Архив | Январь 2018

UİSTAN ODEN. AXİLLESİN QALXANI

auden

UİSTAN ODEN

                    (1907-1973)

     AXİLLESİN QALXANI

                           She looked over his shoulder

 

Onun çiyni üstdən boylanır ana,
Zeytunluq, üzümlük görmək istəyir.

Yaxşı idarəli mərmər şəhərlər,

Gəmilər kükrəyən dalğalar üstdə.

Onunsa sənətkar işlək əlləri,
Parlayan metalı döyüb yaradır,

Cansız bir təbiət, yabanı bir yer,
Göyün qurğuşun tək görkəmi ağır.

 

Düzənlik çılpaqdır, rəngi də kül tək

Həyat nişanı yox, bitmir heç ot da.

Nə oturmağa yer, nə də ki yemək.

Yığılıb boşluğa dayanıb amma,

Anlaşılmaz bir icma.

Milyon göz və milyon ayaq düzülüb,

Sıraya, dinməzcə əmr gözləyir.

Simasız bir səssə torpağa bənzər

Quru, hamar tonla göydən ərz edir:

Səbəbsiz deyildi, sübut – rəqəmlər.

Nə fikir deyən var, sevinən nə də.

Toza bürünərək irəlilədi,

Sarsılmaz inamla getdi cərgələr,
Başlarına bəla gələnə qədər.

 

Onun çiyni üstdən boylanır ana,

Müqəddəs mərasim gözləri gəzər.

Boynuna ağçiçək çələng dolanan

Qurbanlıq düyələr, yeyibiçmələr.

Parlayan metalın üzərindəsə,

O yerdə ki, mehrab görünməliydi,

Körük işığında bir ayrı səhnə,

Açılır ananın gözü önündə.

 

Tikanlı məftillə bağlı ərazi,

Darıxan rəsmilər (güləni də var)

Qarovul tərləyib, bürkü çox üzür.

Qıraqdan baxırlar adi adamlar.

Nə  danışır, nə də qımıldanırlar.

Üç üzgün insansa gətirilərək,

Bu vaxt bağlanırlar orda dirəyə.

 

Kütlə və əzəmət deyilən nə var,

Nədə çəki varsa, ona da tənsə,

Özgələr əlində; kiçikdi onlar
Kömək gözləməyə, yoxdu gələnsə.

Düşmənlər elədi nə istədisə,

Qürurlar basıldı xəcalətə və

Öz bədənlərindən öldülər əvvəl.

 

Onun çiyni üstdən boylanır ana
Atletlər, oyunlar görmək istəyir.

Oynadaraq şirin əzalarını,
Qadınlı-kişili rəqs edənləri.
Şıdırğı, şıdırğı, havaya uyğun,

Parlayan metalın üzərindəsə,

Oyun meydanı yox onun əlləri,

Bir çöl yaradır ki, tək alaq basıb.

 

Tənha cındır oğlan, işsiz, avara,

Gəzib sülənirdi; onun daşından,

Yayınıb quş uçdu salamat yerə.

Zorlanan qızlar var, bıçaqlanan da —

Ona aksiomdu, bilmirdi başqa,

Dünya var və orda vədə əməl var.

Biri ağlayır ki, başqası ağlar.

 

Nazikdodaq silah ustası Hefest,

Axsaya-axsaya çəkildi yana.

Gözəl sinəsindən Fetisin o an,

Ah qopdu, qolları düşdü qoynuna.

Görəndə nə çəkib silah allahı,
Döyüş qalxanına onun oğlunun.

Cəsur Axillesin, şir ürəklinin.

Onun da tezliklə çatacaq sonu.

 

1955

 İngiliscədən tərcümə

15-19.01.2018

Samara

UİLYAM ŞEKSPİR. 31-Cİ SONET

SONNET 31.jpg

                               Thy bosom is endearèd with all hearts

Uzaq düşdüyümdən ölü sandığım,

Ürəklər sığınıb sənin sinənə.
Orda məhəbbətin hökmranlığı,

Ruhları dostların oyanar yenə.

+

Nə qədər qəm yaşı məzar önündə,

Məhəbbət gözümdəm alıb aparıb.

Görürəm hamısı qayıdıb indi,

Sənin ürəyində amma yer alıb.

+
Məzarsan — sevgilər yatıb dirilən,

Xatirə çələngi geyinən indi.

Onlara sevgimi sənə veririlər,

Çoxlarının olan təkcə sənindir.

                     +

                  Əziz surətləri səndə tapıram,

                  Onlar – elə sənsən, sizinəm tamam.  

ingiliscədən tərcümə               

  19.01.2018

Samara

     UİLYAM ŞEKSPİR. 30-CU SONET

shakespear

                               When to the sessions of sweet silent thought

Elə ki yığıram xatirələri,

Şirin və lal fikrin məhkəməsinə,

Ağır itkilərdən ürəyim əsir,

Tuturam boş keçən ömrə yas yenə.

 

Gözüm yaşarmazdı, sel axır indi,

Ölüm zülmətində itən dostlara.

Köhnə ağrıları eşqin incidir,

Yaşanıb bitənlər qaldırır haray.

 

Yenə dərd edirəm ötən dərdləri,

Yenidən yaşanır hüznlü nə var.

Yaslar təzələnir xatirələrdə,

Yenidən ödənir köhnə hesablar.

                      

          Əziz dost, sən ancaq düşən tək yada,     

          İtkilər qayıdar, bitər yasım da.

 

İngiliscədən tərcümə

18.01.2018

Samara

  UİLYAM ŞEKSPİR.  29-CU SONET                 

shakespear

When in disgrace with fortune and men’s eyes

 

Məndən üz çevirib bəxt də, hamı da,

Öz yaman günümə yalqız ağlaram.

Bezdirir hönkürtüm kar səmanı da,

Həyatım miskindir, taleyim qara.

 

Deyirəm ümiddən zəngin olaydım.

Olaydı kiminsə məndə görkəmi
Kiminsə dostları, kiminsə adı,

Məni sevindirmir heç özümdəki.

 

Səni düşünən tək azalır kədər,

Məni utandırır öz fikirlərim,

Necə ki, ucalıb nəğmələr deyər,

Torağay dan yeri qızaran kimi.

                                                                Eşqinin fikriylə elə zənginəm,

                                                               Şahlarla yerimi dəyişmərəm mən.

İngiliscədən tərcümə

17.01.2018

Samara

UİLYAM ŞEKSPİR. 28-Cİ SONET (heca ilə)

shakespear

How can I then return in happy plight

 

Necə açılsın ki ürəyim, əgər,

Çoxdan həsrətəmsə istirahətə.

Azalmır gündüzün zülmü gecələr,

Gündüz də bürüyür qəlbi zülmətə.

 

Gecə düşmənsə də gündüzə qatı,

Məni incidirlər verib əl-ələ.

Gündüz ağır zəhmət, gecə sızıltı,

Üzüldüm, yenə sən uzaqsan elə.

 

Gündüzə deyirəm, girib qılığa,

Göyü bulud alsa, səsnsən ağardan.

Gecəyə deyirəm dönüb çırağa,

Sənsən zülmətləri işıqlandıran.

                               

                       Gündüzsə dərdimi ancaq artırır,

                      Hər gecə uzanır iztirablarım.

İngiliscədən tərcümə

16.01.2018

Samara

UİLYAM ŞEKSPİR.  27-Cİ SONET        

shakespear

 Weary with toil, I haste me to my bed,..

İş yorur, yatağa tələsirəm mən,

Üzülmüş bədənim ovunmaq istər.

Başımda səyahət başlanır o dəm,

Bədən dayanıbdır, ağılsa işlər.

 

Uçar fikirlərim çox uzaqlara,

Səni ziyarətə yollanar onlar.

Bütün gecə açıq göz qapaqları,

Zülmətə baxıram, elə bil koram.

 

Olsam da qaranlıq içində ancaq,

Canlanır surətin təxəyyülümdə.

Necə ki, zülmətdə bir inci yancaq,

Canlanır, dəyişir qara gecə də.

 

                 Çoxdan nə gündüzüm, nə də gecəm var,

                 Gündüz iş, gecəsə xəyalın yorar.

 

İngiliscədən tərcümə

15.01.2018

Samara

UİLYAM ŞEKSPİR. 26-CI SONET

shakespear

Lord of my love, to whom in vassalage

Eşqimin sultanı, ləyaqətindən,

Müti vassalına dönmüşəm indi.

Məktubu yazıram sədaqətimdən,
Ağlımı göstərmək deyil məqsədim.

+

Sənə sədaqətim elə böyük ki,

Ağlım söz də tapmır açıqlamağa.

Sənin qəlbindəki nəcib bir fikir,
Örtər qüdrətiylə bəlkə çılpağı.

+

İndi iltifatla məni yönəldən,

Bəxtimin ulduzu bəlkə də elə

Bəzər ki, bu miskin eşqimi birdən,

Lütfünə layiqli görünə bilə.

+

                Onda söz açaram məhəbbətimdən,

                 İndisə kölgəndə gərək duram mən.
               

İngiliscədən tərcümə

14.01.2018

AQŞİNİN XATİRƏSİNƏ        

ЗА СТОЛОМ ШАМИ И ШАФИГА.jpg

Əziz, şirin nə varsa,
Tanrı, bizə verən sən.

Nəyimiz var, alırsan,

İstəyəndə geri sən.

Hazırıq hər cəzaya,
Həqir, lal dayanarıq.

Çılpaq gəldik dünyaya,
Çılpaq da qayıdarıq.

Başımıza nə gəlsə,

Diləmərik mərhəmət,

Rəhman da, rəhim də sən,

Özün bilən məsləhət.

Lütə, evi yanana,

Yiyə duran tapılar,
Yuvadan qovulana,

Açılacaq qapılar.

İncidilən, əzilən,

Əzizlənər, ovunar.

Gedəridir hər gələn,

Hər sınağın sonu var.

Nə versən – şükürlüyük,

Baş əyirik nə alsan.

Səndə səxavət böyük,

Ədalətdə alisən.

Nəyik, kimik ki, səndən,
Tanrı, istəyək əvəz?

Nə istəsən, bəndədən,

Götür, mehriban, əziz!

Verdiyin malı götür,

Tikilənləri dağıt!

Gəlsən övladdan ötrü —

Qurban verək  övladı!

Əyyuba verdiyinlə,

Bizi ovutma ancaq.

Təzə mal, övlad deyil,

Səbir ver bizə azca…

13.01.2018

Samara

UİLYAM ŞEKSPİR. 25-Cİ SONET

shakespear

                                                  Let those who are in favor with their stars

 Xoşbəxt ulduz altda doğulubsa kim,
Öyünsün adıyla, şan-şərəfiylə.

Bundan məhrum edib mənisə bəxtim,

Məhəbbətimdədir sevincim elə.

+

Kimə qismət olur şah himayəsi,

Açılır günəşə gülünbahar tək.

Bircə əyiri baxış solmağa bəsi,

Ləçəklər qürrəni dəfn eləyəcək.

+

Qanıyla min zəfər qazanmış əsgər,
Əgər uduzarsa bircə döyüşü,

Şərəf kitabından adı silinər,

Hamı da unudar gördüyü işi.

+

            Sevir, sevilirəm, bəxtəvərəm mən,         

            Heç kəs ala bilməz bunu əlimdən.

 

İngiliscədən tərcümə

12.01.2018

Samara

SEYRAN SƏXAVƏTLƏ ƏDƏBİYYAT İNSTİTUTUNUN YATAQXANASINDA GÖRÜŞ

Ədəbiyyat institutunun demokratik, yetim qarnı doyduran yeməkxanasına Seyran Səxavət gedə bilərdi, çünki Moskvaya gələndə institutun yataxanasında, azərbaycanlı tələbələrin otağında qalırdı…

Səhv etmirəmsə, 1982-ci ilin lap əvvəlində Seyran Səxavət Moskvaya gəlmişdi və yataqxanada qalırdı. Mən onu tanıdığım azərbaycanlı tələbələrin otağında gördüm və hələ Azərbaycanda olan vaxtlar “Ulduz”a göndərdiyim bir hekayəmi oxuyub-oxumadığını soruşdum. Seyran Səxavət o vaxt jurnalda nəsr şöbəsinin müdiriydi, dedi ki, hekayəni görüb, hətta oxumağa başlayıb (göndərdiym vaxtdan az qala altı ay keçmişdi), qayıdandan sonra oxuyub qurtaracaq, mən burdan zəng vurub yazım barədə jurnalın qərarını öyrənərəm…

Sonra S.B. adlı tələbə mənə yaxınlaşıb dedi ki, Seyran müəllim bir qadınla təklənmək istəyir, sənin otağın lazımdır (aspirantlar tək qalırdılar). Mən də S.B.-ya acıqlandım ki, bu adam indi mənim yatağımda fahişə ilə ağnamaq istəyir? S.B. dinc adam idi, məni sakit elədi, dedi ki, başqa yer tapar…

Bildim ki, hekayəmin qərarını özüm çıxardım..

Ancaq bir müddətdən sonra özümü saxlamayıb “Ulduz”a zəng vurdum. S. Səxavət dedi ki, hələ oxuyub qurtarmayıb (əslində hekayəni on dəqiqəyə oxumaq olardı). Bir-iki həftədən sonra yenə zəng elədim. Daha bir dəfə… Seyran Səxat mənə dedi ki, hekayənin yarısına çatmışdı, birdən əlyazması itdi…

Hekayənin surəti mən də də qalmayıb. Adı qalıb: “Rayon qəzetinin müxbiri”…