Архив по авторам | Xeyrulla Xəyal

   UİLYAM ŞEKSPİR. 135-Cİ SONET

sonnet 135.jpg

                      Whoever hath her wish, thou hast thy Will

Hər kəsdə arzu var, səndəsə İstək,
İkinci, üçüncü İstək üstəlik.

Yox həris istəyən səni mənim tək,
Bununla artıran səndə istəyi.

+

Böyük, tutumludur istəyin sənin,
Bəlkə məndəkini alıb gizlədə?

Özgə istəyini sən bəyənirsən,
Bəs niyə mənimki səni bezdirir?

+
Nə qədər su ola dənizdə, yenə,
Artırır yağışla ehtiyatını.
Sən də qat İstəyi öz İstəyinə,
Mənim istəyimlə İstəyin artar.

+

       İncidib soyutma istəyənləri,

    Olsun bu İstəkdə mənim də yerim.

İngiliscədən tərcümə

30.04-01.05.2018, Samara

QEYD: Başqa dillərə tamdəyərli tərcüməsi mümkün olmayan sonetlərdəndir. Söz oyunu üstündə qurulub. “Will” sözü 13 dəfə işlədilib, həm xüsusi ad kimi (şairin öz adı, həm də, gümana görə, dostunun-rəqibinin adı), həm də istək mənasında. İngilis şərhçiləri Şekspir dövründə bu sözün konkret anatomik məna daşıdığını da bildirirlər.

UİLYAM ŞEKSPİR. 134-CÜ SONET

Sonnet_134_1609.jpg

                            So now I have confessed that he is thine…

Etiraf etdim ki, daha o sənin,

Mənsə istəyinə girovam indi.

Mən heç, ancaq onu, ikinci məni,
Qaytar ki, könlümə o, təsəllidir.

 

Ancaq buraxmazsan sən, o da gəlməz,

Çünki sən acgözsən, osa xeyirxah.

Zəmanət imzası o mənə əvəz,

Ataraq, öhdəlik bağlamış daha.

 

Hüsnünə verilən bu veksellə sən,
Sələmçilər kimi alarsan gəlir.

Dostu məhkəməyə hələ çəkərsən,

Onu itirməkdə günah məndədir.

 

                                Dost, nə borcluyuqsa, ödəyib sənə,
                                Sənin əsirinəm mən ancaq yenə.

İngiliscədən tərcümə

30.04.2018

Samara

QEYD: 133-cü sonetin davamıdır; hüquqi tetrminlərlə doludur: “mortgage”, “bail”, “forfeit”, “bond”. “Will” (birinci dördlüyün ikinci misrası) sözü həm istək, həm şəhvət mənasında işlənilir, şərhçilər bu sözün Şekspir dövründə qadın ya kişi cinsiyyət orqanı mənası verdiyini də bildirirlər.

UİLYAM ŞEKSPİR. 133-CÜ SONET

sonnet 133.jpg

                                Beshrew that heart that makes my heart to groan

Yansın o ürək ki, vurduğu dərin,

Yara dostumu, həm məni ağrıdır.

Tək mənim əzabım bəs deyil yəqin,
Dost başı da girib boyunduruğa.

 

 

Məni məndən alıb amansız gözün,

Saldın köləliyə dostumu indi.

Məni sən də atdıın, o da, həm özüm,

Üçqat işgəncədir mənim çəkdiyim.

 
Qapa ürəyimi polad sinəndə,
Ver mənə əvəz tək dost ürəyini.

Zindanın çox ağır olmaz sənin də,

Çəksəm dost qəlbinin mən keşiyini.

 

                       Sənə dustağamsa, səninəm hərçənd,
                       Mənimlə inciyər nə varsa məndə.

İngiliscədən tərcümə

28-29.04.2018

Samara

 

QEYD: Sonet şairin “əsmər” xanımla mürəkkəbləşmiş münasibətlərini əks etdirir; xanımın cazibəsi şairin gənc dostunu da əsir edib və beləliklə, şair həm sevgilisini, həm dostunu itirdiyindən şikayətlənir.

UİLYAM ŞEKSPİR. 132-Cİ SONET

sonnet 132.jpg

Thine eyes I love, and they, as pitying me…

Sevimli gözlərin acıyır mənə,
Görüb soyuqluğun necə incidir.

Qaralıqlarıyla yaslıya bənzər,

Baxaraq halıma yanır elə bil.

 

Səhər günəşi də, doğrudan, belə,
Bəzəyə bilməzdi səmanı şərqdə.

Ulduzlar da çətin yarada bilə,
Alatoran qərbdə yarısı qədər,

 

Sənin gözlərindən doğan cəlalın.

Matəm yaraşırsa, qoy geyib qara,
Onda ürəyin də yansın halıma,
Bütün rəhmini də qaraya bağla.

 

          Gözəllik qaradır, and içərəm, bil,
          Eybəcər o kəs ki, bu rəngdə deyil.
       

İngiliscədən tərcümə

27-28.2018

Samara

  UİLYAM ŞEKSPİR. 131-Cİ SONET

sonnet 131.jpg

Thou art as tyrannous, so as thou art…

Necə ki, qəddardır gözəliyindən,

Qürurlanan gözəl,  sən də tiransan.

Çünki ürəyimdə, bilirsən ki, sən,
Gözəl bir incisən, tayı olmayan.

 

Çöhrəni hər görən arxayın deyir,

Hökmün yox aşiqi inlədə bilən.

Qorxuram deməyə “yox, elə deyil”,

Ancaq and içirəm içimdə hərçənd.

 

Andıma sübut tək min dəfə nalə,

Çəkərəm çöhrəni yada salaraq.

Səs-səsə verərək təsdiq edərlər,

Əsmər bənizindir könlümə çıraq.

 

                    Əməllərindədir qaralıq sənin,

                   Bundan da söz-söhbət yaranır yəqin.

 

İngiliscədən tərcümə

26-27.04.2018

Samara

KƏNDÇİMİZ ƏBİL QARA OĞLUNA BAŞSAĞLIĞI ƏVƏZİ

ƏBİL.jpg

Yeganə oğlunu qəzada itirmiş kəndçimiz Əbil Qara oğluna

                         başsağlığı əvəzi

Çəpəri nizamlı, həyəti təmiz,
Bağı səliqəli, bağçası qəşəng,
Yonulu, ütülü arxı-bərəsi,
Qapısı-bacası, evi təzərəng.

 

Özü ehtiyatlı uşaq yaşından.

Suyu da üfürüb bəlkə içəndi.

Yüz ölçüb-biçəndi davranışında,
Sayan, fikirləşən, hesab çəkəndi.

 

Yağmurlu yaz ola, ya payız ola,
Horralı yollarda ayaq döysə də,

Üstünə-başına, bilir, tanıyan,

Düşməzdi palçığın bir giləsi də.

 

Qardaş, niyə fikrin yayındı belə,
Qardaş, gözün hara ilişdi, qaldı?

Sənə nə oldu ki, balana gələn,
Qadanı, bəlanı qabaqlamadın?

 

Qəddin əyilməsin, dikəlt başını,
İndi göydən gələr təsəlli sənə.

Ağlama, ağlama, gözünün yaşı,
Üşüdər balanın xatirəsini.

01.05. 2018

Samara

UİLYAM ŞEKSPİR.  130-CU SONETİN İKİ TƏRCÜMƏSİ

sonnet 130.jpg

   130-CU SONET    (heca ilə)

                             My mistress’ eyes are nothing like the sun…      

Günəşə gözləri onun bənzəmir,
Mərcan tək al deyil dodaqları da,
Sinəsi ağ deyil heç də qar kimi,

Qara məftil bitir onun başında.

+

Dəməşq qızılgülü ağ var, al da var,
Onlara bənzəmir yanaqlarısa.

Ətir var qoxusu daha xoş olar,
Onun nəfəsindən, yanında dursan.

+

Nitqini sevirəm, bilirəm hərçənd,

Qəlbə daha xoşdur musiqi səsi.

İlahə yerişi görməmişəm mən,
Addımı ağırdır sevgiliminsə.

+

            Ancaq üstün deyil ondan heç biri,    

            Yalan təşbehlərlə bəzənmişlərin.

İngiliscədən tərcümə

26.04.2018

Samara

              

130-CU SONET (əruzla)

              My mistress’ eyes are nothing like the sun;
Coral is far more red than her lips’ red…

Bənzəri gözlərinin yox günəşə,

Daha aldır dodağından mərcan.
Qar kimi ağ deyil əsmər sinəsi,

Saçı məftil kimi qara, burulan.

+

Dəməşq qızılgülü var qırmzı, ağ,

Bənzəməz onlara yanaqları da.

Daha gözəl və xoş ətirlər var,

Nəfəsindən onun gələn qoxudan.

+

Necə sevsəm də yarın nitqini mən,

Daha xoşdur, bilirəm, nəğmə səsi.

Necə gəzir ilahə, görməmişəm,

Mənim yarımsa torpaq üstdə gəzir.

  +

         Bilirəm mən, yenə çatmaz amma,

         Saxta tərifli gözəllər yarıma.

İngiliscədən tərcümə

29.09.16

Samara

 UİLYAM ŞEKSPİR. 129-CU SONET      

Sonnet129.jpg

    Th’ expense of spirit in a waste of shame… 

Şəhvət – ruhun ayıb biyabanıında,

Boş yerə xərcidir — baş tutan zaman.
Əvvəlsə — yalandır, qətl və qandır,
Onunla vəhşiyə çevrilir insan.

 

Tez ikrah yaranır kef sona yetcək.
Dəli tək qaçırlar dalınca, amma,
Dəli tək nifrət də edirlər, necə,

Tələ yemi udan gedər ağıldan.

 

İstəyən də dəli, çatan da dəli,

Olmuş,  arzulanan, olan da bəla.

İstəyən xoşbəxtdir, alansa qəmli,
Olmamış – sevincdir, oldusa – xülya.

 

            Bizi cəhənnəmə aparan cənnət
            Kefindən yayına bilmirik fəqət.

İngiliscədən tərcümə

24-25.04.2018

Samara

UİLYAM ŞEKSPİR. 128-Cİ SONET

Sonnet_128_1609.jpg

                How oft when thou, my music, music play’st

Elə ki, çalırsan, könlüm nəğməsi,

Gəzərək bəxtəvər taxta dilləri,
İncə barmaqlarla, simlərin səsi,

Qulağımı deyil, qəlbimi dəlir.

+

Görəndə canımı yandırır həsəd,

Dillər necə öpür ovuclarından,
Mənim dodaqlarım nemətə həsrət —

Qızarır onların açıqlığından.

+

Sənin əllərinlə belə oxşanan,
Dillərə dönəydi dodaqlarım da,

İncə barmaqların dəyib toxunan,
Ağacda bu təmas həyat oyadır.

+
Eləsə, barmaqlar olsun onların,

Mənəsə ver öpüm dodaqlarını.

İngiliscədən tərcümə

23-24.04.2018

Samara

UİLYAM ŞEKSPİR. 127-Cİ SONET           

sonnet 127.jpg

                   In the old age black was not counted fair…

 

Gözəl sayılmazdı qabaq qara rəng,

Gözəl deməzdilər, gözəl olsa da.

Gözəlliyyə varis qaradır hərçənd,

İndi gözəlliksə alır bic adı.

 

Təbiət işinə əl atır hər kəs,
Gözələ döndərir çirkin olanı.

Nə adı var əsil gözəlliyinsə,
Nə evi, yaşayır batıb böhtana.

 

Sevgilimin gözü buna görə də,
Qırğı tək qaradır, yas tutar belə,
Gözəl doğulmadan gözəllənərək,
Ləkə gərtirənə əsil gözələ.

 

               
                            Ancaq ona elə yaraşır bu yas,

                           “Əsil gözəl budur” söyləyir hər kəs.

 

İngiliscədən tərcümə

22.04.2018

Samara