Архив | 10.03.2020

         BU NOVRUZ BAYRAMI ASAN İŞ DEYİL…

18.11. 19

Bu Novruz bayramı asan iş deyil,

Min cür hoqqası var, çətinliyi var.

Haçansa bəlkə də bir qazan aşdı,
İndiki tələblər başı ağrıdar.

 

 

Eyni intizarla gözləyər hamı,
Bütün uşaqların gözləri yolda.

Ancaq bayram günü gəlib çatdımı –

Darıxan da olur, məyus olan da.

 

Dəbdəbə yarışı qızışır hökmən —

Əfələ, kasıba, təkə ağırdır.

Baxırlar, ağzında daş olur tikən,
Tənələr, eyhamlar qəlbi ağrıdır…

 

 

Anamın tək vaxtı kənddə qapıya,
Gəlib qurşaq atıb bir neçə uşaq.

Görəndə anamın qoyduğu payı,
Gediblər, qapını daşa basaraq…

 

 

Özün  keç onların  günahlarından,
Uşaq yaşlarına bağışla, Tanrı!
Bilirsən anamın ruhu hardadır,
Ovundur o bayram ağrılarını!

 

 

Bizə bu bayramı sən buyurmadın,

Ancaq qüdrətinlə o da yaranmış…

Zəngin süfrəsinə ver xeyir-dua,

Əfəlin, təkin də qolundan yapış…

 

10.03. 2020, Samara