əvvəli burda: https://xeyrulla.com/2026/11/02/islam-oyunlari-muselmanlar-oynayirlar-ya-muselmanlari-oynadirlar/
1700-cü ildə patriarx Adrian ölür, 1-ci Pyotr yeni patriarx seçməyi qadağan edir. Bunun əvəzinə o, mitropolit Stefan Yavorskini patriarx taxtının hamisi təyin edir.
1721-ci ildə Ruhani kollegiyanın yaradılması haqqında fərman imzalayır. Fevral ayında kollegiya Müqəddəs Sinoda çevrilir.
Kilsə üzərində nəzarət üçün çar Sinoda ober-prokuror təyin edir ki, onu “padşahın gözü” adlandırırdılar.
Sinod üzvləri çara sədaqət andı içirdilər.
Patriarxiya, demək olar ki, 200 ildən sonra, 1917-ci ilin fevralında ba verən burjua inqilabı nəticəsində, Müvəqqəti hökumətin kilsəni dövlətə tabelikdən azad etməsindən sonra bərpa olunur. Yeni patriarx seçilir. Ancaq 1917-ci ilini oktyabrnda (yeni tarixlə 7 noyabr) hakimiyyətə gələn bolşeviklər kilsəyə qarşı repressiyalara başlayırlar. 1925-ci ildə Tixonun ölümündən sonra yeni patriarx seçilmir və əslində rus pravoslav kilsəsi bilavasitə Stalinə tabe olur…
Rus pravoslav kilsəsinin tarixindəki bu dövrləri xatırlatmaq çox vaxcibdir, Azərbycanda İlham Əliyevin bütövlükdə dindarlara və dini qurumların rəhbərliyinə qarşı münasibəti çar Rusiyasının və sovet diktatorlarının münasibətini xatırladır. Fərq də var. Fərq ondadır ki, hətta Pyotrun, hətta Stalinin hakimiyyətləri dövründə kilsə rəhbərləri, ürkək şəkildə də olsa, dövlətini kilsə barəsində yeritdiyi siyasəsə etiraz edirdilər. İlham Əliyevə qarşı Qafqaz müzəlmanları idarəsinin dəyişilməz rəhbərinin nəinki tənqid, hətta nəyəsə münasibət fərqliliyi göstərə biləcəyini hətta təsəvvür etmək mümkün deyil. İlham Əliyevin hər hansı sahəyə aid qərar və fərmanlarını çoxdan dindarların da, ateistlərin də nəzərində prinsipsipsiz, əqidəsiz və son dərəcə tamahkar, acgöz şəxsiyyət olan Allahşükür Paşazadə onlar xalqa elan olunmamışdan dəstəkləyir. Dini idarədə rəsmi vəzifə tutan qalan molla və axundlar da elə. Ona görə İlham Əliyev Qafqaz müsəlmanları idarəsində islahat keçirnəyi, onu rəsmən prezident adminstrasiyasına tabe etməyi lazım bilməyib. Yaxşı işləyən şeyi yaxşılaşdırmaq istəyən, adətən o yaxşı şeyi korlayır… İlham Əliyev özünü bütün azərbaycanlıların sevimli rəhbəri saydığından, təbii ki, müsəlmanların da sevimli rəhbəri saymalıydı. Və əslində İlham Əliyevin müsəlmanlarla münasibəti, bu münasibətin mediada nümayişinin təşkili göstərirdi ki, İlham Əliyev və onun adminstrasiyası üçün Qafqaz müsəlmanları idarəsinin əsl rəhbəri Allahşükür Paşazadə yox, elə İlham Əliyevdir. İlham Əliyev ailəsinin üzvləri ilə birlikdə yeni məscidlərin və ya rekonstruksiyadan sonra dindarların istifadəsinə verilənlərin açılışında iştirak edir, dini bayramlarda özü də, arvadı da sosial şəbəkələr vasitəilə müsəlmanların yanında olur, müxtəlif beynəlxalq İslam forumlarını paytaxtda qəbul edir, İslam dövlətlərinin yüksək rütbəli din xadimləri ilə görüşür. Yəni İlham Əliyev sistemli şəkildə adamların şüuruna yeritmək istəyir ki, ölkənin birinci müsəlmanı elə odur. Və ölkədə İslam ənənələrinin ən birinci qoruyucusu kimi kimin necə müsəlman olduğunu da o müəyyən edə bilər. Və müsəlman adı ilə dövlətə və, onun məntiqinə görə, İslama qarşı çıxanları sərt cəzalandırmağa da haqqı var.
Ancaq xüsusən 2012-ci ildəki “hicab qiyamı” yatırdılandan sonra İlham Əliyevin müsəlman əhali ilə münasibətini sözün əsl mənasında İslam oyunları adalandırmaq olar. Əslində İslam oyunu İlham Əliyevin hər dəfə prezident seçiləndə Qurana and içməsi ilə başlanır. Qurandan daha əvvəl yaranmış və Quranda dörd müqəddəs kitabdan biri sayılan İncildə İsa deyir: Mən isə deyirəm: heç bir halda and içməyin…Qoy təkcə sizin sözünüz olsun: hə, hə; yox, yox; bundan ayrı nə varsa, şeytandan gəlir.
İlham Əliyev Qurana and içib deyir: “Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasına əməl edəcəyimə, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağıma, xalqa ləyaqətlə xidmət edəcəyimə and içirəm!”
İlham Əliyev, səhv etmirəmsə, artıq beş dəfə and içib. Azərbaycanda onun Konstitusiyaya əməl etdiyinə inanan var? Konstitusiyada konstitusiyalıq nə qalıb? Qalanlara da əməl olunurmu? Yox! Hanı xalqın parlamenti, Hanı məhkəməsi? Hanı mətbuat? Hanı jurnalistlər? (Sonuncu sualın cavabını hamı bilir: Türmədə!)
Əslində İlham Əliyev bilir ki, xalqın əksəriyyəti bu andiçmənin yalnız ritual olduğunu və onun üzərinə heç bir öhdəlik qoymayacağını yaxşı bilir. Ancaq yeddinci, doqquzuncu dəfə “seçiləndə” də Qurana and içəcək. Çünki ölkədə əhalinin səksən-doxsan faizi Qurana da, Allaha da Əliyev necə inanırsa, o da elə inanır. Əhali üçün ritual, mərasim çox vacibdir, gələn dəfə İlham Əliyev Qurana and içməsə, deyəcəklər prezident yəhudi dinini qəbul edib…
(ardı var)
3 noyabr, 2026, Samara
