Архив | 13.12.2012

Şiralı Bədəlova həsr

Eynəyim təzələnir,

Qalınlaşır linzalar.

İşığı gözlərimin,

İldən-ilə azalır.

 

Xırdalanır nəhənglər,

Xırdalarsa yoxalır.

Uzağa yetmir nəzər,

Duman alır yaxını.

 

Dan yerini haçandır,

Gözüm görür qürub tək.

Əyilir, haçalanır,

Ağac, işıq, ot, çiçək.

 

Hələ yol var qabaqda,

Əl uzat, ay dost, keçim.

Bircə qaranı ağdan,

Sonacan özüm seçim…

                                   10.02.2010 Samara

Marina TSVETAYEVA NƏ VƏTƏN HƏSRƏTİ…

ЦВЕТАЕВА

Тоска по родине! Давно,

Разоблаченная морока…

 

Nə vətən həsrəti? Müəmma deyil,

Sirr deyil bu hoqqa çoxdan heç kimə.

Mənə tamamilə birdir, eynidir,

Harda tamamilə tənhayam, təkəın.

 

Və hansı daşlarla ayaq əzərək,

Zənbili süruyüb evə gələsən.

Elə kazarma tək, ya hospital tək,

Sənin olduğunu bilməyə evsə.

 

Nə fərqi kimlərin içində əsir

Aslan tək kinimdən qabara yalım.

Hansı cəmiyyətdən qəti, tələsik,

Mən öz aləmimə sıxışdırılam,

 

Qapılam duyğular səltənətində.

Buzlarsız Kamçatka ayısı kimi,

Harda yovuşmayım (istəmirəm də!),

harda alçalım – nə fərqi var ki?

 

Aldanan deyiləm ana dilimin,

Mənə şirin-şirin “gəl” deməyinə.

Axı nə fərqi var rastıma gələn,

Məni hansı dildə anlaya bilmir!

 

(Tonlarla qəzeti oxuyan, udan,

Gövşəyən, süd kimi əmən qeybəti).

İyirminci əsr – onu yaradan,

Bütün əsrlərdir məni yetirən.

 

Bağdan ayrı düşən bir ağac kimi,

Quruyub dirəyə çevrilən zaman,

Hər şey eyni mənə, eynidir hamı,

Və bəlkə hər şeydən çox eyni olan

 

Və həm doğma olan – olub keçəndir.

Bütün nişanlarım, əlamətlərim,

Tarixim – pozulub, yoxmuş elə bil.

Qəlb qalır — əlçatmaz doğulan yeri.

 

Elə qorunmadım yurdda ki, əgər,

Dünyanın ən mahir xəfiyyəsi də,

Tapa bilməyəcək duyğudan əsər,

Çevirə qəlbimin altını üstə.

 

Hər məbəd mənə boş, hər evsə yaddır,

Hər şey indi mənə eyni, bərabər.

Amma kol bitirsə yol qırağında,

Həm də kolun adı üvəzsə əgər…

 

1934

Tərcümə: 06-14 yanvar 2009 Samara

 

 

 

 

 

 

 

DƏLİ YIĞINCAĞI VƏ “BƏLİ” YIĞINCAĞI

Dekabr ayının yeddisində uşaqların anasıyla şirin-şirin söhbət elədiyim yerdə çox bərk bir zəng gəldi. Bildim ki, Şirvan bəyin zəngidir, maşallah, yaman bərk zəng vurmağı var. Telefonu götürüb dedim ki, “bəli”. Mən həmişə əvvəlcə “bəli” deyirəm, sonra salamlaşıram. Şirvan bəy də “bəli” deyib başladı ki, bəs Mirzə, bayramın mübarək olsun. Dedim Şirvan bəy, qurban bayramını deyirsənsə, bir az tələsmisən. Özü də ətsiz nə təbrik? Dedi ki, Mərzə, darıxma, ətini göndərəcəm, ancaq bu təbrik ayrı təbrikdir, mən səni Azərbaycan parlamentinin yaranmasının doxsan illiyi münasibətiylə təbrik edirəm. Bütün müsəlman şərqində bu parlament birincidir. Özü də demokratrik parlament olub bizim babalarımızın yaratdığı du parlament… Şirvan bəy telefonla çox danışdı bu parlamentdən, mən də hərdənbir “bəli” dedim, ancaq bircə onu başa düşdüm ki, bu bayramın əti olmayacaq, yenə allah qurban bayramına bərəkət versin.

Sonra ha çalışdımsa, uşaqların anasıyla nə danışdığımı yadıma sala bilmədim. Kefim pozuldu. Oturub fikirləşdim ki, yaxşı, əgər bu belə vacib bayramdırsa, Bakıda niyə top-tüfəng atmırlar, parad düzəltmirlər, atəşfəşanlıq qurmurlar. Bütün gecəni elə fikirləşə-fikirləşə yerimdə qurcuxdum. Sizdən yaxşı olmasın, yaxşı bir naxçıvanlı dostum var, səhəri gün onu tapdım, dedim ki, bəs məsələ bu yerdədir, Azərbaycan parlamentinin doxsan illik bayramıdır. Naxçıvanlı dostum dedi ki, “bəli” və daha heç nə demədi. Dedim bəs ayrı sözün yoxdur? Dedi ki, nə sözüm olacaq, ay Mirzə, ağzında parlament deyirsən. Görmürsən Azərbaycan parlamentində hamı “bəli” deyir? Dedim a kişi, o birinci parlamentdə hamı “bəli” demirmiş, “bəli” deyən də varmış, “xeyr” deyən də varmış. Dedi ki, Mirzə, o, parlament deyilmiş, dəli yığıncağı imiş. Parlament odur ki, prezident nə əmr eləsə, deputatlar bir ağızdan deyələr “bəli”.

Naxçıvanlının bu sözü məni yaman götürdü. Düzü, əvvəl istədim güləm. Ancaq Sumqayıt əhvalatını yadıma salıb qorxdum. Yerin də qulağı var, burda gülərsən, çatar Əliyevin qulağına. Yəni Sumqayıt başçısı Vaqif Əliyevin qulağına…

Günlərin bir günü beş-altı sumqayıtlı uşaq şəhər bağında gəzdikləri yerdə qəlblərinə şeytan girər, başlayarlar gülməyə. Bu Vaqif Əliyev kolun dalında oturubmuş, ya nədir,  çıxıb Ərəbzəngi kimi uşaqların qabağını kəsib ki, qırışmallar, nəyə gülürsünüz? Uşaqların matı-qutu çəkilib, deyiblər ki, elə özümüz güldük. Əliyev cənabları deyib ki, ləvənd uşaqları, siz özbaşınasız ki, kefiniz gələndə güləsiniz? Niyə gülürdünüz? Uşaqların içində bir diribaşı varmış, o yana baxıb, bu yana baxıb, bir quş görüb, deyib ki, bəs o quşa gülürdük. Əliyev cənabları uşaq göstərən tərəfə baxıb görüb ki, quş oturub düz mərhum öndərimizin başında. Yəni öndərin öz başında yox, heykəlinin başında. Əvvəlcə başçının nitqi tutulub, açılanda şivən salıb polisləri yığıb töküb ora, deyib ki, bu qırılmışları aparın basın dama, bunlar qudurublar, bunların ataları dövləti yıxmaq istəyir…

Hə, o vaxtdan uşaqlar özləri damdan buraxılsalar da, ataları polisə, icra başçısının yanına gedib-gəlirlər. Deyilənə görə, onlardan  o qədər pul istəyirlər ki, bundan sonra bütün ömürləri boyu nəinki özlərinin və uşaqlarının, hətta nəvələrinin də dodağı qaçmayacaq…

Bunu naxçıvanlı dostuma danışmadım, fikirləşdim ayrı şey deyim, ürəyi açılsın. Düzü, hey istəyirəm bu naxçıvanlıların qılığına girim, girə bilmirəm. Dedim xəbərin var, Azərbaycanda prezidentlik ömürlük olur. Dedi ki, “bəli”. Dedim ki, “bəlin” şirin, ancaq de görüm bu, yaxşıdır ya pisdir. Dedi ki, Mirzə, niyə mənə yava-yava suallar verirsən. Lap yaxşıdır. Elə yerlər var ki, orda prezidentlər öləndən sonra da ölkəni idarə edirlər. Dedim a kişi, elə şey olmaz. Naxçıvanlı dostum elə qeyzləndi ki, gözləri qanla doldu və qışqıra-qışqıra dedi: “A Mirzə, yalan deyirəmsə, heç bu iqtisadi böhrandan salamat çıxmayım”.

Mən də dedim ki, “bəli…

 

Mirzə Əlil

23.12.08 Samara