜN QADINLARDA YAŞAYIRSAN

verlain-19

Tu vis en toutes les femmes

 

Bütün qadınlarda yaşadığından,
Bütün qadınlar da səndə cəmləşib,

Mənim ürəyimdə alışar hər eşq,

Və mənəm min alov diliylə yanan.

 

 

Gülüşün ya acı, mehriban ya da,

Gözlərin ya Stiks, ya Linyon ola,
Döşlərin  ya xırda, ya da ki, dolu —
Qəlbim onlarındır yenə dünyada.

 

 

Sənin saçlarına üzüm sürtülər

Saya ya qıvrılan, uzun ya qısa

Hər rəngdə, sinən də hələ açıqsa,

Sənin hər telində nəşə nə qədər!

 

 

İçərəm, doymaram dodaqlarından,

İncə də, ətli də olsalar onlar

Bu içkinin necə xumarlığı var,

Tanrı nəsə qatıb, həm də ki, şeytan!

 

 

Bütün qadınların təcəssümüsən,

Və mənəm beləcə səni çoxaldan,
Hər qadında sevən, sənsə yopladın,
Bütün məhəbbəti: o da ki, mənəm!

Fransızcadan tərcümə

04. 01. 2019

Samara