Təxminən il yarım əvvəl abunəçisi olduğum kabel teviziyasındakı kanallardan hansınınsa yerini günlərin bir günü – bəlkə də inanmayacaqsınız – Azərbaycan telekanalı ATV tutdu. Gözlərimə inanmırdım, nitqim qurumuşdu, elə bil iyirmi beş il qabaq itkin düşmüş, başının əldə olduğuna daha gümanın gəlmədiyi əzizin qəfildən gəlib qapını açır girir içəri. Əlbəttə, sən əzizinin tapılmağına sevinməlisən, bu əzizsə bir gündədir ki, sevinə bilmirsən. Ancaq gələni qapıdan qovmazlar ki…
Səhər kabel operatorunun prospektinə baxıb gördüm ki, Azərbaycan kanalı sınaq reıimində yayınlanır.
Sınaq rejimi altı-yeddi ay davam elədi…
Nikbinlə bədbinin fərqi barədə lətifə var. Bədbin deyir ki, bundan pis ola bilməz. Nikbin deyir ki, ola bilər, ola bilər…
Mən də ATV kanalını görənədək güman edirdim ki, Rusiyanın əyləncə və yarıməyləncə kanallarından pisi ola bilməz. Varmış…
Yemə, içmə, xətti-xalına… Bir neçə gün dalbadal saatlarla baxırdım. Təəssürümü yalnız Füzuli şeriylə ifadə edə bilərəm: ”Heyrət ey büt…”
Yox, bu yazının mövzusu ATV deyil, sağlıq olsun, ATV-dən ayrıca.
İlk günlər, saatlarla baxanda, halbahal olurdum, ekranın o üzündəki adamların, demək olar ki, heç birini tanımırdım, içimdə elə hiss yaranırdı ki, elə bil mən Azərbaycan televiziyasına ayrı ölkədən yox, ayrı dünyadanbaxıram. Bizim o dünya dediymiz yerdən…
“Möhtərəm xalq artistimiz…” Ölkədə nə qədər xalq artisti olarmış! Hələ əməkdar artistləri demirəm…
Lenini, adı xeyrə çəkilsin, mavzoleydən çıxarıb torpağa tapşırmaq barədə təklif açıq şəkildə ilk dəfə 1989-cu ildə “Vzqlyad” proqramında səsləndi. Proqram efirə gecədən xeyli keçmiş çıxırdı və jurnalist Mukusevlə söhbət edən görkəmli teatr və kino rejissoru Mark Zaxarov dedi ki, ölkədə çox şeyin vaxtı çatıb, o cümlədən “canlıların ən canlısını” dəfn etməyin. Güman etmək olar ki, bu sözləri eşidən saf əqidəli bolşeviklərin neçəsi üç gündən sonra torpağa tapşırıldı, hərçənd Lenin indiyəcəm mavzoleydədir…
SSRİ televiziyasının xəstəxanada yatan o vaxtki rəisi az qalmışdı ölə — kişini elə palatadan çıxarıb aparmışdılar Mərkəzi Komitəyə…
Bu insidentdən iki nəfər heç bir ziyan çəkmədi: Lenin və Zaxarov. İkisi də öz yerindədir. Yeltsin vaxtı Zaxarov öz təklifinə qayıda bilərdi, Putin dövründə -yox. Putinin nə cavab verəcəyini cənab Zaxarov yaxşı təsəvvür edir: ”Mark Anatolyeviç, kimisə harasa köçürmək barədə təklif edən adam gərək əvvəl özündən soruşa: mən şəxsən öz yerimdəyəmmi?”
Heçlikdən çıxmış Putin qurşaqdan aşağı zərbələrlə opponentlərini susdurmağı sevir…
Qorbaçov yenidənqurmanı elan edəndən sonra burnu yaxşı iy bilən və tələm-tələsik liberal cərgələrə qoşulanlar o vaxt çox təkliflər edirdilər. Məsələn, bütün fəxri adların ləğv edilməsini. Deyirdilər ki, dünya bizə gülür, heç yerdə belə şey yoxdur. ABŞ-ın xalq artisi Madonna, əməkdar artist Şvartseneger – təsəvvür edirsiniz?
Bir çukça lətifəsi var. Çukçalarda kartof əmələ gəlmir, çünki səhər əkdiklərini axşam çıxarıb yeyirlər – acıyırlar…
Rusiya elitası ona görə liberal dəyərlərə xəyanət edib padşahın ətəyindən yapışır ki, qarnı acıyır. Xüsusən teatr himayəyə möhtac sənətdir, bu himayə ya dövlət, ya da xüsusi biznes tərəfindən göstərilə bilər. Rusiyada bütün biznes olmasa da, bütün biznesmenlər dövlət nəzarəti altındadır. Kimin yeri teatrdadır, kimin yeri mavzoleydə, kimin yeri türmədədir – bunu Putin bilir. Dövlət, yəni Kreml nəzarətindən çıxmaq istəyən Xodorkovskinin yeri türmədir.
Azad biznes olmadan ölkədə rəqabətli siyasi həyat mümkün olmadığı kimi, repertuar teatrlarının, kino studiyalarının, orkestrlərin mövcudluğu da mümkün deyil. Loyallar qalır, loyal olmayanlar qırılır.
Rusiyada Putin dövründə iki zümrə fantastik sürətlə artır: məmurlar və fəxri ad sahibləri. Hər iki zümrə rejimin dayağıdır.
Zaxarov nəinki öz adından imtina etmədi, o hətta qızı, ortabab artist Aleksandra Zaxarova üçün də xalq artisti adı aldırdı.
Qorbaçov dövründə fəxri adları homerik gülüşlə lağa qoyan Oleq Tabakovun özündən iki dəfə cavan arvadı da xalq artistidir.
Cənab Putinin rütbəsi polkovnik olsa da, öz zövqləri praporşik səviyyəsindədir. Sevdiyi müğənni kabak mahnılarının ifaçısı Rastorquyevdir. O, nəinki xalq artisti, hətta mədəniyyət üzrə prezidentin müşaviridir…
ATV kanalında gördüklərimə görə güman edə bilərəm ki, Azərbycanda fəxri adlarıın verilməyi prezidentə olan məhəbbətdən asılıdır: lap çox sevənlər xalq yazıçısı ya xalq artisti, sadəcə çox sevənlər əməkdar artist, gücü çatandan sevənlər əməkdar mədəniyyət işçisi olurlar. Xalq yazıçısı Anarın “Dantenin yubileyi” əsərində deyildiyi kimi, xüsusi mühasiblər gündə kimin neçə dəfə “möhtərəm prezident” dediyini sayır və fəxri adlar idarəsinə məlumat verirlər…
Əslində prezidenti sevənlərə “xalq aşiqi”, “əməkdar aşiq” adları vermək daha düzgün olardı. Eşq gücündən beyinləri xarab olanların yeri isə dəlixanadır.
Deyəsən xalq şairi Səlimxan Yaqubun belə şeri var: ”Qəfil gəldin, qəfil getdin…” ATV də Samaraya qəfil gəldiyi kimi qəfil getdi. Əvvəl-axır bu olmalıydı. Mənim operatorumun adı “Divan TV”-dir. Divan — çox ölkələrdə mebeldir – oturursan, yatırsan, dirsəklənib televizora baxırsan. Azərbaycanda hələlik divan — polisdir, dəyənəkdir, Bayıl ya Qaradağ türməsidir…
Allah göstərməsin…
19.02.08 Samara
Понравилось это:
Нравится Загрузка...