Kəndlərdə, gözdən və könüldən uzaq,
Kişilər dünyadan köçüb gedirlər.
Sakit, təvazölü ölür ata, ər,
Bir işə, qulluğa yollanan sayaq.
Fransız, deyəsən, bunu demişdi:
Kasıba təsəlli, ümiddir ölüm.
Elə ki tükənir sevinci ömrün,
Təsəlli sonuncu mənzil eşqidir.
Mal-qara dalında, qoyun dalında,
Səhəri açılır, günü qaralır.
Vaxtının qalanı torpağa qalır,
Bellə də əlləşir, əli yalın da.
Yadıırğar arvadın nəvazişinə,
İstəyi içində soyuyar tamam.
Yanaşı yaşarlar, birgə yox amma,
Taleyə baş əyər, gedər işinə.
Əyni nimdaş olar əziz gündə də,
Şalvarı ütüsüz, köynəyi əzik.
Üzünü qırxmağa gəlməz həvəsi,
Yaxının, qonşunun toy günündə də.
Bilər ki, dünyanın kefi az deyil,
Bilər ki, ayrı cür həyatlar da var.
Ancaq qismətiylə barışıb yaşar,
Hərdən ağlasa da xəlvəti, gizli.
Ölür, ölümünə səbəb bəllidir,
Feldşerin yazdığı arayş da var.
Vaxtında dərdini soruşmadılar,
Ürək boşaldardı bəlkə, kim bilir…
03. 03. 2020, Samara