Le Léthé
Gəl sinəm üstünə, qəddar ürəklim,
Gözü məst monstr, füsunkar pələng,
Titrək barmaqlarla qalın və qəşəng,
Yalında oynayım, sığal da çəkim.
+
Sənin ətir dolu tumanlarınla,
Bürünsün ağrılı başım qoy mənim,
Solğun çiçək kimi, ölən eşqimin
Kif hopmuş qoxusu sinəmə dolar.
+
Arzum yaşamaq yox, yuxudur indi,
Ölüm tək şirin bir yuxuda sənin,
Öpərəm cilallı, gül bədənini
Vicdan ağrıları bilmədən nədir.
+
Ən yaxşı girdabdır sənin yatağın.
Hönkürtülərimi alar, qərq elər,
Yaşadar ən güclü unutqanlığı,
Ağzın, Leta axar öpüşlərinlə.
+
Mənə indən belə tale həzz və eşq,
Ona baş əyirəm önyazılı tək.
Günahsız məhkumam, həqir əzabkeş,
Zülmümü artırır etdiyim hər səy.
+
Könül acısını ovundurmağa,
Mən nepent[ii] soraram, gözəl siqö[iii] də,
Ürəyin heç zaman qorumadığı,
Döşlərinin incə gilələrindən.
Fransızcadan tərcümə
18-19.08. 2018
Samara
[i] Yunan mifologiyasında Erisin qızı, unutqanlığın təcəssümüm. Tez-tez Leta çayı ilə, Cəhənnəmdəki “unutqanlıq çayı” da adlanan beş çaydan biri ilə qarışdırırlar.
[ii] [ii] Nepent (Nepenthe) — guya qüssəni qovan uydurma dərman
[iii] Siqö (ciguë, ciguë, sikuta) – zəhərli bitki, ya ondan alınan zəhər
