Əvvəl yeri, göyü yaratdı Tanrı,
Dedi “İşıq olsun!” – işıq yarandı.
Dedi “Torpaq olsun, yarıb suları!”
Beləcə ayrıldı sular sulardan.
İnsanı surətdə özünə yaxın
Yaradıb, nə qədər uçan, üzən var,
Meşədə gəzən var — ixtiyarını,
Ona verib dedi: ye, iç, ləzzət al.
Qadını yaratdı qabırğasından,
Dedi ki, sevişin, çoxalın, artın.
Ad verdi hər quşa, heyvana İnsan,
İlahi bir ruhu vardı hər adın…
Bir damla şübhəm yox bunlara, Tanrı,
Yeri də, göyü də sən yaratmısan.
Qovan işığındır qaranlıqları,
Sənin qüdrətinlə yaranıb İnsan.
Həsr edib sən özün verən illəri,
Bacarıb qoşuğum, yazdığım nə var,
Özümə səadət, şərəf bilərdim,
İlahi, bağlana ali adınla.
Heyf ki, sözümün yox ləyaqəti,
Bəlkə yazdığımın ruhu yox ya da.
Çəkdiyim zəhmətdən nə pay gətirdim,
Qabil nəziri tək sayan olmadı…
01.03. 2020, Samara