TUTANXAMON GƏLİR, SOYDAŞLARIM!

 

Möhtərəm prezidentimizin rəhbərliyi altında xalqımızın elmi və mədəni inkişafı elə sürətlə gedir ki, tezliklə dünyada bizə çatan olmayacaq. Heç ölkədə Azərbaycanda olduğu qədər hacı, kərbəlayı, məşədi yoxdur. Hamısı da dünyanın necə yarandığını, hardan yarandığını, hara gedəcəyini, harda bitəcəyini elə gözəlcə blir ki, hərəsi bir cüt Nobel mükafatına layiqdir. Erməni fitnəsi olmasaydı, indi bizim müsəlmanlar “hacı”, “kərbalayı”, “məşədi” adıyla bərabər Nobel mükafatı laureatı adını da daşıyardılar, ancaq bu erməni köpək uşağı aman vermir.

O ki qaldı qərb aləminə, ora əsasən nazirlərin, gömrükçülərin, generalların uşaqları gedir. Qara camaatın uşaqlarını göndərərsən, gedər pozular, qumar oynar,  türkün məsəli, arvadlara baxar.  Dövlətli balası isə elə görməmiş deyil, gözü-könlü toxdur. Əslində dövlətli balasına heç oxumaq lazım deyil, dədəsinin pulu başından aşır, bilik nəyinə lazımdır, gedir ki, dövlətimizi təmsil eləsin. Lütün balasının lap dərya biliyi olsun, ölkə barədə o nə təsəvvür yarada bilər?

Dəmir yolu naziri Arif Əskərov oğlunu İngiltərəyə göndərəndə elə belə də deyib: bala, sənin biliyin-miliyin mənə lazım deyil, biz bu biliyi həmişə pulla almışıq, alacağıq da, sənin işin dövləti təmsil etməkdir. Və bir ətək dolları verib oğluna.

İndi deyəcəksiniz ki, nazirdə o gədər pul hardandır. Belə cəhənnəmdən, gordan! Axı Mirzə Əlil hardan bilsin ki, hardandır. Mirzə Əlilin heç pulu olub ki, bilə pul hardan gəlir? Bəlkə nazirin seyidliyi var, ona hər yerdən sədəqə gəlir. Məlum məsələdir ki, oğurluq pul deyil.

Çaşdırdınız məni. Hə, bu Elnar qoçaq başlar bizim gözəl ölkəmizi təmsil eləməyə. Harda yaxşı yer var, orda: restoranlarda, gecə… Yox, daha sadalamıram. Bu, diplomatik sirdir. Açıq yazaram, ermənilər də oxuyar. Köpək uşaqları…

Diplomatik missiya öz yerində, ancaq imtahanları da vermək lazımdır. Qoçaq Elmar yaxşı biliyi olan, ancaq vətən qeyrəti çəkməyən bir fransızı tutur, bu fransız da başlayır onun kağızıyla girib imtahanları verməyə. Düz yeddi imtahan verir, səkkizinci dəfədə namərd ingilislər bizim nazir balasının fransız nökərini tuturlar və hər ikisini verirlər məhkəməyə.

Mirzə Əlilin başına and olsun, bu ingilislər qanmırlar ki, Azərbaycan regional liderdir, onun möhtərəm prezidenti var, milli öndəri var. O cür nazir balasını çəkirlər York şəhərinin məhkəməsinə, ona da, onun fransız nökərinə də doqquz ay iş verirlər. Hələ 300 saatlıq havayı iş də kəsirlər ki, bu lap beynəlxalq qalmaqaldır və bizə meydan oxumaqdır. Məgər Azərbaycan hökuməti süqut edib ki, onun nazirinin oğlu havayı iş görə?

Məhkəmə göstərib ki, ingilis hakimlərimin səviyyəsi çox aşağıdır. Hökm çıxaran hakim deyib ki, imtahanın pulla alınması görünməmiş şeydir. A kişi, sənin dünyadan xəbərin yoxdur, sən necə hakimlik edirsən? Atalarımız deyib ki, bilmədiyini soruşmaq ayıb detyil, a kişi, gəl bir az Azərbaycanda yaşa, bax bizim ali məktəblərə, məhkəmələrə. Ən yaxşısı odur ki, Bakı dövlətə girib təzədən oxuyasan…

Ancaq ölkəmizi Heydər Əliyevin heykəlindən başqa heç kim və heç kəs layiqincə təmsil edə bilməz. İndi də Misirdə öndərimizin dörd metr ucalığında hetykəli açıldı. Əvəzində misirlilər Azərbaycanda bir neçə ehram tikəcək, birinin də içinə Tutanxamonun mumiyasını qoyacaqlar. Bir saziş də bağlayıblar. Biz onlara neft, onlar bizə qum. Deyiblər ki, ə, sizi qumla basdırarıq. Belə deyiblər və Mirzə Əlilin başına and içiblər.

Mirzə Əlilin başınasa bir fikir gəlib: öndərimizin heykəlini Antarktidada qoymaq. Bir dəstə  əskəri də orda saxlamq ki, ağ ayılar heykələ korluq verməsin.

Dəmir yolu nazirinin başı haqqı!

Mirzə ƏLİL

 2010 Samara

 

 

 

 

Оставьте комментарий