Архив по авторам | Xeyrulla Xəyal

UİLYAM ŞEKSPİR. 143-CÜ SONET

Sonnet_143_1609.jpg

                         Lo, as a careful housewife runs to catch…

Aralanıb getsə əgər bir cücə,

Gör necə dalınca cumur sahibə,
Atır körpəsini, az qalır uça,

Tutub qırılmışı qaytara bilə.

 

Ağlayır atılmış uşaq, istəyir,
Çatsın anasına, anasa hələ,
Qaçanın dalıncaq qaranəfəsdir.

Körpə sızıltısı gəlmir eyninə.
Qaçırsan dalınca səndən qaçanın,
Mənsə sənin körpən, sənin dalınca.

Tutsan ümidini, qayıt yanıma,
Ana tək əzizlə mehriban, incə.

 

            Tanrıdan istərəm, İstəyinə çat

            Ağlayan görörsən məni, qayıtsan.

İngiliscədən tərcümə

06.05. 2018

Samara

ŞARL BODLER. SƏNƏTKARLARIN ÖLÜMÜ

бодлер

  La Mort des artistes

Zınqrovları gərək nə qədər silkələyəm,
Alnından öpəm hələ, yaslı karikatura?

Ay oxluğum, nə qədər sərf eləyim ki, mızraq,

Təbiəti sirr dolu hədəfi vura biləm?

 

Qəlbimizdə biz incə planlar yaradarıq

Və deşib dağıdarıq batılmaz zirehləri,

Görməyincə, nəhayət, möhtəşəm bir Əsəri,
Cəhənnəm istəyiylə onun ki, biz ağlarıq.

 

Tanımayanlar da var hələ öz Sənəmini,
Lənət, ikrah hədəfli, miskin heykəlyonanlar.

Döyür alınlarına, sinələrinə onlar,

 

Qərib, soyuq Kapitol! Bir ümidin var sənin,

Bu, Ölümdür, parıldar təzə doğan günəş tək,

Və onların açılar beyinlərindən çiçək.

 Fransızcadan tərcümə

12.05. 2018

Samara

QEYD:  40-cı illərin birinci yarısında yazıldığı güman edilir

 

UİLYAM ŞEKSPİR. 142-Cİ SONET

sonnet 142.jpg

Love is my sin, and thy dear virtue hate…

Günahım – sevgidir, sevgidən doğan,
Günaha nifrəti şərəf bilirsən.

Fəqət iki halı yanaşı qoysan,
Görərsən ki, nahaq qınanıram mən.

 

Gərək dodaqların qınaq deməyə,

Onlarda qızaran günah qanıdır.

Saxta sevdaları möhürləyərək,

Alıblar həzzini yad yataqların.

 

Səndədir gözlərim, necə səndədir,
Səni sevənlərin həris gözləri.

Rəhm toxumu sal qəlbinə, bitir,

Özgə rəhmini də görərsən elə.

 

                Özün gizlədərək almaq istəsən,

               Sən də rədd cavabı alarsan hökmən.

 

İngiliscədən tərcümə

05-06.2018

Samara

ŞARL BODLER. MUSİQİ

бодлер

          ( La Musique)

Musiqi dəniz kimi tez-tez alııb aparar,
Bir ağ ulduza məni.

Dumandan tavan altda, efir vadisində ya,

Yelkən açıb üzərəm.

+

Küləkdən ciyərlərim köpər, qabarar sinəm,
Yelkəni tək gəminin.

Qaçdı-tutdu oynayan dalğaları minərəm,

Gecə bürüyər məni.

+

Duyaram ki, içimi, ehtiraslar titrədir,
Gəmi kimi dəryada,

Dəli külək, fırtına dalğaları kükrədir,

+

Çəkir məni girdaba.

Bəzən də sükut çökər, sular güzgüyə dönər,

Könül qüssəm görünər!

Fransızcadan tərcümə

10-11.05.2018, Samara

UİLYAM ŞEKSPİR. 141-Cİ SONET

Sonnet_141_1609.jpg

    In faith, I do not love thee with mine eyes…

Vallah, gözlərimlə sevmirəm səni,
Səndə çünki onlar min eyib görür.

Ürəyimsə gözlər bəyənməyəni,
Sevir və eşqinlə sənin döyünür.

 

Yox qulaqlarıma səsində ləzzət,

Duymaram incə həzz əlləsəm əgər.
Arzulamaz nə dad, nə qoxu dəvət,
Ehtiraslı kefə səninlə birgə.

 

Beş duyğum və ağlım necə çalışsa,

Yenə xidmətində səfeh ürəyim.

Özüm kişi kimi dayanmışamsa,
Məğrur ürəyinə fəqət köləyəm.

 

              Düşdüyüm bəlanın bir qazancı var:

              Günaha salan da cəzalandırar.

   

İngiliscədən tərcümə

04-05.2018

Samara        

UİLYAM ŞEKSPİR. 140-CI SONET

 

Sonnet_140_1609.jpg

Be wise as thou art cruel; do not press…

Müdrik ol amansız olduğun qədər,
Bir belə nifrətlə səbrimi kəsmə.

Yoxsa ki, dil açar içimdə kədər,

Danışar nə əzab verirsən mənə.

 

Məni eşitsəydin, yaxşı olardı,
Deyərdin sevirəm, sevməsən də sən.

Xəstəni necə ki, həkim aldadır,
Can üstdə də deyir cana gəlirsən.

 

İtər ağlım axı,  itsə ümidim,
Səndən pis nə varsa dilimə gələr.

Elə xarab olub bu dünya indi.

Danışan dəlidir, inanan dəli.

 

                Gözlərin qoy məndə olsun, eləsə,
                Özün harda oldu gəzə bilərəsən.

İngiliscədən tərcümə

04.05. 2018

Samara

UİLYAM ŞEKSPİR. 139-CU SONET

sonnet 139.jpg
O call not me to justify the wrong…

Sənin qərəzinlə qəlbimi alan,
Bu şərə bəraət məndən istəmə.

Sən məni gözlə yox, dillə yarala,
Hiyləsiz, güc ilə yeri üstümə.

 

Əgər başqasını sevsən, əzizim,

Söylə, kənarasa baxma yanımda.

Məni incitməyə fitnə nə lazım,
Gücüm yox gücünə qarşı canımda.

 

Üzrünsə belədir: Sevgilim bilir,
Şirin baxışları yağıdır mənə.

Məndən düşmənləri o da çevirir,
Ki, yara vursunlar başqa birinə.

 

                      Rəhm eləmə, yaram elə ağırdır,
                      Öldür baxışınla, qurtar ağrıdan.

İngiliscədən tərcümə

03-04.2018

Samara

ŞARL BODLER. GİRDAB       

бодлер

La Gouffre

Paskalın girdabı vardı, gəzərdi girdabla,

Əfsus! Hər şey də ki, girdab – hərəkət, arzu, həvəs.

Söz! Və tez-tez canımda qorxudan küləklər əsər,

Duyuram tüklərim başımda biz durur hətta.

+

Göydə də, yerdə də, hər yerdə dərinlik, sahil,
Səs-səmir yox, ərazi qorxulu və cazibəli.

Yorulmadan gecələr Tanrımızın mahir əli,
Çəkir mənim yuxumda  eybəcər və qanlı şəkil.                        

+

Yuxudan qorxuram, nəhəng o, deşikdir, qaradır.
Zülmətin dəhşəti, məlum deyil ki yol haradır.

Və fəzanın sonu yox, baxsan hansı pəncərədən.

+

Və burulğanla mənim daim izlənən ruhum,

Duyğusuz heçlik arzusunda, yox ancaq umudum

Mən bu Varlıqları atam, çıxam Rəqəmlərdən!

İlk dəfə 1 mart 1862-ci ildə çap olunub

08.05.2018

Fransızcadan tərcümə

Samara

Запись опубликована 08.05.2018, в Bodler.

UİLYAM ŞEKSPİR. 138-Cİ SONET

Sonnet_138_1609.jpg

      When my love swears that she is made of truth…

Sevgilim and içir su kimi safdır,

Mən də inanıram, desə də yalan.

Bəlkə də o məni nadan gənc sayır,
Guya xəbərim yox hoqqalarından.

 

Düşünmək xoşdur ki, məni gənc sayır,

Fərəhli günlərim bitsə də dalda.

Sadəcə dilinə etibarım var,
Mən də gizlədirəm doğrunu, o da.

 

Niyə bəs demir ki, məni aldadır?

Niyə gizlədirəm yaşımı mən bəs? –

Zahiri etibar eşqə qaydadır,

Yaşlı eşqə düşsə, yaşını deməz.

 

             Nə qədər aldadaq  bir-birimizi,
             Hər ikimiz belə yalanla razı.

 

İngiliscədən tərcümə

03.05. 2018

Samara

UİLYAM ŞEKSPİR. 137-Cİ SONET

 

sonnet 137.jpg

                                    Thou blind fool love, what dost thou to mine eyes…

Kor sevgi, neylədin gözlərimə ki,

Görmür görünəni, baxsa da onlar.

Bilərək hardadır, nədir gözəllik,
Yaxşının yerinə pisə vurular.

 

Bütün kişilərin yelkən açdığı

Körfəzə gözlərim lövbər atırsa,

Gəzəri gözlərdən yonub qarmağı,
Qəlbimi bağladın niyə axı sən?

 

Abırlı guşə tək mənə görünən,
Yer karvansaraymış, anlayır ürək.
Bunu görən gözüm yox deyir niyə,

Bu çirkin yalanı suya çəkərək?
                 

               Ürəyim, gözlərim doğru olanı,
              Tanımır, əsiri olub yalanın.

 

İngiliscədən tərcümə

02-03.05.2018

Samara

QEYD: Bu sonetdə şair yenə sevgilisinin sədaqətsizliyindən gileylənir, onu “bütün kişilərin yelkən açdığı körfəzə”, “karvansaraya” (orijinalda: the “wide world’s common place”) bənzədir.